“Qurtuluş dastanı”
tamaşası
Azərbaycan Dövlət Dram Teatrının səhnəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı kollektivinin şair–dramaturq İftixar Piriyevin “Qurtuluş dastanı” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşasının premyerası keçirildi.
Xatırladaq ki, ikihissəli epik, tarixi dram olan “Qurtuluş dastanı” ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə onun əziz xatirəsinə ehtiram əlaməti olaraq tamaşaya hazırlanmışdır. Tamaşada ümummilli liderimizin bədii obrazının səhnə təcəssümü öz ifadəsini uğurla tapmışdır. İ.Piriyevin ifasında ulu öndərin zəngin həyat yolunun müxtəlif məqamlarının, habelə böyük şəxsiyyətin ayrı–ayrı hadisələrə münasibətini ifadə edən müdrik kəlamlarının sürəkli alqışlarla qarşılaması Heydər Əliyevə dərin tamaşaçı sevgisinin, məhəbbətinin bariz ifadəsi idi.
Kollektivin yaratdığı canlı səhnələr, xüsusən İ.Piriyevin bu əsərdə dahi öndər Heydər Əliyevin bədii obrazını böyük sənətkarlıqla canlandırması tamaşaçıların sürəkli alqışları ilə qarşılandı.
Onu da deyək ki, dahi Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Qurtuluş dastanı” Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə tamaşaya hazırlanmışdır. Tamaşanın ideya müəllifi və baş məsləhətçisi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, siyasi məsləhətçi RİH başçısının müavini Vüsal İsmayılovdur.
Səhnədə baş verənləri izləyən hər bir tamaşaçı xəyalında ulu öndərin xalqın təkidi ilə hakimiyyətə gəldiyi 90–cı illərin əvvəllərinə—o ağır dövrə qayıdır. Moskvada SSRİ rəhbərliyinin təqib və təzyiqləri altında yaşamasına baxmayaraq, Heydər Əliyevin heç nədən qorxmadan və çəkinmədən SSRİ və respublika rəhbərliyinin antimilli qərarına kəskin etirazını xatırlayır.
…Tamaşada o zamankı SSRİ rəhbəri M.Qorbaçovun və onun əlaltılarının istənilən an təxribat törədə biləcəyinə baxmayaraq, Heydər Əliyevin öz həyatını təhlükə altına ataraq 1990–cı il yanvarın 21–də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlməsi və orada sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşi aksiya ilə bağlı mətbuat konfransı keçirməsi səhnələrini həyəcansız izləmək mümkün deyil. Eyni zamanda Heydər Əliyevin Moskvada M.Qorbaçovun, onun ermənipərəst ətrafının təqib və təzyiqləri altında, böyük çətinliklə 1990–cı il iyulun 20–də Bakıya yola düşməsi, Azərbaycan hakimiyyətinin onun respublikaya dönüşündən ciddi təşvişə düşməsi və ona qarşı müxtəlif təxribatçı hərəkətlərə rəvac verməsi, siyasi hakimiyyətin təzyiq və təxribatları altında iki gün sonra anadan olduğu Naxçıvana yollanması, orada yaşaması, parlament seçkilərinə qatılması və qalib gəlməsi, respublika ictimaiyyətinin qabaqcıl nümayəndələrinin Naxçıvana üz tutması, insanlarla günü–gündən genişlənən çoxsaylı və kütləvi görüşlər və s. tamaşada öz canlı ifadəsini tapmışdır.
Ramiz YUSİFLİ
Respublika.-2013.-14 may.-S.10.