Ulu öndərə həsr olunmuş elmi–nəzəri konfrans

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan mədəniyyəti və incəsənəti Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının ideya–fəlsəfi əsası kimi” adlı elmi–nəzəri konfrans keçirilmişdir.

Üç bölmədən ibarət bu konfransda 60–dan artıq elmi məruzə dinlənilmişdir.

Konfransı giriş sözü ilə açan rektor, professor Timuçin Əfəndiyev ADMİU–da keçirilən silsilə tədbirlərdən, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi fəaliyyətindən və mədəniyyət sahəsindəki misilsiz xidmətlərindən danışaraq demişdir:”Tarix uzaqlaşdıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Əslində bu qeyriadi şəxsiyyət hər zaman bizim əhatəmizdədir. Çünki ulu öndərin layiqli davamçısı—Prezidentimiz İlham Əliyev Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun imkan tapıb həyata keçirə bilmədiyi idealları tarixə çevirir. Bu misilsiz şəxsiyyətin xalqımız üçün etdiyi işlərin möhtəşəmliyini, tarixi dəyər və miqyasını əhatə etmək olduqca çətindir. Heydər Əliyevin miras qoyduğu sərvətlər içərisində onun zəngin nəzəri irsi xüsusi yer tutur. Onun irsi bizim milli sərvətimizdir. Bu qiymətli irsin mühüm bir hissəsini onun mədəniyyət, ədəbiyyat və incəsənətin müxtəlif növ və janrları haqqında nəzəri konsepsiyaları müəyyənləşdirir”.

Xalq artisti, professor Eldar Quliyev Azərbaycanda gedən quruculuq işlərindən, ulu öndərin mədəniyyətə qayğısından danışdı.

Professor Aqşin Babayev “Mədəniyyət və incəsənətimizin Heydər Əliyev zirvəsi” adlı məruzəsində ulu öndərin fenomenal yaddaşından, mədəniyyət və incəsənətimizə göstərdiyi böyük xidmətlərdən bəhs etdi.

Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxışında ümummilli liderin azərbaycançılıq ideologiyasından, bu məfkurənin məxəzi olan mədəniyyət və incəsənətdən söhbət açdı.

Konfransda professorlar Qərinə Kərimova, Zamik Əliyev geniş və ətraflı nitq söylədilər. Digər natiqlər də Heydər Əliyevin mədəniyyət konsepsiyasından geniş danışdılar.

Çıxışlarda qeyd olundu ki, ədəbi irsə tarixilik prinsipi ilə yanaşma, ədəbi prosesin müasirliyi ideyasını müdafiə, bədii–fəlsəfi fikri milli dövlətçilik mənafelərinə tabe etmək bacarığı Heydər Əliyevin ədəbi–nəzəri görüşlərini səciyyələndirir.

Plenar iclasda çıxışlardan əlavə “Heydər Əliyev: Mədəniyyət və əbədiyyət” (Təhsil, 2013) adlı kitabın təqdimat mərasimi, “Mədəniyyətin böyük hamisi” adlı sənədli filmə baxış keçirildi.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirdi.

 

 

Ülvi QARAYEV

 

Respublika.-2013.-14 may.-S.10.