Böyük mütəfəkkir və Azərbaycan elminin hamisi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 60 illiyinə həsr edilmiş təntənəli yığıncaqdakı çıxışında “Bütün dövrlərdə—70–ci illərdə, ondan sonra, 90–cı illərdə Heydər Əliyevin elmə diqqəti və qayğısı çox yüksək səviyyədə idi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır. Müxtəlif ölkələrin tarixinə, keçmişinə, təcrübəsinə nəzər salaraq görürük ki, ölkənin inkişafını, potensialını elmin inkişafı müəyyən edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, onu da görəcəyik: Nə təbii ehtiyatlar, nə coğrafi vəziyyət yox, məhz intellektual potensial, məhz elminin səviyyəsi o ölkələrin tərəqqisini müəyyən edir və ölkəni inkişaf etmiş ölkəyə çevirir … Mən bir daha demək istəyirəm, bu, qəti fikrimdir ki, hər bir ölkənin normal inkişafı üçün ilk növbədə bilik, savad, elmin inkişafı lazımdır”—deməsi onun sözün əsl mənasında böyük və dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı və varisi olduğunu təsdiq edir. Ulu öndər kimi cənab Prezident də ölkəmizdə elmin, təhsilin və intellektual insan potensialının və insan kapitalının inkişafının vacibliyini ön plana çəkir. Bu da bir həqiqətdir ki, 44 il bundan öncə – 1969–cu ilin 14 iyununda Azərbaycan Respublikasına rəhbər təyin edilmiş Heydər Əlirza oğlu Əliyev ilk gündən ölkəmizdə elmin və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərməyə başlamış və ömrünün sonunadək onun ən böyük hamisi və qarantı olmuşdur.

Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi bu böyük şəxsiyyət haqqında söz demək nə qədər çətin və məsuliyyətli olsa da, onunla bir dövrdə yaşamış, onun ölkəmizə rəhbərlik etdiyi illərdə iqtisad elmləri doktoru elmi dərəcəsi və professor, elmi adı, AMEA–nın müxbir üzvü rütbəsi almış, kiçik elmi işçi vəzifəsindən Azərbaycan iqtisad elminin baş qərargahı sayılan AMEA–nın İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinədək yüksəlmiş, dəfələrlə bu böyük şəxsiyyətlə təmasda olmuş və 1995–ci ilin 24 avqustunda üzvü olduğum Azərbaycan Respublikası Ali Sovetinə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasının üzvləri ilə görüş zamanı onun dilindən özü haqqında “bu ədalətli adamdır” sözlərini eşitmək səadətinə qovuşmuş bir azərbaycanlı alim kimi bu dahi şəxsiyyətin Azərbaycanda elmin, təhsilin və insan şəxsiyyətinin inkişafı sahəsindəki bəzi böyük, əvəzsiz və cahanşümul xidmətləri haqqında öz fikirlərimi bölüşməyə ehtiyac duyuram. Özünün böyük həyatı ilə zamanın çərçivəsinə və sözə sığmayan bu dahi şəxsiyyəti, dövlət qurucusu və tarix memarını dünyanın bütün ölkələrinin rəhbərlərindən fərqləndirən ən müsbət keyfiyyətlərindən biri də məhz onun elm adamları ilə sıx bağlılığı, elm adamlarına olan dərin məhəbbəti və onlara qayğı ilə yanaşması idi. O, 1998–ci ildə dünyanın ən qədim və nüfuzlu elm ocaqlarından biri sayılan Rusiya Elmlər Akademiyasının tanınmış elm adamları ilə tarixi görüşündə çıxış edərkən: “şəxsən mən elm xadimlərinə həmişə böyük hörmətlə yanaşmışam… ona görə ki, elm adamları müstəsna adamlardır. Onlar insana əməksevərliklə, fədakarlıqla və bütün digər keyfiyyətlərlə yanaşı, cəmiyyətdə bu və ya digər yeri tutmağa imkan verirlər. Elm adamları istedada, məharətə, xüsusi bacarığa malik olmalıdır… Bu insanlar ən böyük hörmətə layiqdirlər”—deməsi onun elmə və elm adamlarına olan sonsuz hörmətinin parlaq ifadəsidir. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi uzun illər ərzində onun fəaliyyətində diqqəti cəlb edən ən mühüm cəhətlərdən biri də məhz ondan ibarət olmuşdur ki, o bütün məsələlərin həllinə – istər xarici və istərsə də daxili siyasət sahəsində – həmişə elmi cəhətdən əsaslandırmaqla yanaşmağa üstünlük verirdi. Təsadüfi deyildir ki, cənab Heydər Əliyev hələ 1969–cu ildə respublikamıza rəhbərliyə başladığı ilk günlərdən elmin bütün sahələrinin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır və daim qayğı göstərirdi. O, Azərbaycan KP MK–nın məşhur avqust (1969–cu il) plenumunda respublika elminin inkişafında yaranmış ağır vəziyyətdən narahat olduğunu bildirərək demişdir: “Elmi idarələrimizin fəaliyyətində hələ ciddi nöqsanlar vardır, Elmlər Akademiyası, bir sıra sahə elm idarələri elmi–texniki tərəqqinin sürətləndirilməsi uğrunda, tamamlanmamış işlərin istehsalata tətbiqi uğrunda mübarizədə kifayət qədər əzmkarlıq göstərmirlər… Dissertasiyaların heç də hamısı lazımı nəzəri səviyyədə yazılmır. Aspiranturada vəziyyət yaxşı deyildir. Aspirantların xeyli hissəsi namizədlik dissertasiyalarını vaxtında hazırlaya bilmir. Alimlik dərəcəsi alanlar arasında nazirliklərin və digər mərkəzi idarələrin rəhbər işçiləri də az deyildir. Onlar özlərinə tapşırılmış işin zərərinə olaraq dissertasiya yazır, bəzən bunun üçün hətta öz vəzifələrinin imkanlarından istifadə edirlər… elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər. Ölkəmizdə elmi işçilərin əməyi şərəflidir, onlara ehtiram göstərilir, onlar layiqli nüfuz qazanmışlar… Odur ki, bizim hər bir tədqiqatçı qarşısında yüksək tələblər qoymağa haqqımız vardır. Elmi–texniki tərəqqinin sürətləndirilməsi uğrunda yaradıcı mübarizənin önündə getmək, tədqiqat nəticələrinin praktikada, istehsalatda tətbiqi müddətlərinin qısaldılmasına, mütərəqqi texniki yeniliklərin öyrənilməsinə öz əsərləri kəşfləri, ideyaları ilə kömək etmək alimlərin borcudur”. Hələ o vaxtlar öz rəhbərlik bacarığı və qabiliyyəti, fitri istedadı və təşkilatçılığı ilə həm keçmiş İttifaq respublikalarının başçıları və həm də bütövlükdə SSRİ rəhbərləri arasında sayılıb–seçilən, böyük hörmət, nüfuz qazanmış, gərgin əməyi, tələbkarlığı, qətiyyəti və prinsipiallığı sayəsində Azərbaycanı qısa müddətdə nəinki keçmiş İttifaqda, həmçinin bütün dünyada tanıtmağa nail olmuş ulu öndər Heydər Əliyevin alimlərimiz qarşısında qoyduğu proqram xarakterli vəzifələr onlar tərəfindən birmənalı şəkildə qəbul edilir və yüksək vətənpərvərlik hissi ilə yerinə yetirilirdi. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həm birinci dövrdə (1969–1982–ci illərdə), həm də ikinci dövrdə (1993–2003–cü illərdə) Azərbaycanın sosial–iqtisadi və mədəni həyatının bütün sahələrində olduğu kimi elmin inkişafını ləngidən, onu geri çəkən neqativ halların da vaxtında aradan qaldırılması üçün bir sıra çox böyük və mühüm tədbirlərin həyata keçirilməsinin ilk təşəbbüskarı, eləcə də rəhbəri olmuşdur. Bunu onun Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə respublikamızda elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətlərdən aydın görmək olar. Bu nailiyyətlərin ilk başlanğıcı Azərbaycanın tarixinə ən uğurlu beşillik kimi daxil olmuş 1971–1975–ci illərə təsadüf etmişdir.

Heydər Əliyev şəxsən özü bu nailiyyətləri yüksək qiymətləndirərək 1975–ci ilin 24 sentyabrında Azərbaycan Elmlər Akademiyasının 30 illik yubileyində bu elm ocağının “Xalqlar dostluğu” ordeni ilə təltif edilməsi münasibətilə keçirilmiş təntənəli ümumrespublika yığıncağında demişdir: “Qısa müddətdə akademiyamız müasir elmin ən aktual problemlərini həll edən iri mərkəzə çevrilmişdir… Azərbaycan elmi müasir ideyaların, səmərəli axtarışların və məhsuldar tədqiqatların güclü generatoruna çevrilmişdir… təkcə keçən il sovet elminin mühüm nailiyyətləri sırasında respublikada aparılmış 67 tədqiqat işi qeydə alınmışdır… bu, Azərbaycan Elmlər Akademiyasının mövcud olduğu bütün müddət ərzində ən yaxşı göstəricidir”. Təvazökarlıqdan kənar olsa da fəxr edirəm ki, həmin tədqiqatlar arasında mənim 1974–cü ildə “Elm” nəşriyyatında çapdan çıxmış “Azərbaycan Respublikasında qadın əmək ehtiyatlarından istifadənin sosial–iqtisadi problemləri” adlı monoqrafiyam da vardır. Bu, Azərbaycandan, iqtisadiyyat elmi sahəsindən həmin nailiyyətlər sırasına daxil edilmiş ilk monoqrafiyadır.

Ulu öndər Heydər Əliyev 1971–1975–ci illəri əhatə edən 9–cu beşillikdə Azərbaycan alimlərinin xidmətlərini yüksək qiymətləndirərək 1975–ci ilin sentyabr ayında yuxarıda adı çəkilən həmin təntənəli yığıncağındakı çıxışında bir daha demişdir: “Azərbaycan alimləri fəhlələrlə, mühəndislərlə və texniklərlə birlikdə əmək və elm sahəsində əsl hünər göstərmişlər—onlar dünya praktikasında ilk dəfə olaraq açıq dənizdə neft çıxarılmasını təşkil etmişlər… Elmin sürətlə inkişaf etməsi, alimlərin müvəffəqiyyətləri biliklərin bir çox yeni və əsaslı sahələrinin təşəkkülünə güclü təkan vermişlər”. Ümummilli lider Heydər Əliyevin respublika alimlərinin əməyinə verdiyi bu yüksək qiymət onları daha böyük elmi nəticələr əldə etməyə ruhlandırmış və səfərbər etmişdir.

Dövlət və cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan elminin, təhsilinin inkişafında da Heydər Əliyevin rolu və qayğısı misilsizdir. Keçən əsrin 70–ci və 80–ci illərinin əvvəllərində onun rəhbərliyi və qayğısı sayəsində Azərbaycan elmi öz qızıl dövrünü yaşamışdır. Ulu öndər elmin inkişafına dövlət quruculuğunun ən mühüm bir tərkib hissəsi kimi yanaşırdı. Bu da onun dövlət quruculuğu sahəsindəki nailiyyətlərinin başlıca səbəblərindən biri idi. Təsadüfi deyildir ki, Heydər Əliyevin hələ Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdə Elmlər Akademiyası alimlərinin fəaliyyəti keçmiş SSRİ dövləti və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Çox simvolik haldır ki, elm, iqtisadiyyat və mədəniyyətin inkişafı, yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində qazandığı nailiyyətlərə görə Azərbaycan Elmlər Akademiyasının aldığı ilk yüksək mükafat–”Xalqlar dostluğu” ordeni də 1975–ci ildə Heydər Əliyevin özü tərəfindən təqdim edilmişdir. Bu dövrdə Azərbaycan Elmlər Akademiyasının nailiyyətləri beynəlxalq baxışlarda yüksək qiymətləndirilmiş, Leursiq yarmarkasında iki böyük Qızıl medala, Qahirə beynəlxalq yarmarkasında yüksək mükafata, neçə–neçə görkəmli alimlərimiz isə dövlət və hökumət mükafatlarına, o cümlədən 5 nəfər Lenin mükafatına, 14 nəfər SSRİ Dövlət mükafatına layiq görülmüşlər. Fundamental tədqiqatlar sahəsində əldə edilmiş elmi uğurlarına görə akademiklərdən R.H.İsmayılov, M.A.Topçubaşov, M.F.Nağıyev, M.Ə.Hüseynov, M.Ə.İbrahimov Sosialist Əməyi Qəhrəmanı adı, onlarca alim Respublika Dövlət mükafatı almışlar. Bütünlükdə götürüldükdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə (1969–1982–ci illərdə) Azərbaycan alimlərinin 540 elmi nəticəsi SSRİ Elmlər Akademiyası tərəfindən sovet elminin ən mühüm nailiyyətləri sırasına daxil edilmişdir ki, bu da Azərbaycan Elmlər Akademiyasının SSRİ Elmlər Akademiyasının tərkibində olduğu 46 il ərzində (1945–1991–ci illər) SSRİ EA tərəfindən Azərbaycan alimlərinin həmin nailiyyətlər sırasına daxil edilmiş 1100 elmi nəticənin 49 faizini təşkil etmişdir. Bu uğurlu nəticələrin əldə edilməsinin mühüm səbəblərindən biri də Heydər Əliyevin böyük təşkilatçılıq istedadı, tələbkarlığı və qayğısı nəticəsində Azərbaycan Elmlər Akademiyasında güclü kadr potensialının və texniki arsenalın yaradılması, ən başlıcası isə həmin dövrdə ölkə başçısı Heydər Əliyevin bilavasitə nəzarəti, diqqəti, qayğısı və tələbkarlığı ilə Azərbaycan Elmlər Akademiyasına, onun elmi bölmələrinə və institutlarına nəinki ölkəmizdə və keçmiş İttifaqda, həmçinin xarici ölkələrdə tanınmış və böyük nüfuz sahibi olan əsl el adamlarının, ziyalıların və şəxsiyyətlərin rəhbərlik etməsi olmuşdur.

Bu da təsadüfi olmayıb ki, Heydər Əliyevin ölkəmizdə rəhbərlik etdiyi bütün dövrlərdə xalq təsərrüfatının digər sahələrində olduğu kimi, elm sahəsində də yüksək intellektual inkişaf səviyyəsinə malik olan kadrların hazırlanması, seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi ilə bağlı olan bütün məsələlərin onun hazırlayıb həyata keçirdiyi təsərrüfat–təşkilatçılıq və siyasi tədbirlərin arasında əsas yer tutması və xüsusi dövlət əhəmiyyətli məsələ kimi daim onun diqqət mərkəzində olması ilə bağlı idi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə (1969–1982–ci illərdə) onun təşəbbüsü və bilavasitə qayğısı ilə keçmiş SSRİ–nin ən nüfuzlu ali məktəblərində azərbaycanlı oğlan və qızların təhsil alması üçün yaratdığı şərait də bunun bariz nümunəsi idi. Ulu öndərimizin böyük qayğısı və diqqəti ilə qeyd edilən dövrdə Moskvanın, Leninqradın və eləcə də keçmiş SSRİ–nin digər şəhərlərinin 170 aparıcı ali elm və təhsil ocağına 3500 azərbaycanlı oğlan və qız göndərilmişdir. Hər il ali təhsil almaqdan ötrü respublikamızdan kənara orta hesabla 800 nəfərdən artıq tələbə göndərilməsi yaxşı ənənə şəklini almışdı.

Azərbaycan xalqının əbədiyaşar böyük oğlu Heydər Əliyevin xalqımızın düşməni M.Ş.Qorbaçov və onun erməni nökərlərinin, habelə bəzi nankor “həmvətənlərimizin” köməkliyi ilə Sov. İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək partiya və hökumət vəzifələrindən istefaya göndərilməsi, bütünlükdə Azərbaycan Respublikasına və onun Elmlər Akademiyasına arxadan vurulan zərbə oldu və əsl faciə də məhz bundan sonra başladı. Heydər Əliyev vəzifəsindən uzaqlaşdırdıqdan sonra ilk zərbə hədəfi xalqımızın böyük ziyalılar ordusunun toplandığı Azərbaycan Elmlər Akademiyası oldu. 1988–1992–ci illərdə müxtəlif səbəblər üzündən respublika “rəhbərliyinin” Elmlər Akademiyasına və ümumiyyətlə, elmimizin inkişafına münasibəti son dərəcə pisləşmiş və ifrat dərəcədə kəskinləşmişdi. 1992–ci ildə və 1993–cü ilin əvvəlində isə hətta elə vəziyyət yaranmışdır ki, vaxtı ilə Azərbaycan EA–nın müxtəlif institutlarında işləyib uzun illər boyu yüksək elmi dərəcə və elmi adlar almaq arzusunda olub, lakin öz təqsirləri üzündən buna layiq olmaq qabiliyyətində olmayan bəzi səriştəsiz siyasətçilər hakimiyyətə yiyələndikdən sonra sanki Elmlər Akademiyasından qisas almaq və ümumiyyətlə onu bağlamaq mövqeyi tutmuşlar. Onların əsas məqsədi Elmlər Akademiyasını və onun çoxminli kollektivini əvvəlcə ölkə ictimaiyyətinin gözündən salmaq və sonra onu tamamilə bağlanmaqdan ibarət idi.

Akademiyaya olan bu ögey münasibətin nəticəsi idi ki, vaxtı ilə ən yüksək əmək haqqı alan alimlər üçün ən aşağı səviyyəli əmək haqqı və rütbə maaşı müəyyən edilmişdi. Elə bu səbəbdən də həmin illərdə və sonrakı dövrdə elmi işçilərin bir çoxu elmdən uzaqlaşaraq ticarət sahəsinə, özəl qurumlara və xarici ölkələrdə işləməyə çıxıb getmişlər. Ancaq ağır maddi çatışmazlıqlar və başqa sıxıntılar əsl elm adamlarının, vətən elmini qoruyub saxlamaq arzusunda olan elm fanatlarının iradəsini, qururunu sındıra bilməmiş və onlar yüksək vətənpərvərlik və ziyalılıq qeyrəti göstərərək öz doğma elm ocaqlarını tərk etməmiş və bu günədək fədakarlıq göstərərək burada qalıb işləməkdədirlər. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və SSRİ miqyasında böyük vəzifələrdə işlədiyi dövrdə onun çörəyini yemiş, onun xeyir–duası ilə Akademiyada və başqa təşkilatlarda mühüm vəzifələr tutmuş, hətta akademiyanın müxbir üzvü seçilmiş, Heydər Əliyev vəzifədən getdikdən sonra isə vəzifələrini itirməmək və yeni titullar qazanmaq xatirinə öz “əqidələrini” və “mövqelərini” 180 dərəcə dəyişərək o dövrün ölkə başçılarının quluna çevrilmiş və sonralar Heydər Əliyevin özünün də təkrar–təkrar söylədiyi kimi: “onun hakimiyyəti vaxtında bir avaz, sonrakı hakimiyyətlər dövründə isə başqa avaz oxuyan, konyunkturaya xidmət edən bəzi nankor “alimlər”in özləri də 1989–cu ildə, həmin ölkə başçılarının hakimiyyəti dövründə akademiyanın həqiqi və müxbir üzvlüyünə “seçilmiş” (təyin edilmiş) və bu elm məbədgahında çalışmadan, onun heç bir işinə yaramadan, lakin öz maraqları xatirinə seçkidən–seçkiyə, bəzi hallarda isə xala–xatirin qalmasın deyə akademiyanın illik hesabatlarında görünən, bəzən də heç illərdən bəri bu elm ocağında və onun keçirdiyi heç bir tədbirdə görünmədən buradan kifayət qədər yüksək müftə rütbə maaşı alan bəzi həqiqi və müxbir üzvlərinin və akademiyanın bəzi rəhbərlərinin təqsiri üzündən akademiyaya seçkilərin vaxtı süni surətdə uzadılmaqla özlərindən və yaxın adamlarından başqa buraya əsl elm adamlarının seçilməsinə maneçilik törədilmiş, onların qocaldılmasına, fiziki və mənəvi cəhətdən sıradan çıxmalarına şərait yaradılmışlar. Elə bunun nəticəsidir ki, Elmlər Akademiyasının bir sıra institutlarında və ali məktəblərimizdə 35–40 il bundan öncə 30–32 yaşında elmlər doktoru alimlik dərəcəsi almış, hər biri 70–75 elmlər namizədi və elmlər doktoru hazırlamış, neçə–neçə fundamental tədqiqat əsərlərinin müəllifi olan onlarca istedadlı və tanınmış alimlərimiz 70–75 və daha yuxarı yaş həddinə gəlib çatdığı halda, akademiyanın üzvlüyünə seçilməmişlər. Son vaxtlaradək akademiyaya seçkilərin süni surətdə uzadılması akademiya üzvlərinin bir neçə nəslinin itirilməsinə səbəb olmuş və bütövlükdə Azərbaycan elminin inkişafına arxadan vurulan ən böyük zərbə olmuşdur. Lakin Allaha çox şükürlər olsun ki, 1993–cü ilin 15 iyununda xalqımızın təkidi ilə böyük humanistlik göstərib yenidən Azərbaycana rəhbərlik etməyə razılıq verən cənab Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı bütünlükdə Azərbaycanın qurtuluşu olduğu kimi, Azərbaycan Elmlər Akademiyasının da qurtuluşu oldu və onun dağıdılması nə keçmiş ölkə “rəhbərlərinə”, nə özləri–özlərini “demokrat” adlandıranlara və nə də Elmlər Akademiyasının bəzi mövqesiz “rəhbərlərinə” qismət olmadı.

Azərbaycan xalqının milli fikir və mədəniyyətinin çoxəsrlik inkişaf yollarının aşkarlanmasında. Onun milli–mənəvi və elmi intibahında, elmin əksər sahələrini əks etdirən sistemli məcraya düşməsində, dünyada tanınmış elmi məktəblərin və istiqamətlərin formalaşıb inkişaf etməsində misilsiz rol oynamış Azərbaycan Milli Elmlər Akademiyasının 64 illik fəaliyyətinin tam 34 ili ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olmuş və onun ölkəmizə bilavasitə və bivasitə rəhbərlik etdiyi dövrə təsadüf etmişdir. 1997–ci ilin 31 yanvarında prezident sarayında Heydər Əliyev Elmlər Akademiyasının rəhbərləri, həqiqi və müxbir üzvləri, aparıcı alimləri ilə görüşündəki çıxışında Elmlər Akademiyasına və onun alimlərinin əməyinə verdiyi yüksək qiymət keçən əsrin 90–cı illərin axırlarında bu elm ocağının bağlanması ilə bağlı şayiələrə və narahatçılıqlara son qoydu və burada çalışan əməkdaşların elmimizin sabahına inamını və ümidini artırdı”. Həmin görüşdəki çıxışında ulu öndərimiz Heydər Əliyev demişdir: “XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir… Biz bununla fəxr edirik. Bir şeyi bilməlisiniz–Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elm müəssisəsidir… O, dövlətə məxsusdur. Bu akademiyanın işi və orada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də olacaq. Biz bu akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq. Heç vaxt imkan vermək olmaz ki, akademiyamız, yüksək səviyyəli elmi–tədqiqat institutlarımız yaranan cürbəcür özəl elmi müəssisələr arasında ərisin, itsin. Buna yol vermək olmaz…”. Təsadüfü deyildir ki, ulu öndərimiz Heydər Əliyevin 15 may 2001–ci il tarixdə imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyası haqqında” fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” kimi ən yüksək ali dövlət elmi təşkilatı statusu verilməsi və nəhayət 1989–cu ildən keçən 12 ildən sonra AMEA–ya seçkilər keçirilməsi barədə göstəriş verməsi böyük alimlər ordusu tərəfindən bilavasitə dövlət başçımızın Azərbaycan elminə əvəzsiz qayğısının parlaq təzahürü kimi qiymətləndirilmiş və minnətdarlıq hissi ilə qarşılanmışdır. Çox təqdirəlayiq haldır ki, Elmlər Akademiyasının tarixində ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin göstərişi ilə 2001–ci ilin iyun ayında AMEA–ya seçkilər vaxtı akademiyamızın qarşısında qoyulan vəzifələrin uğurla yerinə yetirilməsini təmin etmək və ölkəmizin görkəmli elm adamlarının bu elm ocağının fəaliyyətinə daha geniş surətdə cəlb etmək məqsədilə onun üzvlərinin sayı 141–dən 200–ə (80 həqiqi və 120 müxbir üzvü) qaldırıldı. Heydər Əliyevin respublika elminin inkişafına qayğısının digər bir təzahürü isə 2001–ci il avqustun 7–də AMEA–nın Naxçıvan bölməsinin yaradılması haqqında fərman imzalaması oldu. Blokada şəraitində yaşayan, ölkəmizin ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımızda akademiyanın bölməsinin yaradılması həm ölkəmizin sosial–iqtisadi, mədəni inkişafı, elmi tərəqqisi, həm də dövlətçiliyimizin möhkəmləndirilməsi və qorunub saxlanması üçün müstəsna əhəmiyyət kəsb edir. Ulu öndərin akademiyamızın inkişafına qayğısının digər bir çox mühüm təzahürü isə Azərbaycan elminin gələcək inkişafında yeni üfüqlər açan “Azərbaycan Milli Elmlər Akademiyasının statusu” və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi” haqqında 2003–cü il yanvarın 4–də imzaladığı fərmanda öz əksini tapmışdır. Həmin fərmanda deyilir: “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi–texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin elmi–tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi–texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatdır”. Ümummilli liderimizin bu tarixi fərmanı mövcud olduğu dövr ərzində akademiyamızın fəaliyyətinə dövlət başçısı tərəfindən verilən ilk belə yüksək qiymət olub. “Azərbaycanın fundamental elminin əldə etdiyi nailiyyətləri, Azərbaycanın sosial–iqtisadi, mədəni–mənəvi təşəkkülündə elmin rolunu, respublikanın, xalqımızın ictimai–siyasi həyatında nüfuzunu və akademik elmin müstəqil Azərbaycan dövlətinin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləyərək elmimizin salnaməsinə Heydər Əliyev şəhadətnaməsi kimi daxil oldu”. Ulu öndərimiz Heydər Əliyevin yolunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də akademiyanın və onun üzvlərinin fəaliyyətinə yüksək qiymət verərək Milli Elmlər Akademiyasının 60 illiyinə həsr edilmiş təntənəli yığıncaqdakı çıxışında demişdir: “…Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir. Azərbaycanda çox güclü elmi potensial vardır. Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri çox dəyərli şəxslərdir. Həm elm sahəsində, həm də ictimai həyatda xalqın hörmətini qazanmış insanlardır və biz bu insanlarla fəxr edə bilərik. Mən də fəxr edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyası bu gün çox yüksək səviyyədədir. Çalışmalıyıq ki, gələcəkdə öz işimizlə, əməyimizlə akademiyaya kömək göstərək, onun bütün məsələlərini həll edək və Azərbaycanda elmin gələcək inkişafına nail olaq”. Azərbaycan Milli Elmlər Akademiyasına, onun bütün əməkdaşlarına və həm də ölkəmizdə elmin inkişafına dövlət qayğısının daha bir təzahürü də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2009–cu il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsidir. Bu mühüm Dövlət Proqramının məqsədi: “Respublikanın alim və mütəxəssislərin təbiət, texnika, humanitar və ictimai elmlərin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəlmiş yaradıcılıq meyillərini birləşdirmək, sosial–iqtisadi və mənəvi inkişafın mühüm problemləri üzrə tədqiqatları təşkil etmək, elm və texnikanın nailiyyətlərinin praktikada istifadə edilməsi üçün tədbirlər görmək, elmi müasir cəmiyyətimizin qurulmasını təmin edən əsas amilə çevirməkdir”. Bu proqramın əsas vəzifələri isə fundamental elmin, vacib tətbiqi tədqiqatların, araşdırmaların inkişafını və milli istehsalatın yeni texnologiyalara tələbatını ödəmək məqsədi ilə təşkilati və iqtisadi mexanizmlərin yaradılması; elmi; elmi–texnoloji və innovasiya fəaliyyətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi; elm və texnologiyalar sahəsində yüksək ixtisaslı elmi və mühəndis kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi; dünyadakı müasir meyilləri nəzərə alaraq, elmi tədqiqatların və təcrübi işləmələrin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi; beynəlxalq elmi–texniki əməkdaşlığın inkişaf etdirilməsi; elm və təhsilin inteqrasiyası; milli innovasiya sisteminin formalaşdırılması; elmi işçilərin statusunun, sosial təminatının və gəlirlərinin artırılmasına yönəlmiş qanunvericilik bazasının yaradılmasının həyata keçirilməsinə yönəldilmişdir. Bu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün hazırda Milli Elmlər Akademiyasının kifayət qədər elmi–texniki kadr potensialı vardır. 2012–ci ilin məlumatlarına əsasən burada çalışan əməkdaşların ümumi sayı təqribən 15,8 min nəfər olmuşdur. Onların 6971 nəfərini və ya 44,2 faizini elmi işçilər, elmi işçilərin isə 818 nəfərini və ya 11,7 faizini elmlər doktorları, 3314 nəfərini və ya 47,5 faizini fəlsəfə doktorları təşkil etmişdir.

Ölkəmizdə mövcud olan elmlər doktorlarına nisbətən fəlsəfə doktorları arasında “qocalma” səviyyəsi nisbətən aşağıdır və bu gələcəkdə elmlər doktorlarının sayının artırılması üçün hələlik xeyli potensial imkanlarımızın olduğunu göstərir. Buna görə də həmin sahəyə dövlət qayğısının daha da artırılması və bu sahələr üzrə qəbul edilmiş dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi gələcəkdə ölkəmizdə indikinə nisbətən daha güclü və yüksək intellektual inkişaf səviyyəsinə malik olan və dövrün tələblərinə cavab verən elmi və elmi–texniki kadr potensialının yaradılmasına və onların əməyindən ölkəmizin sosial–iqtisadi tərəqqisi üçün daha səmərəli və dolğun istifadə edilməsinə imkan verəcəkdir. İndi bütünlükdə ölkəmizin, ilk növbədə də Milli Elmlər Akademiyası alimlərinin qarşısında duran başlıca vəzifə respublikamızın Prezidenti möhtərəm İlham Əliyevin ətrafında daha sıx birləşərək onun rəhbərliyi altında vətənimiz Azərbaycanın və Azərbaycan dövlətinin qüdrətini daha da möhkəmləndirmək üçün bütün imkanları səfərbərliyə alıb elmimizin səviyyəsini və onun dünyaya inteqrasiyasını təmin etməkdən ibarətdir. Yalnız belə olan halda biz ulu öndərimiz Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirməkdə möhtərəm Prezidentimiz İlham Əliyevə, onun həyata keçirdiyi siyasətin davamlılığının təmin edilməsinə öz töhfəmizi vermiş olarıq.

 

 

Şahbaz Muradov,

RETTƏŞ–in İqtisadiyyat üzrə

Problem Şurasının sədri,

 AMEA–nın müxbir üzvü,

i.e.d., professor.

 

Respublika.-2013.-16 may.-S.2.