“Heydər Əliyev mənimçün vətəndi, böyük Azərbaycandı…”

 

Texnika elmləri doktoru, professor Əli Teymur oğlu Nağıyev 1954–cü ildə Naxçıvanda doğulmuşdur.

1992–ci ildə Naxçıvan şəhərində keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransında ulu öndər Heydər Əliyevin təklifi ilə partiyanın sədr müavini seçilmişdir.

Bakı Dövlət Universitetinin professoru, kafedra müdiri olmuş, 1995–2000–ci illərdə Milli Məclisin deputatı, 1996–2006–cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, 2006–2011–ci illərdə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuşdur. Hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sərəncamındadır.

Professor Əli Nağıyev öz intellekti, səmimiyyəti, Azərbaycan sevgisilə bir dünyadı. Sözündən–söhbətindən başı bəlalar çəkmiş xalqımızın minilliklərə sığmayan tarixi boylanIr. Onunla söhbətimiz zamanı biz illəri vərəqlədik. Xalqımızın taleyi ilə bağlı bir çox ağrılı nöqtələrə toxunduq.

Bütün söhbətimizin mayasında, ruhunda, cövhərində Heydər Əliyev ucalığı, Heydər Əliyev böyüklüyü, bənzərsizliyi vardı. Əli müəllimin: “Heydər Əliyev mənimçün vətəndi, böyük Azərbaycandı” – sözləri bu yazımın başlığı – uçan qanadları oldu. İlk sualım əslində yazının ana xətti idi.

–Əli müəllim, Heydər Əliyev sizin üçün kimdir?

–Azərbaycanın, türk dünyasının, bəşəriyyətin böyük oğlu Heydər Əliyevin 90 illik yubileyi günlərində onun haqqında fikirlərimi bölüşməyə şərait yaratdığınız üçün bəri başdan sizə dərin təşəkkürümü bildirirəm.

Əgər bir cümlə ilə Heydər Əliyevə qiymət verməli olsam, deyərəm ki, o, müstəqil, azad Azərbaycanı quran, ucaldan, yaşadan kişidir. Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycan da olmazdı. Mənim bu fikrimi, bu deyimimi, sözsüz ki, müxtəlif siyasət adamları, elm adamları, iqtisadiyyat adamları öz baxış bucaqları altından işıqlandırıblar.

Amma mən hesab eləyirəm ki, birmənalı şəkildə bu cümlənin açması odur ki, Heydər Əliyev olmasaydı, Azərbaycanın Gəncə bölgəsi də, Naxçıvan bölgəsi də bu gün işğal altında idi.

Heydər Əliyev olmasaydı, Dağlıq Qarabağdan əlavə Azərbaycanın iki Dağlıq Qarabağ boyda dərdi, başağrısı olacaqdı: – qondarma “Talış–Muğan respublikası” və general Qəhrəmanovun Dağıstanda pusquda dayanmış “sadval”çılardan ibarət antiazərbaycan qüvvələrinin şimal bölgəsində yaratmaq istədikləri dırnaqarası “Respublika”.

Heydər Əliyev olmasaydı, yüksələn xətt üzrə inkişaf edən bugünkü qüdrətli Azərbaycan olmazdı.

İldə 50 milyon ton neft, 40 milyard kubmetr qaz istehsal etmək – bunlar Heydər Əliyev kimi qüdrətli dövlət adamının uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Heydər Əliyev gələndə Azərbaycanda neft istehsalı 8 milyon tona düşmüşdü. Qaz istehsalı sahəsində də vəziyyət acınacaqlı idi. Biz daxili tələbatımız üçün qazı Rusiyadan alırdıq.

Mən 1994–cü ilin oktyabrında, o dəhşətli gecədə Prezident Aparatının qarşısında çıxış edərkən demişdim ki, Azərbaycanda törədilən bu fitnə–fəsadlar sentyabrın 20–də imzalanmış “Əsrin müqaviləsi”nə görədir. Bu neft müqaviləsi Azərbaycan üçün həyati əhəmiyyət daşıyır.

Bəli, Heydər Əliyev o dövr üçün baş tutması müşkül olan dünya əhəmiyyətli bir məsələni həll etdi. Rusiyanın, İranın, başqa dövlətlərin bölgədəki maraqlarını təmin etmədən dünyanın nüfuzlu dövlətlərinin ən iri şirkətlərini Azərbaycana dəvət etmək, müqavilə imzalamaq həm riskli, həm də cəsarətli addım idi. Bu cəsarətli addımı Heydər Əliyevdən başqa kim ata bilərdi?

ABŞ–ın, İngiltərənin və başqa dövlətlərin iri şirkətlərinin başında duran insanlar ilk növbədə Heydər Əliyev faktorunu, Heydər Əliyev qarantını nəzərə alıb bu addımı atdılar.

Heydər Əliyev odun–alovun içində bu tarixi əhəmiyyətli işləri gördü. Hər şeyi bilə–bilə və görə–görə. Qonşu Gürcüstanda baş verən hadisələri yadımıza salaq. Osetiyadan, Abxaziyadan sonra, Acarıstan problemi atılmışdı ortalığa. Abaşidzeni ordan çıxartmasaydılar üçüncü problem qaçılmaz olacaqdı. Şevardnadzeyə Gürcüstanda suiqəsd olunanda xəstəxanada ondan intervyü almışdılar. O deyib ki, Boris Nikolayeviç Yeltsin mənə zəng vurdu və dedi ki, Eduard Ambrosiyeviç, siz gərək Azərbaycandan gələn boru kəmərinin Gürcüstandan keçməsinə imkan verməyəsiniz.

Mən Yeltsinə cavab verdim ki, Boris Nikolayeviç, siz niyə məni bu günə salmısınız? Mənim ki nə borum, nə də neftim var.

Aşqabadda MDB–nin sammitində Heydər Əliyevlə Yeltsin arasında olan kəskin dialoqu çoxları xatırlayır. Bütün bunlar təsdiq edir ki, Heydər Əliyev o nefti, o kontraktı əjdahanın boğazından çıxarıb.

İndi danışmağa nə var ki, sular durulub, amma bilmirlər ki, o tarixi anlar, fürsətlər qaçırılsaydı, nələr gözləyirdi Azərbaycanı. Bu gün ölkəmizdə ildə 50 milyon ton neft, 40 milyard kubmetr qaz istehsalı Heydər Əliyevin tarixi xidmətidir. Bu gün Amerika kimi superdövlətin Azərbaycan kimi balaca bir dövləti özünün strateji tərəfdaşı sayması da Heydər Əliyevdən qaynaqlanır.

1992–ci ilə qədər Azərbaycan dünyada təklənmiş və mənfi imicə malik olan bir dövlət idi. Bütün bu yanlışlıqları darmadağın eləmək, addım–addım irəliləmək, Azərbaycanın müsbət imicini yaratmaq missiyasını Heydər Əliyev həyata keçirib.

Mən Belarus Respublikasında səfir işləyərkən İranın Belarusdakı səfirini qəbul etmişdim. Görüşüb söhbət etdiyimiz otağın yuxarı başında ulu öndər Heydər Əliyevin son dərəcə gözəl, əzəmətli portreti qoyulmuşdu.

Söhbətimiz başa çatandan sonra səfir ayağa qalxdı və Heydər Əliyevin o möhtəşəm portretinə baxıb dedi: “Azərbaycanı Azərbaycan eyləyən kişi!”.

Bu sözləri o dövlətin səfiri deyirdi ki, 1992–ci il mayın 8–də Yaqub Məmmədov Tehranda Rəfsancainin vasitəçiliyi ilə Ter–Petrosyanla görüşəndə Şuşa işğal olmunmuşdu. Və o gözəl bilirdi ki, Azərbayanda dönəm neçə olmalıydı, Azərbaycanın gələcəyinə hesablanmış siyasət neçə qurulmuşdu.

“Azərbaycanı Azərbaycan eyləyən kişi!” Bu, çox dəqiq deyilmiş söz idi.

“Azərbaycan bugünkü problemlərinə baxmayaraq, bölgədə stabil inkişaf edən və dünya birliyində öz layiqli yerini tutan dövlətdir”.

Bu, dünyanın ən nəhəng siyasətçilərindən biri olan Bjezinskinin sözləridir.

Bu stabilliyi, bu inkişafı Azərbaycana Heydər Əliyev bəxş etmişdir.

Bu gün Azərbaycanın dünyanın ən mötəbər beynəlxalq institutularında, BMT–də, Avropa Şurasında, Avropa İttifaqında, NATO yanında bu qədər böyük nüfuza malik olmasının əsasını ulu öndərimiz Heydər Əliyev qoyub.

— Əli müəllim, həyatda elə anlar olur ki, o anları yaşadığına görə özünü xoşbəxt saya bilərsən. Üstəlik, o anlar xalqın taleyi ilə bağlı olanda…

—Bəli, həyatda elə anlar olur ki, orda Hamletin “Olum, ya ölüm” sualı ortaya çıxır. Ötən əsrin 90–cı illərində bizim xalqın qarşısında da məhz bu sual durmuşdu— Olum, ya ölüm? Heydər Əliyev o odun, alovun içindən sıyrılan qılınc kimi ölümün qarşısını kəsdi. Xalqına əbədi OLUM dedi.

Mən odövrkü anlarımı, günlərimi ömrümün ən xoşbəxt anları, günləri hesab edirəm. Çünki biz amal uğrunda, xalqımızın taleyi uğrunda döyüşə atılmışdıq. 1992–ci ilin aprel ayında “Əlincə” cəmiyyətində mənim sədrliyimlə keçən iclasda biz Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürmüş, yaş senzi ilə bağlı Ali Sovetin qarşısında 13 gün sürən mitinqlərə başlamışdıq. Onda Heydər Əliyev heç məni tanımırdı. Amma Cəlal müəllim məni yaxşı tanıyırdı. Birbaşa olmasa da mən onun tələbəsi sayılırdım. O məni Leninqrada aspiranturaya göndərmişdi.

May ayında Ayaz Mütəllibovun adamları mitinqləri dağıtdılar. Və biz —”Əlincə” cəmiyyətinin üzvləri başladıq çətin vəziyyətdə olan Naxçıvana silah toplamağa. Burada keçmiş Sovet qoşunlarının hərbi bazaları dağılırdı, silahları da ordan–burdan toplayır, Ermənilərə qarşı qəhrəmancasına dayanan Naxçıvana göndərirdik.

1992–ci ilin iyun ayında Yeni Azərbaycan partiyasını yaratmaq istəyimizi bildirmək və bu partiyaya rəhbərliyə razılığını almaq üçün Naxçıvanda—Heydər Əliyevin görüşündə olduq. Onu da deyim ki, partiyanın “Yeni Azərbaycan” partiyası adlanması Sirus Təbrizlinin ideyasıdır. Ziya Bünyadov, Murtuz Ələsgərov, Fərəməz Maqsudov ətraflı danışdılar. Heydər Əliyevin partiyanın sədri olmasına razılıq verməsini xahiş etdilər. Gördüm ki, Heydər Əliyev onları dinləyə–dinləyə eynəyin altından diqqətlə mənə baxır. Sonda mənə söz verəndə bu çümləynən söhbətə başladım:

—Heydər Əliyev, çox təəssüf olsun ki, yaş senzi ilə bağlı mitinqlərimiz bir nəticə vermədi.

Sözümü yarıda kəsdi: “Əli Nağıyev, sən çox səhv eləyirsən, çox böyük nəticə verdi yaş senzi ilə bağlı keçirtdiyinz o mitinqlər. Siz dünyaya sübut elədiniz ki, demokratiyadan danışanların özləri demokratiyanı boğurlar”.

Bu, mənim Heydər Əliyevlə ilk görüşüm idi. İkinci görüşümüzdə mən ona dedim ki, Heydər Əliyev, gəlib sizə deyirlər ki, Etibar Məmmədov sizi prezident görmək istəyir, yalandı. Belə baxdı, baxdı: “Nə dedin, nə dedin?” —Dedim ki, Etibar Məmmədov özü prezident olmaq istəyir, ən yaxşı halda sizi Ali Sovetin sədri görür.

Bu gün o ağır günləri yada salırıqsa, bunları mütləq qeyd etməliyik.

Amma gəlin, mövzudan çox uzaqlaşmayaq, çünki bu, çox geniş söhbətdir və hesab edirəm ki, xüsusi bir söhbətin mövzusudur. Əgər tarixi doğru–düzgün yazmaq istəsəniz, sağlıq olsun, bu mövzuya qayıdarıq.

Mehriban xanım Milli Məclisin son iclasında haqlı olaraq qeyd etdi ki, bu zalda Heydər Əliyevə qarşı ittiham irəli sürənlərin, ona qarşı çıxanların əksəriyyətini ulu öndər bağışladı.

Heydər Əliyev bütün bunları şəxsən mənə də demişdi. Mən o vaxt partiyada çox sərt mövqedə idim. Bunu hamı bilir. Hər adamı yaxın qoymurdum. Kiminsə haqqında Heydər Əliyev fikir soruşanda mən çalışırdım ki, onun qarşısına dəqiq faktları, məlumatları qoyum. Qərar vermək isə bir prezident kimi onun səlahiyyəti idi. Bəli, Heydər Əliyev çox günahkarları, ona qarşı pislik eləyənləri bağışladı. Bu, onun böyüklüyündən, ölkəsinin, hər bir vətəndaşının əsl prezidenti olmasından irəli gəlirdi. Azərbaycan xalqına o cür böyük sevgisi olmasaydı, böyük prezident ola bilməzdi. Budur mənim üçün Heydər Əliyev!

Heydər Əliyev həyatda çox şeyləri görmüşdü. Yaxşıları da, pisləri də yaxşı tanıyırdı. Amma o, böyük idi, çox böyük idi. Hər şeyin fövqündə dayanırdı.

Deyirlər Peyğəmbəri odda yandırırlar. Göyərçin dimdiyində bir damcı suyu, kərtənkələ isə ağzında bir saman çöpünü gətirib oda atır. Nə ondan, nə də bundan bir şey hasil olur.

İnsanlıq xislətini göstərənlərin hamısına Allah kömək olsun, şeytanların, iblislərin cəzasını isə vaxt, zaman özü verəcək.

—Əli müəllim, bəlkə bütün bunların nəticəsidir ki, qüdrətli şairimiz Bəxtiyar Vahabzadə ömrünün müdrik çağlarında tərəddüd içində qalıb yazırdı:

 

Qorxuram dünyada bir zaman gələ,

İnsanlar yaşaya, insanlıq ölə.

 

—Böyük insanlar dünyanın, insanlığın taleyindən yana həmişə narahat olmuşlar. Bəxtiyar Vahabzadə kimi şəxsiyyətlər zamanın barometrləridir sanki. Onlar xalqa gələn dərdi, bəlanı da qabaqcadan sövqi–təbii hiss etmişlər. Belə insanlar doğuluşdan fenomen insanlardır.

—Sizin ədəbiyyata, musiqiyə, xüsusən zəngin muğam xəzinəmizə böyük sevginiz var. Azərbaycan poeziyasını, rus, Qərbi Avropa, dünya ədəbiyyatından saysız–hesabsız seçmələri, nümunələri söyləməyiniz məni heyran etdi. Heç şübhəsiz Heydər Əliyev haqqında yazılan saysız–hesabsız kitablar oxumusunuz. Bu əsərlərin bədii siqləti sizi təmin edirmi?

—Mən belə hesab edirəm ki, Heydər Əliyevin ucalığını yaradan əsər hələ ki, yoxdur. O əsərin yaranmasını illər uzunu gözləmişəm. Hər kəsin bir həyat eşqi olur. Mənim həyat eşqim isə musiqi və şeirdi. Ağrılı dəqiqələrimi yumşaldan, zövqlü dəqiqələrimdə mənimlə ürək–ürəyə, könül–könülə qalan musiqidən, poeziyadan saatlarla söz açsam, nə özüm yorularam, nə də müsahibimi yoraram.

Rəhmətlik Bəxtiyar Vahabzadə ilə saatlarla söhbət edirdik. Hər çıxan yeni kitablarını mənə göndərirdi. Tamaşalarına məni dəvət edirdi. Aramızda bir dostluq, ata–oğul münasibəti yaranmışdı. Heydər Əliyevi də çox istəyirdi. Bir dəfə Bəxtiyar müəllimə dedim ki, əsrlər boyu padşahlar, dövlət başçıları haqqında əsərlər yazılıb. Nizami kimi bəşərin ən uca fikir dağı “İsgəndərnamə” kimi möhtəşəm əsər yazıb. “İqbalnamə”də, “Şərəfnamə”də İsgəndəri peyğəmbər səviyyəsinə qaldırıb. Heydər Əliyev haqqında da bax elə əsər yaradılmalıdır.

Heydər Əliyevin şəkli vardı otaqda, baxdı belə şəkilə, elə bil gözləri yol çəkdi. Dedi: “Əli, ömür möhlət versə, ömür gözləsə…” Ömürsə təəssüf ki, möhlət vermədi.

Bax, mən düşündüyüm o bənzərsiz əsəri Bəxtiyar müəllim yaza bilərdi.

Heydər Əliyevin vəfatının birinci ilində Rəşid Behbudov adına mahnı teatrındakı anım mərasimində çıxış edərkən Əli Tudənin bu gözəl misralarını xatırlatdım:

 

Xalq dastandı, şəxsiyyət

O dastanın mayağı.

Xalq zirvədi, şəxsiyyət

O zirvənin bayrağı.

 

Heydər Əliyev 30 il Azərbaycan xalqının, Azərbaycan millətinin başında durub. Və həmişə xalqını ardınca çəkib, özü durduğu zirvəyə doğru aparıb. Və o zirvənin enməyən bayrağı da heç şübhəsiz, Heydər Əliyev olmalıdı.

Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetirdiyi barmaq sayı qədər olan nadir şəxsiyyətlərindən biridir. Nizamidən Heydər Əliyevəcən dünyada qəbul edilən, bəşəriyyətin canlı xəzinəsi sayılan neçə dahimiz var? On ola–olmaya, elə deyilmi? Bax, onlardan biri Heydər Əliyevdi.

Səməd Vurğunun Nizami haqqında dediyi misralara bax:

Aydanmı, Günəşdənmi, yarandın de nədən sən?

Xalqın gözü də, qəlbi də, vicdanı da sənsən.

Bax, Heydər Əliyevə belə söz yaraşır. Vallah, Heydər Əliyev haqqında istər müxalifət olsun, istər iqtidar olsun, istər akademik olsun, istər nazir olsun, istər fəhlə olsun–vicdanı olan bundan aşağı qiymət verə bilməz.

Heydər Əliyev son ana qədər Azərbaycan uğrunda bir əsgər kimi döyüşdü. Bugünkü Azərbaycanı bizə yadigar qoyub getdi. Mən hesab eləyirəm ki, Azərbaycan dərddən, bəladan tamam xilas olandan sonra böyük oğullarına dönüb bir də baxacaq.

Bax, onda Heydər Əliyev indikindən qat–qat uca görünəcək.

—Professor, bu gün yaşananlara, ötüb–keçənlərə nəzər salanda nəyə çox təəssüf edirsiniz?

—Yaşananlar, ötüb keçənlər, uğurlar, uğursuzluqlar bizim taleyimizdi, biz onu yaşamışıq. Onu taleyimizdən, tariximizdən, tərcümeyi–halımızdan kəsib ata bilmərik. Məni ağrıdan başqa bir şey var: İnsanlarımızda tövbə duyğusunun, peşmançılıq duyğusunun olmaması. Bu böyük fəlakətdir.

Mən Bakı Dövlət Universitetinin professoru, kafedra müdiri olmuşam. Dünən Ayaz Mütəllibovun adından Mirabbas Qasımovun tərtib etdiyi Heydər Əliyevi çəkindirmək üçün ona ünvanlanmış təhdid dolu məktubun altında mübarək imzalarını atan professorlar indi Heydər Əliyevin təbliğatçısına çevriliblər. Bunları mən obyektiv, real hesab eləmirəm. Yəni tarixi, bu günləri hərə öz biçiminə, öz ölçüsünə, öz sifətinə uyğunlaşdırsa…

Fironlar ağılsız adamlar deyildilər ki. Lakin onlar Allahlıq iddiasına düşmüşdülər və ağıllarını yönəltmişdilər bicliyə, şərə, şəbədəyə, Şeytana, iblisə uymuşdular. Bax, onda Allah peyğəmbərləri göndərdi.

Bizdə Heydər Əliyev hakimiyyətinə qənim kəsilənlər nə qədər oldu. Və hamısının da sonu nə ilə nəticələndi? Birindən bir etiraf, peşmançılıq gördükmü? Əslində peşmançılıq, etiraf böyüklükdü. O “Axırıncı aşırım”da Kərbəlayi İsmayıl İmanı çağırır ki, İman, tüfəngini götür, keç bizim tərəfə, İman da deyir ki, Kərbəlayi mən satqın deyiləm. Onda Kərbəlayi, çox ağıllı bir söz deyir:

—Satqın niyə olursan. Dünənə qədər qanmamışdın, o işləri görmüşdün, indi ağıllanmısan.

Bax, bu gün o cildə, dona girənlər səhv etdiklərini, yanlış hərəkət etdiklərini etiraf etsələr, Vallah, mən onları alqışlayaram. Nə isə, görünür əlahəzrət zaman hər şeyi öz yoluna qoyacaq.

—Hə, elədir, bu barədə Məmməd Arazın gözəl bir misrası da var:

 

Zaman gözlüyünü gözünə taxsa,

Yerlər də yerində öturacaqlar.

 

—Mən ömrümün 10 ilini özümə böyük müəllim bildiyim ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında işləmişəm.

Və bütün bu illəri həyatımın ən unudulmaz, şərəfli, mənalı illəri hesab edirəm.

Heydər Əliyev dünyanın hər yerindən görünən, tarixin yetirdiyi tək–tək şəxsiyyətlərdən biridir.

Və onunla çiyin–çiyinə işləmək, Azərbaycanın xoşbəxt sabahı uğrunda çalışmaq mənə nəsib olduğu üçün özümü xoşbəxt sayıram. Heydər Əliyevin yeri ürəklərdi, könüllərdi.

Bu yerdə dahi Nizaminin sözləri yerinə düşər:

Elə yüksəkdəyəm ki, yalnız orda uçaram,

Öz hümmətimə layiq yer istər, yol açaram.

Budur Heydər Əliyevin yaşadığı ömür, budur Heydər Əliyevin qoyduğu yüksəliş yolu.

 

 

Müsahibəni yazdı: Zülfüqar ŞahsevƏnli,

 

Respublika.-2013.-16 may.-S.3.