Nəsillərə əsl vətəndaşlıq nümunəsi

 

Azərbaycan tarixinin ən şanlı və parlaq salnaməsinin bütöv bir qərinəsi böyük siyasi xadim, bəşəriyyətin yetişdirdiyi dahi şəxsiyyət, müstəqil respublikamızın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Mən və yaşıdlarım, orta nəslin nümayəndələri bu dövrün canlı şahidləri eyni zamanda hadisələrin iştirakçılarıyıq, bundan qürur duyuruq. Bu elə bir dövr idi ki, baş verən ictimai–siyasi prosesləri izləmək, təhlil etmək və dəyərləndirmək iqtidarındayıq. Ona görə də az bir müddətdə ölkədə müşahidə olunan dəyişiklikləri, yaxşılığa doğru yeniləşməni cəmiyyətdə görüb hiss etmişik.

Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi şəxsiyyətlərdəndir. Müasir Azərbaycanın bütöv bir qərinəsi, 34 illik bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai–siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə Heydər Əliyev rəhbəri olduğu Azərbaycanın bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın bütün məsuliyyətini üzərinə götürmüş, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.

Heydər Əliyev epoxasını təhlil edən, bu dövrün ayrı–ayrı mərhələləri üzərində tədqiqat aparan nüfuzlu siyasətçi və tarixçilər Azərbaycanın belə bir inkişaf etmiş ölkəyə çevrilməsini yalnız bu müdrik şəxsiyyətin sayəsində mümkün olmasını qeyd edirlər. Müasir tariximizə sözün həqiqi mənasında intibah dövrü kimi daxil olmuş, çoxəsrlik dövlətçilik salnaməmizin ən şanlı səhifələrini əks etdirən ötən əsrin 70–80–ci illərində yaradılmış maddi və mənəvi potensial sonradan müstəqilliyimizin reallaşması üçün əsas baza rolunu oynayıb.

Azərbaycanın dövlət suverenliyini yenidən əldə etməsini böyük tarixi nailiyyət, xalqımızın əvəzsiz sərvəti adlandıran ulu öndərimiz bilirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat–qat çətin və mürəkkəb vəzifədir. Tale elə gətirdi ki, bu şərəfli tarixi missiyanı da məhz Heydər Əliyev yerinə yetirdi. Xalqın xahişi ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddət ərzində millətimizi başının üstünü almış bütün bəlalardan hifz edib qorudu. Xalqa nicat və qurtuluş yolunu göstərdi. Bu yolda öz canını və bacarığını əsirgəmədi.

Əslində müstəqil dövlətçiliyimizin həqiqi tarixi, dönüş anı məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə xalqın və Vətənin taleyi üçün məsuliyyəti üzərinə götürdüyü vaxtdan başlanır. Bu ötən illər ərzində ümummilli liderimizin hansı maneə və təhlükələri dəf etdiyi, müstəqilliyimizi necə mətanətlə və qətiyyətlə qoruduğu, onu inkişaf etdirdiyi təkcə xalqımıza deyil, bütün dünyaya məlumdur. Daxili sabitliyin bərqərar olması, dövlətçilik ənənələrinin yaradılması və möhkəmlənməsi, demokratik–hüquqi islahatların həyata keçirilməsi, ölkəmizin zəngin təbii ehtiyatlarından, xüsusən də neft amilindən Azərbaycanın milli maraqlarına uyğun istifadə edilməsi, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, ölkəmizin dünyanın aparıcı dövlətləri ilə səmərəli əməkdaşlığı, ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunmağımız, həmçinin dünya və regional əhəmiyyətli transmilli layihələrin reallaşması ümummilli liderimizin danılmaz xidmətlərinin, müstəqilliyimizin əbədiliyinin ciddi və etibarlı əsaslara söykəndiyinin nəticəsidir.

Ulu öndərimizin on illik prezidentliyi dövründə gördüyü bütün işləri sadalamaq, sadəcə, mümkünsüzdür. Yalnız onu deyə bilərik ki, qarşıya qoyduğu məqsədə doğru inamla, qətiyyətlə irəliləyir, hesablamalarında yanılmır, atdığı hər hansı addımının nəticəsini qabaqcadan görə bilirdi. Onun rəhbərliyi illərində Azərbaycanda demokratiya, insan hüquqlarının qorunması istiqamətində siyasi, iqtisadi, mədəni və həyatımızın digər sahələrinin sürətli və hərtərəfli inkişafının təmin edilməsində, əhalinin sosial müdafiəsinin gücləndirilməsi yolunda qətiyyətli addımlar atılıb.

Azərbaycanda Heydər Əliyev siyasətinə alternativ yoxdur. Böyük qürur hissi duyuruq ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli varisi, Azərbaycanın və regionun lideri, Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətlə uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 10 il ərzində gördüyü işlər Azərbaycanı dünyanın ən qüdrətli dövlətləri sırasına çıxarıb. Ölkəmiz qısa müddətdə əsrə bərabər yol keçib, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu yolda möhtəşəm nailiyyətlər qazanmaqdadır. Deməli, ümummilli liderimizin bütün arzuları çin olur.

İndiyədək ümummilli liderimiz Heydər Əliyev haqqında çox yazılıb, çox deyilib. Lakin bunların heç biri Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çox gözəl və dəqiq ifadə etdiyi kimi, ulu öndərimizin şəxsiyyətinin bütün əzəmətini əks etdirmək qüdrətində olmayıb: “İlk növbədə, əlbəttə ki, Heydər Əliyev aydın ifadə olunan xarizmaya malik idi. Onun enerjisi ətrafda hər şeyi dəyişməyə qadir idi. Onun fantastik yaddaşı, intellekti, hədsiz məlumatlılığı bəzən həlli müşkül görünən problemləri həll etməyə imkan verirdi. Mahiyyət etibarilə Heydər Əliyev fenomeni hələ də sonadək açılmamışdır. Heydər Əliyev haqqında çox yazırlar, Azərbaycanda sanki ümidsiz görünən vəziyyəti onun necə dəyişə bildiyini, yaxud Heydər Əliyevin necə hakimiyyət ustası olduğunu anlamağa çalışırlar. Lakin bütün bu yazılarda liderin həm praqmatik, həm də strateq ola bilməsinin fəlsəfi baxımdan dərk edilməsi çatışmır. O, ailədə, gündəlik ünsiyyətdə olduqca sadə, həssas, qayğıkeş idi. Heydər Əliyev əzəmətli, bənzərsiz şəxsiyyətdir”.

Həqiqətən də, Heydər Əliyev tarixin yetirdiyi elə nəhəng və müdrik şəxsiyyətlərdəndir ki, onun irsi dünya durduqca öyrəniləcək, adı daim yaşayacaqdır. Çünki ulu öndər təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük oğlu və lideri, dünya miqyaslı siyasi xadim və fövqəlbəşər insan idi.

Heydər Əliyev elə dahi şəxsiyyət idi ki, o, bütün dünyada tanınıb, sevilib və adı həmişə hörmətlə çəkilib. Dünya siyasətçiləri hələ sağlığında ikən Heydər Əliyevi tarix yaradan dahi şəxsiyyət, zəmanəmizin canlı əfsanəsi adlandırıblar. Türkiyənin tanınmış ictimai–siyasi xadimi Akkan Suverin qənaətincə, Heydər Əliyevi yalnız siyasi xadim, təkcə Azərbaycanın Prezidenti, ölkəsinin lideri kimi görmək kifayət deyildir. O, XX əsrdən XXI əsrə keçən bir xəzinə, çox böyük dövlət adamı, əsrimizin nadir siyasi xadimlərindən olub.

Azərbaycanın çağdaş tarixi şöhrətli siyasətçi, dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Azərbaycanın ulu öndəri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətlərdəndir.

Heydər Əliyev fenomeninə, istedadına və şəxsiyyətinə dünyanın ən aparıcı ölkələrinin dövlət başçıları da çox yüksək qiymət vermişlər. Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin qənaətinə görə, Heydər Əliyev zəmanəmizin ən görkəmli siyasi xadimlərindən idi. Amerika sosioloqu, dövlət xadimi Zbiqnev Bjezinski Heydər Əliyevin uzaqgörənliyini, dərin məntiqinə malik olmasını önə çəkərək deyirdi: “Heydər Əliyev Azərbaycanda demokratiyanın və fikir plüralizminin, yeni iqtisadi və siyasi münasibətlərin qarantıdır”. Dünyanın görkəmli dövlət və ictimai xadimləri, politoloqları Heydər Əliyevi Corc Vaşinqton və Franklin Ruzveltlə, Şarl de Qolla və Mustafa Kamal Atatürklə bir sıraya qoyur, ümummilli liderimizi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının lideri kimi görürdülər.

Dünyanın ən məhşur dövlət xadimlərinin portretlərini çəkmiş görkəmli rəssam Nikos Safronov Heydər Əliyevin 80 illik yubileyi münasibətilə onun portretini çəkərkən dahi rəhbərimizlə ünsiyyətdə olduqdan sonra bu qənaətə gəlmişdir ki, Heydər Əlirza oğlu Əliyev Tanrının yaratdığı möcüzədir, belə şəxsiyyətlər min ildə bir dəfə dünyaya gəlir.

Ulu öndərimiz Heydər Əliyev ana dilimizin, əlifbamızın və milli–mənəvi dəyərlərimizin bərpası, inkişafı və müdafiəsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. Onun çoxşaxəli fəaliyyəti azərbaycançılıq, türkçülük qayəsi üzərində köklənmişdi. O deyirdi: “Azərbaycana məhəbbət, xalqımıza məhəbbət mənim qanımdadır, beynimdədir, varlığımdadır. Heç kəs, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz”.

Azərbaycançılıq ideyası ümummilli liderimizin siyasətində aparıcı yer tutur. Məhz onun səyləri və başçılığı ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı diasporumuzun təşəkkülündə, 50 milyonluq azərbaycanlıların həmrəylik və birliyinin təmin olunmasında böyük rol oynamışdır.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaq. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin silinməz izləri var. Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdır.

“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəyi dəfələrlə təsdiqləyib. Heydər Əliyevin Azərbaycanla, xalqımızla bağlı arzuları bitib–tükənməz idi, vətənə, xalqa olan məhəbbəti hədsiz–hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi.

Ümummilli liderimizin başladığı işləri uğurla davam etdirən, onun məqsəd və amallarını gerçəkləşdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev quruculuq tədbirləri, islahatları həyata keçirir. Ölkəmizin rəhbərinin bu gün dünya miqyasında qazandığı böyük nüfuz, nəhəng dövlətlərin başçıları ilə bərabər tərəfdaş olması onu göstərir ki, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və Heydər Əliyev yolu xalqımızı yeni–yeni uğurlara, zəfərlərə aparır.

 

 

Yusif ƏLƏKBƏROV,

“Prant” şirkətinin prezidenti,

beynəlxalq mükafatlar laureatı.

 

Respublika.-2013.-16 may.-S.3.