Saatlı: indi burada özgə büsat var

 

Saatlı rayonuna kimin yolu düşürsə, sözün əsl mənasında, burada gördüklərinə heyran olur. Rayon mərkəzi — Saatlı şəhəri gündən–günə dəyişilir. Burada yeni istirahət mərkəzləri yaradılır, müasir memarlıq üslubunda tikilmiş binalar göz oxşayır. İnfrastuktur yenilənir, əhalinin məişət şəraiti yaxşılaşır, mavi yanacaq, içməli su, elektrik enerjisi sarıdan əvvəllər mövcud olan problemlər sürətlə aradan qaldırılır. Rayonda görüşüb söhbət etdiyimiz insanlar bölgənin inkişafından razı qaldıqlarını bildirirlər. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov inkişafın bundan sonra da davamlı olacağını deyir. İcra başçısı onu da əlavə edir ki, cari ilin birinci rübündə əldə olunan nailiyyətlər bu inkişafın bariz nümunəsidir. İcra başçısı söhbətinə konkret misallarla davam edir:

— Saatlı rayonunun sosial–iqtisadi inkişafı sahəsində cari ilin birinci rübündə görülən işlər cənab İlham Əliyevin imzaladığı və yerinə yetirilməsinə şəxsən nəzarət etdiyi regionların sosial–iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının məntiqi nəticəsidir. Qısa tarixi bir müddətdə ən mürəkkəb sosial problemləri müvəffəqiyyətlə həll edərək Azərbaycanı güclü iqtisadi potensialı, maliyyə resursları, müasir infrastruktur şəbəkələri olan qüdrətli bir dövlətə çevirmək cənab İlham Əliyevin böyük uzaqgörənliyi, idarəçilik məharəti, beynəlxalq aləmdə nüfuzlu mövqeyi, qətiyyəti siyasi tədbirlərin sayəsində baş vermişdir. Son illər Saatlı rayonu sözün həqiqi mənasında yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün rayonda görülən irihəcmli işlər hər kəsin diqqətini cəlb etməklə böyük razılıqla qarşılanır. Şəhərin və ətraf ərazinin abadlaşdırılması istiqamətində tədbirlər ardıcıllıqla davam etdirilir.

Saatlı rayonunda 43,7 min nəfər əhalinin yaşadığı 17 kənd yaşayış məntəqəsini əhatə edən 21 kilometrlik Smadakənd–Qarayevkənd avtomobil yolunun yenidən qurulması işlərinin layihə–smeta sənədləri hazırlanıb başa çatdırılmışdır. Yaxın günlərdə bu istiqamətdə işlərə başlanılacaqdır.

Olimpiya İdman Kompleksinin “A” blokunda hazırda tikinti işləri davam etdirilir. Kompleksin 800 nəfər tamaşaçı yeri olan əl oyunları meydançası və inzibati otaqlardan ibarət ikimərtəbəli əsas korpusu, 200 nəfər tamaşaçı yeri olan üzgüçülük korpusu, 5 ədəd ikimərtəbəli kotteclərinin tikintisi aparılacaq, 4,0 hektar ərazi abadlaşdırılmaqla yaşıllıq zolaqları salınacaq və göstərilən bu işlər avqust–sentyabr aylarında başa çatdırılacaqdır.

Saatlı şəhər mərkəzində İstiqlaliyyət — Bayraq meydanı yaradılmaqla işlərin yekunlaşdırılması avqust–sentyabr ayları üçün planlaşdırılmışdır. Sahəsi 1,2 hektardan çox olan meydanda İstiqlaliyyət muzeyi yaradılacaq, hündürlüyü 100 metrdən yuxarı Bayraq qülləsi ucaldılacaq və ərazi müasir görkəmdə yenidən abadlaşdırılacaqdır.

Cari ilin avqust–sentyabr aylarına açılışı nəzərdə tutulan obyektlərdən biri də Saatlı şəhərində ulu öndərin adını daşıyan parkla üzbəüz ərazidə yerləşən Valeri Əsgərov adına 4 nömrəli tam orta məktəbi üçün 480 şagird yerlik, ümumi sahəsi 2052 kvadratmetr olan ikimərtəbəli yeni məktəb binasının tikintisi olacaqdır.

Bu ilin ötən 3 ayında rayonun idarə, müəssisə və təşkilatlarını, yerli icra strukturlarını və bələdiyyələri, əmək kollektivlərini cəlb etməklə ağacəkmə kampaniyası davam etdirilmişdir. Saatlı şəhərinin Heydər Əliyev prospekti, M.F.Axundov, M.Ağayev və digər mərkəzi küçələri boyu, eləcə də Saatlı şəhərindən başlamaqla Məzrəli kəndinə qədər olan yol boyu, habelə Bəylik kəndindən Varxan kəndinə qədər olan ərazilərdə torpaq işləri görmək, ərazilər hazırlamaqla Eldar şamı, göyrüş, Gəncə çinarı, limon (şərq) tuyası, şəmşəd, sərv, zeytun, lüqustra kimi ağacların əkilməsi təmin edilmişdir. Ötən üç ay ərzində ümumrayon iməciliklərində 3 min ədəddən çox həmişəyaşıl və dekorativ ağaclar, gül kolları və bəzək ağacları, eləcə də yerli şəraitə davamlı ağaclar əkilmişdir. Ağacəkmə işlərinin növbəti aylarda daha geniş miqyasda aparılması nəzərdə tutulmuşdur.

Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində sahibkarlığın inkişafı dəstəklənməklə yeni iş yerlərinin açılmasına xüsusi fikir verilmiş, yerli xammallar və ehtiyatlar nəzərə alınmaqla iş adamları və sahibkarların cəlb olunması ilə qeyri–dövlət sektorunda inkişafa hərtərəfli şərait yaradılmışdır. Hazırda rayonda 608 hüquqi, 3557 fiziki şəxs kiçik və orta sahibkarlıqla məşğul olurlar. 2013–cü ilin birinci rübündə 113 yeni iş yeri yaradılmışdır ki, bundan 98 iş yeri daimidir. Məhsul istehsalının həcminin yüksəlməsi, əməkhaqlarının, pensiya və müavinətlərin artırılması və yeni iş yerlərinin yaradılması əhalinin pul gəlirlərinə müsbət təsir etmiş, 2013–cü ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin pul gəlirləri 6,0 faiz artaraq 55 milyon 396 min manat olmuşdur.

Kənd təsərrüfatı bölməsində işin səmərəli şəkildə qurulması, dövlət tərəfindən məhsul istehsalçılarına göstərilən maliyyə və texniki dəstək, suvarma suyunun vaxtında verilməsi, kənd əməkçilərinin texnika ilə təminatı məhsul istehsalının artımına əlavə imkanlar yaratmışdır. Bu sahədə, əlbəttə ki, Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007–ci il tarixli sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına maliyyə yardımı verilməsi kimi mühüm dövlət tədbirini xüsusi qeyd etməliyik. Cari ilin əvvəlində 5824 nəfər buğda istehsalçısına 20405,52 hektar əkin sahəsi üçün 816,2 min manat pul yardımı verilmişdir.

Saatlı “Aqroservis” filialı tərəfindən birinci rüb ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə 353 ton azot gübrəsi satılmışdır. Rayon ərazisində fəaliyyət göstərən pambıq zavodları əhali və fiziki şəxslər daxil olmaqla 4984 hektar sahədə pambıq toxumu əkilməsinə dair müqavilə bağlamışlar. Rayonda fəaliyyət göstərən pambıq zavodları tərəfindən əhaliyə avans olaraq 367,8 min manat nağd pul vəsaiti verilmişdir. 2012–ci ilin payızında 23902 hektar taxıl əkilmişdir. Bunun 20960 hektarını buğda, 2942 hektarını isə arpa təşkil edir.

Heyvandarlıq sahəsində də artım müşahidə edilmişdir.

Müxtəlif vaxtlarda subasmaya məruz qalmış kəndlərin əhalisi ilə olan görüşlərimdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər haqqında geniş məlumatlar vermişəm. Bildiyiniz kimi, baş vermiş təbii fəlakət nəticəsində rayonun 5 yaşayış məntəqəsi subasmaya məruz qalmış və keçirilmiş baxış nəticəsində 558 evin qəzalı olduğu müəyyənləşdirilmişdir. 2010–cu ildə baş vermiş təbii fəlakətlə əlaqədar vətəndaşlara bugünə kimi ümumilikdə 549 yaşayış evi tikilmiş və 9 ev tikilməkdədir. 81 evdə bərpa–gücləndirmə aparılmış, 3 məktəb binası, Nərimankənd qonaq evi və həkim ambulatoriyası, 2 kənd məscidi əsaslı təmir olunmuş,178 evdən ibarət yeni qəsəbə salınmışdır. Dəymiş ziyanla bağlı 1191 ailəyə ümumilikdə 3328795 manat kompensasiya ödənilmişdir ki, onun da 766,6 min manatını əkin sahələrinə dəyən ziyana görə ödənilən kompensasiya təşkil edir.

Bu gün böyük razılıq hissi ilə deyə bilərəm ki, cənab İlham Əliyevin diqqət və qayğısı, tapşırıq və göstərişləri, aidiyyəti dövlət orqanlarının, xüsusən də Fövqəladə Hallar Nazirliyinin böyük səyi, ardıcıl tədbirləri sayəsində subasmaya məruz qalmış yaşayış məntəqələrində iqtisadi və sosial həyat tam bərpa olunmuş, bütün infrastruktur yenidən qurularaq insanların rahat şəraiti təmin edilmişdir.

Rayon icra hakimiyyətinin gündəlik d

iqqət ayırdığı sahələrdən biri əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, mövcud olan problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi üçün sayğaclaşmanın başa çatdırılması, istehlak olunan elektrik enerjisi, qaz və suyun dəyərinin bütünlüklə toplanılmasına nəzarətin artırılması olmuşdur.

Azərbaycan Respublikası Prezident Administrasiyasının tövsiyələri rəhbər tutularaq əhali ilə hər həftə səyyar qəbullar keçirilmiş, qaldırılan problemlərin həlli istiqamətində son illərin ən yaxşı təcrübəsi olan, insanlarla birbaşa təmas yaratmağın əhəmiyyətindən lazımınca istifadə edilməsinə başlıca yer ayrılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən daxili və xarici siyasətin başlıca məqsədi—hər şey insan naminə, insanın rifahı üçün olan proqram müddəası indi getdikcə daha dərin, daha konkret məzmun kəsb edir. Zaman hər bir insanın gərgin və yaradıcılıqla işləməsini tələb edir. Hamımız birgə işləməli, vətəndaşlıq borcumuzu yerinə yetirməli, cəmiyyətin rifahı naminə vicdanla çalışmaq nümunəsi göstərməliyik.

 

 

Hazırladı: Tofiq HÜSEYN

 

Respublika.-2013.-16 may.-S.5.