Böyük uğurlara imza
atmış şirkət
Son illər prioritet sahə kimi özəl sektorun inkişafı üçün ölkədə böyük işlər görülüb. Qanunlar qəbul olunub, sahibkarlığa geniş şərait və imkan yaradan fərmanlar imzalanıb, dövlət proqramları həyata keçirilib. Hazırda bu proses uğurla davam edir.
Aparılan belə işlər hesabına bu gün respublikada güclü sahibkarlar təbəqəsi təşəkkül tapıb. Sahibkarlıq gücləndikcə, ölkə iqtisadiyyatı və onunla bərabər sosial sahələr inkişaf edir, əhalinin rifah halı yüksəlir. 90–cı illərdən fərqli olaraq bu günün sahibkarı daha sərbəst, işlərini məharətlə idarə edən, məqsədini aydın görən, haqlarını yaxşı bilən iş adamıdır. Bugünkü müsahibimiz Şakir Həsənov da məhz belə müasir və müstəqil düşüncəyə malik iş adamıdır. O, hazırda respublikanın iri sənaye mərkəzlərindən olan Sumqayıtda yerləşən, lakin artıq onun hüdudlarından çox–çox uzaqlarda da tanınan “Az.Termoizol” ASC–yə rəhbərlik edir. Sahibkar bizimlə söhbətində şirkətləri tərəfindən həyata keçirilən layihələrdən və perspektiv planlardan danışdı:
—Ölkəmizdə ötən əsrin 90–cı illərinin ortalarından başlayaraq aparılan islahatlar artıq bu gün öz bəhrəsini verməkdədir. Hazırda respublikamız sürətlə, indiyə qədər görünməyən templə inkişaf edir.
Azərbaycanda iqtisadi tərəqqi ölkə sahibkarlığının inkişafı ilə bilavasitə bağlı olub, onunla paralel getmişdir. Bu gün ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 83 faizə çatmışdır. Bu göstərici ildən–ilə artır. Təkcə ötən üç illə müqayisədə bu rəqəm 2 faiz çoxdur. Bütün bunlar ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin sahibkarlığa göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub. Son dövrlərdə qəbul olan qanunlar, imzalanan fərman və sərəncamlar əvvəlki illərdə yaradılan hüquqi bazanı daha da təkmilləşdirərək sahibkarların maneəsiz və sərbəst fəaliyyətinə böyük imkanlar yaratmışdır.
Məhz yaradılan belə münbit şərait hesabına bu gün Azərbaycanda güclü sahibkarlar zümrəsi formalaşıb. Biz də ölkəmizdə sahibkarlığa yaradılan bu imkandan istifadə edib şirkətimizin fəaliyyətini ildən–ilə uğurla genişləndiririk.
Müəssisəmiz 1987–ci ildə Sumqayıt Termoizolyasiya adı ilə fəaliyyətə başlayıb və həmin dövrdə respublikada bu sahədə çalışan yeganə belə təşkilat olub. Termoizolyasiya sahəsində böyük təcrübə qazanan bu müəssisə 90–cı illərin ortalarından fəaliyyətini genişləndirərək sənaye və mülki obyektlərdə tikinti–quraşdırma, təchizat işlərini də həyata keçirməyə başladı. Nəhayət, 1998–ci ildə biz bu müəssisənin bazasında “Az.Termoizol” Açıq Səhmdar Cəmiyyətini yaratdıq. Rəhbərlik etdiyim bu şirkət ilk gündən möhkəm texniki bazaya və peşəkar işçi qüvvəsinə malik olub Qərbin ən qabaqcıl təcrübələrindən bəhrələnərək Azərbaycan xalqı və dövləti üçün çox önəmli layihələri uğurla reallaşdırıb.
Məsələn, ötən illərdə Bakı–Tbilisi–Ceyhan ixrac boru kəmərinin hər üç respublikadan keçən nasos stansiyalarında izolyasiya və quraşdırma işləri peşəkar əməkdaşlarımız tərəfindən yüksək keyfiyyətlə, dünya standartları səviyyəsində yerinə yetirilmişdir. Bununla yanaşı, “Az.Termoizol” ASC Səngəçal terminalının, Bakı Yağ zavodunun, EP–300 kimya müəssisəsinin, respublikamızın nəhəng qida sənaye istehsal sahəsi olan İmişli şəkər zavodunun və digər müəssisələrin inşasını, habelə Göygöl rayonunda kanalizasiya xətlərinin çəkilişini, Qaradağ sement zavodunda təmizləyici qurğunun tikintisini, metal–konstruksiya, istilik–soba sistemlərinin quraşdırılmasını xarici şirkətlərlə birlikdə beynəlxalq standartlar səviyyəsində həyata keçirmişdir.
Son illərdə reallaşdırdığımız layihələrin sayı daha da çoxalmışdır. Ona görə də onların hamısından yox, xalqımız və dövlətimiz üçün daha önəmli və aktual olan layihələrdən danışıb qısa məlumat vermək istərdim. Kiçik zaman kəsiyində Əfqanıstan Neft, Qırğızıstan Neftayırma, Bakı Neft Emalı, Qafqaz Konserv zavodlarında və bununla yanaşı, Almaniya, Rusiya, Qazaxıstan və Çexiyada yerləşən müəssisə və təşkilatlarda yüksək əhəmiyyətli işlər görmüşük. Yəni burada da texniki baxımdan çox mürəkkəb olan metal–konstruksiya və sobalar quraşdırıb, odadavamlı izolyasiya tədbirləri həyata keçirmişik. Hazırda isə “AZMECO METANOL” və Azərbaycan Beynəlxalq Dağ Mədən şirkətləri üçün də əhəmiyyətinə görə eyni yüklü işlər görürük. Bu tədbirləri “Az.Termoizol” ASC “Çiyoda”, “AMOKO”(Yaponiya), “Astan Rauver LTD”(İngiltərə), “Laki Qoi Star Encinierinq”(Cənubi Koreya), “ABB Rover”(İsveçrə) və “Pertofakt Korporeyşn”(ABŞ) kimi dünya şöhrətli nəhəng şirkətlərlə müştərək aparırıq.
Onu da qeyd edim ki,
bu gün “Az. Termoizol” ASC–də 200–ə
yaxın tikinti–inşaat
işlərini incəliklərinə
qədər bilən təcrübəli fəhlə
və mühəndis–texniki
personal çalışır. Lakin tələb
olunanda biz işlərə
müvəqqəti olaraq
minə yaxın fəhlə qüvvəsi
də cəlb edə bilirik.
Həyata
keçirdiyimiz layihələr
keyfiyyət və sürət baxımından
daim sifarişçilərimizi
razı saldığından
həm ölkəmizdə,
həm də xaricdə iş partnyorlarımızın sayı
durmadan artır. Artıq dünyanın ən qabaqcıl tikinti biznes klubları “Az.Termoizol” ASC–ni öz sıralarına eyni hüquqlu bir şirkət kimi qəbul edir. Bu fikri
əsaslandırmaq üçün
bəzi sevindirici faktları oxucularımızın
diqqətinə çatdırmaq
yerinə düşər.
Belə ki, son iki il ərzində 4 xarici ölkənin mükafatlarına
layiq görülmüşük.
Onlardan ikisi haqqında geniş danışmaq istərdim.
Mərkəzi qərargahı İspaniyanın
paytaxtı Madriddə
yerləşən “Ofis
Nəşriyyatı və
Ticarət Liderləri
Klubu” hər il sahibkarlığı inkişaf etdirən, keyfiyyətli işi və firma markası ilə tanınan qurumlar arasında sorğular aparır. 2011–ci ildə klubun
yeddi min üzvü tərəfindən dünyanın
95 ölkəsində aparılan
sorğunun nəticəsinə
görə “Az.Termoizol”
ASC “İmic və Keyfiyyətdə Liderlik Uğrunda” Beynəlxalq Prizlə, həmçinin
“Sahibkarlığın inkişafına
görə” Qızıl
medalla mükafatlandırılmışdır.
Mükafatın təqdimat mərasimi
2011–ci ilin dekabrında
Madrid şəhərində keçirilmişdir. Klubun prezidenti Arsenino
Prado Rodriqesin dəvəti
ilə mən də həmin tədbirdə iştirak etdim. 40 ölkənin
mükafatçısının, klubun 200–dən çox üzvünün, eyni zamanda Azərbaycanın İspaniyadakı səfirliyinin
nümayəndələrinin qatıldığı təqdimetmə
mərasimində rəhbərlik
etdiyim müəssisənin
fəaliyyəti və
Sumqayıtda görülən
işlərlə yanaşı,
son 20 ildə respublikamızda
gedən inkişaf prosesindən, baş verən köklü yeniliklərdən, ölkəmizin
dünya iqtisadiyyatına
güclü inteqrasiyasından
söz açdım,
Azərbaycan həqiqətini
dolğun şəkildə
tədbir iştirakçılarının
diqqətinə çatdırdım.
Bu il aprel
ayının 12–də şirkətimiz
yenidən mötəbər
bir mükafata, daha dəqiq isə Beynəlxalq Sokrat Komitəsinin “Tikinti–quraşdırma sahəsindəki
nailiyyətlərinə görə
ən uğurlu müəssisə” mükafatına
layiq görülmüşdür.
Bununla yanaşı, şəxsən
mənə “İlin meneceri” qızıl medalı da verildi. Avropa Biznes Cəmiyyəti
tərəfindən həyata
keçirilən mükafatlandırma
mərasimi Londonun möhtəşəm Pall Mall sarayında
baş tutdu.
Fikrimcə, bu, təkcə bizim şirkətə deyil, bütün Azərbaycana, Sumqayıta verilən yüksək qiymətdir. Sumqayıt mənim üçün
doğma şəhərdir.
Ömrümün böyük hissəsi
Sumqayıtda keçdiyi
üçün nailiyyətlərim
də bu şəhərlə bağlı
olub. Burada işləyib, burada
yaratmışam. Zəhmətim də hər zaman yüksək səviyyədə qiymətləndirilib.
İttifaq dövründə
“Əməkdar mühəndis”
adına layiq görülmüşəm.
Lap bu yaxınlarda isə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı
ilə “Tərəqqi”
medalı ilə təltif olunmuşam.
Əlbəttə ki, bunlar böyük
nailiyyətlərdir və
bizi hədsiz sevindirir. Lakin biz bu nailiyyətlərlə
kifayətlənmir, daha
möhtəşəm layihələrə
imza atmağa hazırıq. Bu gün Azərbaycan sürətlə inkişaf
edir və sevindirici haldır ki, biz–”Az.Termoizol” ASC də bu tarixi
prosesdə fəal iştirakçılardan biriyik.
Söhrab Səfiyev
Respublika.-2013.-16 may.-S.6.