Regionlarda endokrin xidmət təkmilləşdirilir

 

Bütün dünyada olduğu kimi, respublikamızda da şəkərli diabetlə xəstələnənlərin sayı durmadan artır. Tibbi–statistik məlumatlara əsasən 2012–ci ildə respublikamızda 183 min 196 nəfər şəkərli diabetlə xəstə olan vətəndaş qeydə alınmışdır. Rayonlarda bu xəstəlik hallarının çox olduğunu nəzərə alan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Endokrinoloji Mərkəzi regionlarda endokrin xidmətin təkmilləşdirilməsi istiqamətində ardıcıl və səmərəli iş aparır. Mərkəz yerlərdə konfranslar təşkil edir, terapevtik təlimlər, tibbi–maarifləndirici tədbirlər həyata keçirir. İki gün davam edən növbəti belə tədbir Quba şəhərindəki Diaqnostika Mərkəzində baş tutmuşdur. “Regionlarda endokrin xidmətin və diabet məktəblərinin təkmilləşdirilməsi” adlı elmi–praktiki konfransda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının baş həkimləri, cərrahlar, endokrinoloqlar, terapevtlər, ginekoloqlar iştirak edirdilər.

Konfransı Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev açaraq tədbirin əhəmiyyətindən, məqsəd və vəzifələrindən danışmışdır. Respublika Endokrinoloji Mərkəzinin direktor müavinı Yeganə Sultanova “Şəkərli diabetlə bağlı Azərbaycan Respublikasında görülən işlər”, REM–in direktoru, tibb üzrə fəlsəfə doktoru Rauf Cabarov “Orqanizmdə yod çatışmazlığı zamanı müasir diaqnostika və müalicə”, REM–in həkim–endokrinoloqu, “Diabet pəncəsi” kabinetinin rəhbəri Səriyyə Ağayeva “Diabetik neyropatiya–müasir baxışlar”, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Vüqar Fəttah–Pur “Diabetik pəncə sindromu–müasir diaqnostika və müalicə üsulları”, REM–in həkim–endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Nərminə Hüseynova “Yumurtalıqların polikistoz sindromu zamanı müasir diaqnostika və müalicə” mövzularında məruzələrlə çıxış etmişlər. “Qalxanabənzər vəzi xəstəlikləri zamanı müasir dianostika və müalicə” və “Şəkərli diabetin müasir diaqnostika və müalicə üsulları” mövzularında keçirilən dəyirmi masalarda həkimlər daha aktiv iştirak etmiş, onları maraqlandıran suallara ətraflı cavab verilmişdir.

Diaqnostika Mərkəzində həmçinin 18 yaşa qədər şəkərli diabetlə xəstə olan uşaqlar qlükozalaşmış hemoqlobinin (HbAlc) səviyyəsi müayinə edilmiş, şəkərli diabet tip 1 diaqnozu olan gənc pasientlor və onların valideynləri üçün “Diabet məktəbi” təlimləri keçirilmişdir. Tip I şəkərli diabetlə xəstə olan uşaqlara (Azərbaycan Diabet Liqası (ADL) tərəfindən Bayer firmasının qlükometrləri humanitar olaraq paylanılmışdır.

Konfransda həm də səsələnmişdir ki, Şimal bölgəsində Diabet məktəblərinin yaradlımasına ciddi ehtiyac vardır.

Görülən işlər Azərbaycan Səhiyyə Nazirliyinin strateji planına uyğun olaraq Respublikamızda səhiyyənin inkişafına yönəldilmişdir.

 

 

Ziyafəddin BAYRAMOV

 

Respublika.-2013.-16 may.-S.7.