HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA DAVAMLI EKOLOJİ SİYASƏT

 

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızda ekoloji problemlərin həll edilməsi dövlətin daim diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür.

Hələ müstəqillik dövründən əvvəl ölkəmizin ekoloji durumu Heydər Əliyevi düşündürmüş və Azərbaycan partiya təşkilatının 1969–cu ilin avqust plenumundakı proqram məruzəsində iri sənaye şəhəri olan Bakıda əhalinin sağlamlığının qorunması üçün vacib olan yaşıllıqların salınması, Dənizkənarı bulvarda isə Milli Park yaradılması ideyasını irəli sürmüşdü. Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi nəticəsində artıq 1970–ci ildən Bakının və Abşeronun yaşıllaşdırılmasına başlanılmış, 1971–ci ildən bu iş geniş vüsət almış və həmin il fevralın 20–də “Bakını yaşıllaşdırmaq ümumxalq işidir!” adı ilə iməcilik keçirilmişdi. Bu təşəbbüslər 1971–ci il sentyabrın 7–də “Bakı şəhərini və Abşeron yarımadasını daha da yaşıllaşdırmaq tədbirləri haqqında” yüksək səviyyəli partiya və hökumət qərarının qəbul edilməsi ilə nəticələnmişdi.

Heydər Əliyevin bu sahədə işləri 1993–cü ildə yenidən hakimiyyətə gəldikdən sonra müstəqillik dövründə daha genişmiqyaslı əhatəyə malik oldu. Belə ki, həmin ildə ölkədə ağır sosial–siyasi durumun mövcudluğuna baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “Yaşıllaşdırma müəssisələrinin Baş İstehsalat İdarəsi”, “Bakı Şəhər İşıq İdarəsi”, “Bağlar Təsərrüfatı İdarəsi”, “Təbii Su Hövzələrinin və Çimərlikləin Qorunub Saxlanılması İdarəsi”, “Torpaqların Rekultivasiya İdarəsi” və “Park–Bağ təsərrüfatı İdarəsi”ni özündə birləşdirən “Abadlaşdırma və Park–Bağ Təsərrüfatının İnkişafı Departamenti” yaradıldı.

Bu fenomen şəxsiyyətin uzaqgörənliyi sayəsində növbəti illərdə mövcud olan, gözlənilən bir çox qlobal və regional ekoloji problemlərin həllinə, qarşısının alınmasına yönəlmiş düzgün qərarlar qəbul edilmiş, qanunlar, fərman və sərəncamlar imzalanmışdır. Heydər Əliyev siyasəti nəticəsində ölkə ərazisində ətraf mühitin və təbii sərvətlərin qorunmasına dair bir neçə mühüm qanun qüvvəyə minmişdir:

Azərbaycan Respublikası ərazisində bitki mühafizəsinin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edən “Bitki mühafizəsi haqqında” qanun; Azərbaycanda pestisidlərin və aqrokimyəvi maddələrin sınağının, qeydiyyatın, istifadəsinin və kənd təsərrüfatına aqrokimyəvi xidmətin təşkilinin hüquqi əsaslarını müəyyən edən “Pestisidlər və aqrokimyəvi maddələr haqqında” qanun; iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və xalqın rifahını yüksəltmək məqsədilə torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu; Azərbaycan xalqının milli sərvəti olan əhalinin həyat və fəaliyyətinin əsası kimi istifadə edilən və qorunan, flora və faunanın mövcudluğunu təmin edən daxili suları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin istifadəsi və mühafizəsi ilə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Su Məcəlləsi (1997–ci il); Radioaktiv şua mənbələri sahəsində qəzasız fəaliyyətin, əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilməsinin hüquqi əsaslarını müəyyən edən “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu; Azərbaycan Respublikasının ərazisində meşə münasibətlərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat potensialının yuksəldilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikasının Meşə Məcəlləsi; ölkə ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində yer təkinin öyrənilməsi, onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təhlükəsizliyi ilə əlaqədar münasibətləri tənzimləyən, yerin təkindən istifadədə dövlətin, yerin təki istifadəçilərinin və vətandaşların mənafelərinin qorunmasını təmin edən “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu; ölkə ərazisində balıqçılığın təşkilinin, idarə edilməsinin və balıq ehtiyatlarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edən “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu; insan fəaliyyəti nəticəsində əşya və maddə şəklində əmələ gələn istehsalat və məişət tullantılarından ətraf mühitin qorunması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması, təkrar xammal kimi tullantıların istifadəsi sahəsində dövlət siyasətini müəyyən edən, zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, tullantılarla bağlı münasibətləri tənzimləyən “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanunu; dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin nizama salınmasının hüquqi əsaslarını müəyyən edən “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu; heyvanlar aləminin mühafizəsinin və istifadəsinin hüquqi əsaslarını müəyyən edən “Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu; “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu; ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu; əhalinin, müəssisə, idarə və təşkilatların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətləri tənzimləyən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu; dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların münbitliyinin bərpasının, artırılmasının və mühafizəsinin hüquqi əsaslarını müəyyən edən “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanunu; xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilinin və mühafizəsinin, xüsusi mühafizə olunan təbiət obyektlərinin qorunmasının hüquqi əsaslarını müəyyən edən “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunu; atmosfer havasının mühafizəsinin hüquqi əsaslarını müəyyən edən, əhalinin əlverişli ətraf mühitdə yaşamasına və ətraf mühit barədə yeni məlumat almasına dair hüquqlarını həyata keçirməyə yönəlmiş “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Sirr deyil ki, dayanıqlı inkişafa keçid, risk və qeyri–müəyyənlik şəraitində əvvəlcədən qəbul edilməli olan dəqiq idarəetmə qərar və tədbirləri ilə müşayiət olunmalıdır. Bu cür qərarların qəbul edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi şəraitin vaxtında və düzgün qiymətləndirilməsi güclü analitik təfəkkürə malik şəxsiyyətlərlə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev dühası ölkənin dayanıqlı inkişafa keçidinin spesifikasının əsaslarını hələ respublikaya ilk rəhbərliyi dövründə müəyyənləşdirə bilmişdi. Məhz onun geniş idrakı qlobal və milli inkişafın prioritetləri arasında zəruri balansı əvvəlcədən təyin etmişdi. Onun qəbul etdiyi qərarlar nəticəsində milli maraqlarda prioritetlərin və dayanıqlı inkişafın məqsədlərinin müəyyənləşdirilməsi bu maraqları qlobal maraqlara yaxınlaşdırsa da, spesifikanın, milli məqsəd və maraqların, dəyərlərin və s. yox olmasına (hesaba alınmamasına) gətirib çıxarmamışdır.

Heydər Əliyev şəxsiyyəti sayəsində vaxtında müəyyən edilmişdir ki, Azərbaycanın dayanıqlı inkişafa ardıcıl olaraq keçməsi məqsədilə o, öz imkanları daxilində və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq qlobal problemlərin həllində iştirak etməlidir. Məhz Heydər Əliyev kimi böyük şəxsiyyət cəmiyyətlə təbiətin qarşılıqlı təsirinin düzgün istiqamətini aşağıdakı qısa və çox sadə fikirdə ifadə edə bilərdi: “…Mən istəyirəm ki, hamınız təbiəti sevənlər olasınız”. Bunu deməklə o, ilk növbədə biosferin, planetin biomüxtəlifliyinin və dayanıqlığının qorunub saxlanmasını, iqlimin antropogen dəyişməsinin qarşısının alınmasını, ozon təbəqəsinin qorunmasını, meşələrin mühafizəsi və bərpasını, səhralaşma ilə mübarizəni, regional ekoloji problemlərin həllini, xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin inkişafı və təkmilləşdirilməsi və sahəsinin genişləndirilməsini nəzərdə tuturdu.

Prezidentimiz cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi respublika iqtisadiyyatının müxtəlif sahələrinin, o cümlədən ətraf mühitin mühafizəsi sahəsinin inkişafı istiqamətində çox uğurlu addımlar atmışdır. Belə ki, 2004–cü il 9 fevral tarixli sərəncamı ilə Lənkəranda Hirkan Milli Parkı yaradılmışdır; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2006–cı il iyulun 3–də Prezident sarayında ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir; 16 noyabr 2006–cı ildə Azərbaycanda təbiəti mühafizə sahəsində həyata keçirdiyi uğurlu siyasətə görə Prezident İlham Əliyevə Almaniyanın dünyada çox böyük nüfuza malik Mixael Zukkov Fondunun ali mükafatı təqdim olunmuşdur; 11 iyun 2007–ci ildə Qobustan dövlət tarixi–bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında sərəncam imzalamışdır; 15 avqust 2007–ci ildə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğunun yaradılması haqqında sərəncam imzalamışdır; 13 iyun 2008–ci ildə Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında sərəncam imzalamışdır; 17 iyun 2008–ci ildə “Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası” Beynəlxalq Konfransının Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalamışdır; 21 avqust 2008–ci ildə “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” sərəncam imzalamışdır; 26 dekabr 2008–ci ildə Zooloji parkın yaradılması haqqında sərəncam imzalamışdır; 27 dekabr 2008–ci ildə Böyük Qafqazın Bazardüzü “Şahdağ” Tufandağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqatı ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdır; 13 fevral 2009–cu il “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs–küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə sərəncam imzalamışdır; 18 fevral 2010–ci ildə Prezident İlham Əliyevin ekoloji problemlərə həsr olunmuş müşavirə keçirdi və 2010–cu ili “Ekologiya ili” elan etdi, “Azərbaycan yaşıl dünya naminə devizi altında keçirilən beynəlxalq ekologiya sərgisi də “Ekologiya ili” çərçivəsində reallaşan tədbirlərdən biridir; 5 avqust 2011–ci ildə Abşeron rayonunun ərazisində yeni Zooloji parkın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdır və s.

Yuxarıda sadalananlar ulu öndər Heydər Əliyev və onun siyasi ideyalarının davamçısı olan İlham Əliyevin Azərbaycanın ekoloji mühitinin yaxşılaşdırılmasına dair qəbul etdikləri qərarlardan yalnız bir hissəsi idi.

Qısa müddətdə “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramının (2004–2008–ci, 2009–2013–cü illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu və digər xarici siyasi iqtisadi əməkdaşlıq və s. haqqında qanunlar imzalanmışdır.

Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən respublikamızda ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən rasional istifadənin milli strategiyasının müəyyən edilməsi aparılan monitorinq işində prioritet məqsədlərin aydınlaşdırılmasını tələb edir. Bu da hansı ekoloji problemlərin daha ciddi olması və bu problemlərin həllinin daha effektiv yollarının müəyyənləşdirilməsi yolu ilə təyin edilir.

Respublikamızda ətraf mühitin mühafizəsi sahəsində yeridilən dövlət siyasəti iqtisadi həyatın xarakteri və infrastrukturunda dəyişikliklərə gətirib çıxaran dərin iqtisadi islahatların gedişatı ilə müəyyən olunur. Bu mürəkkəb dövrdə postsovet ölkələrin əksəriyyətində olduğu kimi, respublikamızda da ekoloji siyasət və iqtisadiyyata cəlb edilən investisiyalar arasında balansın yaradılması çox vacibdir. Elə bu səbəbdən, ətraf mühitin vəziyyəti haqqında operativ məlumatların əldə edilməsi bu balansın tapılmasında çox mühüm bir mərhələdir.

Hər bir dövlətdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin monitorinqi təbii sərvətlərdən rasional istifadə, ətraf mühitin mühafizəsi sahəsində dövlət idarəetmə orqanlarını informasiya təminatı və əhalinin ətraf mühitin vəziyyəti barədə məlumatlandırılması məqsədi ilə aparılır. Onu da qeyd etmək lazımdır ki, ətraf mühitin vəziyyəti haqqında kompleks monitorinq məlumatları dövlətin həyata keçirdiyi ekoloji siyasətin müəyyənləşdirilməsində müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamına əsasən Kür–Araz boyu və digər yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2012–ci ildə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq istifadəyə verilmişdir. Ümumilikdə isə 2007–2012–ci illər ərzində 20 rayonun ümumi əhalisi 400 mindən artıq olan 221 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istismara verilmişdir.

Bu gün respublikamızda hər il müxtəlif ekoloji tədbirlərin həyata keçirilməsi üçün investisiyalar qoyulur və ekoloji təfəkkürün formalaşmasında bir çox sərgi, konfrans və simpoziumlar keçirilir. Bununla yanaşı, ölkə rəhbərliyinin səyi nəticəsində bütün bu işlər geniş miqyasda – qlobal şəkildə həyata keçirilir və Azərbaycan ekologiya sahəsində görülən tədbirlərin həcminə görə dünya ölkələri sırasında mühüm mövqeyə malikdir.

 

 

Rövşən XƏLİLOV,

BDU–nun professoru.

Həcər ELDAROVA.

 

Respublika.-2013.-17 may.-S.4.