Azərbaycanın mineral sərvətləri

 

Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir. XX əsrin sonlarında bu böyük şəxsiyyət xalqın uzun illər boyu arzusunda olduğu müstəqilliyini böyük qətiyyətlə təmin etdi.

Yadıma vaxtilə Bakıda anadan olmuş, keçmiş SSRİ–nin görkəmli dövlət xadimlərindən biri, uzun illər ərzində Dövlət Plan Komitəsinin sədri işləmiş Nikolay Baybakovun sözləri düşdü: “Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram”. Məhz bu sevginin və ulu öndərin əsasını qoymuş olduğu sosial və siyasi inkişafın nəticəsidir ki, bu gün Azərbaycan regionda ən çox inkişaf etmiş, lider bir dövlətə çevrilmişdir. Bu gün ölkəmizdə geniş vüsət almış tikinti– quruculuq işləri hər bir vətəndaşımızda qürur, sevinc hissi doğurur.

Ulu öndərin ən böyük xidmətlərindən biri də Azərbaycanın təbii ehtiyatlarının, o cümlədən yeraltı sərvətlərinin aşkar olunması və qiymətləndirilməsinə önəm verməsi idi. Ölkəmizin ərazisinin yer təkinin planauyğun və kompleks şəkildə öyrənilməsi, mineral–xammal bazasının inkişafı və genişləndirilməsi işləri ötən əsrin 70–ci illərinin əvvəllərindən daha geniş vüsət almağa başladı.

Xatırlamaq xoşdur ki, bütün bu quruculuq işlərində istifadə olunan inşaat materialları bütünlükdə yerli xammaldan hazırlanır. Bu, heç də hər ölkəyə nəsib olan sərvət deyil.

1969–cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyə gələn zaman respubilkanın faydalı qazıntılarının dövlət balansında qeydiyyatda cəmi 65 yataq var idi. Maraqlıdır ki, ulu öndər və onun layiqli davamçısı cənab İlham Əliyevin mineral–xammal siyasəti sayəsində hazırda dövlət balansında 500–ə yaxın qara, əlvan və nəcib metal filizləri, qeyri–filiz xammalı və tikinti materialları, yeraltı şirin, mineral, termal və yodlu–bromlu sənaye suları yataqları vardır. Artıq ölkəmizdə kifayət qədər tutarlı mineral–xammal bazası formalaşdırılmışdır. Bu siyasətin nəticəsidir ki, geoloji öyrənilmə baxımından respublikamızın ərazisi və onun Xəzər dənizinə aid akvatorisi dünyanın ən mükəmməl öyrənilmiş ərazilərindəndir.

Qeyd edək ki, dövlət mustəqilliyi qazanılanadək Azərbaycanda dağ–mədən sənayəsi yüksək templə inkişaf etdirildi. Nəhəng ehtiyatlara malik olan Daşkəsən dəmir filizi yatağının, həmçinin Zəylik alunit və Xoşbulaq əhəng daşı yataqlarının bazasında Daşkəsən Dağ–Mədən Filizsaflaşdırma Fabriki, Gəncə Gil–torpaq Kombinatı, Sumqayıt Alüminium Zavodu fəaliyyət göstərmişdir. Naxçıvan Muxtar Respublikasında Parağaçay molibden, Ağdərə və Gümüşlü qurğuşun–sink yataqları istismara cəlb olunmuşdur. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli Ağyataq, Şorbulaq və Levçay civə yataqlarının bazasında metallurgiya zavodu fəaliyyət göstərmişdi. Azərbaycanın Kiçik Qafqaz kəsimində sənaye əhəmiyyətli Qızılbulaq mis–qızıl, Vejnəli və Qoşa qızıl, Qaradağ və Dəmirli mis–porfir yataqlarının, Naxçıvanda Ağyurd və Pyəzbaşı mis–qızıl yataqlarımn sənayə perspektivləri müəyyənləşmişdir.

Qeyd etmək yerinə düşər ki, 1969–cü ilədək Azərbaycanda 1 ədəd də olsa qızıl yatağı qeyd olunmamışdı. Hazırda bu nəcib metalın etibarlı bazası yaradılmış, xeyli miqdarda yataqları aşkarlanmış və qiymətləndirilmişdir. Böyük Qafqazın cənub yamaclarının Azərbaycan hissəsində, Balakən rayonu ərazisində Avropada ən böyük ehtiyatlara malik Filizçay, orta miqyaslı Kasdağ və Zaqatala rayonundakı Katex polimetal yataqlarında kəşfiyyat işləri başa çatdırıldı və sənaye ehtiyatları hesablanmışdır.

Azərbaycan geoloqlarının səyi sayəsində müxtəlif növ qeyri–filiz xammalı və tikinti materiallarının bir çox yataqları, şüşə sənayəsi üçün yararlı dolomit və kvars qumları, bentonit gilləri, kaolin, üzlük daşı, mişar daşı, qum–çınqıl qarışığı, tikinti qumları, kərpic, keramzit, aqloporit üçün gil xammal yataqları kəşf olunmuş və sənaye istismarına verilmişdir. Bundan başqa, respublikamızın ərazisi üçün ənənəvi olmayan seolit, vermikulit, çini daşı və s. kimi xammal növlərinin yataqları aşkar olunmuşdur. Abşeron yarımadasında, Kür çökəkliyində, Böyük və Kiçik Qafqazın bir sıra sahələrində müalicə əhəmiyyətli mineral və termal su, sənaye əhəmiyyətli yodlu–bromlu su yataqları aşkar olunmuşdur. Yodlu–bromlu su yataqlarının bazasında Bakı və Neftçala yod zavodları fəaliyyət gostərmişdir. Keçmiş SSRİ ərazisində istehsal olunan yodun 30–35 faizi Azərbaycanın payına düşmüşdür.

Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdə Azərbaycanın zəngin mineral–xammal bazasında kifayət qədər sabit tutumlu dağ–mədən kompleksi yaradıldı.

Lakin SSRİ–nin süqutu ilə əlaqədar keçmiş sovet respublikaları arasında yaradılmış iqtisadi əlaqələrin qırılması səbəbindən dağ–mədən sənayesinin fəaliyyəti də dayandırıldı.

Ölkə rəhbərliyinə yenidən qayıdan ulu öndər Heydər Əliyev ilk vaxtlarda yeraltı sərvətlərdən səmərəli və xalqın milli maraqları zəminində istifadə olunmasını zəruri hesab edərək, bu işə milli və xarici investisiyaların cəlb olunmasını təmin etdi. Ulu öndər ölkənin mineral sərvətlərini Azərbaycanın iqtisadi qüdrətini müəyyən edən ən zəruri amillərdən biri hesab edirdi.

Respublikamızda qızılçıxarma sənayəsinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə” 1996–cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997–ci il avqustun 20–də keçmiş “Azərqızıl” Dövlət Şirkətinin ABŞ–ın “RV İnvestment Qroup Services LLC” arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Pyəz başı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Fərəhli haldır ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi sabitlik və iqtisadi inkişaf kursunu Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev uğurla davam etdirir. 2009–cu ilin may ayında Gədəbəy qızıl–mis zavodunun açılışı oldu. Artıq ilk Azərbaycan qızılı dünya birjalarındadır. Yaxın illərdə əlavə bir neçə qızıl emalı zavodları işə düşəcəkdir.

Möhtərəm Prezidentimiz İlham Əliyev uğurlu geoloji siyasəti nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti geoloqlarının səyi ilə xeyli miqdarda filiz, qeyri–filiz və yeraltı su yataqları aşkar olunmuşdur. Daşkəsən rayonu ərazisində aşkar olunmuş orta miqyaslı Çovdar qızıl yatağının kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları müəyyənləşdirilmişdir.

2006–cı il dekabr ayının 30–da Azərbaycan Respublikası hökuməti ilə “Londeks Resorsız S.A.”, “Uill end Meyris S.A.” və “Farqeyt Mayninq Korpereyşn” şirkətləri arasında Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Daşkəsənin filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır.

Ölkəmizin mineral–xammal bazasının mövcud vəziyyəti və perspektivləri respublikada dağ–mədən sənayəsinin inkişaf etdirilməsinə milli və xarici investisiyaları cəlb etməklə yaxın gələcəkdə dağ–mədən sənaye məhsulları və xammallının dünya bazarına inteqrasiya olunmasına geniş imkanlar yaradır. Hazırda Azrəbaycanın mövcud imkanları onu yüksək dərəcədə inkişaf etmiş dağ–mədən sənayəsinə malik olan bir ölkəyə çevirməyə qadirdir. Ölkəmizdə bu sahədə böyük işlər görülür. Bu il aprel ayının 23–də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda Polad İstehsalı Kompleksi”nin yaradılması barədə sərəncamı buna bariz misaldır. Sərəncamda yeni yaradılmış quruma Gəncə şəhəri və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layhələndirməsi, tikintisi və idarə olunması kimi Azərbaycan üçün çox vacib bir tapşırıq həvalə olunur.

Bu gün qloballaşan dünyamızın iqtisadiyyatına nəzər salsaq, burada dağ–mədən sənayəsinin sıçrayışla inkişaf etdiyini görərik. Bu sahədə 2005–ci ildə bu sahə qlobal iqtisadiyyatın 24–cü yerində bərqərar olmuşdusa, hazırda şirkətlərin invetisiya qoyulmasına görə artıq 5–ci yerə yüksəlib. 2010–cu ildə dünyada polad istehsalı rekord həddə — 1410 mln. tona çatıb. Bunun 626,6 mln. tonunu təkcə Çin Xalq Respublikası, 522,4 mln. tonunu dünyanın bu sahədə aparıcı 9 ölkəsi (Yaponiya, ABŞ, Rusiya, Hindistan, Cənubi Koreya, Almaniya, Ukrayna, Braziliya və Türkiyə), qalan 251 mln. tonunu isə dünyanın digər ölkələri istehsal etmişdir.

Möhtərəm cənab İlham Əliyevin adıçəkilən sərəncamı yeni texnologiyalar tətbiq etməklə Azərbaycanda dağ–mədən sənayesinin inkişafı üçün böyük stimul verəcəkdir. Müasir dünyada dağ–mədən sənayesinin inkişafı bilavasitə infrastrukturunun lazımi səviyyədə qurulması ilə bağlıdır. Həyat göstərir ki, uzunmüddətli iqtisadi inkişaf üçün həm istehsalat sahəsinin, həm də sosial sferanın inkişafına iri investisiyaların qoyulması olduqca vacibdir. Çin Xalq Respublikası sənayesinin sıçrayışla irəliləməsinin səbəblərindən biri də infrastrukturun inkişafına ümummilli məhsulun 8–10 faizə qədərinin investisiya qoymasıdır.

Əminik ki, Azərbaycanda metallurgiyanın, bütövlükdə dağ–mədən sənayəsinin sürətli inkişafı davamlı və stabil olacaq və onu tək enerji daşıyıcısı kimi yox, həm də hərtərəfli inkişaf etmiş modern bir ölkə kimi tanıtdıracaqdır. Çünki bunun banisi Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevdir. İngiltərənin keçmiş baş naziri Toni Bleyer belə demişdi: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”.

 

 

Ağamahmud SƏMƏDOV,

geoloq.

 

Respublika.-2013.-17 may.-S.4.