Çıraqqala zirvəsində
təntənə
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı silsilə tədbirlərin davamı kimi şabranlılar rayon icra hakimiyyətinin başçısı Novruz Novruzovun altı il bundan qabaqkı təşəbbüsü ilə yaranan ənənəyə uyğun olaraq ulu öndərin anadan olduğu günü yürüşlə Çıraqqala zirvəsində də qeyd etdilər.
Rayon icra hakimiyyəti başçısının rəhbərliyi ilə keçən və tarixi Gilgilçay səddi boyu 34 kilometr məsafədə davam edən yürüşdə əllərində ulu öndərin portretləri, Azərbaycanın üçrəngli bayraqları olan beş yüzdən çox rayon sakini iştirak edirdi. İnsanın qanını coşduran “Cəngi” sədalarının Çıraqqalanın əsrlərin sınaqlarına tab gətirmiş daş divarlarında əks–sədası ətrafda əzəmət yaratmışdı.
Qədim Şabran torpağının ən uca zirvəsində—dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdə yerləşən Çıraqqalanın ən yüksək bürcündə toplanmış iştirakçılar qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov dedi ki, keçmişdə ölkəni gözlənilən yağı basqınlarından xilas etmək üçün qalalar tikilərdi. Yaşı III–V əsrlərə gedib çıxan Çıraqqala da Odlar Yurdunun belə nadir abidələrindəndir.
Müstəqil respublikamızın qurucusu, onun ən kəşməkəşli, ağır, az qala “ölümlə qalım” arasındakı çətin, sınaq dövründə isə qüdrətli, etibarlı müdafiə qalası, arxa və dayağı, böyük oğlu, ulu öndər Heydər Əliyev oldu.
Ümummilli liderimiz bütün nəsillərə örnək olan ömrü boyu həmişə ucalıqda, yüksəklikdə durub. Ona görə də biz bu gün də onun parlaq xatirəsini yenə Çıraqqalanın bu uca zirvəsində böyük məhəbbət, hörmət və ehtiramla yad edirik.
Yerli yazarlar ulu öndərə ithaf etdikləri şeirlərini oxudular. Çıxışlardan sonra əbədiyaşar Prezidentimizin siyasi kursunun layiqli davamçısı və varisi ölkə başçısı İlham Əliyevə yürüş iştirakçılarının müraciəti qəbul edildi. Müraciətdə deyilirdi: “Müasir Azərbaycan tarixinin yaradıcısı, müstəqil dövlətçiliyimizin banisi ulu öndər Heydər Əliyev sevgisi qədirbilən şabranlıların qəlbində əbədi yaşayacaq”.
Toplantı başa çatdıqdan sonra qara zurnanın “Cəngi” sədaları altında qalada tonqal qalandı. Axı bir vaxt, əsrlərin lap uzaqlığında da Çıraqqalada qalanan tonqal ətraf el–obada yaşayanlara həm də sevinc–fərəh xəbərini, sorağını beləcə çatdırarmış.
Ümummilli liderimiz təqvimin adi bir gününü tarixə çevirib, xilaskarı olduğu xalqına doğum günü ilə sevinc, fərəh bəxş edib.
Aydın
Tağıyev
Respublika.-2013.-17 may.-S.5.