“ASAN”–ın xidmətləri insanları
razı salır
FotoSon illər dövlət qurumlarının fəaliyyətində informasiya–kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm işlər görülmüşdür. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2012 –ci il iyulun 13–də bu sahədə daha mühüm islahata imza atmış, dövlətimizin başçısının imzaladığı fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ASAN” xidmət mərkəzinin yaradılması vəzifəsi qoyulmuş və sentyabrın 5–də isə digər bir fərmanla agentliyin Əsasnaməsi və strukturu təsdiq olunmuşdur.
“ASAN” xidmət mərkəzi Bakının Nərimanov rayonunun Akademik Həsən Əliyev küçəsi–36 ünvanında, 5 mərtəbəli, geniş, müasir dizaynı ilə fərqlənən binada yerləşir. Xidmətin təşkilində ən müasir informasiya–kommunikasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində saxlanılıb.
Vurğulamaq lazımdır ki, 2012–ci il dekabr ayının 29–da “ASAN” xidmət mərkəzinin açılışı olmuşdur. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN” xidmət mərkəzlərinin vahid şəkildə idarə edilməsidir. Buraya xidmət mərkəzlərinə qoşulan dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.
“ASAN” xidmət mərkəzlərinin vahid şəkildə idarə edilməsi dövlət orqanlarının bazalarının qarşılıqlı inteqrasiyası və elektron xidmətlərin təşkili prosesinin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir.
“ASAN” xidmət mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, vahid məkan prinsiplərinin tətbiq edilməsi, dövlət qulluqcusu— vətəndaş münasibətlərində yeni düşüncə tərzinin— “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.
“ASAN” xidmət mərkəzinin əsas prinsipləri— operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Bunun üçün isə ən müasir avadanlıq quraşdırılmışdır. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdırmışdır. Mərkəz daim internetə açıq olan kompyuterlərlə təchiz edilmiş və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılmışdır. “ASAN” xidmət mərkəzində 9 dövlət orqanı—Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 25 hüquqi xidmət uğurla həyata keçirilir.
Biz “ASAN” xidmət mərkəzi Beynəlxalq və İctimai Əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynovla söhbət edərkən, o bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:
—”ASAN” xidmət mərkəzi yaxın vaxtlardan fəaliyyətə başlasa da, burada vətəndaşlarla sıx əlaqə qurulmuş və uğurlu nəticələrə imza atılmışdır. “ASAN” xidmət mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər yaradılmışdır. Belə ki, burada uşaq əyləncə guşəsi, tibb xidməti, internet–kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xidmət üçün nəzərdə tutulmuş rüsumların ödənilməsi məqsədi ilə “pay–point” bankomat aparatları qoyulmuşdur.
Mərkəzdə 62 video–müşahidə kamerası və rüsumların məbləğini əks etdirən tablo quraşdırılmışdır. Burada əlil vətəndaşlar üçün bütün zəruri şərait yaradılmışdır. Görmə qabiliyyəti məhdud olan insanlar üçün döşəmələrə xüsusi örtüklər vurulmuş və onların oxuya bildiyi müvafiq hərflərlə lövhələr yerləşdirilmişdir.
Qeyd etmək lazımdır ki, xidmətlərin tənzimlənməsi məqsədi ilə 22 elektron monitor, 52 elektron elan tablosu quraşdırılmışdır.
Vətəndaşlar mərkəzə gəlmədən də xidmətdən istifadə etmək mümkündür. Evdən, iş yerindən “online” qaydada növbə tutmaq olar. Bunun üçün “ASAN”–ın internet saytına (www.asan.gov.az) daxil olub “online növbə” bölməsinə daxil olmaq lazımdır. Mərkəzin özündə növbəni gözləyərkən və “Özünəxidmət” virtual köşəsindəki kompyuterlər vasitəsilə “ASAN”–ın saytına daxil olub digər xidmətlər barədə məlumat almaq və ya əməliyyatlar yerinə yetirmək olar. Növbənin yaxınlaşması haqqında müştərinin mobil telefonuna SMS göndərilir.
May ayının 3–də Prezident cənab İlham Əliyev Sumqayıt şəhərində “ASAN” xidmət mərkəzinin açılışında iştirak etmişdir. May ayının 15–dən etibarən Mərkəz tam olaraq vətəndaşların xidmətinə buraxılacaqdır. Bu mərkəz Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı, Şabran və Siyəzən rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərəcəkdir.
İyun ayından etibarən “ASAN” xidmət mərkəzinin müasir texnoloji avadanlıqlarla təchiz olunmuş xüsusi avtobusları regionlarda səyyar formada vətəndaşlara xidmət göstərəcəkdir.
“ASAN” xidmət mərkəzi pilot layihə olduğu üçün ilkin mərhələdə Bakı şəhərinin Nəsimi, Nərimanov və Binəqədi rayonlarına xidmət göstərir. Yaxın günlərdə paytaxtın Xətai və Sumqayıt şəhərində filialları yaradılacaqdır.
İlin sonunadək paytaxtın bütün rayonlarında və Gəncə şəhərində filiallar fəaliyyətə başlayacaqdır. Ümumiyyətlə, 2015–ci ilədək “ASAN” xidmət respublikamızın bütün rayonlarını əhatə edəcəkdir.
Hazırda mərkəzdə 80 nəfərə yaxın əməkdaş çalışır. Qeyd etmək lazımdır ki, may ayının 12–dək 75 mindən çox vətəndaş “ASAN” xidmətə müraciət etmişdir.
“ASAN” xidmətdə 108 nömrəli “Çağrı” mərkəzi fəaliyyət göstərir. Buraya hər bir vətəndaş hər gün saat 10–dan 19–dək zəng vurub xidmət növləri ilə bağlı zəruri sənədlərlə müraciət edər və növbə tuta bilərlər. Bu xidmətlər həftənin I–V günləri olur. Şənbə və bazar günlərində avtomatlaşdırılmış iş rejimində fəaliyyət göstərilir.
Vətəndaşlar hər gün “ASAN” xidmət mərkəzinə səhər saat 10–dan axşam 20–dək müraciət edə bilərlər.
Qeyd etmək lazımdır ki, mərkəzdə ödənişlər bank və poçt şöbələri tərəfindən həyata keçirilir.
“ASAN” xidmətə şəxsiyyət vəsiqələri üçün gələn vətəndaşların qan qrupu, gözün rəngi müəyyənləşdirilir və boyun ölçülməsi aparılır. Bununla bağlı tibb məntəqələri müraciət edən şəxslərə arayış verir.
Mərkəzə könüllü gənclər də cəlb olunmuşdur. Könüllülər ərizələrin doldurulması, növbələrin təşkili və digər əlavə məlumatların alınmasında vətəndaşlara köməklik göstərirlər.
Anar Hüseynov sözünə davam edərək bildirdi ki, “ASAN” xidmət mərkəzinin birinci mərtəbəsində Daxili İşlər Nazirliyinin 4 adda— “sürücülük vəsiqələrinin dəyişdirilməsi”, “Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi”, “Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi” və “Məhkumluq barədə arayışların verilməsi” xidmətləri göstərilir. Burada həmçinin Vergilər Nazirliyinin “Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərin qeydiyyatı”, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi”, Dövlət Miqrasiya Xidmətinin Müvəqqəti yaşamaq üçün icazə, immiqrant statusunun əldə edilməsi”, Dövlət Sosial Müdafiə Fondunun “Əmək pensiyalarının təyin edilməsi” və Milli Arxiv İdarəsinin “Arxiv arayışlarının verilməsi” xidmətləri həyata keçirilir.
1 saylı Bakı “ASAN” xidmət mərkəzinin 2–ci mərtəbəsində Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” və “Notariat”, Əmlak məsələləri Dövlət Komitəsinin “Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı” və Dövlət Gömrük Komitəsinin “Gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilməsi üçün” fəaliyyət göstərir. Binanın 3–cü mərtəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yerləşir. 4–cü mərtəbə “İnformasiyalar mərkəzi”, 5–ci mərtəbə isə “Çağrı mərkəzi” üçün nəzərdə tutulmuşdur.
“ASAN” xidmətin fəaliyyəti ilə bağlı mərkəzə gələn insanlarla söhbət etdik. Hamının fikri yekdil oldu: çox sahəli xidmətə görə Prezident İlham Əliyevə minnətdarıq, operativlik, şəffaflıq, nəzakətlilik, etnik davranış öz qaydasındadır.
Kooperasiya Universitetinin I kurs tələbəsi 18 yaşlı Xəyalə Aslanlının ürək sözlərini olduğu kimi qələmə aldıq:
—”ASAN” xidmət mərkəzini gəzəndə hər bir vətəndaş qürur hissi keçirir. Burada insanlara Avropa standartları səviyyəsində xidmət göstərilir. Mən isə mərkəzə ümumvətəndaş pasportu almaq üçün sənədlər təqdim etmişəm. Yay tətilində həmin pasportla üz tutduğum ölkə—qardaş Türkiyənin İstanbul şəhəri olacaqdır.
“ASAN”ın xidmətləri insanları razı salır, mərkəzin fəaliyyəti genişlənir, uğurlu nəticələrə imza atılır!
Söhbəti yazdı: Qədir Aslan,
Respublika.-2013.-17 may.-S.6.