LAÇIN AZƏRBAYCANIN
ƏZƏLİ VƏ ƏBƏDİ TORPAĞIDIR
Laçınlılar əmindir ki, dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli xarici siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaqdır Zirvəsində qış, ətəyində bahar olan dağlar, yaylaqlar, zümrüd meşələri, sıldırım qayaları, buz bulaqları, min bir dərdin dərmanı olan havası, suyu, bir sözlə, zəngin təbiəti ilə məşhur olan Laçın Azərbaycan tarixində özünəməxsus yer tutmuşdur. Bu qədim yurd yerimiz işğal altında qalsa da, laçınlılar ağır və çətin həyat şəraiti ilə üzləşsələr də, xalqımızın ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ulu öndərin ətrafında yumruq kimi birləşdilər. Sözün əsl mənasında onlar həmişə yüksək əzmkarlıq, dəyanət, qətiyyət, dövlətçiliyə sədaqət, vətənpərvərlik və yurdsevərlik nümayiş etdirmişlər.
Məlumat üçün qeyd edək ki, Laçın rayonu Azərbaycan Respublikasının cənub–qərbində yerləşir. Şimaldan Kəlbəcər rayonu, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı rayonu, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisi 1835 kvadratkilometrdir. Rayonda bir şəhər, bir qəsəbə, 125 kənd var.
Ərazisinin 75781 hektarı kənd təsərrüfatına yaralı idi. 33205 hektarını əsasən palıd, ardıc, cökə, vələş, fıstıq və s. qiymətli ağaclardan ibarət meşə zolağı, 72000 hektarını isə yaylaq sahələri, 1470 hektarını isə meyvə bağları təşkil etmişdir. Ərazi əsasən çay daşı, qum, gil, qrafit, dağ büllur, mərmər, civə, uran, kobalt, xrom, qızıl və dəmir yataqları kimi faydalı qazıntılar ilə zəngindir. Rayon ərazisində 200–ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarca kurqan, qala tipli arxelogiya baxımından qiymətli olan abidələr və digər tikililər var idi.
Laçın təbii və nadir inci hesab olunan Turşsu, İstisu və digər mineral bulaqları ilə məşhur olub. Bu yerlərdə bitən kəklikotu, itburnu, qatırquyruğu, çobanyastığı, solmazçiçəyi, bağayarpağı, yemişan, baldırğan, qırxbuğum və digər saysız–hesabsız dərman bitkiləri min bir dərdə dərman olub. Dağlarda dağ keçisi, cüyür, qaban, ayı, bəbir, canavar, tülkü, dələ, dovşan və digər heyvanlar var idi. Başı göylərə dəyən dağların zirvəsində qartallar uçardı. Ta qədimdən Laçın heyvandarlıq, arıçılıq və tərəvəz məhsulları ilə xüsusilə seçilirdi. Laçın həm füsünkar təbiətinə, həm də strateji əhəmiyyətinə görə çox mühüm ərazidə yerləşirdi. Ermənistanla Dağlıq Qarabağ arasında ən qısa və əlverişli yol burdan keçirdi. Ona görə də ermənilər həmişə Laçını ələ keçirmək arzusunda olublar. 1992–ci ildən xain düşmən bu fürsəti əldən qaçırmadı. May ayının 18–də Laçını işğal edən ermənilər Gorus–Laçın–Xankəndi dəhlizinin açılmasına nail oldular. Düz iyirmi bir ildir ki, respublikamızın 59 şəhər və rayonuna səpələnmiş laçınlılar yurd həsrəti, vətən nisgili ilə yaşayırlar. Keçmiş qəhrəmanlıq tarixinə söykənən laçınlıları uzun illərdir ki, bu suallar düşündürür: Laçın nəyə görə müdafiə oluna bilmədi? 1905–1918–ci illərdə Laçın ermənilərə layiqli cavab vermiş və dağlar qoynunda qartal kimi məğrur dayanmışdır. Bəs 1992–ci ildə yurd yerlərimizi niyə qoruya bilmədik? Haqlı suallardır. Təbii ki, bu sualların cavabı hər kəsə aydındır.
Mərd oğullar diyarı olan Laçın 1992–ci ildə başı hakimiyyət davasına qarışan o vaxtkı Azərbaycan iqtidarının səhlənkarlığının qurbanı oldu. İşğal nəticəsində Laçın şəhərində, Qayğı qəsəbəsində və 125 kənddə olan 13.475 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı müəssisəsi, 217 mədəni–maarif, 101 məktəb, 142 səhiyyə, 460 ticarət şəbəkəsi itirilmişdir. Ümumilikdə rayona 7.1 milyard dollar həcmində ziyan dəymişdir. Rayonun 34 min hektar meşə massivi, 72 min hektar yaylaq sahəsi erməni tapdağı altında qalmışdır. Laçında 200–dən çox tarixi abidə erməni vandalizminin qurbanı olmuşdur.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində və Laçının müdafiəsində 328 nəfər şəhid, 225 nəfər əlil olmuş, 33 nəfər isə hər iki valideynini itirmişdir. İgidliyə və göstərdiyi şücaətə görə 5 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Qocaman
tarix heç nəyi unutmur. Bu bir tarixi həqiqətdir. XX əsrin
əvvəllərində Zəngəzur, İrəvan və
Arazboyu ərazilərdə dəhşətli vəhşiliklər
törədən erməni silahlı dəstələrinə
həlledici və öldürcü zərbəni xalq qəhrəmanı
Sultan bəyin rəhbərliyi altında Laçının
igid övladları vurmuşlar. Zabux dərəsində erməni
silahlı birləşmələrini mühasirəyə
alaraq düşmənə sarsıdıcı zərbələr
endirmişdir. Beləliklə də Qarabağda yaşayan Azərbaycan
əhalisini gözləyən böyük bir təhlükə
aradan qaldırılmışdır. Çox təəssüf
ki, XX əsrin sonlarında Laçını qoruya bilmədik.
Müharibə
dəhşətləri doğma yurd yerlərinin itirilməsi,
igid oğulların şəhid olması, torpaqlarımızın
işğala məruz qalması insanları ümidsizliyə,
ruh düşgünlüyünə düçar etmiş,
digər tərəfdən isə o vaxtkı rəhbərliyin
günahı üzündən respublikada aclıq, səfalət
hökm sürürdü. Bütün bu
özbaşınalığa, hərc–mərcliyə, anarxiya və
xaosa görə laçınlılar da sabaha olan ümidlərini
itirmişdilər. Lakin 1993–cü ildə ulu öndər Heydər
Əliyevin yenidən hakimiyyətə qayıdışı
xalqımızın başının üstünü
almış bütün bəlalara son qoydu. Ölkə
parçalanma təhlükəsindən xilas oldu. Vətəndaş
müharibəsinin qarşısı alındı. Qanunsuz silahlı
dəstələr ləğv edildi. Cəbhə xəttində
atəşkəs elan olundu. Ölkəmizdə ictimai–siyasi
sabitlik bərqərar olmağa başladı. İtirilmiş
ümidlər yenidən dirçəldi. Ölkədə
güclü qayda–qanun yaradıldı. Ermənistanın hərbi
təcavüzü nəticəsində məcburi
köçkünə çevrilmiş insanlara diqqət və
qayğı artırıldı.
Laçın
camaatı yaxşı xatırlayır. Əhalinin
böyük əksəriyyəti Ağcabədi rayonundakı
Taxtakörpü ərazisindəki qış yataqlarında məskunlaşmışdılar.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə Taxtakörpü ərazisində məskunlaşmış
məcburi köçkünlər üçün 800 ton əvəzsiz
buğda toxumu ayrıldı. Laçınlılar taxıl əkib–becərməyə
başladılar. Qıtlığın qarşısı cəsarətlə
alındı. Çox haqlı olaraq Laçın camaatı həmin
buğda toxumunu həyat çörəyi adlandırır. Bu
gün də rayon sakinləri həmin çətin,
ağrılı–acılı günləri minnətdarlıqla,
sonsuz hörmətlə xatırlayırlar. Çünki həmin
günlərdə onlar ulu öndər Heydər Əliyevə
ürəkdən inanır və sonsuz ümid bəsləyirdilər.
İndi
13 min nəfərdən çox rayon sakininin məskunlaşdığı
Taxtakörpü ərazisində 3 min hektardan artıq sahədə
taxıl əkilib. Laçın camaatı torpağa ürəkdən
bağlanıb. Onların istehsal etdikləri bol məhsul ərazidə
yaşayan insanlara artıqlaması ilə bəs edir. Eyni
zamanda taxılçılıqla məşğul olan
insanların maddi vəziyyəti durmadan
yaxşılaşır. Taxtakörpü qəsəbəsi
günbəgün dəyişir və inkişaf edir. Artıq
burada bir çox sosial obyektlər inşa olunub. Təhsil, səhiyyə,
mədəniyyət ocaqları istifadəyə verilib. Bundan
başqa, 58 məcburi köçkün ailəsi
üçün iki kiçik qəsəbədə
salınıb.
Rayonun
bütün icra strukturlarının fəaliyyət göstərdiyi
Taxtakörpü qəsəbəsində son bir neçə
il ərzində rayon icra hakimiyyəti, Yeni Azərbaycan
Partiyasının Laçın rayon təşkilatı,
Suvarma sistemləri idarəsi, 55 saylı Yol istismar idarəsi,
121 saylı Laçın Dairə Seçki Komissiyası,
Rabitə Qovşağı üçün inzibati binalar
inşa olunub. Həmçinin 350 yerlik mədəniyyət
sarayı tikilmişdir. 256 nömrə tutumlu EATS
quraşdırılaraq məcburi köçkünlərin
istifadəsinə verilmişdir. Taxtakörpü ərazisindəki
Hacılar, Ədəşəvi, Alxaslı, Qaraqışlaq və
Malıbəy obalarında 4 nömrə tutumlu peyk–telefon
stansiya quraşdırılmışdır. Bu obalarda icra
nümayəndəliyinə, xəstəxana və məktəb
binalarına telefon xətti çəkilmişdir.
Ötən
ilin əvvəlində Laçın rayonunun əhalisi
üçün əlamətdar və yaddaqalan bir hadisə
baş verdi. Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi
ilə Laçın şəhərinin 85 illik yubileyi dövlət
səviyyəsində qeyd olundu. Prezident öz ad
gününü Taxtakörpüdə laçınlılarla
birlikdə qeyd etdi. Həm yubiley tədbirində, həm də
ad günündə qətiyyətlə bildirildi ki, Laçın
Azərbaycanın əzəli və əbədi
torpağıdır. Bu qədim yurd yerimiz hər bir azərbaycanlının
qəlbində yaşayır. Hər bir
laçınlının ürəyində qəti bir inam
vardır ki, igid və cəsur övladlar yetirmiş, Azərbaycan
elminə, mədəniyyətinə görkəmli insanlar bəxş
etmiş Laçın və eləcə də digər
işğal altında qalan torpaqlarımız dövlətimizin
başcısı İlham Əliyevin həyata keçirdiyi
uğurlu xarici siyasət nəticəsində tezliklə
işğaldan azad olunacaqdır.
Bugünlərdə
Taxtakörpü qəsəbəsində rayon ictimaiyyətinin
nümayəndələrinin, şəhid ailələri və
Qarabağ əlillərinin iştirakı ilə
Laçın rayonunun işğal olunmasının 21–ci ili kədər
və ümidlə anılmışdır.
Anma mərasimində
dönə–dönə qeyd olundu ki, laçınlılar həmişə
dövlətimizin, möhtərəm Prezidentimizin
qayğısını, diqqətini, doğma münasibətini
yaxından hiss edirlər. Vaxtilə susuz səhralara
çevrilmiş yerlərdə indi abad və
yaraşıqlı qəsəbələr salınır.
İnsanların rahat yaşaması üçün müasir
ifrastruktur yaradılır. Yeni iş yerləri
açılır. Laçınlılar öz adət–ənənələrini
qətiyyətlə, böyük ruh yüksəkliyi ilə
yaşadırlar. Rayon əhalisinin məskunlaşdığı
84 obada yeni qəsəbələr, eləcə də
respublikamızın rayon və şəhərlərində məskunlaşmış
məcburi köçkünlərə mütəmadi
görüşlər keçirilir.
Şəhid
atası Əsgər Məmmədov söhbət zamanı
dedi: Biz həmişə dövlətimizin, möhtərəm
Prezidentimizin qayğısını, diqqətini, doğma
münasibətini yaxından hiss etmişik. Dövlətimizin
başcısı dəfələrlə bəyan etmişdir
ki, Azərbaycan öz ərazi bütövlüyünü nəyin
bahasına olursa–olsun təmin edəcək, uzun illərdən
bəri yurdsuzluq həsrəti ilə yaşayan insanlar öz
doğma torpaqlarına qayıdacaqlar. Hamımız
yaxşı bilirik ki, torpaqlarımızın
işğalçılardan azad edilməsi üçün
Ali Baş Komandan siyasi manevrlər edir, bütün səy və
bacarığını bu ağrılı problemin sülh
yolu ilə həll edilməsinə yönəldib. Bütün
görüşlərində beynəlxalq ictimaiyyətin diqqətini
Qarabağ probleminə yönəldən möhtərəm
Prezidentimiz xalqımızın qəti və dönməz
mövqeyini ortaya qoyub. Yaxşı bilirik ki,
xalqımızın sarsılmaz inamını heç nə dəyişə
bilməz.
Laçınlılar
möhtərəm Prezidentimizin hər bir
çağırışına həmişə
hazırdırlar.
Lazım
gəlsə, bütün laçınlılar silaha
sarılaraq torpağımızın
işğalçılardan azad edilməsi üçün
döyüşə atılacaqlar. Heç kəs unutmasın
ki, Laçın Azərbaycanın əzəli və əbədi
torpağıdır.
Salman
Alıoğlu
Respublika.-2013.-18 may.-S.6.