Laçın musiqi məktəbi

 

Uşaqların estetik tərbiyəsinin formalaşmasında uşaq musiqi məktəblərinin rolu genişdir. Musiqi məktəbləri uşaqların intellektual səviyyəsinin araşdırılmasında da mühüm rol oynayır. Bu baxımdan son illərdə respublikamızda uşaq incəsənət və musiqi məktəblərinin inkişafına dövlət səviyyəsində qayğı daha da artırılmış, bu tipli məktəblərin geniş vüsət alması üçün dövlət səviyyəli tədbirlər həyata keçirilmişdir.

Bu baxımdan Laçın rayonunun mədəniyyət müəssisələrinə dövlət qayğısı da daha geniş vüsət almışdır.

Laçın rayonunun mədəni–maarif müəssisələri 18 may 1992–ci il məlum hadisədən sonra respublikamızın 23 şəhər və rayonlarında fəaliyyətini davam etdirir. Bütün bunlara baxmayaraq, Laçına olan qayğı nəticəsində rayonun mədəniyyət və incəsənət müəssisələri elə bu gün də yüksək səviyyədə fəaliyyət göstərir və inkişaf edir. Təkcə onu qeyd etmək lazımdır ki, 2012–ci ildə Ağcabədinin Taxtakörpü qəsəbəsində Laçın rayonunun məcburi köçkünləri üçün müasir tipli yeni mədəniyyət müəssisəsi tikilib istifadəyə verilmişdir.

İndi Laçın rayonunda rayon mədəniyyət evi, mərkəzləşmiş kitabxana sisteminin 107 filialı, 45 kənd klubu, 33 kənd mədəniyyət evi, tarix diyarşünaslıq, Sarı Aşıq muzeyləri, Dövlət rəsm qalereyası və 5 musiqi məktəbi fəaliyyət göstərir.

1 saylı uşaq musiqi məktəbi nəinki rayonda, eyni zamanda respublikamızda nümunəvi uşaq musiqi məktəblərindən biri hesab olunur. Laçın şəhər 1 saylı uşaq musiqi məktəbi 1966–cı ildə fəaliyyətə başlamışdır. 1992–ci il məlum hadisələrə qədər Laçın şəhərində fəaliyyət göstərən bu məktəb 1992–1995–ci illərdə Bakı şəhəri, Nərimanov rayonunun İnşaatçılar Mədəniyyət sarayında, 1995–2008–ci illərdə həmin rayonun Səttarxan adına mədəniyyət evində, 2008–ci ildən isə Bakı şəhər, Nizami rayonunun M.Şərifli küçəsi 1B ünvanında fəaliyyətə başlamışdır. Burada fəaliyyət göstərən musiqi məktəbi kollektivin öz hesabına əsaslı təmir edilmiş və uşaqların istifadəsinə verilmişdir. 16 dərs otağından ibarət olan bu məktəbdə fortepiano, tar, qarmon, saz, kamança, xanəndəlik və nağara ixtisasları üzrə şöbələr fəaliyyət göstərir. 75 müəllimin dərs dediyi məktəbdə 199 şagird musiqimizin sirlərinə yiyələnir.

Söhbət əsnasında məktəbin direktoru, məşhur qarmon ustası Elçin Yunisov fərəhlə qeyd etdi ki, bu gün məktəbdə dərs deyən müəllimlərin 80 faizi öz məzunlarıdır. Elçin müəllim onu da qeyd etdi ki, bu məktəbin keçmiş məzunları rayonun qeyri 4 uşaq musiqi məktəblərində də dərs deyirlər. Fərəhlə qeyd etməliyik ki, məktəbin bir çox müəllimi indi respublikamızın ən təcrübəli və adlı–sanlı müəllimlərindən hesab olunur. Belə ki, əməkdar mədəniyyət işçisi Elmira Abbasova, Elşən Həsənov, Mehman Əhmədov, Qabil İsmayılov, Novruz Alıyarov, Eliyana Abbasova, Gülnarə Məhərrəmova, Sədaqət İbrahimova, Tahirə Ələsgərova və başqalarının adını çəkmək olar. Məktəbdə keyfiyyətli dərslər tədris olunmaqla yanaşı, uşaq və müəllimlərdən ibarət kollektivlər də fəaliyyət göstərir.

Uşaqlardan ibarət “Həkəri” və müəllimlərdən ibarət “Laçın” xalq çalğı alətləri ansamblları bu qəbildəndir. Bundan başqa, məktəbdə xor kollektivi də fəaliyyət göstərir. Adları çəkilən bu kollektivlər respublikarayon tədbirlərində daim uğurla çıxış edirlər.

Unutmaq olmaz ki, məktəbin müəllimləri respublika tədbirlərində yaxından iştirak edirlər. Belə ki, müəllimlərdən Mehman Əhmədov, Təvəkkül Məmmədov, Novruz Alıyarov, Əkbər Həsənov 25 aprel 1985–ci ildə SSRİ Mədəniyyət Nazirliyinin keçirdiyiÜmumittifaq festivalı”nın laureatı olmuşlar. Ehtiram Hüseynov isə 2012–ci ildə II Beynəlxalq Muğam festivalının qalibi olmuşdur.

Mədəni–maarif işi sahəsində çoxillik səmərəli fəaliyyətinə görə məktəbin müəllimlərindən Elçin Hüseynov, Mehman Əhmədov, Gülnarə Məhərrəmova, Tahirə Ələsgərova, Elmira Abbasova, Elşən Həsənov, Əvəz Məhərrəmov, Novruz Alıyarov fəxri fərmanlarla təltif edilmişlər. 2001–ci ildə Qazaxıstan Respublikasında 7 türkdilli xalqlar arasında keçirilən “Sırdərya folkloru” festivalında məktəbin şagirdi Arzuman Abdullayev fəxri birinci mükafata layiq görülmüşdür.

2009–cu ildə məktəbin direktoru Elçin Yunisov İsveçrə və Fransa ölkələrində keçirilən Azərbaycan mədəniyyəti günlərində qarmon ifaçısı kimi ustad solo konserti vermişdir. 2010–cu ildə keçirilən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının ildönümü ilə əlaqədar “Milli musiqi alətlərinin festivalı” nominasiyasındakı çıxışına görə məktəbin IV sinif şagirdi Nizam Məhərrəmov tərifnamə ilə təltif olunmuşdur.

Məktəbin 32 nəfərdən ibarət uşaq xoru kollektivlərinin III respublika baxışında qalib olmuşdur.

16 may 2013– il tarixdə respublika incəsənət və musiqi məktəblərinin şagirdləri arasında keçirilən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Azərbaycan Mədəniyyəti” mövzusunda bilik müsabiqəsində məktəbin fortepiano ixtisası üzrə VII sinif şagirdi Aytən Süleymanlı I dərəcəli diploma layiq görülmüşdür.

Onu da qeyd etmək lazımdır ki, məktəbin müəllim və şagird kollektivi 22 may 2013– ildə Bakı şəhəri, 8 saylı uşaq musiqi məktəbində keçiriləcək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş şagirdlərin fortepiano ansamblı müşayiəti üzrə respublika müsabiqəsinə yüksək səviyyədə hazırlaşır. Sizə uğurlar arzulayırıq, hörmətli laçınlılar.

 

 

Zabit CAVADOV

 

Respublika.-2013.-18 may.-S.6.