Milli Ordumuzun döyüş bacarığı və potensialı ilə fəxr etməliyik

 

90 illik yubileyini böyük təntənə ilə qeyd etdiyimiz ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın müasir tarixindəki rolu ölçüyəgəlməzdir. Xalqımızın dəyanətli övladının uzaqgörən siyasəti, parlaq dühası ilə ölkəmizə yeni həyat, yeni nəfəs, onun vətəndaşlarına tükənməz ruh yüksəkliyi qismət olmuşdur. İndi torpağımızın hər qarışında bu iradə və əzmkarlıq, bu qaynar nəfəs öz bəhrələrini verir.

Azərbaycan xalqının böyük oğlu, görkəmli ictimaisiyasi xadim Heydər Əliyevin 1969–cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı vaxtdan ölkəmizdə irəliyə doğru sıçrayış baş verdi, bir sıra dairələrdə aparılan antiazərbaycan siyasətinə son qoyuldu. O, xalqımızın iradəsi əleyhinə yönəldilmiş bütün cəhdləri qətiyyətlə rədd etdi, millətlərin, etnik azlıqların respublikada bərabər hüquqlar əsasında yaşamaq haqqını təmin etdi.

Heydər Əliyevin təkidləri nəticəsində respublikada qısa müddətdə iri sənaye müəssisələri yaradıldı, yeni mədəniyyət ocaqları fəaliyyətə başladı, yaşayış binaları, yollar, körpülər inşa edildi, insanların yaşayış səviyyəsi qatqat yüksəldi, Azərbaycan dinamik inkişaf və tərəqqi yoluna qədəm qoydu. Azərbaycan dövlətinin və milli dövlətçilik ənənələrimizin təşəkkülü ötən əsrin son onilliklərində elə bir səviyyəyə yüksəldi ki, bunu əsl qəhrəmanlıq adlandırmaq olar. Bu dövrü Azərbaycanın intibahı dövrü kimi qiymətləndirənlər heç də yanılmırlar. Heydər Əliyev sözün müstəqim mənasında xalqımızın inkişaf yolunda yeni bir mərhələni yaratdı, ömrünün sonuna kimi bu yolda zəkasını, biliyini, həyatını əsirgəmədi.

Heydər Əliyev hətta yüksək təşkilatçılıq bacarığı nəticəsində dünyanın ən nəhəng dövləti olmuş keçmiş SSRİ–nin rəhbərlərindən biri oldu. Yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, Heydər Əliyev o zaman yüz milyonlarla əhalinin sevimlisi olmuşdu.

Heydər Əliyev öz misilsiz fəaliyyəti ilə Azərbaycanın uzunmüddətli iqtisadi, mədəni–mənəvi fıravanlığının əsasını qoydu, 1969–1982–ci illərdə siyasi hakimiyyətdə olduğu illərdə, xüsusən 1993– ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra fövqəladə bacarığı və təşkilatçılığı ilə respublikamızı bütün dünyaya tanıtdı. 1993– ildən sonra qlobal proqramlar, irimiqyaslı layihələr Azərbaycanın iqtisadi qüdrətinin artmasına xidmət etdi, ölkəyə investisiya axını gücləndi. Heydər Əliyevin müdrik siyasəti nəticəsində dünya birliyi, tərəqqipərvər ictimaiyyət Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqqın və ədalətin kimin tərəfində olduğunu bir daha yəqin etdi, Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərimizin toxunulmazlığına və suverenliyimizə inam artdı. Hamı gördü ki, ölkəmiz təcavüzkar separatizm əməllərindən nə qədər zərər çəkib, necə böyük bir bəla ilə üzləşib.

Heydər Əliyevin öz xalqı qarşısında xidmətlərindən biri, bəlkə də ən mühümü milli ordunun yaradılması idi. Ulu öndər hakimiyyətə qayıtdığı ilk gündən bu məsələ ilə ciddi məşğul olmağa başladı. Mütəşəkkil ordunun yaradılması o vaxt millətimiz üçün havasu kimi zəruri idi. Heydər Əliyev bu qüvvəni – xalqın vuran əlini özünə qaytardı, indi bizim güclü ordumuz vardır, fəxr edirik ki, bu ordunun əsgəriyik. Bir hərbçi kimi deyə bilərəm ki, bu gün milli ordumuzun qüdrətinə, potensialına, döyüş bacarığına heç kəsin şübhəsi yoxdur. Əsgərlərimizin vətəni qorumaq ruhu, vətənpərvərlik hissləri olduqca güclüdür. Biz torpaqlarımızı erməni işğalından azad etməyə qadirik, bu məqsəd uğrunda çarpışmağa hazır olan vətənpərvər gənclərimizlə fəxr etməyə haqqımız çatır. Lakin qazanılmış uğurlarla kifayətlənməməliyik. Hərb aləmində geriyə dönmək məfhumu yoxdur, əsgər yalnız irəliyə baxmalıdır. Vətənpərvərlik tərbiyəsini, orduda xidmətə hazırlığı hər bir ailədə uşaq yaşlarından başlamaq lazımdır.

Valideyn özü ailədə oğlan uşağı doğularkən onu əsgər görmək arzusu ilə yaşamalıdır, övladına verdiyi tərbiyəni də bu əsasda qurmalıdır. Bilmək lazımdır ki, bu uşaq gələcəkdə hökmən ana vətənin keşiyində durmağa hazır olacaq, lazım gəlsə, həyatını qurban verəcəkdir. Hər kəs aydın dərk etməlidir ki, həqiqətən torpaq, uğrunda ölən varsa, Vətəndir və bu ideya heçşüar deyil, cəmiyyətimizin hər bir üzvünün həyat norması, amalı, yazılmamış qanunu olmalıdır.

Orduda əsgər–zabit münasibətlərinin səviyyəsinin yaxşılaşması, xidmət şəraiti, çağırışaqədər və çağırışyaşlı gənclərin qeydə alınması, hərbi hissələrə yola salınması prosesinin təşkili, xoşagəlməz halların minimuma enməsi son dövrün mühüm görüntüləridir. Həqiqi hərbi xidməti başa vuran gənclərin işlə təminatı nizama düşür, hərbi hissələrlə əhalinin əlaqələrinin möhkəmləndirilməsi kimi vacib tədbirlər indi daha teztez keçirilir. Ali Baş Komandan İlham Əliyev bu məsələləri daim diqqət mərkəzində saxlayır, ordunun müdafiə qabiliyyətinin möhkəmləndirilməsindən ötrü bütün lazımi tədbirləri görür. Bununla belə, orduya, gecə–gündüz səngərlərdə düşmənlə üz–üzə dayanmış övladlara qayğı hər kəsin borcudur. Əsgər bizi hər an öz yanında görməlidir, diqqət və qayğı hiss etməlidir. Bizim gücümüz, ordumuzun hər bir əsgərinin vəziyyətinin nə dərəcədə yüksək olmasındadır. Gücümüz öz ordumuzdadır.

Heydər Əliyevin memarı olduğu müasir ölkəmizin vətəndaşları əsasən yaradıcı insanlardır, doğma el–obanın səadəti üçün hər an fədakarlığa hazır olan adamlardır. Bu yurdun qurucu adamları, qabaqcıl ziyalıları yetərincədir və bu da bir faktdır ki, ölkəmizdə ziyalılığın bünövrəsi olan təhsilə diqqət və qayğının səviyyəsi getdikcə yüksəlir, milli təhsilimiz bu qayğıdan güc alaraq dünya standartları səviyyəsinə çıxır. Heydər Əliyevin başladığı təhsil islahatının uğurla həyata keçirilməsi ümumdövlət və ümumxalq işinin tərkib hissəsinə çevrilmişdir. Ölkə iqtisadiyyatının misli görünməmiş sürətlə inkişaf etməsi, onun dinamik vüsəti, əhalinin maddi və mədəni həyat şəraitinin durmadan yaxşılaşması sağlam, bilikli, zəkalı və geniş dünyagörüşlü nəslin yetişdirilməsinə imkanlar yaradır. Ulu öndərimiz vaxtilə demişdi: “Bizim məqsədimiz müstəqil Azərbaycan üçün daha bilikli, daha zəkalı gənclər hazırlamaqdır”. Bu qiymətli kəlam bu gün bütün cəmiyyətimiz üçün həyati əhəmiyyət kəsb edən, uca məqsədlərə aparan yollarımızı nurlandırır. Bax elə bu konsepsiyanın özü ordumuz üçün döyüşçü hazırlamağın təməl daşıdır.

Hazırda müstəqil dövlətimizin çiçəklənməsi və möhkəmləndirilməsi real prosesə çevrilmişdir, dövlətçilik ənənələrinin zənginləşdirilməsi uğurla davam etdirilir, xalqımızın nailiyyətləri bütün dünyanın gözü qarşısındadır. DünyaAvropa birliyində nüfuzu getdikcə artan, planetin üzərində yaşayan xalqların ailəsində siyasiiqtisadi imicini daim möhkəmləndirən respublikamız bu gün Cənubi Qafqazda ən stabil, siyasi cəhətdən sabit, iqtisadiyyatı güclü olan ölkədir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı “Regionların sosialiqtisadi inkişafına dair” dövlət proqramlarının əsas müddəaları uğurla həyata keçirilir. Möhtərəm Prezidentimiz son tədbirlərdə göstərmişdir ki, regionlarda mühüm tədbirlər həyata keçirilmiş, yaşayış məntəqələri sosial–mədəni cəhətdən simasını tanınmaz dərəcədə dəyişdirmiş, rayonlarımızın iqtisadiyyatı artmışdır.

İnsanların yaşayış şəraiti əvvəlki dövrlərə nisbətən xeyli yaxşılaşmışdır. Bu da inkişafımızın düşünülmüş qaydada, dərin elmi–nəzəri əsaslarla hazırlanmasından, vətəndaşlarımızın yüksək səylə çalışmasından irəli gəlir.

Ən əsası da odur ki, nailiyyətlər heçboş yerdə yaranmır, bütün qələbələrin möhkəm təməli, bünövrəsi, kökləri var. Bugünkü inkişafımızın təməl daşlarını ümummilli liderimiz, dahi şəxsiyyət, dərin zəkalı Heydər Əliyev qoymuşdur. Ulu öndərimizin özünün müəllifi olduğu, vaxtında başladığı, həyatımızın bütün sahələrini əhatə edən islahatların sayəsində biz tənəzzüldən tərəqqiyə doğru çətin, lakin şərəfli bir yolu uğurla keçə bilmişik.

Bütün bunlar Vətənimizin qüdrətinin daha da artırılması üçün son dərəcə böyük iradə, gərgin mübarizə bahasına əldə edilmiş nailiyyətlərdir və belə hesab edirəm ki, bu nailiyyətlər davam etdiriləcək, müstəqilliyimizin daha da möhkəmləndirilməsində bundan sonra da baza rolunu oynayacaqdır. Müntəzəm olaraq əldə olunan gəlirlər bundan sonra da regionların, birinci növbədə isə ordunun inkişaf etdirilməsinə yönəldiləcəkdir, ölkədə insanların maddi təminatı yaxşılaşacaq, əhalinin maliyyə mənbələri, məşğulluq səviyyəsi artacaq, ulu öndərin işıqlı arzuları yerinə yetəcəkdir.

Bəli, müstəqil ölkəmiz dahi şəxsiyyət, dünya tarixində silinməz izlər qoymuş Heydər Əliyevin müəyyən etdiyi yolla inamla irəliləyir. Ölkənin hansı bölgəsinə yolunuz düşsə, orada əmin–amanlıq və sabitliyin, inkişafın şahidi olarsınız. Respublikamızın hər bir guşəsində əmək bulaq kimi qaynayır, Vətənin rifahı naminə quruculuq sahələrində çalışan insanlar yaxşı başa düşürlər ki, bu gün apardıqları mübarizə sabahkı gümrah həyat deməkdir. Onların övladları isə dinc əməyin keşiyində ayıq–sayıq dayanmışlar.

 

 

Gündüz ABDULLAYEV,

Səfərbərlik və Hərbi Xidmətə

Çağırış üzrə Dövlət Xidməti

 Cəlilabad rayon şöbəsinin

rəis müavini, mayor.

 

Respublika.-2013.-18 may.-S.6.