Üzeyir
yaradıcılığını yaşadan muzey
Hər bir xalq dünyada özünəməxsus tarixi və mədəniyyəti ilə tanınır, seçilir və onun dünyaya düzgün, olduğu kimi çatdırılmasına, təbliğinə çalışır. Azərbaycan xalqı da öz zəngin tarixini, keçmişini daim qorumağa, layiqincə qiymətləndirməyə, onu öz mənəvi yaddaşında hifz etməyə və ən əsası düşmənin onun tarix və mədəniyyətini mənimsəməsinə əsla yol verməməyə çalışmışdır. Mədəniyyətin mühüm sahəsi olan muzeylər də bu baxımdan tarixin qaranlıq səhifələrinə çıraq tutan, bələdçilik edən qiymətli sənədlərin, əşyaların toplandığı məbədlər olaraq zəngin tarix və yüksək mədəniyyətimizin öyrənilib–öyrədilməsi, mədəni sərvətlərimizin toplanıb qorunması, ciddi mühafizəsi, təbliği və təqdimatı uğrunda çox vacib işlər görür. Muzeylərdə tarixi özündə əks etdirən maraqlı faktlar — eksponatlar qorunub saxlanılır ki, bu da onların köhnəlik, gerilik nümunəsi deyil, əksinə, tariximizi və mədəniyyətimizi yaşatmaq üçün indi və gələcək arasında bir körpü olduğunu sübuta yetirir.
Muzeylər XXI əsrdə qlobal iqtisadiyyat və ətraf mühit sahəsində baş verən yeniləşmələrin qarşılıqlı kəsişmə nöqtəsindədir. Onlar bəşəriyyətin bioloji müxtəlifliyinin, milliliyinin ciddi mühafizə olunduğu ünvanlardır. Hər il 18 may tarixi dünya mədəni ictimaiyyəti tərəfindən Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bu tarixi gün 1977–ci ildə Beynəlxalq Muzeylər Şurasının 11–ci konfransında təsis olunmuşdur. 1978–ci ildən etibarən isə bu bayram hər il 150–dən çox ölkədə qeyd olunur. Həmin gün muzeylərdə “açıq qapı” elan edilir və hər bir kəsin muzey tamaşaçısına çevrilmək imkanı yaranır. Dünya muzeylərinin fəaliyyətini əlaqələndirmək üçün YUNESKO–nun Beynəlxalq Muzeylər Şurası fəaliyyət göstərir ki, onun da tərkibinə dövlətlərin milli muzey komitələri daxildir. 1933–cü ildə Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin təsis edilməsi və Milli Komitənin rəsmi qaydada Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvlüyünə qəbul edilməsi muzeylərimizin həyatında baş vermiş əlamətdar hadisədir. Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin sədri Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyevadır. Hər il olduğu kimi, bu il də Beynəlxalq Muzeylər Günü geniş şəkildə qeyd olunur.
1980–ci ildə məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada muzey işinə aid xüsusi qərar qəbul edilmişdir. Bu, muzey şəbəkəsinin inkişafına, bu işə rəhbərliyin təkmilləşdirilməsinə geniş imkanlar yaratmışdır. Burada ulu öndərin muzeylərə böyük önəm verərək demiş olduğu sözlər yada düşür: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur”.
Böyük şəxsiyyətlər heç
zaman unudulmur, yaddaşlardan silinmir və muzey bu yaddaşın
daha da möhkəmlənməsini, gələcək nəsillərə
ötürülməsini təmin edir. Üzeyir bəyin zəngin
yaradıcılığını, irsini yaşadan ev–muzeyi bəstəkarın
zəngin musiqi dünyasını böyük məhəbbətlə
yaşadır, özündə əks etdirir. 2005–ci ildə
MTN–in əməkdaşlarının səyi nəticəsində
Üzeyir Hacıbəyliyə, onun
yaradıcılığına aid bir sıra dəyərli
materiallar muzeyə qaytarılmışdır. Bu materiallar içərisində bu
vaxta qədər məlum olmayan faktlar aşkar olunmuşdur. Məsələn,
Üzeyir bəyin tarixi–qəhrəmanlıq mövzusuna
müraciəti təkcə “Koroğlu” operası ilə kifayətlənməmiş,
bəstəkar 40–cı illərin 2–ci yarısında yenidən
bu mövzuya qayıdaraq “Babək” operası üzərində
işləməyə başlamış, lakin əsər
tamamlanmamışdır. Buna əsas verən material bizə qədər
gəlib çatan “Babək” operasından olan əlyazma not
fraqmentidir. Hətta Üzeyir bəyin şəxsi
kitabxanasında tarixçi Z.İ.Yampolskinin rus dilində nəşr
edilmiş “Babək üsyanı” adlı qısa oçerk
kitabının olması da buna əsas verə bilər. Burada
Üzeyir bəyin öz musiqisi üçün tarixi qəhrəmanları
seçməsi, əlbəttə ki, təsadüfi deyildir.
Bir vətəndaş kimi öz xalqının tarixini musiqisi
vasitəsilə təbliğ etməyə, yaşatmağa
çalışmışdır. Muzey materialına, eksponata
çevrilmiş bu əşyalar isə tarixin bir
parçası, milli–mənəvi dəyəridir.
Azərbaycanın
milli–mənəvi dəyərləri, adət–ənənələrinin
nümayişində milliliyin düzgün tərzdə,
ön planda, lakin incə şəkildə təqdim
olunması vacibdir. Çünki muzey həm də təhsil–tərbiyə
ocağıdır. Yaşından asılı olmayaraq muzeyə
gələn hər bir tamaşaçı burada yeni bir şey
öyrənir və yaxud yaddaşını təzələyir.
Muzeyə gələn yeniyetmə, gənc
tamaşaçının, ziyarətçinin milli ruhda tərbiyələnməsində
və bu milliliyin necə təqdim olunmasında muzey
böyük məsuliyyət daşıyır. Adət–ənənələrimizi,
milliliyimizi muzey vasitəsilə təqdim edərək sevdirmək,
ona biganə qalmamağı təmin etmək muzeyin tarix
qarşısında duran başlıca vəzifələrindən
biridir. Lakin hər şey bununla məhdudlaşmır. Muzey həm
də qarşısına çıxan digər çətinlikləri,
problemləri də həll etməlidir. Tarixin təbliğindən
öncə qarşıda duran problem muzeyin özünün təbliğ
olunmasıdır. Çünki bu gün muzeyə olan
marağın lazım olduğu səviyyədə olmaması
da həllinə ehtiyac duyulan bir problemdir. Bu problemi həll etməklə
biz muzeyin tarixin təbliğatçısı kimi rolunu daha da
genişləndirmiş olarıq. Problemi daha yaradıcı həll
etmək üçün muzey haqda kiçik bir reklam
çarxı çəkmək olar və burada muzeyin özəlliyini
vurğulamaq, mənəvi dəyərlərin qorunduğu bir
müəssisənin özünün bir abidə olduğunu
tamaşaçıya çatdırmaq vacib bir amildir. Şəhərin
müxtəlif ictimai yerlərində yayımlanan reklamın əsas
prinsip və məqsədi müasir texnologiya və ideya vasitəsilə
tamaşaçıda “Bu mənim tariximdir” kimi doğma hissin
aşılanmasına xidmət etməlidir.
Hər
bir muzeydə xalqın mədəniyyətini, tarixini
özündə əks etdirən əşyalar qorunub
saxlanılır. Məsələn, Üzeyir Hacıbəylinin
ev–muzeyinin ekspozisiyasında 1945–ci ildə dahi bəstəkarın
60 illik yubileyi ərəfəsində AMEA tərəfindən
ona hədiyyə olunmuş xalça nümayiş olunur. Bu
xalçanın mərkəzində Üzeyir bəyin portreti,
“Leyli və Məcnun”, “Koroğlu” operalarından fraqmentlər
və həmçinin bəstəkarın ideyasına arxalanan
milli musiqi alətləri ilə Avropa musiqi alətlərinin vəhdəti
öz əksini tapmışdır. Lakin bu incə sənət
əsəri özündə təkcə bəstəkarın
yaradıcılığını deyil, həmçinin Azərbaycanın
müxtəlif regionlarına məxsus milli ornamentlərini, incə
zövqlə toxunmuş naxışlarını birləşdirir.
Beləliklə, musiqimiz də, milli ornamentlərimiz də
tariximizin, mədəniyyətimizin ayrılmaz bir hissəsi,
qoludur və muzey bu tarixin ən gözəl, estetik
nümayişçisi, təbliğatçısı kimi mədəniyyətin
mühüm sahəsi olmaqda özünü sübut edir.
Üzeyir
bəyin yaratdığı əsərlər tarixə
çevrilmişdir. Lakin bu tariximizi əlimizdən alıb mənimsəmək
istəyənlər də az olmamışdır. Belə ki,
Azərbaycanın musiqi mədəniyyəti tarixində
özünəməxsus bir səhifə açmış,
dünyanı dolaşan və artıq bu il 100 illiyi UNESCO səviyyəsində
qeyd olunacaq “Arşın mal alan” operettasını düşmən
mənimsəməyə çalışmışdır.
Üzeyir Hacıbəylinin ev–muzeyinin fondunda saxlanılan bəstəkarın
öz imzası ilə o zaman Azərbaycan KP MK–nın I katibi
olan Mircəfər Bağırova yazdığı məktubu
buna sübutdur. Məktubda bəstəkar deyir: “…1942–ci ilin mart
ayının əvvəllərində İranın Təbriz,
Rəşt və digər şəhərlərinin
kinoteatrlarında “Arşın mal alan” filmi nümayiş
etdirilmişdir. Film Amerikada erməni dilində çəkilmişdir.
Filmdə bütünlüklə mənim musiqimdən istifadə
edilmiş, həmçinin süjet xətti, komediya
iştirakçılarının adları (Əsgər,
Süleyman, Vəli, Asya və b.) dəyişdirilməmişdir.
Heç bir yerdə isə əsərin müəllifinin
adı qeyd olunmur, əksinə komediyanın musiqi müəllifi
qismində Kuşnerev, ssenarist Manukyan və rejissor Tiqranov qeyd
olunur. Hətta bütün ifaçıların kostyumu (papaq,
çuxa, arxalıq və s.) Azərbaycana məxsus milli geyimlərdir”.
Beləcə, bu fakt düşmənin heç bir tarixi
keçmişinin, mədəniyyətinin olmadığına
bir daha şahidlik edir. Biz bu faktdan ibrət götürərək
Azərbaycana məxsus milli–mənəvi dəyərlərin,
sərvətin, bir–birindən ayrılmaz olan zəngin tarix və
mədəniyyətimizi daha mükəmməl öyrənməli,
muzey vasitəsilə daha güclü təbliğ etməli və
onlara var qüvvəmiz ilə sarılmalıyıq ki, bir daha
əlimizdən almağa heç kəs cəsarət edə
bilməsin. Tariximiz uğrunda mübarizədə muzey bizim mədəni
silahımızdır. Azərbaycan tarixi zənginliyə və
yüksək mədəniyyətə malikdir. Muzeylərimiz isə
tariximizi, mədəniyyətimizi qorumağa qadirdir.
Aytən HEYDƏROVA,
Üzeyir Hacıbəylinin
ev–muzeyinin baş mühafizi.
Respublika.-2013.-18 may.-S.7.