Səhiyyənin inkişafı dövlət
siyasətinin prioritet istiqamətlərindəndir
FotoÖlkəmizin iqtisadi, sosial–mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, insanların sağlamlığı məsələlərinə də gündəlik diqqət və qayğı göstərilir. Həyata keçirilən ardıcıl islahatlar nəticəsində səhiyyənin səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Ölkə iqtisadiyyatının sürətli inkişafı, o cümlədən milli neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi səhiyyə sahəsində olan problemlərin həll edilməsi üçün gözəl imkanlar yaratmışdır. İldən–ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin və yatırılan investisiyaların artırılması, Azərbaycan Prezidentinin ehtiyat fondundan verilən vəsait səhiyyənin ən aktual problemlərinin həlli üçün geniş imkanlar açmışdır. Belə ki, son bir neçə ildə ölkəmizdə yüzlərlə səhiyyə müəssisəsində tikinti və yenidənqurma işləri aparılmış, onlar müasir tibbi avadanlıq və cihazlarla təchiz olunmuşdur. Xüsusilə əlamətdardır ki, onların böyük bir qismi dövlət rəhbərinin bilavasitə iştirakı və xeyir–duası ilə açılıb istifadəyə verilmişdir.
Nazirlər Kabinetinin 2013–cü ilin birinci rübünün sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində dövlət başçısı İlham Əliyev bu sahədə qazanılan nailiyyətləri qeyd etmiş, səhiyyə xidməti səviyyəsini daha da yüksəltmək üçün müvafiq istiqamətləri müəyyənləşdirmişdir. Cənab İlham Əliyev son illərdə bu sahədə də ciddi dönüşə nail olunduğunu bildirmişdir: “İndi müasir klinikalar, diaqnostika, dializ mərkəzləri yaradılmışdır. Bir daha demək istəyirəm ki, insan amili ən vacib məsələdir. İnsan sağlamlığı da ən vacib məsələdir. Yenə də qayıdıram kadr hazırlığına. Bizim bölgələrdə də, Bakıda da ən müasir avadanlıq quraşdırılır. Bəzi hallarda dünyanın aparıcı klinikalarında olan avadanlıqdan da geri qalmır, bəzi hallarda onları da qabaqlayır. Mən bunu bilirəm. Çünki vaxtaşırı xarici qonaqlarla, səhiyyə sistemindən gələn qonaqlarla görüşlər əsnasında onlar da bildirirlər ki, sizdə ən müasir avadanlıq vardır. Amma bəzi hallarda kadr hazırlığı o səviyyəyə bir qədər çatmır. Ona görə kadr hazırlığı burada ön planda olmalıdır. Əlbəttə, ilk növbədə, biz Azərbaycanda kadr hazırlığını yüksək səviyyədə təmin etməliyik. Biz peşəkar həkimlərin yetişdirilməsinə, ilk növbədə, ölkə daxilində nail olmalıyıq.
Bununla bərabər, bizim həkimlər müxtəlif proqramlar əsasında xarici klinikalara ezam olunurlar, orada təlim keçirlər. Eyni zamanda Bakıda səhiyyə sahəsində görkəmli mütəxəssislər, alimlər çalışırlar. Hesab edirəm ki, biz bu prosesləri daha da sürətləndirməliyik”.
Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Məlumat üçün bildirək ki, son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artmışdır. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500–dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Maddi–texniki bazası gücləndirilən tibb müəssisələri indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən isə hətta onları üstələyir. Səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş Dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır. Ümummilli lider Heydər Əliyevin tibb kadrları üzrə siyasətinin davamı olaraq bu gün yüksək ixtisaslı kadr hazırlığına çox böyük önəm verilir. Tibb təhsilində rezidenturanın tətbiqi, tibb işçilərinin sertifikasiyası və mərkəzləşmiş imtahanla işə qəbulu da məhz buna xidmət edir. İndi yüzlərlə azərbaycanlı həkim həm xarici ölkələrin klinikalarında, həm də Azərbaycana dəvət olunmuş aparıcı mütəxəssislərin keçdiyi təlimlərdə öz biliklərini zənginləşdirirlər.
Səhiyyənin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də qəbul edilir. Ölkəmiz 2005–ci ildən etibarən ardıcıl olaraq Ümumdünya Səhiyyə Təşkilatının və onun Avropa Regional Bürosunun rəhbər orqanlarında təmsil olunur. ÜST Avropa Regional Komitəsinin 61–ci Sessiyasının 2011–ci ildə məhz Bakıda keçirilməsi də əslində o demək idi ki, Azərbaycan dövlətinin əhalinin sağlamlığına göstərdiyi qayğı beynəlxalq aləmdə də qiymətləndirilir.
Səhiyyə sahəsində aparılan islahatlar, pullu tibbi xidmətin ləğvi, tibb müəssisələrinin maddi–texniki bazasının gücləndirilməsi nəticəsində həm paytaxtda, həm də bölgələrdə dövlət tibb müəssisələrinə müraciətlərin sayı dəfələrlə çoxalmışdır. Səhiyyə ocaqlarında çalışan mütəxəssislərin səviyyəsinin artması da az əhəmiyyət daşımır.
Hazırda 69 səhiyyə obyektində təmir–tikinti
işləri aparılır. Onlardan 50–nin bu ilin sonunadək istifadəyə verilməsi
nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan ayrılmış vəsait hesabına indi
Bakı Sağlamlıq Mərkəzində, Sumqayıt şəhər
1 nömrəli xəstəxanasında, Abşeron, Ağcabədi,
Ağsu, Cəlilabad, Yevlax, Astara və Lənkəran mərkəzi
rayon xəstəxanalarında tikinti və əsaslı təmir
işləri aparılır. Bundan əlavə, elə bu
yaxınlarda ana və uşaqların müalicəsi və
reabilitasiyasını həyata keçirən elmi–tədqiqat
Pediatriya, Mamalıq və Ginekologiya institutlarının
maddi–texniki bazasını möhkəmləndirmək məqsədilə
Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır.
Bütün bunlar paytaxtda və bölgələrdə tibb
xidmətinin səviyyəsini yüksəltmək
üçün geniş imkanlar açır.
Həyata
keçirilən Dövlət proqramları da artıq öz bəhrəsini
verir. Ana və uşaq sağlamlığı üzrə Proqramın
icrası sahəsində ölkəmizdə uşaq və ana
ölümü göstəriciləri son illərdə dinamik
şəkildə ilbəil azalır. Ana ölümü əmsalı
34,2–dən 14,9–a enmiş, körpə ölümü göstəricisi
12,7–dən 10,8–ə azalmışdır. Bu nəticələr
çox əhəmiyyətlidir. Bu rəqəmlər həm də
səhiyyənin inkişafının göstəricisidir. Azərbaycan
səhiyyəsində strateji əhəmiyyət daşıyan
sahələrdən biri də qan xidmətinin
inkişafıdır.
Azərbaycanda
təhlükəsiz donor qanı ilə təminat məsələsi
bu gün praktiki olaraq həll edilmişdir. Qan tədarükü
6,8 tondan hazırda 25,9 tonadək artmışdır.
Kadr
potensialının gücləndirilməsinə yönəldilmiş
işlərin nəticəsi olaraq bu gün dövlət
klinikalarında əvvəllər ölkəmizdə
müalicəsi mümkün olmayan bir çox ağır xəstəliklər
müalicə edilir. Orqan transplantasiyası, kardiocərrahiyyə
üzrə çox mürəkkəb əməliyyatlar yerli
mütəxəssislər tərəfindən həyata
keçirilir. Bu sahədə çox əhəmiyyətli
addımlardan biri də bu ildən etibarən həkimlərin
işə mərkəzləşdirilmiş qaydada test
imtahanı ilə qəbul edilməsidir. Elektron vasitələrdən
istifadə olunmaqla keçirilən bu imtahan həm həkimlərin
işə qəbulunda şəffaflığı təmin etməyə,
həm də onların peşəkarlıq səviyyəsini
obyektiv müəyyənləşdirməyə imkan verir.
Eyni
zamanda informasiya–kommunikasiya texnologiyaları səhiyyənin digər
sahələrində də tətbiq olunur. Elektron səhiyyə
sistemi çərçivəsində yoluxucu xəstəliklərin
elektron müşahidə sistemi dərman vasitələrinin
dövriyyəsi, təcili tibbi yardım stansiyasının
dispetçer xidməti uşaqlar üçün “Elektron
sağlamlıq kartı” obliqat qruplar üçün “Elektron
tibbi müayinə kartı” sistemləri tətbiq edilibdir.
Elektron səhiyyə sistemi bütün ölkə üzrə
əhalinin sağlamlığı ilə bağlı
informasiyanı tez və effektiv təhlil etməyə imkan
yaradır. Əhalinin sağlamlığının
qorunması sahəsində xəstəliklərin
profilaktikası da mühüm əhəmiyyət
daşıyır.
Bu gün
Azərbaycanda inkişaf etmiş Avropa ölkələrində
olduğu kimi, uşaqlar 10 xəstəliyə qarşı peyvənd
alırlar. Həm vaksinasiya, həm də digər tədbirlər
sayəsində ölkəmizdə epidemioloji stabilliyə nail
olunubdur.
Bir
neçə ildir ki, polimielit, difteriya, qorotit, məxmərək
kimi ağır xəstəliklər qeydə alınmır.
Profilaktika ilə yanaşı, xəstəlikləri
vaxtında aşkarlamaq da çox önəmlidir. Odur ki, hər
bir vətəndaş öz sağlamlığının
qayğısına qalmalı, ildə heç olmasa bir dəfə
müayinədən keçməlidir. Ölkəmizdə
bunun üçün hər cür şərait və imkan
vardır.
Xatırladaq
ki, 2012–ci ilin dekabr ayında Səhiyyə Nazirliyi tərəfindən
“Sağlamlıq ayı” keçirilmişdir. Bu tədbir
çərçivəsində ölkənin bütün
şəhər və rayonları üzrə bir ay ərzində
üç milyona yaxın insan səhiyyə müəssisələrinə
dəvət olunmuş və orada hərtərəfli tibbi
müayinələrdən keçirilmişlər. Azərbaycan
vətəndaşlarının sağlamlığının
qorunmasında bu tədbirin müsbət nəticələri və
əhəmiyyəti böyükdür. Ümumiyyətlə,
dövlət başçısının səhiyyəmizə
diqqət və qayğısı Azərbaycan xalqının
sağlamlığının qorunması yolunda
atdığı mühüm addımlar, bütövlükdə,
ölkədə həyata keçirilən
sosialyönümlü siyasət ulu öndərin bu istiqamətdə
müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin
parlaq təzahürüdür.
Şükür ƏLİZADƏ
Respublika.-2013.-19
may.-S.1;3.