Yeniləşən şəfa ocağı

 

Son illər qara şəhərin “ günlərindən” çox deyilir, çox yazılır. Bir vaxt Bakı sakinlərinin belə adlandırdığı Xətai rayonu gündən–günə simasını dəyişir, abadlaşır. Rayon rəhbərliyinin həyata keçirdiyi tədbirlər kənd və qəsəbələrin inkişafını sürətləndirir, sakinlərin rahatlığını təmin edir.

2011–ci il aprelin 1–də dövlət başçısı İlham Əliyev Xətai rayonunun Əhmədli qəsəbəsində olmuş, sakinlərlə görüşmüş, qəsəbənin sosialiqtisadi inkişafı ilə bağlı həyata keçirilən işlərlə tanış olarkən burada yeni səhiyyə müəssisəsinin tikilməsinə dair tapşırıqlar vermişdi. Bu məqsədlə 1,5 milyon manat vəsait ayrılmış və işə başlanılmış, ən qısa zamanda müasir standartlara cavab verən tibb müəssisəsi tikilib istifadə verilmişdi. 2012–ci ilin noyabrında açılış mərasimində iştirak edən Prezident İlham Əliyev hamını yeni poliklinikanın istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: “Biz bu gün belə gözəl poliklinikanın, əslində bu, xəstəxanadır—açılışında görüşürük. İndi belə gözəl, möhtəşəm tibb ocağı sakinlərə xidmət göstərəcəkdir…”.

Bu günlərdə yolumu Əhmədli qəsəbəsindən saldım, yeni istifadəyə verilən səhiyyə ocağına baş çəkdim. Onu da deyim ki, bir neçə il öncə burada olmuşdum, kollektivin şəraiti ilə müəyyən mənada tanış idim. İndi bu möhtəşəm binanı görəndə bir vətəndaş kimi qürur hissi keçirdim. O andaca düşündüm: Bax belə bir şəraitdə işləmək insana mənəvi rahatlıq gətirər, onu daha yaxşı işləməyə ruhlandırar…

Elə bu hisslərlə də tibb müəssisəsinə daxil oldum. Qeydiyyat şöbəsinin gülərüz işçiləri ilə salamlaşıb baş həkimi soruşdum. Dedilər ki, Bakı Baş Səhiyyə İdarəsində toplantıdadır, nə vaxt qayıdacağını dəqiq bilmirik… Əvvəl geri dönmək istədim. “Başqa vaxt zəngləşib sonra gələrəm” — deyə düşündüm, lakin fikrimdən daşındım.

Şöbələrə baş çəkib həkim, tibb bacılarını, müayinə üçün gələn pasientləri danışdırmaq, söhbətləşmək qərarına gəldim və belə də etdim.

İlk olaraq laboratoriyadan başladım, həkim–laborant Səbirə Seyidovadan öyrəndim ki, o burada 18 ildir işləyir. Hazırkı şəraiti ilə bağlı bunları dedi: “Əvvəl darısqal bir otaqda yerləşirdik, istilik, daimi su yox idi, avadanlıqlar köhnəlmişdi. İndi üç otaqdan ibarət laboratoriya qanın ümumi analizi, biokimyəvi analizlər, qanın laxtalanma sisteminin müayinəsi üçün aparatlar, sterilizasiya şkafı və s. avadanlıqlarla təchiz olunub. Doğrudur, hələ tam gücümüzlə işə başlamamışıq, lakin müraciət edənlərin sayı artır, şəraitdən razıdırlar”.

Terapiya kabinetinin həkimləri Fəridə Quluzadə, Fəxrəndə Əsgərova, tibb bacısı Aida İsayeva da çox razı görünürdülər. Yaradılmış şəraitdən isə ürəkdolusu danışdılar. Aralarında daha dilavər olan Fəridə həkim kollektiv adından minnətdarlığını belə ifadə etdi: “Mən əvvəlki şəraitimizlə indiki şəraiti müqayisə edəndə arada yerlə–göy qədər fərq görürəm. İndi hər kəs buraya böyük həvəslə gəlir, işıqlı, səliqəli otaqlar, müasir avadanlıqlar… Bizə isə yaxşı, daha məsuliyyətlə işləmək qalır. Səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarıq. Belə bir möhtəşəm binanın tikilib istifadəyə verilməsində böyük xidmətləri olan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova təşəkkürümüzü bildiririk. Məhz onun səyi, işə yaxından köməyi nəticəsində bina qısa zamanda tikilib başa çatdırıldı”.

Təbii ki, söhbət zamanı onları narahat edən məsələlərə də toxunuldu. Qeyd edək ki, poliklinika “Əhmədli” metrostansiyasından bir qədər uzaq məsafədə yerləşir və işçilər də, xəstələr də bu yolu ayaqla qət etməli olurlar. Hazırda kəndarası işləyən 42 nömrəli marşrut isə buradan xeyli aralı yolla hərəkət etməklə yanaşı, aradakı intervallar da böyükdür. Bu da sahə həkimlərinin işini xeyli çətinləşdirir. Maaşlarının azlığından gileylənənlər də oldu.

Pediatriya kabinetində 8 həkim, 10 tibb bacısı çalışır. Həkim–pediatr Sevda Həsənova 37 illik təcrübəsinə malikdir, 23 ildir ki, Əhmədli kənd poliklinikasında işləyir. O, müəyyən səbəblər üzündən hələ tam gücü ilə işləməyən poliklinikada üzləşdikləri çətinliklərdən danışdı: “Hazırda bir çox, məsələn, ultrasəs müayinə, stomatologiya, LOR, rentgen kabinetləri işləmir. Bu səbəbdən biz uşaqları müayinə üçün digər səhiyyə ocaqlarına göndəririk ki, bu da valideynlərin narazılığına səbəb olur. Laboratoriyada bir çox avadanlıqların quraşdırılması da bəzi sınaqları etməyə çətinlik yaradır. Yaxşı olardı ki, əlaqədar qurumlar bunları nəzərə alsın”.

Sonra dəhlizdə növbə gözləyən insanlara yaxınlaşdım. Zəminə Qəribova kənd sakinidir, öd kisəsində yaranmış problemlə bağlı müayinəyə gəlmişdi: “Biz uzun illərdir ki, 14 saylı poliklinikanın xidmətindən istifadə edirik. Tibb işçilərinin səviyyəsindən çox razıyıq, indi yeni bina tikiləndən sonra şərait daha da yaxşılaşıb. Bu yaxınlarda qohumumuzun 2 yaşlı qızı Nərminin səhhətində problem yaranmışdı. İşin sonu olsa da poliklinikaya zəng vurduq, təcili həkim göndərdilər, ilk tibbi yardımdan sonra uşağın vəziyyəti normallaşdı”.

Başqa bir pasiyent Hümmət Ağakişiyev də kənd sakinidir. Səhhətində problem yarandığından mütəmadi olaraq burada müayinədən keçir, müalicə olunur. Bizimlə söhbətində məmnun görünürdü: “Artıq özümü yaxşı hiss edirəm, demək olar ki, tam sağlamam. Həkimlər mənə sağlamlıq haqqında arayış yazıb veriblər. İndi özümü işləməyə hazır bilirəm. Yoltikinti idarəsində fəhlə işləmək üçün sənədlərimi təqdim edəcəm” – deyib bizimlə sağollaşdı. Onunla təzəcə ayrılmışdım ki, bir qadın yaxınlaşıb: “Eşitdim ki, qəzetdən gəlmisiniz, mənim də deyəcəklərim var” – dedi: I qrup əlil Tovuz Hacıyeva özünü təqdim etdikdən sonra danışmağa başladı: “Poliklinikanın əvvəlki binası 1936–cı ildə inşa edilmişdi. Əvvəllər bura məktəb olub, 1991–ci ildən isə təyinatı üzrə işləyir. Burada 80 nəfərədək işçi çalışır, 15 min nəfərədək əhaliyə xidmət göstərir. Mən şəkər xəstəsiyəm, kollektivin işindən çox razıyam. Baş həkim Əlsahib Mahmudovonun kollektivinə minnətdaram”.

Səidə Rəhimova da Tovuz xanım kimi əlillik taleyini yaşayır. 73 yaşlı bu qadın da məruz qaldığı xəstəliklə əlaqədar teztez yaşadığı ərazidəki 14 nömrəli poliklinikaya müraciət etməli olur, kollektivdən razıdır: “Mənə maddi və mənəvi dəstək olan baş həkim Əlsahib Mahmudov onun müavini Dostəli Paşayevə ürəkdən təşəkkür edirəm” – dedi:

Kənd sakini Səadət Mütəllibova da eyni minnətdarlıq hissi ilə danışdı: “Əhmədli kənd poliklinikasının tikintisi kənd sakinlərini çox sevindirdi. Belə bir şərait üçün dövlət başçısı İlham Əliyevə, rayon icra hakimiyyətinin başçısı Razim Məmmədova, səhiyyə naziri Oqtay Şirəliyevə minnətdarıq. Qaldı ki, kollektivə… Məhz bacarıqlı həkim, təşkilatçı rəhbər işçi Əlsahib Mahmudovun işinə məsuliyyətinin nəticəsində burada normal mühit yaradılıb. Burada hər bir xəstəyə hörmətlə yanaşır, ona diqqət və qayğı göstərirlər”.

Yaxşı deyirlər ki, tibb işçisinin xoş rəftarı, xoş sözü xəstəyə təyin edilən düzgün diaqnoz və müalicə qədər əhəmiyyətlidir. İnanırıq ki, kollektiv öz ənənəsinə bundan sonra da sadiq qalacaq, onlara üz tutub gələn heç kəsi naümid qoymayacaq, səhiyyənin ən son imkanlarından faydalanmaqla insanlara sağlamlıq, həyat bəxş edəcəklər. Bunun üçün isə bu yeni şəfa ocağında hər cür şərait var

 

 

Zümrüd QURBANQIZI

 

Respublika.-2013.-19 may.-S.3.