Ömrünü
xalqına həsr etmiş əbədiyaşar
rəhbər
Ümummilli liderimiz, milli dövlətimizin memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi və idarəçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Ulu öndər Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət olmuşdur. 1993 –cü ilin yayında xalqımız son ümid yeri kimi ona üz tutanda da Azərbaycan “olum, ya ölüm” dilemması qarşısında qalmışdı. Heydər Əliyev Azərbaycanı parçalanıb məhv olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu. O, Azərbaycanı inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi. Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi üzərinə düşən ən uca missiyanı gerçəkləşdirdi: Müasir Azərbaycan dövlətini yaratdı və onun şanlı tarixini öz əlləri ilə yazdı.
Ulu öndərin həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi, əminliklə deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin nəhəng quruculuq fəaliyyəti əks olunub. Ulu öndər həyatı boyu həmişə xalqına arxalanıb və bunu fəxrlə bəyan edib. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Müstəqil Azərbaycan dövlətinin üzləşdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndərin Azərbaycanla, xalqımızla bağlı arzuları bitib–tükənməz, Vətənə, xalqa olan məhəbbəti hədsiz–hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. O, dünyanın hansı nöqtəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Bu dahi insan Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı və bu yolda ömrünü şam kimi əritdi. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir…
Heydər Əliyev əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək–tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqımızın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər ki, müsətəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir. Ulu öndərin yolu xalqımızı firavan gələcəyə aparır. Dahi və əzəmətli şəxsiyyətin yolunun davamı müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaşımız üçün firavan və rahat həyat şəraitinin yaradılması deməkdir. Heydər Əliyevin başladığı işləri davam etdirmək, qurduğu dövləti yeni–yeni uğurlara çatdırmaq onun ruhu qarşısında ən ümdə borcumuzdur!
Müasir Azərbaycanın yaradıcısı, xalqımızın fədakar oğlu öz həyatının mənasını doğma Vətəninə və xalqına xidmətdə görürdü, bu məqsədlə gecə–gündüz çalışırdı. Ulu öndərin mənalı ömür yolu vətənə sədaqət nümunəsidir. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin işlərini, onun dəyərli irsini örnək kimi qəbul edirdilər. Çünki onlar hələ sovetlərin zamanından Heydər Əliyevin nələrə qadir olduğunun şahidi idilər. Təkrarsız təşkilatçılıq qabiliyyətinə malik olan ulu öndərimiz milli iqtisadiyyatımızın dinamik inkişafından ötrü əlindən gələni edirdi. Xüsusən ən müxtəlif sahələrdə işləyəcək kadr potensialını yaratmaq Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdu. O zamanlar ölkəmizdə neçə–neçə böyük zavodlar və fabriklər, sosial–mədəni obyektlər tikilib istifadəyə verilmişdi. Bu müəssisələrin əksəriyyəti indi də fəaliyyətdədir və xalqın firavan həyata qovuşmasına xidmət göstərir.
Birmənalı şəkildə qeyd etmək olar ki, Heydər Əliyevin 1993–cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı başının üstünü almış bütün bəlalardan qorudu. Ölkə parçalanma ərəfəsində idi. Xalqın təkidi və xahişi ilə hakimiyyətə qayıtmış, təlatümlü və məcrasından çıxmış ölkəni xilas etmək naminə fədakarlıq göstərən ulu öndərimiz müasir tariximizin yeni bir səhifəsini yaratdı. Müstəqil Azərbaycan dövlətini daxili və xarici təhlükələrdən xilas edərək onu inkişaf və tərəqqi yoluna çıxartdı. Ölkəmizdə bərqərar olan sabitlik, həyatın bütün sahələrində qazanılan uğurlar Heydər Əliyevin müdrik və dahi şəxsiyyət olduğunu göstərdi.
Bu sabitlik və əmin–amanlıq nəticəsində nəhəng islahatlar həyata keçirildi. Qərb standartlarına uyğun qanunvericilik aktları qəbul edildi. İslahatlar respublikanın hərtərəfli inkişafına təkan verdi. Bu gün hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Ulu öndərin vaxtilə bölgələrə etdiyi səfərlər yaxşı xatirimizdədir. O, pambıq tarlalarında, taxıl zəmilərində, tikinti meydançalarında tez–tez olur, zəhmətkeşlərlə səmimi görüşlər keçirir, insanların firavan yaşaması üçün yerindəcə tapşırıqlar verirdi. Hakimiyyətdə olduğu 34 illik bir dövr ərzində rayonlarda yaradılmış istehsal və xidmət müəssisələri onun bilavasitə göstərişləri, layihələri və iradəsi sayəsində meydana gəlmişdir. Böyük öndərin bir diplomat kimi fəaliyyəti də hər birimizin gözləri qarşısındadır. Siyasət aləmində misli–bərabəri olmayan bu dahi şəxsiyyət Azərbaycanı qısa müddətdə bütün dünyaya tanıtdı. Təkcə “Əsrin müqaviləsi”ni göstərmək kifayətdir ki, bu barədə aydın təsəvvür olsun. Onun dünya miqyasında gördüyü işlər ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində əvəzsiz rol oynadı. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi Heydər Əliyevin şəxsi nüfuzu sayəsində mümkün olmuşdur.
Heydər Əliyev fenomeninə, istedadına və şəxsiyyətinə dünyanın ən aparıcı ölkələrinin dövlət başçıları da çox yüksək qiymət vermişlər. İngiltərənin keçmiş baş naziri M.Tetçerin qənaətinə görə, Heydər Əliyev zəmanəmizin ən görkəmli siyasi xadimlərindən idi. Dünyanın ən məşhur dövlət xadimlərinin portretlərinin müəllifi görkəmli rəssam Nikos Safronov Heydər Əliyevin 80 illik yubileyi münasibətilə onun portretini çəkərkən dahi rəhbərimizlə ünsiyyətdə olduqdan sonra bu qənaətə gəlmişdir ki, Heydər Əlirza oğlu Əliyev Tanrının yaratdığı möcüzədir, belə şəxsiyyətlər min ildə bir dəfə dünyaya gəlir.
Bu gün Azərbaycanda
Heydər Əliyev siyasətinin alternativi yoxdur. Ümummilli liderin siyasi
kursu Azərbaycanın
və regionun yeni lideri, Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Prezidentin imzaladığı fərman
və sərəncamlar
regionların sosial–iqtisadi
inkişafında, səhiyyənin,
təhsilin, mədəniyyətin,
yol–nəqliyyat kompleksinin
tərəqqisində böyük
rol oynayır. Bu isə o deməkdir
ki, ulu öndərin
ideyaları bu gün də yaşayır və bizləri daha böyük qələbələrə
sövq edir.
Rəsul
ZAMANOV,
Azərbaycan Melio
rasiya və Su Təsərrüfatı
ASC–nin Turyançay Suvarma
Sistemləri İdarəsinin rəisi.
Respublika.-2013.-19 may.-S.3.