YENİ AZƏRBAYCANIN
MEMARI
Xalqın milli–mənəvi birliyini təmin edən, tarixi yaddaşımızı özümüzə qaytaran, azadlıq və müstəqilliyimizi möhkəmləndirən və əbədiləşdirən, insanlara yeni tərzdə düşünmək və çalışmaq ideyalarını aşılayan ulu öndərimiz Heydər Əliyevin Azərbaycan tarixində müstəsna yeri vardır. Aparılan uğurlu neft siyasəti, düşmənlərin bəd əməllərinin qarşısına sipər çəkilməsi, iqtisadiyyat, elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən uğurlu islahatlar yalnız Heydər Əliyevin polad iradəsi sayəsində mümkün olmuşdur. Müstəsna uzaqgörənlik qabiliyyəti, ensiklopedik biliyi, bənzərsiz fədakarlıq kimi keyfiyyətləri ona imkan verdi ki, vətəni ağ günlərə çıxarsın, onu dünya ailəsinin gözündə yüksəltsin. Ulu öndərimiz bunu özünə bir vətəndaşlıq borcu bildi, həmin müqəddəs borca son nəfəsinədək sadiq qaldı.
Heydər Əliyev zamanı qabaqlayaraq hələ keçmiş SSRİ dövründə respublikamızın gələcək siyasi müstəqilliyi üçün iqtisadi bazanı yaratmaq yolunda gərgin iş aparırdı, ən müxtəlif sferalarda çalışa biləcək kadrların yetişdirilməsinə böyük diqqət yetirirdi. Ordu və donanmadan ötrü zabit kadrlarının hazırlanması imperiyanın tüğyan etdiyi şəraitdə həyata keçirilirdi, bu məqsədlə respublikanın özündə müvafiq təhsil ocaqları yaradılırdı. Heydər Əliyev yaxşı bilirdi ki, imperiya əsarətinin sonu əvvəl–axır yetişəcəkdir, ölkəmiz müstəqil, azad, suveren bir diyar olacaqdır, xalqımız özünün bütün problemlərini özü həll edəcəkdir. Buna isə hazır olmaq lazım idi və həmin məqsədlə ulu öndərimiz hər cür çətinliklərə qatlaşırdı, çox vaxt həyatını təhlükə qarşısında qoyaraq doğma millətin mənafelərini yüksək tribunalarda, mətanət və cəsarətlə müdafiə edirdi. Millətimizi istəməyənlərə, yuxarıdan kəc nəzərlərlə baxanlara, əməyimizi yerə vuranlara, hüquqlarımızı tapdalayanlara layiqli cavablar verirdi, onları yerində oturdurdu, sübut edirdi ki, kim kimdir və nəyə qabildir, heç bir xalqın heysiyyatı ilə oynamaq olmaz.
Biz o zaman o qədər də dərindən dərk edə bilməzdik ki, vətənimizin sədaqətli oğlu Moskvanı öz iradəsinə tabe etdirməklə, SSRİ–nin rəhbərlərini dəfələrlə ölkəmizə gətirtməklə, bayrağımıza ard–arda ali mükafatları sancdırmaqla nə qədər uzaqgörən bir fəaliyyətlə məşğul imiş. O, əslində bugünkü dövlətçiliyimizin, iqtisadi qüdrətimizin bünövrəsini qoyurdu. İmperiya xəzinəsindən əldə olunan sərmayələr hesabına o zaman respublikamızda istifadəyə verilən zavodların, fabriklərin, sosial–mədəni yönümlü obyektlərin sayı–hesabı yox idi və bunlar indiyə kimi xalqımızın xidmətindədir, bundan sonra da millətimizə xidmət göstərəcəklər. Bu mənada xalqımızın fədakar oğlu gələcək müstəqilliymizin konturlarını hələ o vaxt cızmışdı, yorulmaq bilmədən onları həyata keçirirdi, inkişaf yolumuzda parlaq məşəl alovlandırırdı.
Sadə əməkçi ailəsində dünyaya göz açıb zamanın maneələrindən keçən, öz fitri istedadı nəticəsində dünyanın superdövləti olan keçmiş SSRİ–nin rəhbərlərindən biri səviyyəsinə yüksələn, doğma xalqının ağır günlərində onun dadına çatan ulu öndər Moskvada işləyərkən də bir çox maneələrə mətinliklə sinə gərdi, qorbaçovlar güruhu tərəfindən başımızın üstünü almış qara buludları darmadağın etdi.
Ötən əsrin axırlarındakı ictimai–siyasi vəziyyətin tələb etdiyi obyektiv zərurətdən meydana gəlmiş YAP öz tarixi ərzində müstəqil Azərbaycanın bütün problemləri ilə birgə yaşamış, onunla birlikdə yetkinləşmiş siyasi təşkilatdır.
YAP haqqında danışarkən ilk növbədə unudulmaz və dahi rəhbərimiz Heydər Əliyev yada düşür. YAP–ın yaranması Heydər Əliyev fenomeninin xalqımız tərəfindən birmənalı və qətiyyətlə təsdiqi demək oldu, yəni bu siyasi təşkilatın yaranması bir tərəfdən tarixi zərurətdən irəli gəlmişdisə, digər tərəfdən Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin təsdiqi demək idi. Ölkəmizin keçdiyi inkişaf yolunda mühüm rol oynayan YAP–ın yaradıcısı olan ulu öndərimiz bu təşkilatı meydana gətirməklə Azərbaycanın siyasi gələcəyini müəyyənləşdirdi, obyektiv tarixi zərurəti reallığa çevirdi, xalqımızın istiqlal mücadiləsi uğurla basa çatdı.
Müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev insan azadlıqlarının, əmin–amanlıq və sabitliyin hakim olduğu bir dövlət yaratdı, ömrünün son günlərinədək bu mühüm nailiyyətin keşiyində durdu, onu göz bəbəyi kimi qorudu. Ulu öndərin dövlət quruculuğu və dövlətçilik siyasəti dünya liderlərinin fəaliyyətinə örnək olmağa layiqdir və zaman keçdikcə dövlət rəhbərləri, siyasət meydanının nümayəndələri bu zəngin irsdən və onun yaratdığı məktəbdən bəhrələnəcəklər.
Heydər Əliyev dühası ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, milli həmrəylik bərqərar oldu, cəbhədə atəşkəsə nail olundu, ordu quruculuğu həyata keçirildi, dövlət çevrilişlərinin qarşısı alındı. İqtisadiyyatda dağıdıcı proseslərin qarşısı alındı, bazar iqtisadiyyatını formalaşdıran uğurlu inkişaf mərhələsinə qədəm qoyuldu. Azərbaycan nüfuzlu dünya təşkilatlarına, o cümlədən Avropa şurasına tam hüquqlu bir ölkə kimi daxil oldu. Xarici ölkələr, aparıcı fövqəldövlətlər ilə bərabərlik, qarşılıqlı hörmət və milli mənafeyimizə uyğun şərtlər daxilində diplomatik münasibətlər yaradıldı, onun rəhbərliyi altında hazırlanan düşünülmüş konsepsiya əsasında tarazlaşdırılmış xarici siyasi kurs müəyyənləşdirilərək həyata keçirildi. Həmin siyasət bu gün də uğurla davam etdirilir.
Heydər Əliyev hər birimizi ən öncə azərbaycanlı olmağa çağırırdı. Ulu öndərimizin bir kəlamını heç zaman unutmaq olmaz: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu, ürəkdən gələn səsdir, milli ideyadır, gələcək nəsillərə yol göstərən yığcam konsepsiyadır.
Partiyamız tarixən cavan olsa da, çətin inkişaf yolu keçmişdir. Azərbaycan dərin sosial və iqtisadi böhran keçirən zamanlarda partiyamız Heydər Əliyevin rəhbərliyi altında ön mövqelərdə fəaliyyət göstərirdi. Qəti savaşa atıldı. Azərbaycan dövlətinin başının üstünü təhlükə alanda, xaos və hərc–mərclik dalğaları vətənimizi bürüyəndə, müstəqil dövlətimizə qarşı sui–qəsdlər təşkil olunanda YAP həmişə ön səngərlərdə xalqımıza arxa, dövlətçiliyimizə dayaq olmuşdur. Hamımız görmüşük və şahidi olmuşuq ki, ölkəmizdə hakimiyyət uğrunda mübarizə aparan bir qrup səriştəsiz şəxsin yaratdığı qarmaqarışıqlıq ümumi inkişafımıza, yenicə müstəqillik əldə etmiş dövlətimizə nə qədər ziyan vurdu. YAP üzvləri bu hərc–mərcliyin önünə sipər çəkərək möhkəm dayandı, öz mövqelərini əldən vermədi, nəyə qadir olduğunu nümayiş etdirdi. Ölkədə ictimai–siyasi sabitliyin və əmin–amanlığın bərqərar olmasında, bazar iqtisadiyyatı əsasında neft strategiyasının işlənilib hazırlanmasında və reallaşdırılmasında YAP–ın köməyi böyükdür.
İndi xalqımız Heydər Əliyevin siyasi varisi —yüksək intellektli, praqmatik düşüncəli, müasir iqtisadiyyatın və dünya siyasətinin bilicisi, son dərəcə enerjili və təşəbbüskar şəxsiyyət olan hörmətli prezidentimizin ətrafında sıx birləşmişdir. Prezidentimizin rəhbərliyi ilə dövlət strukturları bütün regionların inkişaf etdirilməsinə, vətəndaşların firavan yaşamasına səy göstərir və bunu öz fəaliyyətlərində prioritet hesab edirlər. Dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, ölkədaxili siyasətin ən öncül, ən önəmli istiqaməti Azərbaycanın hər bir guşəsini, regionunu abad və müasir bölgəyə çevirməyə yönəlmişdir. Rayonlara müntəzəm səfərlər, sakinlərlə işgüzar və səmimi görüşlər həmin siyasətin reallaşmasına əvəzsiz və misilsiz kömək və ciddi dövlət nəzarəti deməkdir. Regionların sosial–iqtisadi inkişafı, əhalinin sosial problemləri, yeni iş yerlərinin açılması ilə bilavasitə yaxından tanışlıq, adamları düşündürən məsələlərə yaradıcı və qayğıkeş yanaşma hamı tərəfindən rəğbətlə qarşılanır və xalq prezidentin fəaliyyətini tam dəstəkləyir, ona dərin minnətdarlığını bildirir.
Cənab İlham Əliyev ölkəyə bir rəhbər kimi başçılıq etməkdə nə qədər mahir və müdrik olduğunu çoxdan sübuta yetirmişdir, çünki onun siyasəti ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun davamıdır.
YAP sədri cənab İlham Əliyev ötən qurultayımızda çox düzgün olaraq qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası güclü təşkilatdır. Azərbaycanın ictimai–siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyildir. Bu qiyməti YAP öz fəaliyyətində nümayiş etdirdiyi mətinlik, ölkənin siyasi həyatında göstərdiyi şəriksiz və şəksiz liderliyi ilə qazanmışdır. İndi məsləkdaşlarımızın ən ümdə borcu bu liderliyi qoruyub saxlamaq, mənsub olduğumuz siyasi əqidənin şərəfini doğrultmaq, yüksək qiymətə nahaqdan sahib olmadığımızı bir daha dönə–dönə sübut etməkdir.
Azərbaycanın müasir və gələcək inkişafında, xalqımızın tarixi taleyində mühüm rol oynayan, dövlət müsəqilliyimizin möhkəmləndirilməsində əsas təşkilatçı potensial olan YAP–ın sıralarına daha çox gənc insanların və fəal qadınların gəlməsi təbii hala çevrilmişdir. Bu gün onlar partiyamızın lider mövqeyinin təmin olunmasında ən mübariz qüvvələrin təmsilçisidirlər və həmin üzvlər öz təşəbbüskarlıqları, fəallıqları ilə ölkəmizin hərtərəfli inkişafı üçün öz səyləri ilə seçilirlər. Rayonumuzun YAP–çıları öz qabiliyyətlərinə və fəal mövqelərinə, bilik və bacarıqlarına görə idarəetmə orqanlarında, istehsal və xidmət obyektlərində aparıcı rola malikdirlər. Onların siyasi fəallığını yüksək qiymətləndirməmək mümkün deyildir.
Bu gün YAP sürətlə tərəqqi edən siyasi qüvvədir. Partiyamız təşkilatca daim möhkəmlənir, onun sıralarına gənc, savadlı, müxtəlif peşə sahibləri gəlirlər. Belə bir qüvvə isə heç zaman hadisələrin inkişafından geri qala, uğursuzluğa düçar ola bilməz. Ölkəmizdə genişlənən quruculuq işlərində partiyamız təşkilatçı və ilhamverici qüvvə kimi çıxış edir. Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzunun daim artmasını ölkədə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində nümayəndələrimizin qələbələrinin təmin olunması bir daha aydın göstərmişdir.
Beləliklə, Heydər Əliyevin ideyaları hər zaman yaşayır, gələcəyə parlaq nur saçır və qalib gəlir. Böyük düha sahibinin zəkasının və uzaqgörənliyinin bəhrəsi olan partiyamız isə öz sıralarını gündən–günə möhkəmdələndirir, xalqımızın mübariz avanqardına çevrilir.
Ulu öndərimizin başladığı islahatlar, onun müəyyən etdiyi strateji kurs uğurla həyata keçirilir. Ölkəmizdə genişmiqyaslı layihələr reallaşdırılır, kənd təsərrüfatında və sənayedə çox böyük nəticələr qazanılır, dövlət proqramları dinamik şəkildə yerinə yetirilir, tikinti–abadlıq və sosial tədbirlərin vüsəti günbəgün artır. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəltdiyi tədbirlər, Azərbaycanın gələcəyi, sosial–iqtisadi inkişaf perspektivləri ilə bağlı praqmatik və realist fikirləri təkcə respublikamızda deyil, xarici ölkələrdə də maraqla qarşılanır və diqqətlə izlənilir.
Heydər Əliyev ən geniş mənada dövləti xalqa, xalqı dövlətə möhkəm və qırılmaz tellərlə bağladı. Buna görə də bizim nəslin nümayəndələri, övladlarımız, Azərbaycanın bütün oğul və qızları ulu öndərimizin parlaq ideyalarını daim qorumalı, yaşatmalı, inkişaf etdirməli, onun müqəddəs vəsiyyətlərini layiqincə həyata keçirməlidirlər. İnanırıq ki, bizim bu günümüz kimi, sabahımız da Heydər Əliyev zəkasının məhsulu olan siyasi kursla daim irəli gedəcəkdir.
Mirsüleyman MİRXASLİ,
YAP Cəlilabad
rayon təşkilatının sədri.
Respublika.-2013.-19 may.-S.4.