NƏRİMAN NƏRİMANOV VƏ AZƏRBAYCAN KİTABI

 

Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biri olan Nəriman Nərimanov elmin, savadın, biliyin nə demək olduğunu yaxşı bilirdi. Elmi, savadı, biliyi isə kitabsız təsəvvür etmək mümkün deyil. Ona görə də Nəriman Nərimanov 1920–ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduğu gündən xalqın savadlanmasını, elmin, maarifin, mədəniyyətin inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlamışdır. Həmin dövrdə Azərbaycanda kitabların sayı olduqca az idi. Yalnız XIX yüzilliyin axırlarından etibarən müxtəlif qəzet və jurnallar çıxmağa başlamışdı. Onların da çoxunun ömrü az olmuş, bəziləri böyük fasilələrlə çıxmış, bir qismi isə yerli burjuaziyanın və rus imperiyasının maraqlarına xidmət etmişdir. Azərbaycan mətbuatının qaranquşu olan “Əkinçi” qəzeti cəmi iki il çap olunmuşdur. “Molla Nəsrəddin” jurnalı böyük çətinliklərlə, uzun fasilələrlə, həm də ciddi təzyiqlər və nəzarət altında çıxmış, gah Tiflisdə, gah da Təbriz və Bakıda sığınacaq tapmışdır. Nəriman Nərimanov bütün bunları görür, bilir və ona görə Azərbaycanda kitab işini dövlətin qayğısı altına almaq və dövlətin nəzarətində saxlamaq istəyirdi.

1920–ci ildə bir qrup adam dövlətin yeni qurulmağından, zəifliyindən, yaranmış qarışıqlıqdan bacarıqla istifadə edərək əllərinə düşən kitabları Azərbaycandan kənara daşımağa başlamışdılar. Bu məlumat Nəriman Nərimanova çatdırılmışdır. N.Nərimanov kitabın Azərbaycandan kənara daşınmasının gələcəkdə törədəcəyi çətinlikləri, hətta dəhşətləri yaxşı dərk etdiyindən bu məsələyə dərhal münasibət bildirmişdir. 7 oktyabr 1920–ci il tarixdə Azərbaycan İnqilab Komitəsinin 228 saylı dekreti imzalanmışdır. Dekret “Kitabların və texniki–peşə biliklərinə aid dərs vəsaitlərinin Azərbaycan SSR hüdudlarından kənara daşınmasının qadağan edilməsi haqqında” adlanır. Dekretin əhəmiyyəti onun adından aydın görünür. Lakin onun faydası ayrı–ayır maddələrdə çox kəskin şəkildə qoyulmuşdu. Ona görə də Dekretin bütün mətninin çapına, məzmunu ilə tanışlığa ehtiyac duyulur.

7 oktyabr. Texniki–peşə ədəbiyyatının Azərbaycanın hüdudlarından kənara daşınmasının qadağan edilməsi

haqqında Dekret, N–228

Texniki–peşə biliklərinə dair dərs vəsaitlərinin və kitabların Azərbaycan SSR hüdudlarından kənara daşınmasının qadağan edilməsi haqqında

Hazırkı dövrdə texniki–peşə ədəbiyyatının və müxtəlif dərs vəsaitlərinin sürətlə Azərbaycan SSR hüdudlarından kənara daşındığı müşahidə edilmişdir.

Azərbaycan İnqilab Komitəsi qısa müddətdə Azərbaycan SSR ərazisində texniki–peşə təhsilini yaratmağa başlanmağı və bunun da elmi vəsaitlər olmadan həyata keçirilməsinin mümkünsüzlüyünü bilərək qərara alır:

1. Texniki–peşə ədəbiyyatının və dərs vəsaitlərinin Azərbaycan SSR hüdudlarından kənara daşınmasını qadağan etmək.

2. Kitabların və dərs vəsaitlərinin daşınmasına yol verilməsinə nəzarət UTÇK və MORTÇK–nın sərhəd dəstələrinə həvalə edilsin.

3. Kitabların və dərs vəsaitlərinin Azərbaycan SSR hüdudlarından kənara daşınması məqsədilə satışında və yenidən satışında yaxalanmış şəxslər inqilab dövrünün qanunları əsasında məsuliyyət daşıyır.

4. Bu Dekretin müddəalarını yerinə yetirməyən dövlət orqanları İnqilab Tribunalının məhkəməsinə verilir.

N.Nərimanov,

İnqilab Komitəsinin sədri.

Bünyadzadə,

Xalq təhsil komissarı.

Qabriçidze,

İnqilab Komitəsinin katibi.

Göründüyü kimi, bu Dekretlə nəinki kitabların ölkədən kənara çıxarılması qadağan edilmişdi, hətta buna yardımçı olan şəxslər haqqında cinayət məsuliyyəti də nəzərdə tutulmuşdur.

Bu Dekret kitabın ölkədən kənara daşınmasının qarşısını almağın ən yaxşı yolu idi. Bundan başqa, N.Nərimanovun kitaba verdiyi qiymətin və ona göstərdiyi qayğının da Dekretin mətnində aydın ifadəsini görürük.

N.Nərimanovun kitaba necə böyük qiymət verdiyi onun imzaladığı Azərbaycan dilində dərslik yazan müəlliflərin əməyinin qiymətləndirilməsi haqqında 6 oktyabr 1920–ci il tarixli 227 saylı Dekretdə öz ifadəsini tapmışdır. Dekretdən aydın görünür ki, 6 oktyabr 1920–ci il tarixdə Xalq Təhsil Komissarlığı Kollegiyasının qərarına əsasən məktəb şöbəsi yanında türk (Azərbaycan—red.) dilində dərsliklərin tərtibi üzrə komissiya yaradılmışdır. Hər iki sənədin eyni gündə qəbul edildiyinə əsaslanıb demək olar ki, Xalq Təhsil Komissarlığı Kollegiyasının qərarı məhz Nəriman Nərimanovun göstərişi ilə hazırlanmışdır. Dekretin əsas məzmununda türk dilində dərsliklərin olmadığı, onların yazılmasının birinci dərəcəli əhəmiyyət kəsb etdiyi göstərilmiş və dərslik yazan müəlliflərin əməyinin yüksək qiymətləndirilməsinin vacibliyi öz əksini tapmışdır. Dekretin qərar hissəsi iki bənddən ibarətdir. Onların məzmunu aşağıda olduğu kimi verilmişdir:

1. Komissiyanın təşkil olunduğu gündən etibarən işçilərə mütəxəssis kimi universitetin professorları ilə eyniləşdirilərək dərsliklərin tərtibi üzrə bütün fənn komissiyalarının sədrlərinə—rəhbərlərinə əlavə saxlama üçün 10 min manat, fənn komissiyalarının üzvlərinə 5 min manat olmaqla əməkhaqqı təyin edilsin.

2. Universitetin professorları ilə eyni həcmdə ərzaq payı verilsin.

Bu dekretin həyata keçirilməsi Xalq Maarif Komissarlığına tapşırılsın.

N.Nərimanov,

İnqilab Komitəsinin sədri.

Bünyadzadə,

Xalq maarif komissarı.

Qabriçidze,

Katib.

Bu Dekretlə dərslik yazan müəlliflərin universitetin professorlarına bərabər tutulması, onlara professorlarla eyni həcmdə ərzaq payı ayrılması, yüksək əməkhaqqı verilməsi, birinci növbədə bu işin nə qədər ağır, çətin zəhmət bahasına başa gəldiyini göstərir, ikincisi isə N.Nərimanovun bütün bu məsələlərə dərindən bələd olduğu, onun əhəmiyyətini düzgün qiymətləndirdiyi haqqında aydın təsəvvür yaradır.

Dekretin mətnində birbaşa göstərilməsə də, əməkhaqqının yüksəkliyinə və ərzaq payı haqqında deyilənə əsaslanıb dərslik yazan müəlliflərin bütün sosial və iqtisadi problemlərdən azad edildiklərini söyləmək olar. Bundan başqa, “Ərzaq payının universitet professorları ilə eyniləşdirilməsi” ifadəsi göstərir ki, həmin dövrdə universitet professorları yüksək səviyyədə təmin edilmişlər.

 

 

İslam SADIQ,

şair, tənqidçi.

 

Respublika.-2013.-19 may.-S.5.