MƏNALI ÖMÜR YOLU
Allah insana ömür bəxş edir, onu necə yaşamaq isə insanın öz əlindədir. O kəslər xoşbəxtdir ki, öz biliyi, zəkası, əməli və zəhməti ilə ona verilən həyatı məzmunlu və mərdanə yaşayır, həm cəmiyyətə, həm də insanlara fayda verir. Uzun illər ərzində prokurorluq və məhkəmə orqanlarında çalışmış, təcrübəli hüquqşünas kimi ad qazanmış Sahib Hüseyn oğlu Məmmədov da məhz belə insanlardan biri idi. Sahib müəllim yüksək insani keyfiyyətləri, sadəliyi, səmimiliyi, obyektivliyi və prinsipiallığı ilə başqalarından fərqlənib, ona tapşırılan bütün işləri həmişə böyük məsuliyyətlə yerinə yetirib.
Sahib Məmmədov 1947–ci il yanvarın 2–də Şəmkir rayonunun Qapanlı kəndində anadan olub. Hələ yeniyetmə vaxtlarından onun hüquqşünas olmaq arzusu böyük idi. Rayon telefon–avtomat stansiyasında elektrik montyoru kimi əmək fəaliyyətinə başlasa da, bu istək onun gələcək ömür və tale yolunun müəyyənləşdirilməsində mühüm rol oynayıb. Orta məktəbi əla və yaxşı qiymətlərlə başa vuran Sahib Məmmədov 1965–ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə qəbul olunur və 1969–cu ildə burada təhsilini başa vurur.
O, hüquqşünas kimi ilk əmək təcrübəsini Qazaxıstanın İliyuski Daxili İşlər Şöbəsində müstəntiq vəzifəsində keçirib. Burada çalışdığı 1969–1970–ci illərdə lazımi təcrübə toplayıb, peşəsinin incəliklərinə yiyələnib.
Sonradan Azərbaycana qayıdan Sahib Məmmədov 1971–1979–cu illərdə respublika prokurorluq orqanlarında — Yardımlı, Lənkəran, Biləsuvar, Xətai rayon prokurorluqlarında müstəntiq, sonra isə Bakı şəhər prokurorluğunda baş müstəntiq vəzifələrində çaışıb. Cinayətkarlığa, ayrı–ayrı silahlı qruplara qarşı mübarizədə biliyi, təcrübəsi karına gəlib. Yaxşı işinə görə dəfələrlə rəhbərliyin təşəkkürünü alıb. Ölkədə cinayətkarlığın qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsində fəal iştirak edib. Həmişə də öz obyektivliyi və qətiliyi ilə seçilib.
Sahib müəllimin sonrakı fəaliyyəti respublikamızın məhkəmə sistemi ilə bağlıdır. Belə ki, o, 1979–1983–cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində əvvəlcə məsləhətçi, sonradan isə baş məsləhətçi, 1983–1985–ci illərdə isə nəzarət şöbəsinin rəisi vəzifələrində çalışıb. 1985–1987–ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Sahib müəllim 1987–1990–cı illərdə Sumqayıt şəhər xalq məhkəməsinin sədri vəzifəsində çalışıb.
Sahib Məmmədovla birgə işləyənlər və onu yaxından tanıyanlar deyirlər ki, onun böyüklüyü zəhmətsevərliyində, vətənpərvərliyində, tələbkarlığında, qayğıkeş olmasında, təsəbbüskeşliyində, təşkilatçılığında və yüksək intellektə sahib olmasında idi. Sahib müəllim ona müraciət edənlərə həmişə qayğı ilə yanaşıb, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hamıya eyni gözlə baxıb, obyektiv olmağı hər şeydən uca tutub. S.Məmmədov ulu öndərimiz Heydər Əliyevin müdrik kəlamını dönə–dönə xatırladırdı: Dövlət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda, bir də günahsıza cəza veriləndə. Odur ki, hər bir prosesə məhz qanunun aliliyinin gözü ilə baxılmalı, bütün hallarda ədalət hər şeydən üstün olmalıdır.
Müstəqillik illərində uzun müddət Səbail rayon məhkəməsinin sədri vəzifəsində çalışan Sahib Məmmədov Azərbaycanda gedən böyük abadlıq–quruculuq işlərinin, demokratik–hüquqi dövlət quruculuğu proseslərinin hüquq–mühafizə orqanlarının qarşısında yeni tələb və vəzifələr qoyduğunu və bunun öhdəsindən gəlmək üçün var qüvvələrini sərf etdiklərini bildirir, yeni nəsil daha peşəkar kadrların yetişdirilməsi naminə səylə çalışırdı. Sahib müəllim deyirdi ki, məhkəmələrin müstəqilliyi ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu müəyyənləşdirən və bu istiqamətdə konseptual mahiyyət daşıyan köklü islahatlar həyata keçirən ümummilli liderimiz Heydər Əliyev müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirib. Məhkəmə–hüquq islahatlarının nəticəsində Konstitusiya Məhkəməsi təsis olunmuş, 2000–ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır. Bütün bunlar ulu öndərimiz Heydər Əliyevin Vətən və xalq qarşısında danılmaz xidmətlərindəndir.
Sahib Məmmədov 2000–ci ilin sentyabrından 2003–cü ilin avqust ayına kimi Azərbaycan Respublikası Ali Məhkəməsində Nəzarət şöbəsinin rəisi, 2003–2004–cü illərdə isə Ali Məhkəmənin katibliyinin rəisi vəzifələrində çalışıb. 2004–cü ilin noyabrından Ali Məhkəmənin Aparatının rəhbəri kimi fəaliyyət göstərib. Həmin ilin dekabr ayında ona Baş ədliyyə müşaviri rütbəsi verilib.
S.Məmmədov həm də gözəl ailə başçısı idi. Ömür vəfa versəydi, həyatda hələ çox işlər görəcəkdi. Bu ilin may ayında dünyasını dəyişməsi ailə üzvlərini, onu tanıyanları sarsıtdı. Təsəlli odur ki, Sahib müəllimin övladları onun sevimli peşəsini uğurla davam etdirirlər. Deməli Sahib müəllimin arzuları onun övladalarında, davamçılarında yaşayır və çiçəklənir. İnsan üçün bundan böyük xoşbəxtlik ola bilməz.
Emin QASIMOV
Respublika.-2013.-19 may.-S.5.