Tanınmış kaman ustası

 

Əsl sənət fədaisi, hər zaman ifası ilə qəlblərə sərinlik gətirən, vaxtsız dünyadan köçən sevimli kaman ustası Ədalət Səfərəli oğlu Vəzirov haqqında yazmağı özümə borc bilirəm. Ədalət Vəzirov 1951–ci il aprelin 27–də, Bakıda tanınmış qarmon ifaçısı Səfərəli Vəzirovun ailəsində anadan olmuşdu. Hələ uşaqlıqdan xalq musiqisinə böyük maraq göstərib, əvvəlcə Bakının 6 saylı uşaq musiqi məktəbini, 1969–cu ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. Tələbə ikən Asəf Zeynallı adına Bakı ortaixtisas, 6 saylı uşaq musiqi məktəbində pedaqoji işlə yanaşı, Azərbaycan konsert birliyində, xalq artisti, dünya şöhrətli müğənnimiz Zeynəb Xanlarovanın ansamblında solist kimi fəaliyyətə başlamışdır. 1974– ildə Konservatoriyanı bitirəndə artıq 23 yaşlı Ədalət Vəzirov sənət aləmində öz dəst–xətti, ifaçılıq məharəti ilə seçilirsevilirdi.

Bakı Musiqi Akademiyasının dosenti kimi Ədalət müəllim öz ixtisası sahəsində elmimetodiki işlə də mütəmadi məşğul olurdu.

O, kamança sənətinin tədrisi ilə bağlı dəyərli, elmi əhəmiyyətli müxtəlif metodiki tövsiyə, rəy, işləmə və köçürmələrin müəllifidir.

Ədalət Vəzirov həm muğam üçlüyü, həm simfonik orkestr ilə solo ifaçılığı və həm də pedaqoji fəaliyyəti ilə seçilirdi. Dünyanın 40–dan çox ölkəsində – ABŞ, Kanada, İspaniya, Yaponiya, İran, Turkiyə, Almaniya, Fransa, Hollandiya, Tunis, Əlcəzair, Avstraliya, Yəmən, Gürcüstan, Rusiya, Özbəkistan və başqa yerlərdə dəfələrlə konsert proqramı ilə çıxış edərək Azərbaycan musiqisini ləyaqətlə təmsil etmişdir.

1997–ci ildə Özbəkistanın Səmərqənd şəhərində “Səhər təranələri” adı altında keçirilən muğam simpoziumunda xanəndə Simarə İmanovaxalq artisti, görkəmli tarzən Zamiq Əliyevlə birlikdə ən yüksək “QRAN–PRİ” mükafatına layiq görülmüşdür. 1997–ci ildən Turkiyənin “TEKFEN” Qaradəniz Filarmoniyasının orkestrində Azərbaycan musiqisini solo ifası ilə təmsil edən ilk azərbaycanlı kaman ifaçısı məhz Ədalət Vəzirov olmuş, həmin orkestrdə Hacı Xanməmmədovun və Zakir Bağırovun Kamançasimfonik orkestr üçün yazdığı konserti dəfələrlə Türkiyənin ən möhtəşəm konsert salonlarında yüksək ifaçılıq məharəti ilə milyonlara sevdirmişdir.

Ədalət Vəzirov 2002–ci il oktyabrın 5–də, 51 yaşında, İstanbul şəhərində dünyasını dəyişmişdir. Respublikanın əməkdar artisti, məşhur kaman ifaçısı Ədalət Vəzirovun əziz xatirəsi daim qəlbimizdə yaşayır və yaşayacaqdır.

 

 

Elşad Dağlı.

 

Respublika.-2013.-19 may.-S.8.