Azərbaycan iqtisad
elminin korifeyi
Azərbaycan iqtisad elminin təşəkkülü və inkişafında, yüksək ixtisaslı peşəkar iqtisadçı alimlər ordusunun hazırlanmasında müstəsna xidmətləri olan görkəmli iqtisadçı, böyük vətəndaş alim, qayğıkeş və müdrik insan akademik Əhməd Əkbər oğlu Mahmudovun anadan olmasının 90 ili tamam olur. Amansız ölüm onu müdriklik çağının zirvəsinə çatdığı bir vaxtda—1989–cu il may ayının 8–də 66 yaşı tamam olmamış bizdən ayırdı. Lakin 24 ildən çox vaxt keçməsinə baxmayaraq, onun əziz xatirəsi ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan ziyalılarımızın, rəhbərlik etdiyi AMEA–nın İqtisadiyyat İnstitutunun əməkdaşlarının yadından bir an belə çıxmamışdır. O, bu gün də öz xeyirxah əməlləri, zəngin irsi ilə bizimlə yaşayır, əbədiyaşar müasirimizdir.
Akademik Əhməd Mahmudov 1923–cü il may ayının 25–də Azərbaycan Respublikasının qədim və zəngin tarixi diyarı Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şaxtaxtı kəndində anadan olmuşdur. O, 1941–ci ildə orta məktəbi bitirmişdir. 1942–ci ildə sovet ordusu sıralarına çağırılmış və 1945–ci ilədək Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Ordu sıralarından təxris olunduqdan sonra bir qədər doğma Şaxtaxtı kəndində müəllimlik etmiş, 1946–cı ildə Bakı şəhərinə gəlib Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun uçot–statistika fakültəsinə daxil olmuş və 1950–ci ildə oranı fərqlənmə diplomu ilə bitirib bir qədər Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyində iqtisadçı vəzifəsində çalışmışdır. Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunun aspiranturasına imtahan verib təhsilini davam etdirmək üçün SSRİ EA İqtisadiyyat İnstitutuna ezam olunmuşdur. 1950–1954–cü illərdə Moskvada aspiranturada oxumuş, 1955–ci ildə “Müharibədən sonrakı dövrdə Noraşen rayonu kolxozlarının ictimai təsərrüfatının inkişafının əsas məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Sonra böyük elmi işçi kimi tədqiqatını davam etdirmiş, “Azərbaycan SSR–in kolxozlarında əkinçiliyin intensivləşdirilməsinin iqtisadi problemləri (pambıq əkən kolxozların timsalında)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1968–ci ildə ona iqtisad elmləri doktoru alimlik dərəcəsi, 1969–cu ildə isə professor elmi adı verilmişdir. Əhməd Mahmudov 1972–ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1983–cü ildə isə həqiqi üzvü (akademik) seçilmişdir. O, 1956–1958–ci illərdə böyük elmi işçi, 1958–1964–cü illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, 1964–cü ildən 1989–cu il may ayının 8–dək həmin institutun direktoru vəzifəsində çalışmışdır. Əhməd Mahmudov 1959–cu ildə Azərbaycan SSR “Bilik” cəmiyyətinin iqtisadi bilikləri təbliğ etmək üzrə Elmi–Metodik Sovetin sədri olmuşdur. O, 1964–1988–ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında İqtisadiyyat üzrə Problem Şurasının sədri, 1976–1988–ci illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda fəaliyyət göstərmiş Dissertasiya Şurasının sədri; “1981–1985–ci illərdə və 1990–cı ilədək olan dövrdə respublikanın Ərzaq Proqramının işlənib hazırlanması tədbirləri” üzrə hökumət Komissiyasının sədr müavini; “1981–1985–ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında planlaşdırma və iqtisadi həvəsləndirmənin tətbiqi məsələləri” üzrə idarələrarası komissiyanın üzvü; Azərbaycan SSR EA tarix, iqtisadiyyat, fəlsəfə və hüquq bölməsinin akademik–katibinin müavini; SSRİ EA Elm və Texnika Komitəsinin “Elmi–texniki və sosial–iqtisadi proqnozlaşdırmanın regional komissiyasının” üzvü və 1983–cü ildə “SSRİ aqrar–sənaye kompleksinin iqtisadiyyat, sosial və hüquq problemləri” üzrə Elmi Şurasının Azərbaycan filialının sədri olaraq çox səmərəli fəaliyyət göstərmişdir. Əhməd Mahmudovun elmi yaradıcılığı çoxcəhətli və rəngarəng olmuşdur. O, 1955–ci ildən ömrünün sonunadək əvvəlcə Azərbaycan SSR EA İqtisadiyyat bölməsində və İqtisadiyyat İnstitutunda 34 il və ona rəhbərlik etdiyi 25 ilə yaxın bir dövr ərzində onlarca fundamental və sanballı tədqiqat əsərləri, monoqrafiya, kitab, dərslik, çoxlu elmi məqalələr yazıb çap etdirmişdir. Onların bir çoxu xarici ölkələrdə, o cümlədən Rusiyada, Belarusda, Moldovada, Özbəkistanda və s. çap edilmişdir.
Akademik Əhməd Mahmudovun diqqəti çəkən və çap edildiyi dövrlərin tələbləri ilə tam üst–üstə düşən və indi də öz aktuallığını itirməmiş əsərləri arasında “Azərbaycan kənd təsərrüfatında əmək məhsuldarlığı və onun yüksəldilməsi yolları” (1959), “Dağlıq Şirvan kolxozlarının torpaq fondu və ondan istifadə edilməsi yolları” (1961), “İntensivləşdirmə kənd təsərrüfatının inkişafında başlıca yoldur” (1962), “Kənd təsərrüfatı iqtisadiyyatında riyaziyyatın tətbiqi” (1965), “Riyaziyyatın iqtisadiyyata tətbiqi” (1966), “Azərbaycan SSR–in kolxozlarında əkinçiliyin intensivləşdirilməsinin iqtisadi problemləri” (1964), “İntensivləşdirmə istehsalın inkişafının mühüm istiqamətidir” (1972), “Kənd təsərrüfatının intensivləşdirilməsinin iqtisadi səmərəliliyi” (1974), “Azərbaycan SSR–in kənd təsərrüfatı kəskin yüksəlişdə” (1978), “Sovet Azərbaycanının iqtisadiyyatının müasir mərhələdə inkişafı” (1980) və s. adlarını çəkmək olar.
Əhməd Mahmudovun elmi yaradıcılığında keçmiş SSRİ–nin görkəmli iqtisadçı alimləri ilə birlikdə Moskvada rus dilində çap edilmiş aşağıdakı tədqiqat işlərinin xüsusi yeri vardır: “Kənd təsərrüfatının intensivləşdirilməsinin iqtisadi problemləri” (1966), “Kənd təsərrüfatı sahələrinin intensivləşdirilməsi” (1969), “Kənd təsərrüfatının inkişafının ictimai–iqtisadi problemləri” (1979), “Elmi–texniki tərəqqi və sosial–iqtisadi inkişafın əsas istiqamətləri”, “SSRİ–nin 1986–2005–ci illər üçün elmi–texniki tərəqqinin kompleks proqramı. Azərbaycan SSR–in elmi–texniki tərəqqisinin proqramı” (1983).
Ə.Mahmudovu tədqiqatçı alim kimi səciyyələndirən əsas cəhət seçdiyi tədqiqat obyektinə həmişə sadiq qalması idi. Bu görkəmli iqtisadçı alim bütün yaradıcı həyatını ölkəmizin aqrar iqtisadiyyatının çoxsaylı problemlərini öyrənməyə həsr etmişdir. Bu sahənin tədqiqi Azərbaycan üçün həmişə aktual olmuş və indi də aktualdır. Respublikanın məcmu ictimai məhsulunun formalaşdırılmasında, məşğulluğun təmin edilməsində keçmişdə və indi də kənd təsərrüfatı iqtisadiyyatının müstəsna yeri vardır. Lakin zaman–zaman kənd təsərrüfatı iqtisadiyyatının yeni və müxtəlif problemləri meydana çıxmış və bu problemlər böyük iqtisadçı alimin konkret tədqiqat obyektinə çevrilmişdir. Alim hələ aspirantlıq illərində Naxçıvan Muxtar Respublikasının və Şirvan bölgəsinin torpaqlarını, onlardan səmərəli istifadə olunması yollarını ətraflı tədqiq etmiş və çox mühüm elmi nəticələr almağa müyəssər olmuşdur. Torpağın çox nadir və məhdud resurs olmaqla bərabər, müqəddəsliyi bu böyük iqtisadçı alimin nəzər–diqqətini elə cəlb etmişdir ki, o, sonrakı tədqiqatlarında və silsilə məqalələrində bütövlükdə respublika torpaqlarından istifadənin ümumi metodoloji məsələlərinə dair fundamental əsərlər yazmışdır.
XX əsrin 60–cı illərinin axırı və 70–ci illərin əvvəlində iqtisadi inkişafda elə bir dövr gəlib çatmışdı ki, Sovetlər İttifaqı kimi nəhəng bir ölkənin zəngin iqtisadi resurs potensialına malik olmasına baxmayaraq, ekstensiv inkişaf səmərəli deyildi. Yüksək inkişaf səviyyəsinə malik olan xarici ölkələrlə ayaqlaşmaq üçün intensiv iqtisadi inkişaf amillərini hərəkətə gətirmək lazım idi. Bu cür amilləri axtarmaq, qiymətləndirmək, tətbiq edilməsinin imkanlarını müəyyənləşdirmək iqtisadçı alimlərdən xüsusi tədqiqatların aparılmasını tələb edirdi. Azərbaycanın aqrar strukturunun timsalında bu məsələləri ilk dəfə məhz akademik Əhməd Mahmudov ətraflı öyrənmişdi. Onun yuxarıda adıçəkilən əsərlərində intensivləşmənin nəzəri–metodoloji və konseptual əsasları, onun amillərinin stimullaşdırılması geniş tədqiq edilib öyrənilmişdir. Müəllif həmin əsərlərində Azərbaycan iqtisadiyyatından götürülmüş zəngin materiallar əsasında bu problemin reallaşdırılması məsələlərini ətraflı təhlil edib qiymətləndirmiş və mühüm elmi–nəzəri və təcrübəvi əhəmiyyəti olan nəticələr əldə etməyə nail olmuşdur.
XX əsrin 70–ci illərinin ortalarından etibarən ölkəmizin kənd təsərrüfatında yeni təsərrüfatçılıq forması kimi aqrarsənaye inteqrasiyası və aqrarsənaye komplekslərini inkişaf etdirmək zərurəti meydana çıxmışdı. Bu formanın həyatiliyini sübut etməklə bərabər, Azərbaycanda onun tətbiqinin və yayılmasının elmi–iqtisadi problemlərini də dərindən öyrənməyə böyük ehtiyac var idi. Bu məsələnin ağırlığı da görkəmli alim və elm təşkilatçısı kimi Ə.Mahmudovun üzərinə düşmüşdü. O, ətrafına rəhbərlik etdiyi İqtisadiyyat İnstitutunda və ölkənin başqa elm müəssisələrində çalışan gənc mütəxəssisləri cəlb etməklə Azərbaycanda aqrar–sənaye kompleksinin müstəqil planlaşdırma obyekti kimi dərindən və hərtərəfli öyrənilməsinə nail olmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə bu sahədə çoxlu əsərlər yazılıb işıq üzü görmüşdür.
Akademik Ə.Mahmudov görkəmli və uzaqgörən alim kimi intensivləşmənin ölkə iqtisadiyyatında getdikcə aktual bir məsələyə çevriləcəyini dərindən dərk edərək bu sahədəki tədqiqatlarını təkcə kənd təsərrüfatı ilə məhdudlaşdırmayıb, bütövlükdə respublika iqtisadiyyatına aid etməyə başlamış və həmin problemlərə dair bir sıra sanballı tədqiqat işləri apararaq onun nəticələrinin dövlət və hökumət orqanları tərəfindən istehsalata tətbiqinə nail olmuşdur. Şübhəsiz, makroiqtisadiyyat səviyyəsində tədqiqat aparmaq məsuliyyətli, çətin bir iş olmaqla bərabər həm də analitik düşüncə, hadisələri ümumiləşdirmək bacarığının olmasını da tələb edirdi. Bu böyük və realist alimin həmin sahədə atdığı addımı da çox uğurlu olmuşdu. Bu istiqamətdə apardığı elmi araşdırmalar bir çox ümumnəzəri və metodoloji məsələlərə akademik Əhməd Mahmudovun münasibətini formalaşdırmışdı. Həmin məsələlərdən biri də əmək məhsuldarlığının yüksəlməsi, obyektiv iqtisadi qanunun tələblərinin öyrənilməsi və onun istifadə edilməsi kimi çətin bir problemin öyrənilməsindən ibarət idi. Azərbaycanın iqtisadi ədəbiyyatında bu qanunun da tələblərinin öyrənilməsi ilk dəfə olaraq akademik Ə.Mahmudovun rəhbərliyi və bilavasitə iştirakı ilə araşdırılmışdır.
Ə.Mahmudovun yaşadığı dövrün böyük bir hissəsi totalitar dövlət sosializminin islahatlaşması mərhələsinə təsadüf etmişdir. Sosial–iqtisadi ədəbiyyatlara “Kosıgin islahatları” və “80–cı illərin islahatları” kimi daxil olan bu dövrdə konservatizm mövqeyində dayanmaq məqbul hesab oluna bilməzdi. Daim yenilik axtarışı etmək, hadisələri qabaqlamaq mümkün olmasa da, onlarla ayaqlaşmaq çox vacib idi. Bir elm təşkilatçısı kimi akademik Ə.Mahmudovun bu işdə məsuliyyəti daha böyük idi. Görkəmli iqtisadçı alim Əhməd Mahmudov həmin dövrün bu çətin və nisbətən ağır olan yükünü öz çiyinlərində məharətlə daşıya bilmişdi. Planlı sosializm cəmiyyətini bazar münasibətilə əlaqələndirmək üçün yeni təsərrüfatçılıq mexanizminin işlənib hazırlanması lazım gələndə (XX əsrin 70–80–ci illərində) akademik Ə.Mahmudov və onun rəhbərlik etdiyi AMEA İqtisadiyyat İnstitutunun iqtisadçı alimləri təsərrüfat hesabı, planlaşdırma, iqtisadi vasitələr, stimullaşdırmanın gücləndirilməsi, əmək və maliyyə resurslarından, habelə qənaətçilik üsullarından səmərəli istifadə edilməsi və maddi maraq məsələlərini geniş tədqiq edib onun nəticələrinin dövlət və hökumət orqanları tərəfindən reallaşdırılmasına çox bacarıqla və cəsarətlə nail olmuşdular.
Akademik Ə.Mahmudov paralel olaraq iki mühüm vəzifəni yerinə yetirmişdir. O, bir tərəfdən, öz tədqiqat obyekti üzrə elmi araşdırmalarını davam etdirir, digər tərəfdən isə respublikada iqtisad elminin və yüksək ixtisaslı iqtisadçı kadrlar hazırlığının aparıcı elmi müəssisəsi olan Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru kimi mühüm elmi istiqamətlərə başçılıq etməli olurdu. Ə.Mahmudov elmi məclislərdə və mətbuatda dəfələrlə iqtisad elminin aktual məsələlərini və vəzifələrini çox cəsarətlə işıqlandırmış, respublikada elmi koordinasiya mərkəzinin yaranmasında fəal iştirak etmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun və bu institutda işləyən alimlərin köməkliyi ilə 300 nəfərdən çox adam namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir. Bu, o dövr üçün çox böyük məsuliyyət və vətənpərvərlik idi.
Akademik Ə.Mahmudovun böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, elmdə müəyyən müqəddəs ənənələr formalaşdırmışdır və bu, hər şeydən əvvəl, onun yaratdığı təmiz mənəvi mühit idi.
Azərbaycan iqtisadiyyatının yeni dövrdə rastlaşdığı bir çox iqtisadi problemlər var ki, onlar hələ o zamanlar tədqiqatçıların, o cümlədən də akademik Ə.Mahmudovun diqqət mərkəzində olmuşdur. Bu problemlər sırasına daha çox intensiv inkişaf amillərinə istinad olunması, aqrar–sənaye kompleksinin struktur həlqələri arasında disproporsiyaların aradan qaldırılması, qiymət pariteti (sənaye məhsullarının qiymət səviyyəsi ilə kənd təsərrüfatı məhsullarının qiymət səviyyəsi arasında fərq), investisiyalardan istifadənin yaxşılaşdırılması, ətraf mühit və iqtisadiyyat, demoqrafik inkişaf, insan potensialı, insan kapitalı, məşğulluq və sair bu kimi məsələləri aid etmək olar. Bu məsələlər akademik Ə.Mahmudovun davamçıları kimi bizim daim diqqət mərkəzimizdədir.
Akademik Ə.Mahmudovun elmi və elmi–təşkilatçılığı ilə yanaşı, yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanması sahəsindəki xidmətləri də danılmazdır. Ə.Mahmudov yüksək ixtisaslı kadrların hazırlanmasına birinci dərəcəli əhəmiyyət verirdi. Onun bilavasitə rəhbərliyi və məsləhətçiliyi ilə onlarca doktorluq və namizədlik dissertasiyası müdafiə edilmişdir. Akademik Əhməd Mahmudov həm də İqtisadiyyat İnstitutunun direktoru olmaqla yanaşı, bir çox ictimai, dövlət və hökumət əhəmiyyətli komissiyaların sədri və üzvü kimi çox gərgin şəraitdə işləyir, çoxlu dövlət və hökumət tapşırıqları yerinə yetirirdi. Bütün bunlara o, çox vaxt sərf edirdi. Ömür vəfa etsəydi, ötən 24 il ərzində, ələlxüsus da ölkəmizin öz müstəqilliyinə qovuşduğu bu 21 il ərzində o, daha çox işlər görə bilərdi və heç şübhəsiz ki, onun hazırladığı elmlər namizədləri və doktorlarının, yazdığı elmi əsərlərinin sayı qat–qat çox olardı. Ən başlıca isə olanlardan ibarətdir ki, akademik Ə.Mahmudovun uzun müddət rəhbərlik etdiyi İqtisadiyyat İnstitutunun yaranması, formalaşması və inkişafı sahəsində xidmətləri olduqca böyükdür. Bu institut Ə.Mahmudovun ona rəhbərlik etdiyi dövrdən etibarən respublikada iqtisadiyyat sahəsində elmi–tədqiqat işlərinin əlaqələndirilməsi, ölkənin iqtisadiyyatyönümlü elmi–tədqiqat institutlarının və ali məktəblərin müvafiq kafedralarının yüksək ixtisaslı iqtisadçı kadrlarla təmin edilməsi sahəsində əsl aparıcı elmi mərkəzə çevrilmişdir. İnstitutun indiki rəhbərliyi və burada çalışan başqa görkəmli alimlərimiz bundan nəticə çıxarmalı və öz məsuliyyətlərini hiss etməlidirlər. Yoxsa sonra gec olar. Ə.Mahmudov nəinki yaxşı tədqiqatçı idi, o, həm də yaxşı müəllim idi. O, bir sıra ali məktəblərdə siyasi iqtisaddan və kənd təsərrüfatının iqtisadiyyatı fənnindən mühazirələr oxumuşdur. O, elmi–tədqiqat işlərini elmi təşkilatçılıq işləri ilə bacarıqla əlaqələndirirdi. O, elmi–tədqiqat işlərinin genişlənməsi və dərinləşdirilməsi, habelə onun əməkdaşlarının qüvvələrinin xalq təsərrüfatının aktual problemlərinin işlənməsinə və onların nəticələrinin istehsalata tətbiqinə xüsusi fikir verirdi. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə institutda respublikanın sosial–iqtisadi inkişaf problemlərinin tədqiqi sahəsində bir sıra fundamental tədqiqat işləri yerinə yetirilmiş və keçmiş SSRİ EA beş İqtisadiyyat İnstitutu və elmi sovetləri ilə birlikdə çoxlu sanballı əsərlər yazılıb nəşr edilmişdir.
Ə.Mahmudov dünyanın bir çox ölkələrində onlarca beynəlxalq və ümumittifaq simpoziumlarda, elmi yığıncaq və konfranslarda öz məruzə və çıxışları ilə Azərbaycanın iqtisad elmini ləyaqətlə təmsil etmişdir. Ə.Mahmudov respublikanın ictimai həyatında da çox fəal iştirak edirdi. O, elmi nailiyyətlərin gözəl təbliğatçısı kimi xalq kütlələri arasında iqtisadi bilikləri geniş surətdə təbliğ edirdi.
Ə.Mahmudov çoxillik səmərəli elmi fəaliyyətinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə, 1941–1945–ci illərdə Böyük Vətən müharibəsində qələbənin 40 illiyi münasibətilə II dərəcəli Vətən müharibəsi ordeni, “Şərəf nişanı” ordeni, bir sıra hökumət medalları, “Əmək veteranı” medalı və s. ilə təltif edilmişdir.
Akademik Ə.Mahmudov həm də sözün həqiqi mənasında böyük ziyalı idi. Onun ziyalılığı intellektuallığında, mənəvi saflığında, ağsaqqal xarakterində, torpağına, vətəninə, milli adət və ənənələrimizə bağlılığında, insanlara dost və mehriban münasibətində, xeyirxahlığında özünü göstərirdi. Əhməd müəllim sözün həqiqi mənasında həm də böyük və əyilməz şəxsiyyət idi. O, prinsipiallığı, təvazökarlığı və sadəliyi ilə hamının sevimlisi olmuşdur. Mən fəxr edirəm ki, o, ali məktəbdə oxuduğum vaxt mənim müəllimim olmuş, xeyli vaxt onun bilavasitə rəhbərlik etdiyi şöbədə çalışmış, onun dövründə elmlər namizədi, elmlər doktoru alimlik dərəcələri və professor elmi adı almış, doktorluq dissertasiyası işimin birinci rəsmi opponenti olmuş, düz 25 il rəhbərlik etdiyi institutda onunla çiyin–çiyinə işləmiş, daim onun qayğısı və himayəsi əhatəsində olmuşam. Mən böyük alim və müəllimimə borcluyam.
İndi institutumuzda akademik Əhməd Mahmudovun bizə qoyub getdiyi ənənələr davam etdirilir. Onun zəngin irsi problemlərin həllində kömək olur.
Akademik Ə.Mahmudov həm də çox gözəl, mehriban və tələbkar ailə başçısı, sədaqətli həyat yoldaşı və sevimli ata idi. İndi onun övladları general–leytenant Eldar Mahmudov və qızı iqtisadçı alim Elmira xanım Mahmudova hər bir namuslu, vətənsevər azərbaycanlı ailəsi üçün nümunə ola bilər.
Akademik Əhməd Mahmudov böyük alim, görkəmli elm təşkilatçısı, əsl insan–vətəndaş və Azərbaycan xalqının müstəqilliyinə, onun rifahına xidmət etmiş bir ziyalı, şəxsiyyət kimi daim onu tanıyanların qəlbində yaşayacaqdır.
Şahbaz MURADOV,
RETTƏŞ–in İqtisadiyyat üzrə
Problem Şurasının sədri,
AMEA–nın müxbir üzvü,
iqtisad elmləri doktoru, professor.
Respublika.-2013.-22 may.-S.5.