“2015–ci ildən sonrakı əsas inkişaf məsələləri: kənd qadınlarının iqtisadi və sosial imkanlarının genişləndirilməsi” mövzusunda regional tədbir

 

Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində “2015–ci ildən sonrakı əsas inkişaf məsələləri: kənd qadınlarının iqtisadi və sosial imkanlarının genişləndirilməsi” mövzusunda regional tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT–nin İnkişaf Proqramının və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Sabirabad, İmişli, Saatlı, Hacıqabul, Salyan, Şirvan və Beyləqan rayonlarının icra hakimiyyətləri strukturlarının məsul işçiləri, qadın sahibkarlar, qadın məsələləri ilə məşğul olan QHT–lərin rəhbərləri, bələdiyyə üzvləri və KİV təmsilçiləri iştirak etmişlər.

Toplantını Sabirabad RİH–in başçısı Nazim İsmayılov açmışdır.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mövzu ətrafında geniş çıxış edərək qeyd etmişdir ki, gender bərabəliyi və qadınların imkanlarının genişləndirilməsi inkişafın fundamental əsasıdır və 2015–ci ildən sonrakı qlobal məsləhətləşmələrdə önəmli yer tutur. Ölkəmizin davamlı insan inkişafı sahəsində əldə etdiyi nailiyyətlər ildən–ilə artır. Azərbaycan dünya birliyində bu istiqamətdə öz layiq olduğu yeri tutmağa qadirdir. Bununla əlaqədar ölkədə bir sıra mühüm addımlar atılır. “Qadınların sosial və siyasi həyata inteqrasiya etməsi demokratikləşdirmə prosesinin əsas elementlərindən biridir. Ölkədə yeni iqtisadi münasibətlərə keçidlə əlaqədar əhalinin sosial–iqtisadi inkişaf səviyyəsində baş vermiş əsaslı dəyişikliklər qadınların bu prosesdə rolunun atrmasına səbəb olmuşdur.

Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Ailə büdcəsinə öz töhfəsini verməklə yanaşı, qadının özünə inam hissi artır, ailədə iqtisadi cəhətdən asılılıq olmur, eyni zamanda özlərinin iqtisadi və ictimai həyatda bərabər iştirakını təmin etmiş olurlar.”

Natiq daha sonra bildirmişdir ki, Azərbaycan digər 189 üzv dövlətlə birgə 2000–ci ilin sentyabrında BMT sammitində 2015–ci ilə qədər insanların həyatında müsbət dəyişikliklər yaratmaq üçün ortaq müstəvi rolunu oynayan səkkiz məqsəddən ibarət Minilliyin İnkişaf Məqsədlərinin (MİM) əhatə olunduğu Minilliyin Bəyannaməsini qəbul etmişdir.

BMT–nin Azərbaycandakı ofisi hökumət və digər tərəfdaşlarla birgə bu qurum tərəfindən aparılan 2015–ci ildən sonrakı inkişaf gündəliyinə dair müzakirələrin bir hissəsi olaraq qlobal inkişaf çərçivəsini formalaşdırmaq üçün önəmli prioritetləri müəyyənləşdirmək məqsədilə milli məsləhətləşmələrə başlamışdır.

BMT–nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının nümayəndəsi Antonius Bruk mövzu ilə bağlı çıxış etmişdir.

Tədbirdə Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılın “Minilliyin inkişaf məqsədləri və 2015–ci ildən sonrakı əsas inkişaf məsələləri: “bizim istədiyimiz dünya və 2015–ci ildən sonra yaşamaq istədiyimiz Azərbaycan”, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Serhan Aktoprakın “Miqrasiyaya aid olan məsələlərin 2015–ci ildən sonrakı əsas inkişaf məsələlərinə daxil olunması: Azərbaycanda əmək miqrasiyası və onun qadınlara göstərdiyi təsir” mövzularında məruzələri dinlənilmişdir.

Regional tədbir öz işini plenar iclaslarda davam etdirmişdir.

 

 

Ramiz YUSİFLİ

 

Respublika.-2013.-22 may.-S.6.