Bakıda uğurlu
ürək–damar cərrahiyyə əməliyyatı keçirilir
Hələ bir neçə il öncə həmyerlimiz Rasim Məmmədovun Bakıda qaraciyər transplatasiyası uğurla həyata keçirilərkən çoxlarımız tibbin bu cür yeniliklərinə bir möcüzə kimi baxırdıq.
Mən xəstələnəndə kimə müraciət edəcəyimi bilmirdim. Xaricə getmək barədə də düşünmürdüm.
Mərkəzi Klinik Xəstəxanada ürək–damar cərrahiyyəsi ilə məşğul olan mütəxəssislərin yerli kadrlar olması məni sevindirdi. Mən daxili bir inamla onlara müraciət etməyi qərara aldım. Bir neçə il idi ki, ürəyimdə ağrılar hiss edirdim, səhhətimdə problemlər yaranmışdı. Özüm özümü bacardığım qədər qorumağa çalışsam da, ürəyim sözümə baxmırdı. 2012–ci ilin aprel ayından isə, demək olar ki, səhhətimdə get–gedə gərginlik yarandı. Odur ki, Mərkəzi Klinik Xəstəxanaya üz tutdum.
Mən oğlumla baş həkimin yanında oldum. Xoş və nurlu çöhrəsi ilə doğma övlad təsiri bağışlayan Kamran həkim məni şəxsən müayinə edib təcili əməliyyat olunmağım barədə məsləhət və tövsiyələrini bildirdi…
Müasir təbabətdə yeni eranın başlanğıcı… Hələ 1940–cı ildə moskvalı alim, professor V.P.Demixovun orqanların köçürülməsi probleminin həllinə həsr etdiyi eksperimentləri uğurla nəticələnmişdir. O, dünyada ilk dəfə it üzərində ürəkköçürmə əməliyyatındakı nailiyyətinə görə müəlliflik şəhadətnaməsi almışdır.
Məşhur Amerika alimləri Kristina Bernard, Robert Uayt rus alimi Demixovun orqanların köçürülməsindəki nəticələrilə maraqlanmış, orqanların köçürülmə metodlarını öyrənmək məqsədilə Moskvaya gələrək, onun laboratoriyasında orqanların köçürmə sirlərinə dərindən bələd olmuşdular.
…1967–ci ildə həmin Amerika alimləri insan üzərində ürəkköçürmə əməliyyatını həyata keçirmişlər. Sevindirici haldır ki, 2000–ci ildən Azərbaycanda da ürəkdə açıq cərrahiyyə əməliyyatı aparılır. Bu əməliyyatlar Mərkəzi Klinik Xəstəxanada, Neftçilər Xəstəxanasında və başqa tibb klinikalarında həyata keçirilirdi. Mən bütün bunlardan xəbərdar idim, ona görə də həkimlə söhbət məndə cürət və inam yaratmışdı.
Daxilən məndə belə bir fikir yarandı ki, doğrudan da, ürək çatışmazlığından əziyyət çəkənlərin xarici ölkələrə getmələrinə ehtiyac yoxdur. Ürək–damar xəstəliklərindən mükəmməl baş çıxaran, xaricdə təhsil almış, alim–cərrahlarımızdan M.Topçubaşov adına Elmi Cərrahiyyə İnstitutunun ürək cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru, professor Fazil Abbasov, tibb elmləri namizədləri Kamran Musayev, Rəşad Mahmudov və başqaları insanların sağlamlığını bərpa etməklə, vaxtsız ölümlərə qalib gəlirlər. Kamran Musayev 8000–ə yaxın açıq ürək əməliyyatı aparmış, geniş təcrübəyə malik istedadlı cərrahdır.
Neçə–neçə insanları həyata qaytaran həkimin şəfalı əlləri məni də həyata qaytardı. 6–8 saat çəkən əməliyyat uğurla başa çatdı. Narkozun təsirindən əvvəlcə ağrıları hiss etməsəm də, gözlərimi açarkən Kamran həkimin alnından axan təri, keçirdiyi həyəcanı görür, onun bu əməliyyatı ciddi, diqqətlə, peşəkarlıqla həyata keçirməsi məndə xoş minnətdarlıq duyğusu yaratdı.
Artıq palataya köçürülərkən yanıma gələn insanların, qohumların, dostların sayı–hesabı bilinmirdi.
Qərara gəldim ki, Kamran Musayev haqqında ürək sözlərimi mətbuatda yazım.
Məqsədim Kamran həkimə həm öz adımdan, həm də ailə üzvlərim və dostlarım adından təşəkkürümü bildirməkdir.
Kamran Kazım oğlu Musayev 1973–cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunda ziyalı ailəsində anadan olub. 1988–ci ildə doğulduğu kənd səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilini Bakı şəhəri 5 nömrəli kimya–biologiya təmayüllü məktəbdə davam etdirmişdir. Kamran Musayev 1990–cı ildə kimya–biologiya təmayüllü məktəbi qızıl medalla bitirmiş və həmin ildə də qəbul imtahanında yüksək bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə–profilaktika fakültəsinə daxil olmuşdur. 2 il bu fakültədə əla qiymətlərlə oxuduqdan sonra 1992–ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 10 nəfər əlaçı tələbə ilə birlikdə tibb təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə göndərilmişdir.
K.Musayev 1992–1996–cı illərdə İstanbul Universitetinin tibb fakültəsində təhsil almışdır. Hazırcavablığı və dərin biliyi sayəsində tələbə və müəllim kollektivi arasında böyük hörmət qazanmışdır.
O, 1996–cı ildə bu fakültəni əla qiymətlərlə bitirdikdən sonra İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsinin Ürək–damar cərrahiyyəsi kafedrasında assisent kimi fəaliyyətə başlamışdır. 1986–2002–ci illərdə Ürək–damar cərrahiyyəsi təhsilini həm Cərrahpaşa tibb fakültəsinin Ürək–damar cərrahiyyəsi kafedrasında, həm də “Qədir Xas Universitetinin” Florence Nighingale Xəstəxanasının Ürək–damar cərrahiyyəsi kafedrasında davam etdirmişdir.
K.Musayev 2002–ci ildə “Donor ürəklərinin funksiyalarının qorunması” mövzusunda ürək transplantasiyasının və ürək cərrahiyyəsinin ən aktual problemlərindən birinə həsr olunmuş dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Eyni ildə Dövlət Komissiyası tərəfindən təşkil olunmuş imtahanı da yüksək səviyyədə verərək ürək–damar cərrahiyyəsi uzmanlıq dərəcəsini almışdır.
K.Musayev öz təcrübəsini artırmaq üçün xarici ölkələrdə, o cümlədən Amerikada, İngiltərədə dəfələrlə olmuş və cərrahiyyə sahəsində dünyanın mütərəqqi təcrübəsinə yiyələnmişdir.
K.Musayev yüksək ixtisaslı cərrah həkim kimi hamıya qayğı ilə yanaşır, insanların sağlamlığı keşiyində dayanır. Onun Azərbaycanda ilk dəfə apardığı süni ürək köçürmə əməliyyatı uğurla nəticələnmişdir.
2010–cu ildə Mərkəzi Klinik Xəstəxananın əsaslı təmirdən sonra açılışında ölkə Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Kamran Musayevin fəaliyyəti nəzərə alınaraq onu Mərkəzi Klinik Xəstəxanaya baş həkim vəzifəsinə təyin etmişlər.
İndi şərəflə öz vəzifə borcunu daşıyan Kamran həkim möcüzəli əlləri ilə neçə–neçə insanları həyata qaytarmışdır. Bu insanların ömrü uzandıqca, Kamran müəllimin sevincinin həddi–hüdudu olmur.
Öz müqəddəs vəzifəsinə son dərəcə məsuliyyətlə yanaşan təcrübəli ürək–damar cərrahı, tibb elmləri namizədi, Respublika Mərkəzi Klinik Xəstəxanasının baş həkimi, respublikanın əməkdar həkimi, Azərbaycan Ürək–Damar Cərrahiyəsi Cəmiyyətinin sədri Kamran Musayev kimi loğmanla bütün Azərbaycan xalqı fəxr edir. Məni də neçə–neçə insanlar kimi həyata qaytaran Kamran Musayevə yeni–yeni uğurlar, elmin zirvələrində nailiyyətlər və cansağlığı arzulayıram.
Əhməd ƏSƏDLİ,
“Qızıl qələm”
mükafatı laureatı.
Respublika.-2013.- 22 may.-S.7.