Polşada ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə
tədbir keçirilmişdir
Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının FotoPolşadakı Səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmişdir. Bu məqsədlə 6 nəfərlik nümayəndə heyəti Polşa Respublikası Pruşkuv rayonunun Nadajın şəhərinə səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikası Polşadakı Səfirliyinin dəstəyi və Nadajın Şəhər İcra Hakimiyyətinin köməyi ilə silsilə tədbirlər keçirilmişdir.
Əvvəlcə Varşava şəhərinin Saska Kempa mədəniyyət mərkəzində Xəzər rayonundan Polşaya səfər etmiş nümayəndə heyəti Azərbaycan Respublikası Polşadakı Səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevlə bağlı tədbirdə iştirak etmişdir. Tədbir çərçivəsində nümayəndə heyətinin üzvləri tərəfindən Xəzər rayonunda aparılan quruculuq və abadlıq işləri ilə bağlı Azərbaycan diasporunun üzvlərinə ətraflı məlumat verilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin birbaşa qayğısı nəticəsində açılmış məktəblər, inşa olunmuş yollar və əhalinin işlə təmin olunması yönündə görülmüş işlərdən danışılmışdır.
Sonra nümayəndə heyəti Nadajın şəhərində yerləşən Eşitmə Fiziologiyası və Patologiyası institutunda olmuşdur. Nümayəndə heyətinə İnstitutun iş fəaliyyəti haqda məlumat verilmiş və son illər ərzində əldə olunmuş nailiyyətlər haqda danışılmışdır. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov son illər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə müasir standartlara cavab verən yeni xəstəxanaların açılması və səhiyyə sahəsində görülmüş işlər haqqında ətraflı danışmışdır.
Nadajın şəhərində yerləşən II İoan Pavel adına gimnaziyada ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri Nadajın şəhərinin meri Yanuş Qjıb açaraq şagird və müəllimlərə tədbir haqqında məlumat vermiş və qeyd etmişdir ki, Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyevin dəvəti əsasında Roma Papası II İoan Pavel ilk dəfə Azərbaycana və Qafqaza səfər etmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində tutduğu yer, ölkənin sabitliyi və inkişafı istiqamətində gördüyü işlərdən danışmışdır. O bildirmişdir ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi və iqtisadi kurs hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin ölkənin ən çətin vaxtlarında Azərbaycana qayıdışından və Prezident seçilməsindən danışmış və qısa zaman ərzində ölkəni siyasi böhrandan və iqtisadi tənəzzüldən çıxararaq stabil və inkişaf edən ölkəyə çevrilməsi istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat vermişdir.
Sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov II İoan Pavel adına gimnaziyanın şagirdləri tərəfindən Azərbaycana və ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Azərbaycan Şərq və Qərb arasında Qapı” mövzusunda yazılmış inşa müsabiqəsində ilk üç yeri tutmuş qaliblərə diplom və qiymətli hədiyyələr təqdim etmişdir. Tədbirdə polyak məktəbliləri üzərində “Heydər Əliyev–90″ yazılmış köynək və papaq geyinmiş və yaxalarında Heydər Əliyevin rəsmi əks olunmuş döş nişanları taxmışlar .
Tədbirin sonunda II İoan Pavel adına gimnaziya qarşısında Azərbaycan–Polşa diplomatik əlaqələrinin qurulmasının 540 və bərpasının 20 illiyi münasibətilə ucaldılmış abidə önünə əklil qoyulmuşdur.
Sonra Xəzər rayon nümayəndə heyəti ilə II İoan Pavel adına gimnaziya rəhbərliyi arasında şagird və müəllim heyətinin mübadiləsinə dair danışıqlar aparılmış və razılığa gəlinmişdir. İlkin razılığa əsasən 2013–cü il iyun ayının sonları Polşadan 14 nəfərlik şagird heyəti birhəftəlik Bakıya gələcəkdir. Şagirdlərə bir həftə ərzində Azərbaycan mədəniyyəti və tarixi, Azərbaycanın tarixi abidələri, Azərbaycan ailəsi və s. mövzular haqqında məlumat veriləcək və gəzintilər təşkil olunacaqdır. Azərbaycanlı şagirdlərin Polşa səfəri 2013–cü il avqust ayında nəzərdə tutulub.
Azərbaycandan Polşaya səfər edəcək şagird və müəllim heyəti üçün nəzərdə tutulmuş “Meşə Mirvarisi” istirahət mərkəzinə tanışlıq səfəri olmuşdur. Nadajın şəhər meri bildirmişdir ki, müasir standartlara cavab verən istirahət mərkəzində Azərbaycandan gələcək müəllim və şagird heyəti üçün hər cür əlverişli şərait yaradılacaqdır.
Səfərin sonunda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Nadajın şəhər rəhbərliyinə öz minnətdarlığını bildirmiş və Polşada uğurla baş tutmuş səfəri 1 il öncə iki şəhər arasında imzalanmış qardaşlaşma haqqında müqavilənin əyani sübutu olduğunu bildirmişdir.
E.QASIMOV
Respublika.-2013.-22 may.-S.6.