Masazır Duz Zavodunda açıq qapı
günü keçirildi
Azərsun Holdinqin iri istehsal müəssisələrindən biri olan Masazır Duz Zavodunda Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilmiş, təmizlənmiş və yodlaşdırılmış yüksək keyfiyyətli duz istehsal edilir. Ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə açılan zavodda istehsal edilən yüksək keyfiyyətli məhsul yerli bazarda istifadəçilərin ixtiyarına verilməklə, ilk növbədə insan sağlamlığına eyni zamanda yod çatışmazlığı probleminin həllinə xidmət edir.
Bəlli olduğu kimi, yodsuz duzdan istifadə bir çox ağır fəsadlar əmələ gətirir. İnsan orqanizmində zob xəstəliyi, qulaqlarda karlaşma, uşaq orqanizmində müxtəlif ağır fəsadlar və ən əsası uşaqların ölü doğulması, məhz yodsuz duzdan istifadənin nəticəsidir. Orqanizmdə yod çatışmadıqda insan həm zehni, həm də fiziki inkişafdan geri qalır. Təmizlənməmiş duzun çöküntüsü isə böyrək xəstəliklərinə səbəb olur.
Bütün bunları nəzərə alaraq istehlakçılar duz alarkən onun qablaşdırılmasına, istifadə müddətinə və ən əsası hansı müəssisədə istehsal edildiyinə diqqət yetirməlidirlər.
Bu məqsədlə ənənəyə uyğun olaraq Masazır Duz Zavodunda növbəti açıq qapı günü keçirilmişdir.
Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi bu tədbirdə media təmsilçiləri zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun istehsal prosesilə yaxından tanış oldular.
Medyatur zamanı media təmsilçilərinin istəyi ilə Masazır Duz Zavodunda istehsal olunan və istehlakçılar tərəfindən böyük məmnuniyyətlə qəbul edilən yüksək keyfiyyətli “Azərduz”, “Bizim Duz”, “Salute” markaları ilə bazarda müxtəlif qablaşdırmalarda, Rusiya və digər xarici ölkələrin istehsalı kimi təqdim olunan duz məhsullarının keyfiyyətindəki fərqi əyani göstərmək üçün eksperiment aparıldı. Eksperiment zamanı xarici qablaşdırmalarda olan duzların suda həll olunan zaman çöküntü verərək qeyri–şəffaf, bulanıq rəng alması və duzların ağır metallardan təmizlənmədiyi açıq–aydın göründü. Masazır Duz Zavodunun məhsullarının isə heç bir çöküntü vermədən suda həll olunması və şəffaf rəng alması onun xaricdən müxtəlif yollarla gətirilən digər duzlardan keyfiyyətcə üstünlüyünün göstəricisi idi.
Hər bir istehlakçı bilməlidir ki, keyfiyyətli və saf duz suda həll olarkən suyun rəngi təmiz və şəffaf olmalıdır. Duzun suda asan həll olması və rənginin bəyaz olması isə onun keyfiyyətli məhsul olduğuna dəlalət edir. Hər zaman keyfiyyətli məhsulları ilə tanınan Azərsun Holdinq də ilk növbədə istehsalçıları razı salmaq məmnuniyyəti və insan sağlamlığına xidmət etmək amalı ilə fəaliyyət göstərir.
Mehparə Əliyeva
Respublika.-2013.-22 may.-S.7.