Üzeyirsevərlərə töhfə

 

Bildiyimiz kimi, 1979–cu ildən dünya muzeylərinin fəaliyyətini əlaqələndirmək üçün YUNESKO–nun Beynəlxalq Muzeylər Şurası (İKOM) fəaliyyət göstərir.

İKOM–un Moskvada keçirilən genişmiqyaslı XI konfransında 18 mayın muzeylər günü kimi qeyd edilməsi qərara alınmışdı. Məhz bu tarixdən başlayaraq hər il 18 may “Muzeylər günükimi qeyd edilir. Dünya miqyasında qeyd edilən həmin gün münasibətilə respublikamızda da müxtəlif tədbirlər planı həyata keçirilir.

Elə bu məqsədlə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ev muzeyibu ənənəyə sadiq qalaraq tədbir keçirmişdir.

Muzeyin qalereyasında bir neçə musiqi məktəblərinin konserti təşkil olunmuşdu. Həmin gün muzey daxilində maraqlı keçən tədbirlərdən sonra Üzeyir Hacıbəylinin ev muzeyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq tətbiqi Sənəti Dövlət muzeyinin Azərbaycan Dövlət Filamioniyası bağında təşkil etdiyi sərgidə də iştırak etdi.

Bir neçə muzeyin iştirak etdiyi bu səyyar sərgidə Üzeyir bəyin də həyat və yaradıcılığını əks etdirən müxtəlif materiallar beş planşetdə əks olunmuşdu. Belə ki, burada bəstəkarın həyat və yaradıcılığından bəhs edən türk, rus, fransız, ərəb və ingilis dillərində yazılmış kitablar, onun yaratdığı operaoperettalara həsr edilmiş kitablar, notlar, Azərbaycan Respublikası Dövlət Himninin müəllifləri Üzeyir bəy Hacıbəyli və Əhməd Cavadın şəkli əks olunmuş not yazısı, “Statoyl” şirkətinin hazırladığı “Mədəniyyət xəzinələri haqqında məlumat” silsiləsindən “Üzeyir Hacıbəyov” illüstrativ plakatı, həmçinin “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarından maraqlı səhnələri əks etdirən maketləri də görmək olardı. Qeyd etmək lazımdır ki, bu maraqlı maketlər tamaşaçıların xüsusi diqqətinə səbəb oldu.

 

 

Təranə HƏSƏNOVA,

Üzeyir Hacıbəylinin ev–muzeyinin əməkdaşı.

 

Respublika.-2013.-22 may.-S.8.