Dünəni və bu günü yaşadan mərkəz

 

Keçən əsrin 80–ci illərinin sonunda yaradılan Sumqayıt şəhər Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi mövcud cəmiyyət və onun inkişafına, tərəqqisinə xidmət göstərən mədəniyyət, elm ocağıdır.

Mərkəzin başlıca vəzifəsi məktəblilərə turizm, diyarşünaslıq, ekskursiya işlərinin təşkili üçün metodiki köməklik göstərilməsi, məktəblilər arasında turizmin təbliğ və inkişaf etdirilməsi, müxtəlif turizm tədbirləri, o cümlədən toplanış, yarış və viktorinalar təşkil etməkdir. Eyni zamanda ayrı–ayrı sahələr üzrə istedadlı, xüsusi qabiliyyəti ilə seçilib fərqlənən şagirdlərin vaxtında aşkara çıxarılması və onların davamlı inkişafı üçün şərait yaradılmasıdır. Mərkəzin fəaliyyət proqramında məktəblilərin milli–mənəvi dəyərlərin qorunması, adət–ənənələrin təbliği və öyrənilməsi əsas məqsədlərdən hesab olunur. Bu mənada məktəblilər arasında turizm–diyarşünaslıq fəaliyyətinin genişləndirilməsi və onun möhkəmləndirilməsinin əsas yollarından biri məhz ümumtəhsil məktəblərində müvafiq dərnəklərin fəaliyyətinin təşkili və onun tənzimlənməsidir. Bu gün mərkəzdə ədəbi diyarşünaslıq, gənc ekoloq, gənc bələdçi, piyada turizm, coğrafiya–diyarşünaslıq, incəsənət–diyarşünaslıq, tarix–diyarşünaslıq və veloturizmin fəaliyyətinə imkanlar mövcuddur. Dərnək məşğələlərinin şəhərin müxtəlif orta ümumtəhsil məktəblərində təşkili reallığa çevrilir. Məşğələ zamanı dərnək üzvlərinə turizmə aid bilik, bacarıq vərdişləri aşılanması da önə keçən qayğılardandır. Müxtəlif yaş qruplarını əhatə edən yeniyetmə və gənclərin dərsdən sonrakı asudə vaxtlarının səmərəli və düzgün təşkili üçün yaradılan dərnəklər intellektual səviyyənin, vətənpərvərlik hissinin, ona bağlılığın yüksəlməsinə, estetik zövqün inkişafına, maraq və bacarıqların aşkara çıxarılmasına şərait yaradır. Məşğələ planlarının tədrisi ilə yanaşı, uşaqlarla mütəmadi olaraq tərbiyəvi işlərin aparılması, dərnək üzvləri arasında yarış və əl işləri sərgilərinin təşkil olunması da diqqətdən uzaq deyil. Şəhər təhsil şöbəsinin xətti ilə müxtəlif istiqamətlərdə keçirilən tədbirlərdə dərnək üzvləri böyük həvəslə iştirak edir.

Mərkəzdə Azərbaycanın müxtəlif guşələrində qazıntılar zamanı tapılan və qorunub saxlanılan qədim dövrə aid müxtəlif təyinatlı saxsı qablar, dulusçuluq sənət nümunələri, o cümlədən nehrə, cəhrə, küp, səhəng, dolça və s. bu kimi eksponatlar nümayiş etdirilir. Onu deyək ki, Azərbaycan xalqının yaratdığı, min bir naxış, bəzək vurduğu dekorativ sənət nümunələri ta qədimdən dünyada məşhurdur. Odur ki, mərkəzin dəyərli eksponatlarından sayılan tikmələr, kiçik xalça və güllü palazlar və s. bura ayaq basan, seyrə gələn hər kəsdə böyük maraq, estetik zövq və xoş təəssürat oyadır. Uşaqların yaratdığı “Qız qalası”, “Azərbaycan bayrağı”, “Azərbaycan gerbi”, “Neft buruqları”, “Şəhidlər Xiyabanı” bu xalqın tarixini və taleyini özündə ehtiva edərək onu yayan, təbliğ edən nümunəvi əl işləri olmaqla kiçik bir sənət nümunəsidir. Həmçinin bu zəngin eksponatlar arasında milli musiqi alətlərini (tar, kamança, qaval, nağara) təsvir və tərənnüm edən, onun tanıdılmasına, nümayişinə şərait yaradan sənət nümunələri də vardır. Bütün bu eksponatlar maraqlı və cəlbedicidir. Mərkəzdə tarixi şəxsiyyətlərə, elm, ədəbiyyat, incəsənət xadimlərinə də yer ayrılmışdır. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan fotostend, yağlı boya ilə işlənmiş rəsm və əl işləri də mərkəzdə geniş nümayiş olunan, öz orijinallığı ilə seçilən sənət nümunələridir.

Mərkəz dünəni və bu günü əks etdirən, yaşadan eksponatlarla zəngindir. Onların qorunub saxlanılması, etibarlı mühafizəsi və gələcək nəsillərə ötürülməsi hər kəsin borcu olmalıdır.

 

 

S.HƏSƏNLİ.

 

Respublika.-2013.-22 may.-S.8.