Dövlət İdarəçilik Akademiyası ilə Anadolu Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

 

Dövlət İdarəçilik Akademiyası ilə Türkiyə Respublikasının Əskişəhər Anadolu Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

DİA–da keçirilən tədbirdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də mövcud olan hərtərəfli əlaqələrdən söz açılmışdır.

Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru akademik Urxan Ələkbərov Azərbaycan Prezidenti cənab İlham Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini bildirmişdir. Dövlət başçısının elm və təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayan rektor bu sahələrdə qazanılan uğurlardan danışmışdır. Rektor qeyd etmişdir ki, bu gün Azərbaycanın hər bir sahədə sürətlə inkişaf etməsi dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclər qarşısında da mühüm vəzifələr qoymaqdadır. Bu vəzifələri uğurla və səmərəli icra etmək üçün yüksək bilik və təcrübədən geniş istifadə olunmalıdır. Rektor Dövlət İdarəçilik Akademiyasının fəaliyyətindən danışaraq dövlət idarəçiliyi sahəsində yeganə təhsil müəssisəsi kimi daxili qarşılıqlı inteqrasiyanın önəmini qeyd etmiş, İdarəçilik Akademiyası ilə Anadolu Universiteti arasında əməkdaşlığın genişlənməsinin tədris prosesinin daha da yüksəlməsinə töhfə verəcəyinə inamını ifadə etmişdir.

Təmsil etdiyi ali təhsil ocağı barədə məlumat verən Anadolu Universitetinin rektoru Davud Aydın diqqətə çatdırmışdır ki, hazırda dünyanın 30–dan çox ölkəsində tədris mərkəzləri fəaliyyət göstərir. Ümumilikdə universitetdə 2 milyona yaxın tələbə təhsil alır. Universitetin dünyaya çıxışı olan televiziya kanalı ilə yanaşı, uçuş meydançası da vardır. Anadolu Universitetinin rektoru Davud Aydın hər iki qurum arasında əlaqələrin genişləndirilməsinin vacibliyini və əhəmiyyətini vurğulamış bu əməkdaşlığının səmərəli olacağına əminliyini bildirmişdir. Sonra memorandumu DİA–nın rektoru akademik U.Ələkbərov və AU–nin rektoru professor Davut Aydın imzalamışlar.

Qeyd edək ki, memorandumda birgə fəaliyyət, elmi–texniki araşdırmaların aparılması, təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

 

 

Gülşən Hüseynova

 

Respublika.-2013.-24 may.-S.3.