B Ü T Ö V L Ü K “şəxsiyyət və zaman”ın biçimində

 

Dünya ictimai fikrində Heydərəliyevşünaslıq elmi formalaşmışdır. Bu elm o, xalqın dəvətilə Azərbaycan rəhbərliyinə yenidən gəldikdən sonra yaranmamışdır. Hələ 1969–cu ildə Heydər Əliyev Azərbaycan KP MK–nın birinci katibi seçilərkən və Kremldə yüksək dövlət vəzifəsinə irəli çəkilərkən həm xaricdə, həm də SSRİ daxilində onun haqqında yazılanlar Heydərəliyevşünaslığın birinci mərhələsi kimi qəbul edilə bilər. Müstəqillik dövründəki fəaliyyəti barədə elmi–nəzəri araşdırmaları isə ikinci mərhələ olaraq dəyərləndirmək mümkündür.

Təqdim edilən təsnifatda Azərbaycan ictimai–siyasi reallığı və bu reallıqda yaxın – uzaq müasirlərimizin açıqlamaları mühüm yer tutur. Bu üstünlük bəzən daha çox ümummilli liderin həyat və fəaliyyətinin ayrı–ayrı sosial–siyasi sahələr üzrə öyrənilməsi üzərində qurulsa da, nəticə etibarilə Heydərəliyevşünaslığa xidmət edir və eyni zamanda “Heydər Əliyev… bütövlükdə” formatına ehtiyac olduğunu hiss etdirirdi. Tanınmış yazıçı–publisist, ictimai xadim Elmira Axundovanın “Qeydar Aliev. Liçnostğ i gpoxa” fundamental çoxcildliyinin – yeddi sanballı kitabı başqa cür dəyərləndirmək olmaz.

Elmira xanım çox böyük, geniş və xarizmatik mövzuya çağırış etmişdir!

Pikassonun belə bir fikri var, deyir: “Dünya necədir? – Hamı bilir. Mən öz düşündüyümü çəkirəm.” Elmira xanım bu fikirlə özünəməxsus şəkildə ittifaqdadır. Nəhəng bir mövzunu əvvəldən axıradək vahid süjet xəttində görüb, elitar məqamdan sanballı düşüncə ilə qələmə almaq, şəksiz, müəllifin uğurudur.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bu əsəri belə dəyərləndirmişdir: “Heydər Əliyev öz şəxsiyyəti və fəaliyyəti ilə sanki zamanları birləşdirən bir düha təsiri bağışlayır. Bu cür şəxsiyyətlərdə etnosun yüz illər boyunca öz ulu məqsədləri üçün tədarük etdiyi bioloji enerji akumulə olunur və elə həmin şəxsiyyət vasitəsi ilə də həmin enerji gələcək nəsillərə ötürülür… Görkəmli yazıçı–publisist Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildliyi də məhz ulu öndərin öz şəxsiyyəti və fəaliyyətinin açıqlanması baxımından önəmli bir araşdırmadır.”

E.Axundova əsərini roman–tədqiqat kimi təqdim edir. Onu qalibiyyətli ömrün salnaməsi kimi də qəbul edənlər tapıla bilər. Görkəmli şəxsiyyət Oljas Suleymenov külliyata (müəllifin yaradıcılığı mənasında deyil, mövzunun əhatə olunması baxımından) yazdığı ilk sözdə həmkarının əsərini qeyri–adi janr kimi dəyərləndirir. Bu tipli əsərləri ilə dünya miqyasında tanınan politoloq Roy Medvedevin də bəhs olunan istiqamətdəki fikri maraqlıdır: “Mən tarixçi və siyasi bioqrafiyalar üzrə peşəkaram, bütün Sovet və rus liderlərindən yazmışam, lakin bizim janrda hələ belə kitab olmamışdır. Çəkinmədən deyirəm ki, liderlər haqqında kitablar cərgəsində bu, ən yaxşısıdır”.

Bu sırada duran fikirlərə həm ədəbiyyat nəzəriyyəsi, həm də jurnalistika elminin tələbləri baxımından yanaşıb, müəyyən alternativ mülahizələr söyləmək mümkündür, ancaq əmin ola bilərsiniz ki, deyilənlər subyektiv xarakter daşıyacaq. Çünki müəllif sanballı yaradıcılıq təcrübəsinə və istedadına malikdir, zəngin rus dilində ustad qələm sahibidir. Janrların hüdudlarını qırmaq onun üçün su içmək kimi bir şeydir. Mövzu fundamental və çoxtərəfli olanda isə qabiliyyətli müəllifi bir janrın içində saxlamaq çox çətindir. Ona görə də külliyyatın hər kitabında bu və ya digər dərəcədə müxtəlif janrların sintezinə rast gəlinir. Buna səbəb yuxarıda dediklərimiz və bir də fakta publisist ehtirası ilə yanaşaraq onu canlı və tutumlu ədəbi dildə ifadə etmək istəyidir. Ona görə də əsər həm bütün cildlərilə birlikdə epoxal bədii–publisistik əsər kimi qavranılır və kitablararası heç bir “qırıqlıq” hiss olunmadan oxunur, həm də tək–tək ayrıca və müstəqil kitab kimi də sərbəst qəbul edilir. Epopeyadakı iştirakçıların daha geniş dairəsini əhatə etmək istəyi isə müəllifin həm də mükəmməl yaradıcılıq səbrinə və işgüzarlığa malik olduğunun göstəricisidir. Müsahibi danışdıra bilmək, onun nə demək istədiyinin məntiqini tutmaq və süjet xəttində öz yerində işlətmək kompozisiyanı bütövləşdirir. Bütün bunlar kompleks halda oxucuya imkan verir ki, müəllifi obyektiv SÖZ ustası kimi yeni ampluada kəşf etsin, müəllifə isə əsərin qəhrəmanının dolğun və obyektiv təqdiminə sədaqətli qalmaq naminə ədəbi kanonlara cəsarətlə və yaradıcı sərbəstliklə yanaşsın. Bu kontekst üzərində yeganə dəyişməyən və janr ətrafındakı subyektiv fikirləri arxaya çəkən ancaq bir xüsusiyyət əlamətdardır: külliyyat ilk səhifəsindən sonuncuyadək oxunur, həvəslə və çox sürətlə mütaliə edilir, oxucunun fikrini əsərin janrını müəyyənləşdirmək barədəki şərtiliklərlə qarışdırmır, onu daha maraqlı tale yüklü məsələlər barədə düşündürür, bir çox hallarda isə faktların müqayisəli analizini aparmağı, onları uzlaşdırmağı tələb edir ki, mütaliəçi şəxsən özü yeganə obyektiv qənaətini arayıb tapsın. Beləliklə, enişli–yoxuşlu və qaynar həyat yolu çox ustalıqla xəlqiləşdirilir.

Kitabın süjet xətti real hadisələr və sənədlər üzərində qurulmuşdur, amma ona sənədlər toplusu kimi yanaşmaq səhv olardı. Müəllif hadisələrin inkişaf xronologiyasına da bəzən sərbəst yanaşır, ancaq oxucu bunu hiss etmir və kitab bu sərbəstlikdən heç nə itirmir, çünki həyat həqiqəti bəzən tarixilik şərtinin özünü də pozmağı tələb edir. Əvəzində əsərin maraqlılıq əmsalı yüksəlir, hadisələrin inkişafının obyektivliyi sənədləşir, kompozisiya oxucuya sirdaş olur.

Külliyyat müxtəlif yaş kateqoriyalarını və sosial qrupları cəlb edir. Orada xatırlanan bir çox faktların və həyat hadisələrinin iştirakçıları, yaxud da şahidləri arasında sağ olanlar çoxdur. Əsər onlar üçün xüsusi maraq doğurur. Onların bəziləri sətirüstü, bəziləri isə sətiraltı oz portretlərini də bu kitabda seçə bilərlər.

Gələcəyini siyasətə bağlamaq fikrində olan gənclər üçün isə bu əsər möhtəşəm dərslikdir. Necə deyərlər, Azərbaycan təfəkkürü üçün polad belə bərkidi universitetidir.

Həmçinin, Sovet Azərbaycanı və SSRİ rəhbərlərinin avtobioqrafiyası, qarşılıqlı münasibətləri əsasında yaşanan kommunist həyatı və məişətini, istehsalat etikasını, sadəcə, taleyini öyrənmək baxımından da bu yeddi kitab öz fəlsəfəsində qiymətli mənbədir.

Əsərin qəhrəmanının analitik düşüncə qabiliyyəti, vaxtında strateji qərarlar qəbul etmək istedadı və iradəsi, Sovet beynəlmiləlçiliyi daxilində Azərbaycan milliliyinin qorunub saxlanılması və daha da gücləndirilməsi yönündə fəaliyyətinin çoxşaxəliliyi, müstəqilliyin bərpasından sonra isə beynəlxalq düzənə uyğun yeni xarici siyasət konsepsiyası, “Əsrin müqaviləsi” ilə uzlaşdırılan sosial–siyasi bağlantılar, güc strukturlarının müasir tələblər səviyyəsindən qurulması, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyənləşdirilmiş strategiyaya uyğun taktiki yollar.., bir sözlə, bütün sahələrdə reallaşdırılması vacib olan ümummilli qayğıların nəhəng ömür panoramında ayrı–ayrı lövhələri kimi dərindən təhlil–təsvirinə girişmək tələbi birbaşa yaradıcılığa təsir göstərən çağırışlardır. Bax, belə bir sosial–siyasi məslək aurasını ədəbi–bədii müstəviyə keçirərkən müxtəlif motivli pressinqlə (sağlam da olsa!) qarşılanılsa da, mövzu ilə baş–başa daxili dialoq aparmaq yaradıcılıq üsulu onun məxsusi realizmini təmin etmişdir.

Müəllif külliyyata çox–çox uzaqlardan başlayır. Niyə? Nə üçün? Bu, oxucu marağını qabaqlamaqdan daha çox məhz müəllifin məqsədinin məntiqinə söykənir. Başqa sözlə, əsərin qəhrəmanının nəsil şəcərəsinin açılması bu gündən daha çox gələcəyə tuşlanıb; özünü göstərə biləcək bəzi spekulyasiyalara yol verilməsinin qarşısının alınması mənasında.

Digər tərəfdən, Nadir şah Əfşara yaxın olmaq, müəyyən səbəblər nəticəsində Pənah xanla birgə Qarabağa gəlmək, sonra isə Qərbi Azərbaycan ərazisini bəyənib, orada yurd salmaq hərbiləşmiş həyat tərzi dövründə xüsusi qoçaqlıq və sədaqət tələb edən xarakter xüsusiyyətləridir. Müəllif bu yolla həm də onu deyir ki, mənim qəhrəmanım ot kökü üstündə bitər məntiqindən formalaşmışdır və genoloji fikirlər coğrafiya və tarixdən keçərək oxucunu Vətən anlayışına, onun genişliyinə, yurd salmaq və onu qorumaq ehtirasına qovuşdurur, beləliklə də, bir nəslin taleyi “vətəndaşlıq” məqamına yüksəldilir.

Bu fikrə funksional baxımdan yaxın olan başqa faktlar da kitabda məqsədli formatda xatırladılır, məsələn, gənc Heydərin rəssamlıq və heykəltəraşlıq sənətini sevməsi, teatrla maraqlanması, mütaliyəni sevməsi, hətta nərd oynayarkən həmişə qalib gəlmək coşqusu onun həm KQB zabiti, həm də partiya və dövlət xadimi kimi gələcək fəaliyyətində lider olmaq istedadını, məhz yaradıcı xarizmə malik xarakterini realizə etməkdə çox kömək edəcəkdi. E. Axundova bu portret cizgilərinin ətrafında öz qəhrəmanının dövrdən gəlmə ilahi gücə sığınmaq gizlinini də çox incəliklə sezdirə bilmişdir: ateist cəmiyyətin bütün sərtliyinə baxmayaraq, Allahı unutmamaq görüləcək bütün işlərin xeyir–dua yeri olmuşdur. Müəllif bunu da oxucuya duydura bilmişdir; müasir mütaliyəçi qəhrəmanının iman duyğusunu sezdikcə, xeyli məmnun qalır.

Bu ədəbi üsul başqa bir detalla da özünü doğruldur. Əliyevlərin ailə üzvlərinə qarşı erməni çetələrinin törətdiyi cinayətlər balaca Heydərin yaddaşında silinməyən izlər buraxmışdı. Ona görə də XIX – XX əsr boyu quldur, bolşevik, Sovet adamı cildinə transfer olunan erməni riyakarlığını, Azərbaycana qarşı etnik–coğrafi təcavüzlər edən erməniliyi Heydər Əliyev qədər şəxsi taleyində yaşayan müasir dövlət xadimimiz olmamışdır. Bütün bunların tarixçəsi, həmçinin ictimai–siyasi həyatda qarşılaşdığı erməni iddialarının ilğımları da bədnam “erməni məsələsi” barədə Heydər Əliyevin təfəkküründə şəxsi qənaətinin formalaşmasında müəyyən rol oynamaya bilməzdi. Bütün bunlarla mübarizənin mərkəzində Yerevan – Moskva – Bakı üçbucağı dururdu. Bir anlığa Heydər Əliyevə qədərki dövrlərdə üçbucaqdakı mövqeyimizi xatırlayın. Və bir də Heydər Əliyev rəhbərlikdə olarkən münasibətləri müqayisəli analiz edin. Yerevanın dili qurumuşdu, əli də kəsilmişdi.

Külliyyatda bəzilərinə ilk baxışda xırda görünə bilən xarakterik detallar çoxdur. Müəllif onlara məqsədli şəkildə yerindəcə açıqlama vermir. Bu, həmsöhbəti süni yolla intizarda saxlamaq istəyindən irəli gəlmir; yaradıcılıq da bir rəngdir – diqqətli oxucu onu hətta sonrakı səhifədə də deyil, növbəti cildlərin hansısa birində özü üçün kəşf edib duyğusundan zövq alır.

Yaxud başqa bir reallıq: “Ay Qasım, işləyəndə də gərək Mircəfər Bağırovun iş yeri kimi yerdə işləyəsən” – dostları ilə çayda çimərkən sıcaq söhbətlərinin birində edilmiş cəsarətli və iddialı etirafdır, ilk baxışda gənc dostlar arasında tez–tez edilən ürək boşaltmalarından biridir, ancaq çox–çox sonralar – kitabın 1969–cu ilə aid başqa bir cildində “peyğəmbərcəsinə uzaqgörənlik” kimi xatırlananda müəllif niyyəti açılır.

Heydər Əliyev bütün situasiyalarda birləşməyi bacaran, mütəşəkkil olmaqdan qürur duyan, elm və təhsilə vurğun, şərqli qəlbi ilə qərbli müasirliyini özününküləşdirməyi bacaran bir regiondan böyük həyata yol almışdı. Onun ömrünün müəyyən bir hissəsini rus elitasının arasında yüksələn xətlə keçirə bilməsinin və Sovet hərbi–siyasi rəhbərliyindəki əlaqələrini özümüzə xidmət etdirməsində həmin Naxçıvan mentalitetinin də xüsusi rolu olmuşdur. Ümumiyyətlə, Azərbaycanımızın bu gözəl diyarı barədə ümummilli lider çıxışlarında yeri gəldikcə çox səmimi və istı sözlər söyləmişdir. Mən ancaq birini xatırlatmaqla kifayətlənirəm: “NAXÇIVANLILAR ÖZLƏRİNƏ MƏXSUS AD QAZANIBLAR.”

Bu fikirdə regionçuluq qənaətinin axtarılmasını, sonra da onun kiçik dairəyə yönəldilərək sıxılmasını istəməzdim. SSRİ elitası arasında qazandığı nüfuzu bütünlüklə Azərbaycan istiqamətində səfərbər etmək, bədxahların şovinizm şərindən çəkinmədən öncə tarixi Vətən, sonra beynəlmiləl Vətən seçimi – budur həmin mentalitet – müdrikliklə cəsarətin bir simada birgə hərəkətinin təminatçısı. Diqqət edin, müəllif qəhrəmanının respublikanın müxtəlif idarə və müəssisələrini, hərbiləşdirilmiş qurumlarını, inzibati orqanlarını… gəzərkən yerli rəhbərliyə, lazım gələndə hətta İttifaq rəhbərliyinə sadə, lakin cəsarətli və koloritli sualla müraciət edib milli nomenklatur nisbətini dəyişdirəcək addımlar atdırması belə düşünməyin təsadüfi olmadığını göstərir: “Burada neçə azərbaycanlı var?”, yaxud “Burada neçə azərbaycanlı işləyir?”, sərhəd xidmətidirsə “Neçə azərbaycanlı qulluq edir?”, yaxud “Axı niyə azərbaycanlı kosmonavt da olmasın” rahatsızlığı və s. Sov. İKP MK–nın Baş katibi L. İ. Brejnevin Azərbaycan KP MK–nın birinci katibini nəzərdə tutaraq, 1970–ci ildə öz cangüdəninə “Görürsən, necə bir kadr tapmışıq” etirafı qüdrətli Kreml dəhlizlərində vurnuxan pərdəarxası qüvvələr nisbətini Azərbaycanyönlü etməyə bilməzdi. Elmira Axundova bu çox həssas məqamları, elitar simpatiyanı diplomat məharətilə təqdim edə bilmişdir.

Çoxcildliyin fəlsəfəsi çox güclü əxlaq kodeksi – dövlət adamının, siyasətçinin, çekistin – üzərində müəyyənləşdirilmişdir. Özündən əvvəlki rəhbər işçilərə çox hörmətlə yanaşmaq – bu, Sovet dönəmində siyasi əxlaqda ən çatışmayan cəhət idi. V.İ.Leninin vəfatından sonra heç bir Sovet dövlət xadimi haqlı/haqsız tənqiddən kənarda qalmamışdı (etiraf edək ki, hazırda ona da bu tənqiddən pay düşür); öz fəaliyyətinin əzəmətini özündən əvvəlkinin sümükləri üzərində ucaltmaq o dövrün istehsalat mədəniyyətinin tərkib hissəsinə çevrilmişdi. Heydər Əliyevin İmam Mustafayev, Mirzə İbrahimov, Vəli Axundov və b. münasibətdə xeyirxahlığını məxsusi xüsusiyyət kimi dəyərləndirən müəllif qəhrəmanının bu stereotipi də qırdığını sözlə yox, konkret işin arxasından göstərə bilmişdir. Qəzavü–qədərə bax ki, yüksək dövlət vəzifələrindən kənarlaşdırıldıqdan sonra “bolşevik konveyerinin” ona qarşı hərəkətə keçdiyini görəndə bütün bunlara daxilən hazır olduğundan ruhdan düşməmiş, əksinə, ABŞ–da xəstəxanada yatarkən Amerika rəhbərlərinin onun səhhətilə maraqlanmasını xatırladaraq Sovet və Amerika iyerarxiyasındakı dövlətçilik əxlaqını müqayisə edərək hansının siyasi etiket kimi örnək ola biləcəyini vurğulamış, Siyasi Büronun mənəvi naqisliyindən ibrət götürməyi məsləhət görmüşdür. Bütövlükdə bu mövzu ətrafında müəllif düşüncəsi belədir ki, yaxşı adam yaxşı kadr ola bilər, pis adam heç vaxt yaxşı kadr ola bilməz. Kadra insanlıq kateqoriyaları ilə yanaşmaq – bu, son ictimai–iqtisadi formasiyalarda aksiomadır; ictimai mülkiyyət və bazar iqtisadiyyatı formasiyalarının hər ikisini əhatə edən külliyyatın ruhunda da isbatsız qəbul edilir. Özü də uzun–uzadı təfərrüatlarla deyil, uzun müşahidələrin, gərgin axtarışların hədiyyəsi olan kompakt bircə cümlə ilə: “Təəssüf ki, o vaxtlar (Moskvada işləyib yaşadığı illəri nəzərdə tutaraq. – E.V.) mənim yanımda öz Oljasım (Oljas Suleymenov. – E.V.) yox idi.” O illərin əks–sədasına cavab olaraq sonralar edilmiş bu etirafın geniş oxucu auditoriyasına çıxarılması həm də müəllif tərəfindən dövrə verilmış düşündürücü xarakteristikalardan biridir.

E.Axundova qəhrəmanının xarakterindəki cəmiyyətdə sosial terapiya aparmaq meylini dəqiq duymuş və müxtəlif formatlarda görülən işlər fonunda göstərmişdir. “Mixaylo şəhərdədir”, “… Qoy ədalət zəfər çalsın” və s. o dövrdə yeni təfəkkür tərzindən qaynaqlanan işçilik idi.

Deyilənlər baxımından külliyyatın mənəvi üstünlüyü də məhz bunlardadır: baş qəhrəman ətrafında yüksək pafosla imic yaradılmır, əksinə, onun özünün özünə qarşı tələbkarlıqla formalaşdırdığı imicin reallıqları göstərilir. Təkcə “Heç kimin tanımadığı, onun isə hamını tanıdığı birisi,” – fikrini keçmişin yaddaşından “qopardıb” kontekstə uyğun yerdə oxucuya ötürmək nəyə desəniz dəyər. Söhbət 1969–cu ildə yenicə respublikanın birinci katibi seçilmiş Heydər Əliyevin peşəkarlıqla ifadə olunmuş söz–portretində imic yaradan elementdən gedir.

Moskvalı həmkarları Heydər Əliyevin o vaxtlar Macarıstan Xalq Respublikasında aparılan iqtisadi islahatlarla çox maraqlandığını qeyd edir və imkan daxilində tez–tez ora işgüzar səfərlərə getdiyini vurğulayırlar. E.Axundova bu fikrə əlavə olaraq SSRİ–də “Əmək kollektivləri haqqında” Qanunun işlənib hazırlanmasının Siyasi Büroda məhz Heydər Əliyevə tapşırıldığını qeyd etməklə yanaşı, Yuqoslaviya iqtisadiyyatının təcrübəsindəki müsbət tərəflərdən yaradıcı istifadəni də diqqətə çatdırır. Bu məsələlər keçən əsrin 80–ci illərində baş vermişdi. Həyatın inkişafı və sonralar müstəqil Azərbaycanda bazar iqtisadiyyatı konsepsiyasının dəstəklənməsi və bir çox uyğun qanunların qəbul olunmasında göstərilən qətiyyətin haradan qaynaqlandığını Elmira xanım bu məntiqin davamı kimi təqdim edir. Beləliklə də, Kremldə islahatçı düşüncə tərzinə malik Siyasi Büro üzvü epitetinin gəlişigözəl söz olmadığı, bax, beləcə əsaslandırılır.

Azərbaycan – Rusiya münasibətlərinin tarixi qədimdir. Ona görə də Rusiya dövlətçiliyi ənənəsində nəzərə çarpan bəzi cizgiləri duymaqda biz azərbaycanlılar daha həssasıq. Beləliklə, rus və dünya tarixçilərinin yazdıqlarına görə bu slavyan dövlətinin möhtəşəm tarixində slavyan olmayan millətlərin və xalqların görkəmli rolu titullu xalqdan heç də az olmamışdır. alman mənşəli Çariça II Yekaterina (ona Böyük Yekaterina da deyirlər, III Pyoturun arvadı, Baltaçı Mehmet Paşa ilə anlaşma əldə edən. – E V.) hakimiyyətə yiyələnəndən sonra Rus imperiyasının hüdudlarını beş dəfə genişləndirmişdir. Gürcü Stalin isə II Dünya müharibəsindən sonra SSRİ–nin təsir dairəsini çar Rusiyasının 1905–ci il sərhədləri həddinə gətirib çıxarmışdır. “Əgər”lərlə danışmaq istəməzdim, amma politoloqların fikri belədir ki, Heydər Əliyev Sovet dövlətinin rəhbəri olsaydı, Sovet İttifaqı dağılmayacaqdı, Andropovun islahatları (Macarıstan, Yuqoslaviya təcrübələrini xatırlayırsınız?) isə uğurla həyata keçirələcəkdi, vəssalam…

Kimin çox itirdiyini tarix və zaman göstərdi.

Çox uzağa getməyək. Heydər Əliyevin möhtəşəm karyerası və sonra ona olan haqsız hücumları xatırlatmaq kifayətdir. Maraqlıdır ki, Moskvaya təyinat alarkən onun görkəmli xadimimiz Nəriman Nərimanovun aqibətini yaddaşında diriltməsi təsadüfi deyildi. Təyyarə qəzasında dünyasını tez dəyişən “Soverşenno sekretno” (“Tam məxfi”) telelayihəsinin müəllifi, cəsur telejurnalist Artyom Borovik onunla müsahibədə sovet dövlətinin başına keçmək şansı yaranarkən Rusiyanın dövlət adamlarının milli təkəbbürü və siyasi qısqanclığı səbəbindən Heydər Əliyevin yolunun kəsilməsini şəxsi deyil, ölkənin faciəsi kimi dəyərləndirmişdi. Artyom Borovikin fikrini Elmira xanım daha da arqumentləşdirməklə siyasiləşmiş rus və adi, sıravi rus arasında fərqli xüsusiyyətləri də qabarda bilmiş, ümumiyyətlə, Rusiya cəmiyyətinin Heydər Əliyev şəxsiyyətinə hörmət və izzətini xarakterik detallarla etik–milli səviyyədə göstərə bilmişdir. Başqa sözlə, qeri–slavyan, həm də müsəlman Heydər Əliyevin rus tarixinin Sovet dövrü bölümündə böyük yer tutması möhtəşəm faktdır – ölkəmiz üçün, millətimiz üçün.

Digər bir düşündürücü məqamı da xatırlatmaq istərdim. Heydər Əliyev haqqında istər teleradio verilişləri hazırlayanlar, istərsə də mətbu əsər yazanla (həmin müəlliflər arasında keçmişdə milli təhlükəsizlik qurumlarında çalışmışlar çoxdur), onun barəsində KQB–də hazırlanmış xarakteristikadan bir cümləni xüsusi vurğulayırlar: “…xoroşo znaet naüionalcnıe osobennosti.” Bu, kodlaşdırılmış fikir də ola bilir. Amma KQB–dən xəbərsiz onun öz daxilində Azərbaycan milli–dini dəyərlərini, mədəniyyət xadimlərini, şair və yazıçılarını, tələbə–müəllim heyətini hiss etdirmədən qoruyacaq bir muxtar KQB də onun şəxsində fəaliyyətdə idi. “Milli xüsusiyyətlərin yaxşı bilicisi”, necə deyərlər, özümüzə “işləyirdi”.

Vətənə övladından bundan başqa heç nə lazım deyil!

Məşhur kinoçu Andrey Konçalovski Heydər Əliyev fenomenini bircə ifadəyə belə sığışdırmışdır: “MÜTLƏQ HADİSƏ”.

Bu yazını həmin fikirlə də yekunlaşdırmaq olardı. Amma külliyyatı oxuyub qurtarandan sonra düşüncə duruluğunda “Bu, azərbaycançılığın mənəvi manifestidir” əminliyini etiraf etməmək olmur. Mütaliədən qazanılan xüsusi enerji özünüdərkdən özünəqayıdışa keçən yollarda milli qürur hissini daha da gur alovlandırır. Məşhur musiqiçi, Heydər Əliyevin pərəstişkarı M. Rostropoviç demişkən, “…Ulu tanrı Azərbaycan xalqının taleyinə çətin, əzablı günlər yazsa da, bu əzablara sinə gərə biləcək, bütün düyünləri açmağa qadir ola biləcək böyük şəxsiyyət qismət etmişdir.”

…Kitabın bu yaxınlarda keçirilən təqdimat mərasimində ziyalılarımız arasında belə bir fikir səslənmişdi: “Öz həyatının başlıca kitabını yazmaq səadəti hər yazıçıya nəsib olmur. Elmira Axundovaya bu qismət olmuşdur.”

Məncə, bu o demək deyil ki, mövzunun davamına oxucuya tanış imzada rast gəlməyəcəyik. Deməyə söz var hələ…

Beləliklə, Heydər Əliyev barədə əldə olan materiallar əsasında, o cümlədən opponentlərin də mülahizələrini nəzərə almaqla elə bir OBRAZ yaradılmışdır ki, gələcək tədqiqatçılar bu mövzuya müraciət edəndə, bu çoxcildliyi qətiyyən unutmayacaqlar: Glcmira Axundova. “Qeydar Aliev. Liçnostğ i gpoxa”.

 

 

Elçin VƏLƏDOĞLU

 

Respublika.-2013.-24 may.-S.5.