Balakən: aqrar bölmə iqtisadiyyatın aparıcı sahəsidir

 

Artıq rayon mərkəzindən Balakənin kənd və qəsəbələrinə də istiqamət götürən tərəqqi yolu rayonun daha firavan, güclü iqtisadiyyatlı sabaha inamla getdiyini diktə edir. Əlbəttə, bu inkişafa, tərəqqiyə qol–qanad verilməsində rayonda aqrar sahəyə yüksək qayğı göstərilməsi də mühüm rol oynayır. Bəli, aqrar bölmə də bu gün öz sözünü deyir, hələ Sovetlər Birliyi dövründə Balakənin bu sahədəki şöhrətinin özünə qaytarılması üçün böyük əzmkarlıq göstərir. Son iki ilə yaxındır bu, özünü daha çox büruzə verir. Başqa sözlə, əli işdən, torpağa qayğıdan, əkib–becərməkdən uzaqlaşan kəndlidə artıq son illərdə möhkəm inam yaranıb. Çünki rayon rəhbərliyinin məqsədyönlü fəaliyyətində bu məsələ də önəmli yer tutur.

İcra hakimiyyətinin başçısı İslam Rzayevin ictimaiyyətlə olan bütün görüşlərində apardığı söhbətlərin mayası məhz bu notlar üstündə köklənir. Niyə torpağımızın bərəkətindən lazımınca bəhrələnməyək, nə üçün torpağa əyilməklə onun qoynundakı milyonlarla adamlarımızın firavan həyatına yönəltməyək–deyir icra başcısı. Rayonda bu yönümdə böyük irəliləyiş, dönüş yaranıb. Aqrar sahənin ayrı–ayrı bölmələrindəki iqtisadi göstəricilər də bunu təsdiq edir. Göstərilən dəstəkdən maksimum istifadə edən fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı bitkilərinin əkin sahələrini ildən–ilə genişləndirirlər. Ötən il bu göstərici 2011–ci ildəkinə nisbətən 21,3 faiz artıq olmuşdursa, bu il 2012–ci ildəki ilə müqayisədə bir qədər də artmışdır.

Əvvəlki ildə yaradılan etibarlı bünövrə 2013–cü ildə daha yaxşı işləməyə, aqrar sahədə çalışanların mövcud potensialdan daha səmərəli istifadə etmələrinə real imkanlar yaratmışdır. Qarğıdalıçılığa münasibət daha da yaxşılaşmışdır. 3500 hektar qarğıdalı toxumu əkilmişdir. Onun 6 min hektardan çox olması proqnozlaşdırılıb. Fermerlər, torpaq mülkiyyətçiləri taxılçılığın mühüm qolu olan qarğıdalı istehsalının əvvəlki ildəkindən xeyli çox olması üçün lazım olan bütün aqrotexniki tədbirləri görürlər. Ümumiyyətlə, 2013–cü ilin məhsulu üçün rayonda yazlıq bitkilər əkini 2012–ci ildəkindən xeyli çoxdur.

Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007–ci il tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamının icrası ilə bağlı rayonda ardıcıl işlər aparılır. Respublika komissiyasının qərarına əsasən buğda istehsalının stimullaşdırılması məqsədilə 63 nəfər istehsalçıya hesablanmış 7036 manat yardımın onların kart hesablarına köçürülməsi təmin olunmuşdur. İstehsalçıların texnika ilə təminatının yaxşılaşdırılması, mineral gübrələrə olan tələbatın güzəştlə ödənilməsi və digər sahələrdə dövlət dəstəyinin göstərilməsi istiqamətində tədbirlər görülmüşdür.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına tərəvəz məhsullarının toxumuna olan tələbatın ödənilməsi üçün “Balacans” MMC ilə, qarğdalı toxumuna olan tələbatın ödənilməsi məqsədilə “Azəryemsənaye” MMC ilə birgə müvafiq tədbirlər həyata keçirilmişdir. Quraqlığa davamlı “PR–35–12″, “PR–35–24″, “Helen”, “Famoso” növ toxumlarının rayona gətirilməsi təşkil edilmişdir. Texnikaya olan tələbatın ödənilməsi üçün isə “Aqroservis” filialı ilə yanaşı, “AzərAqro” MMC tərəfindən də müvafiq işlər görülmüşdür.

Rayonda soyuducu kameraların tikintisi meyvəçiliyin inkişaf etdirilməsinə əlavə imkanlar yaratmışdır. Yeni intensiv meyvə bağları salınmışdır. Qullar kəndində 3.1 hektar sahədə “Rəyyan” MMC tərəfindən, “Təpəçöl” ərazisində “Balacans” MMC tərəfindən 100 hektar sahədə bağlar salınmışdır.

Aqrokimya laboratoriyası xüsusi və bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən nümunələr götürməklə analiz etmiş, nəticələri barədə mülkiyyətçilərə məlumat vermişdir.

Laboratoriyada kənd təsərrüfatı məhsullarından yaşıl yemin, dənli bitkilərin, çəyirdəkli meyvələrin, tərəvəz məhsullarının tərkibində olan nitratları və pestisidlərin miqdarını təyin etməklə sahibkar və fiziki şəxslərə rəy və təkliflər çatdırılmışdır.

Baytarlıq idarəsi tərəfindən mövcud mal–qaraya epizootik tədbirlər planına uyğun olaraq baytarlıq xidməti göstərilməsi təmin edilmişdir.

Suvarma sistemləri idarəsi tərəfindən təkcə bu ilin üç ayında Balakən çay sistemində 150 kubmetr həcmində daş–beton bəndində cari təmir, 122 kubmetr həcmində çay məcralarının təmizlənməsi işləri aparılmışdır.

Meşə Mühafizə və Bərpası Müəssisəsinin kollektivi tərəfindən isə qeyd olunan müddətdə 14 hektarda meşə əkini, 26 hektarda meşə əkinlərinə xidmət və 15 hektarda torpaq hazırlığı işləri görülmüş, 0.18 hektarda tinglik salınmışdır.

Yaşıllıq təsərrüfatı tərəfindən şəhərin küçə və parklarına qızılgül kolu və həmişəyaşıl dekorativ ağaclar əkilməsi uğurla aparılmış, 2 ədəd parnik hazırlanıb gül toxumunun səpilməsi təşkil edilmişdir.

Aldığımız məlumatlardan, ayrı–ayrı adamlarla apardığımız söhbətlərdən öyrəndik ki, rayonda aqrar bölmənin bütün sahələrində işlər rəvan gedir. Əldə edilən nəticələr heç kimdə arxayınçılıq yaratmır, əksinə icra hakimiyyətindən başlamış, fermerlərə, torpaq mülkiyyətçilərinə kimi hamı daha böyük uğurlar qazanmaq əzmi ilə çalışır. Mövcud iqtisadi potensialdan, əmək ehtiyatlarından, torpaqlardan maksimum səmərə ilə istifadə etmək taxılçılığın, xüsusilə qarğıdalıçılığın inkişafı, əkinlərin artırılması prioritet məsələyə çevrilib. Kənd təsərrüfatı texnikasına olan tələbatın tam ödənilməsi məqsədilə məqsədyönlü işlər görülür.

 

 

Rasim AMANOV

 

Respublika.-2013.-24 may.-S.6.