Heydər Əliyev hər zamanın əvəzsiz lideri olmuşdur

 

Qoca tarix, bəşəri dühalar yetirmiş Şərq dünyası zaman–zaman görkəmli şəxsiyyətləri, dünya sivilizasiyasına bəxş etdiyi öndərləri ilə tanınıb, fəxr edib, bəşər bu insanlardan bəhrələnib, xalqına, dövlətinə şərəf–şan, xoş güzəran yaradıblar. Zaman–zaman dünyanın səmti dəyişib, dövlət quruluşunda, ideologiyalarda ziddiyyətlər olsa da, ilahi vergisi olan düşüncə sahibləri dünyanı, ölkəni öz məngənəsinə tabe edərək zamanın, dövrün sahibi olublar. Seçilib, sayılıb, seviliblər, xalqının müqəddəs şəxsiyyəti kimi tanınıblar.

Ulu öndərimiz, bütün Türk dünyasının lideri Heydər Əliyev özünəməxsus Şah Palıd möhtəşəmliyi, çinar əzəməti ilə tarixin ən zəngin epopeyasını yaratmış, nəsillərə öyrəniləcək, yaşam məktəbi olan bütün həyat yolunu müəyyənləşdirmişdir.

Bu böyük mütəfəkkir, dahi insanın bariz həyatını, barlı–bəhrəli fəaliyyətini, böyük dövlətçilik ustalığını öyrəndikcə, müstəqil Azərbaycanımızın bugünkü yüksəliş zirvəsindən, həyatımızın gündən–günə inkişaf edən fövqündən baxanda Heydər Əliyev dühası, müdrikliyi, Azərbaycanın tarixinə qızıl hərflərlə yazdığı, dünyəvi inkişaf yolunu fəxrlə, böyük qürur hissilə xatırlayırsan.

Ötən əsrin 90–cı illərinin tufanlı, ziddiyyətli illəri Odlar Yurdunun tarix dönəmində yaxın keçmişimizdir. Dünyanın aparıcı ölkələrinin liderləri məhz öz dövlətlərinin hərbi–siyasi, iqtisadi potensialı sayəsində tanınırlar. Lakin açıq etiraf etmək lazımdır ki, XX əsrin sonunda kəşməkəşli həyat sürən, keçmiş SSRİ rəhbərlərinin xəyanətkarlığı nəticəsində fəlakət burulğanlarına atılmış, artıq dövlətçiliyi real məhv olmaq üzrə olan, torpaqlarının 20 faizdən çoxu işğal edilmiş, iqtisadiyyatı səriştəsiz, bacarıqsız rəhbərlər tərəfindən dağıdılmış, mənfur erməni qəsbkarlarının talan etdiyi, bir milyondan çox vətəndaşının yurd–yuvasından pərən–pərən düşdüyü, bir sözlə tufanlı dəryada sükansız bir gəmiyə bənzəyən Odlar Yurdu Azərbaycanı məhz Heydər Əliyev dühası, Heydər Əliyev müdrikliyi, Heydər Əliyevin dövlətçilik ustalığı xilas etdi. Məhz dünya siyasətinin korifeylərindən biri olan, müdrikliyi xalqımız üçün tanrı vergisi olan ulu öndərimiz Heydər Əliyevin şəxsi nüfuzu, onun ardıcıl olaraq uğurla həyata keçirdiyi daxili və xarici siyasəti Azərbaycanı yaşatdı, qüdrətləndirdi, bütün dünyaya tanıtdırdı.

Hələ Sovetlər İttifaqı dövrü Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi işləyərkən Azərbaycana yeni həyat bəxş etdi, özünün tələbkarlığı, güclü kadr siyasəti, rəngarəng yaradıcılıq fəaliyyəti ilə Azərbaycanı Sovetlər ölkəsində iqtisadi cəhətdən qüdrətli, möhtəşəm sənaye mərkəzinə çevirdi, respublika tikinti meydanını xatırladırdı. O, Azərbaycanı Sovetlər İttifaqında tanıtdı, şöhrətləndirdi.

Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətində ölkəmizin hüdudlarından çox–çox uzaqlarda tanındı. Etiraf etmək lazımdır ki, iqtisadi, siyasi çətinliklərlə keçən neçə illər ərzində Azərbaycan xalqı məhz Heydər Əliyevin 70–ci illərdən qurub–yaratdığı, tikib–ucaltdığı, xalqımıza bəxş etdiyi böyük irsin, xəzinənin, sərvətin hesabına yaşamışdır.

Xalqımızın əsl lideri olan, bütün həyatını doğma Azərbaycanın dirçəlişi, çiçəklənməsi, xoşbəxt gələcəyi naminə həsr etmiş ulu öndərimizin anadan olmasının il dönümünü qeyd etdiyimiz vaxtda biz bu müdrik insanın rəhbərlik etdiyi zəfərli illəri böyük qürur hissi ilə xatırlayırıq.

“Şərqin bir ulduzu parladı Kremldə!” Qüdrətli Sovetlər ölkəsinin ən tanınmış rəhbərlərindən olan Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin SSRİ rəhbərliyinə gəlişini dünya məhz belə dəyərləndirmişdi. Heydər Əliyev uzun illər nəinki Azərbaycanın, eləcə də qüdrətli Sovetlər ölkəsinin rəhbəri, onun tanınmış bir lideri kimi sevilirdi. Yaradıcılıq ezamiyyətilərində harada olsaq, Heydər Əliyevin adı ilə bizə böyük ehtiram göstərirdilər. SSRİ rəhbərləri arasında digərlərindən məhz özünün işgüzarlığı, təşkilatçılıq bacarığı, ensiklopedik biliyi ilə fərqləndiyini deyirdilər.

Ulu öndərimiz Heydər Əliyev nəinki SSRİ məkanında, dünyəvi lider kimi tanınırdı. Ümummilli lider Heydər Əliyevin belə böyük nüfuz sahibi olması, SSRİ rəhbərliyində seçilməsi, sözsüz ki, çoxlarını narahat edirdi.

SSRİ rəhbərlərinin xəyanəti nəticəsində, xüsusilə, müsəlman dövlətlərinə, məhz Azərbaycan xalqına qarşı böyük təxribatlar aparıldı. Sapı özümüzdən olan baltaların dar düşüncəli, səriştəsiz rəhbərlərin yaramazlığı 90–cı illərin əvvələrindəki fəlakətlərinə gətirib çıxardı. Ölkə talandı, kütləvi qırğınlarımızın başlanğıcına rəvac verildi. Ardınca Qarabağ torpağında erməni məkri yeni fəlakətlər törətdi, əsrlərin kəşməkəşlərinə sinə gərmiş müqəddəs Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı işğal olundu, xalqımızın tarixinə böyük bir qara ləkə vuruldu.

Belə mənəvi sarsıntılar dövründə ziyalılar, müdrik ağsaqqallar xalqımızın böyük oğlu və xilaskarı Heydər Əlirza oğlu Əliyevə üz tutdular. Xalq qəlbində silinməz izlər buraxmış Heydər Əliyevi xatırlayır, ümid edirdi ki, bu fəlakətdən onu yalnız Heydər Əliyev kimi dahi bir şəxsiyyət xilas edə biləcəkdir.

Əbülfəz Elçibəylə bir görüşümüzü xatırladım. Qarabağımızın ağır illərində dəfələrlə ağsaqqallardan, deputatlardan ibarət nümayəndə heyəti Bakıya üz tutsa da, heç vaxt konkret kömək, əməli cavab ala bilmirdik. Ali Sovetin sədri İsa Qənbərin qəbulunda olanda “heç nə edə bilmirəm, prezidentə deyin” sözləri ilə bizi başından elədi, birtəhər müdafiə naziri Rəhim Qazıyevin qəbuluna düşdük. O da başından elədi. Təkidli müraciətimizə əsasən prezident Əbülfəz Elçibəyin qəbuluna düşdük.

Ona konkret vəziyyəti dedik, digər rayonlarda baş alıb gedən özbaşınalığı faktlarla qarşısına qoyduq. Çox qəribədir ki, prezident rayon nümayəndələrinə cavab verə bilmədi. Axı özlərini idarə edə bilməyən bu təsadüfi adamlar xalqa hansı məsləhətlər verə bilərdilər. Ölkəni başlı–başına buraxmışdılar. Ən acınaqlısı o idi ki, mövcud vəziyyəti müzakirə etmək üçün razılığa gələ bilmirdilər.

Müdafiə Nazirliyində keçən müzakirə başlanandan beş–on dəqiqə sonra daxili işlər naziri İsgəndər Həmidov acıq eləyib getdi, digər “bəylər”də maşınlarda yanımızdan ötdülər, cavabsız, ümidsiz rayona döndük, camaatımıza təskinlik verdik. Bundan sonra Qarabağ camaatının nifrəti qondarma rəhbərlərə birə–beş artdı.

Xarici ölkədə ezamiyyətdə olarkən tarixi şəxsiyyətlərdən bəhs edən bir kitabçada Heydər Əliyevin həyatı vəsf olunmuş oçerk dərc edilmişdi. Bununla bağlı xalqımızın nümayəndələrindən soruşulanda “Heydər Əliyevə nə arzulayırsınız?”—demişdik ki, qüdrətli Sovetlər İttifaqının rəhbərlərindən biri olan Heydər Əliyevin sinəsində ikinci “Qızıl Ulduz”un şəfəq saçmasını arzulayırıq! Bu kitabçanı Moskvada Heydər Əliyevin qəbuluna aparan Respublika Jurnalistlər Birliyinin sədri Hacı Hacıyevin və gözəl insan, əziz dostumuz, mərhum naşir Əjdər Xanbabayevi səbirsizliklə gözləyirdik, sevinirdik ki, Heydər Əliyev böyük minnətdarlığını bildirəcək. Onları qarşıladıq, “Heydər Əliyev nə dedi?” – Soruşduq, Dostlarımız böyük insanın sözlərindən gərginlik çəksələr də, daxilən iftixar hissi keçirirdilər. Heydər Əliyevin onlara “Sizin nə ixtiyarınız var ki, ölkə rəhbəri haqqında belə danışırsınız?”demişdi. Belə təvazökarlığı yalnız Heydər Əliyev edə bilərdi. Amma biz qəlbimizin arzusunu ifadə etmişdik. Qısa müddət keçdi. Kremldə parlayan bütün Şərq xalqlarının parlaq ulduzu olan Heydər Əlirza oğlu Əliyevin Vətən, xalq qarşısında böyük xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanının ikinci Qızıl Ulduzu ilə təltif olunduğu barədə fərman mətbuatda dərc olundu. Böyük fərəh hissi ilə Moskvaya, Heydər Əliyevə minlərlə təbrik teleqramları göndərildi.

1990–1993–cü illərin təlatümlü zamanında erməni qoşunlarının hücumu, rayonların bir–birinin ardınca işğal olunması, 1 milyondan çox əhalinin doğma torpaqlarından, öz yurd–yuvalarından didərgin salınması respublikada böyük gərginlik və ruh düşkünlüyü yaratmışdı. Bir tərəfdən hakimiyyətə gəlmiş cəbhəçi bəylərin səriştəsizliyi, digər tərəfdən, xalqın düşdüyü ağır psixoloji vəziyyət respublikanı öz müstəqilliyini itirmək təhlükəsi qarşısında qoymuşdu.

Xalq böyük dövlətçilik ənənələrini yaratmış, respublikanın həyatında mühüm rol oynamış Heydər Əliyevi tələb edirdi.

Bu bir həqiqətdir ki, əgər 1993–cü ilin iyun ayında Heydər Əlirza oğlu Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan öz müstəqilliyini itirəcəkdi. Xalqın təkidli tələbi ilə yenidən Azərbaycan Respublikasının rəhbərliyinə gələn Heydər Əliyevin dövlətçilik ustalığı bir–birinin ardınca Qarabağ torpaqlarını işğal edən düşmənlərlə intensiv apardığı danışıqlar öz bəhrəsini verdi. Atəşkəs imzalandı, qiyamçı dəstələr zərərsizləşdirildi, müstəqil Azərbaycanın yeni həyatı başlandı. Ordu quruculuğuna böyük diqqət yetirən ulu öndərimiz onları vahid komandanlıq ətrafında birləşdirdi. Hərbi–texniki təchizatı yaxşılaşdırmaq üçün tədbirlər görüldü, milli zabit heyətinin yetişdirilməsinə xüsusi qayğı göstərildi.

Azərbaycan ağır quruculuq proseslərini arxada qoydu. Ölkənin iqtisadi inkişafına diqqət yetirən ulu öndərimiz xüsusilə neft sənayesinin tərəqqisinə, neft ixracına nail oldu, xarici investisyaların respublikamıza cəlb olunmasına nail oldu. Bütün bunlar Azərbaycanın yenidən dirçəlişinə təkan verdi, Heydər Əliyevin şəxsi nüfuzu sayəsində Azərbaycana olan təhdidlər aradan qaldırıldı.

Respublikamızın keçdiyi inkişaf yoluna nəzər salanda ağır illərdə Heydər Əliyevin göstərdiyi böyük dözümlülük, həyata keçirdiyi daxili və xarici siyasət hər kəsin gözü önündə canlanır. Bu gün respublikamız dünyada iqtisadi cəhətdən inkişaf etmiş qüdrətli bir dövlətə çevrilmişdir. Ulu öndərimizin zəngin irsi həmişə istiqamətverici mayak olacaqdır. Heydər Əliyev siyasi kursunu inamla davam etdirən hörmətli Prezidentimiz İlham Əliyevin ölkəmizdə apardığı böyük quruculuq işləri xalqımızın ürəyincədir. Ölkənin iqtisadi yüksəlişi ilə yanaşı, ordu quruculuğuna xüsusi diqqət yetirən hörmətli Prezidentimiz İlham Əliyevin ulu öndərin dövlətçilik ənənələrinə sədaqətinin nəticəsidir ki, Azərbaycan müstəqil siyasət həyata keçirir, Qafqazda, eləcə də dünyada söz sahibidir. Respublikamız elmin, mədəniyyətin, ədəbiyyatın, sənayenin, kənd təsərrüfatının inkişafı sayəsində böyük nailiyyətlər qazanmışdır.

Ulu öndərimiz, zəmanəmizin görkəmli dövlət, ictimai–siyasi xadimi kimi dünyanın aparıcı siyasətinin korifeylərindən biri olmuşdur. Xalqımızın xilaskar oğlu, zəmanəmizin görkəmli ictimai–siyasi və dövlət xadimi Heydər Əliyevin şəxsiyyəti, onun müdrik siyasəti Azərbaycan xalqının yeganə qarantı, ümid, həyat işığı, gələcəyə inamı olmuşdur.

Şükürlər olsun ki, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanı gündən–günə çiçəkləndirən, onu daha nurlu gələcəyə inamla aparan parlaq şəxsiyyət vardır. Xalqımızın ləyaqətli oğlu hörmətli Prezidentimiz İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasəti sayəsində Azərbaycan daha da qüdrətli dövlətə çevrilir.

 

Oqtay Əliyev,

yazıçı–publisist.

 

Respublika.-2013.-25 may.-S.6.