Azərbaycanın ən yeni
tarixinin yaradıcısı
Bu gün Azərbaycan dövlətinin yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinin, həyat və fəaliyyətinin, müstəqil dövlətin yaradılması istiqamətində görülən işlərin öyrənilməsi göstərir ki, tarixdə ayrı–ayrı şəxsiyyətlər müəyyən xalqın taleyində həlledici rol oynayır, ictimai hadisələrin axarını öz xalqının gələcəyi naminə dəyişə bilir. Məhz çağdaş Azərbaycan tarixinin sərt dönəmlərində Heydər Əliyev fenomeninin xalqımızın taleyində oynadığı rolu danılmazdır.
Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində dünya dövlətləri birliyində öz layiqli yerini tutan Azərbaycanda mütərəqqi və milli dəyərlərə uyğun islahatlar aparılmaqla demokratik, hüquqi və sivil bir dövlət qurulmuş, xalqımızın hərtərəfli təminatlı gələcəyi üçün bütün əsaslar yaradılmış, dönməz və dayanıqlı ictimai–siyasi sabitlik əldə edilməklə qanunun aliliyinə və insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalaşmışdır.
Ulu öndərin müdrik siyasətinin nəticəsində Azərbaycan böyük nüfuza malik olmuş, dünya birliyində öz yerini müəyyənləşdirmişdir. Azərbaycanın tərəqqisi hər bir azərbaycanlının inam və güvənc ünvanı olan fenomenal şəxsiyyətlə–Heydər Əliyevin adı ilə bağlıdır.
Bu, danılmaz bir faktdır ki, bu gün Azərbaycan adlı bir məmləkətin müstəqil dövlət olaraq möhkəmləndirilməsinin və inkişafının konturları Heydər Əliyev kimi düha, əvəzsiz müdrik bir dövlət xadimi tərəfindən müəyyənləşdirilmişdir. Heç də təsadüfi deyil ki, Azərbaycan dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qaldığı vaxtda məhz qüdrətli şəxsiyyət Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı, ümummilli lider missiyasını öz üzərinə götürdü və Azərbaycan dövlətçiliyini nəinki məhv olmaq təhlükəsindən qurtardı, eyni zamanda belə bir çətin şəraitdə dövlətçiliyimizi daxili və xarici müdaxilələrdən qoruyaraq onu inkişaf etdirdi.
Bu tarixi missiyanı xalqın təkidli tələbləri ilə yenidən öz üzərinə götürən ümummilli liderimiz Heydər Əliyev–öz xalqına, millətinə, dövlətinin taleyinə qəlbən və ruhən bağlı olan dahi şəxsiyyət demişdi: “…Azərbaycan Respublikası bundan sonra başına nə gəlirsə–gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına keçməyəcək…”
Müstəqilliyimizin möhkəmləndirilməsində, hüquqi, demokratik dövlət quruculuğu işində ilk milli Konstitusiyamızın xüsusi yeri vardır. Heydər Əliyev Konstitusiyası kimi tarixə düşən əsas qanunumuz insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsi sahəsində mükəmməl bir sənəddir.
Ölkəmizdə Avropa dəyərlərinə uyğun aparılan islahatlar da məhz dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətimizin möhkəmləndirilməsi, vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində əldə olunan nailiyyətlər ulu öndərimizin xidmətlərindəndir.
Müstəqilliyimizin bərpasından ötən 20 il ərzində digər sahələrdə olduğu kimi, təhsil sektorunda da çox böyük işlər görülüb. Bu dövrdə 2 mindən çox orta məktəb binası və əlavə tədris korpusu tikilib, bütün ali təhsil müəssisələrinin binaları əsaslı təmir olunub və yenidən qurulub. Müstəqil Azərbaycan dövləti hazırda öz inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Son 10 il ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında bu günə qədər analoqu olmayan inkişaf templərini göstərir. Azərbaycanın güclü iqtisadiyyata malik olması, bu istiqamətdə əldə olunan möhtəşəm uğurlar digər sahələrin də tərəqqisinə, əhalinin yaşayış səviyyəsinin durmadan yüksəldilməsinə imkan verib. Dövlətimiz sosialyönümlü siyasət yürüdür. Bu, istər dövlət büdcəsinin xərclərində, istərsə də həyata keçirilən islahatlarda və əməli işlərdə özünü göstərir.
Dünya təcrübəsi gösrərir ki, təhsilin tərəqqisinə xüsusi önəm verən xalqlar dünya arenasında layiqli yer tutur, davamlı və sabit inkişaf strategiyasını uğurla müəyyən edirlər. Azərbaycanda bütün sahələrdə olduğu kimi, elmin və təhsilin inkişafı da ulu öndərimizin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindəndir. Bu bir həqiqətdir ki, ulu öndərimiz Azərbaycanın siyasi, sosial–iqtisadi məsələləri ilə yanaşı, elmin və təhsilin inkişafına da həmişə xüsusi diqqət və qayğı ilə yanaşıb. Xüsusən də müstəqillik illərində milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək, milli–mənəvi dəyərlərə həssas münasibət Heydər Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib.
Ulu öndərimizin 90 illik yubileyini xalqımız böyük qürur hissi ilə qeyd edib. Cəmiyyətdə tutduğu mövqedən, vəzifəsindən asılı olmayaraq hər bir azərbaycanlı bu günlər ulu öndərimiz Heydər Əliyevin şanlı ömür yoluna bir daha nəzər salır. Onun zəngin həyat məktəbindən öyrənirlər. Ümummilli liderimiz sözün əsl mənasında Azərbaycanın ən yeni tarixinin yaradıcısı, müstəqil dövlətimizin memarıdır.
Fəqani
Tapdıqov,
Şamaxı Texniki Humanitar və Təbiət
fənləri
təmayüllü liseyin direktoru.
Respublika.-2013.-25 may.-S.6.