416–cı diviziyaya Ukraynada abidə ucaldılmışdır
SSRİ Ali Baş Komandanlığının əmri ilə 1942–ci il fevral ayının 22–də 416–cı Azərbaycan atıcı diviziyası yaranmışdır. Diviziyaya 11 min azərbaycanlı, tatar, yəhudi, ləzgi, belarus və digər millətlərdən olan Azərbaycan vətəndaşları xidmətə çağırılmışdı. Şəxsi heyət 5156 tüfəng, 1029 avtomat, 300 pulemyot, 220 tankvuran silah, 490 top və digər silahlarla döyüşlərə hazırlıq görməyə başladı.
İlk sınaq döyüşləri 1942–ci il noyabr ayının 30–dan Mozdok ətrafında 44–cü ordunun tərkibində başladı. Almanlar çoxsaylı canlı qüvvə, tank, təyyarələrlə fasiləsiz artilleriya atəşi altında dəfələrlə hücuma keçməyə cəhd etsələr də, hər dəfə böyük itkilər verərək geri çəkilməyə məcbur oldular.
Komandanlığın 1943–cü il 30 avqust tarixli əmri ilə 130–cu və 416–cı diviziyalar “Taqanroq diviziyaları” adlandırıldı. Bu qələbəni Moskvada həmin gün 124 topdan açılan 12 yaylım atəşi ilə qeyd etmək qərara alındı. 416–cı atıcı diviziya 1943–cü il avqust ayının 30–dan 1944–cü il aprel ayının 25–dək Ukraynanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etdi. Nikolayev, Melitopol, Odessa, Mariopol və digər şəhərlərin azad edilməsində diviziyanın misilsiz xidmətləri oldu. 1943–cü il aprelin 23–də Melitopolun azad edilməsinə görə Qırmızı bayraq və 1944–cü il sentyabr ayının 19–da Odessanın azad edilməsinə görə II dərəcəli Suvorov ordenləri ilə təltif edildi. Bu döyüşlərdə qəhrəmanlıqla vurusan 2115 əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edildilər, pulemyotçu Ağahüseyn Ağaməmməd oğlu Cəfərov isə düşmənin Melitopol yaxınlığında 150 nəfər canlı qüvvəni məhv etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
Beləliklə, Qafqazdan Berlinədək Qırmızı Bayraqlı, II dərəcəli Suvorov ordenli 416–cı Azərbaycan Taqanroq diviziyasının 27 ay fasiləsiz davam edən şöhrətli döyüş yolu başa çatdı. Bu müddət ərzində diviziya Şimali Qafqazı, Rostovu, Ukraynanın Nikolayev, Xersen vilayətlərini düşməndən azad etmişdir.
416–cı atıcı diviziyanın əsgər və zabitləri Vətən qarşısındakı misilsiz xidmətlərinə görə 369 Lenin və Qırmızı bayraq, 72 Kutuzov və Aleksandr Nevski, 2356 I və II dərəcəli Vətən müharibəsi, 5378 Qırmızı Ulduz ordenləri, 6125 “İgidliyə görə”, “Döyüş xidmətlərinə görə” medalları ilə təltif edilmişlər.
Ukraynanın faşist işğalından azad olunmasının 70 illiyi münasibətilə Ukrayna Respublikasında həyata keçirilən tədbirlər sırasında 6 may 2013–cü il tarixdə Nikolayev vilayətinin Berezanski rayonunun Çernova Ukrainka kəndində Qırmızı bayraqlı 416–cı Azərbaycan atıcı diviziyasının şərəfinə Şöhrət memorialı və muzey–panoramın açılışında iştirak etmək məqsədilə 416–cı diviziyanın veteranları Hüseynov Məmməd Umid oğlu və Əmralıyev Əmiralı Qulu oğlu, onları müşayiət etmək üçün Şuranın baş mütəxəssisi e/o polkovnik–leytenant Babaşov Adil Ukrayna Respublikasının Nikolayev şəhərinə ezamiyyətə getdilər.
Adıçəkilən abidəni öz şəxsi vəsaiti hesabına inşa etdirən Nikolayev şəhərində yaşayan. Heydər Əliyev adına Azərbaycan ictimai–mədəni təhsil mərkəzinin sədri həmyerlimiz Əliyev Yunis Dəmir oğludur.
Abidənin açılışında Azərbaycanın Ukraynadakı səfirliyinin I katibi Subhan Hüseynli, səfirliyin 3–cü katibi Ruslan Qurbanov, Rusiya səfirliyinin Odessa şəhərində konsulu Andrey Aksenov, Nikolayev vilayətinin milli məsələlər üzrə şöbə müdiri Viktor Çebataryev, vilayətin deputatı Fazil Hacıyev və başqaları iştirak etdilər.
Ukrayna milli paltarları geymiş qız və oğlanlar duz–çörəklə, eləcə də məktəblilər gül–çiçəklə bizi qarşıladı.
416–cı atıcı diviziyanı çoxmillətli diviziya saymaq olar. Berezan rayonunun veteranlar şurasının sədri Nikolay Qorbatenkonun qeyd etdiyi kimi, bu diviziyada müxtəlif millətlərin nümayəndələri iştirak etsələr də, çoxluğu azərbaycanlılar təşkil edirdi.
N.Qorbatenko eyni zamanda bildirdi ki, memorial abidəni inşa etdirmək məqsədilə Nikolayev şəhərində yaşayan H.Əliyev adına Azərbaycan ictimai mədəni təhsil mərkəzinin sədri həmyerlimiz Əliyev Yunis Dəmir oğlu özünə məxsus şəxsi mənzilini satmış və pulunu abidənin tikintisinə sərf etmişdir. Bu barədə çıxış edən Nikolayev şəhərinin nümayəndələrinin çıxışlarından məlum oldu ki, Yunis Əliyev yüksək dərəcədə vətənpərvər, vətəninə bağlı, xeyirxah və ailəcənab bir insandır.
Söhbət əsnasında o da məlum oldu ki, 416–cı Azərbaycan atıcı diviziyasının şərəfinə memorial tikintisində, onun tərtibatında öz fiziki əməyini əsirgəməyən Nikolayev şəhərinin veteranlar şurasının sədri Qorbatenko Nikolay Nikolayevi, həmin şəhərin milli məsələlər üzrə cəmiyyətin sədri Anar Axundovun da az əməyi olmamışdır. Adları çəkilən insanlar lazımi təltifə layiqdirlər.
Adil BABAŞOV,
Respublika Veteranlar Şurasının
baş mütəxəssisi,
Qarabağ müharibəsi
və Silahlı Qüvvələr veteranı,
e/o polkovnik–leytenant.
Respublika.-2013.-25 may.-S.6.