“İşıq–Qadın” jurnalının təqdimat mərasimi

 

O.Mirzəyev adına Səbail rayonu 190 saylı tam orta məktəbdə “İşıq–Qadın” jurnalının və akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə bağlı məktəbin akt zalında tədbir keçirilmişdir.

İlk əvvəl tədbir iştirakçıları Azərbaycan xalqının dövlətçilik tarixində müstəsna xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin və onun ömürgün yoldaşı olan akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Müstəqil Azərbaycan dövlətinin himni oxundu.

Səbail rayonu 190 saylı tam orta məktəbin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Qənirə Əmircanova xeyirxah əməlləri ilə Azərbaycanın hüdudlarını aşıb keçən, millətinə və xalqına sədaqətlə xidmət edən xanımlar xanımı Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş yığıncağa qatılan hər kəsi məktəbin işgüzar kollektivi adından salamladı.

Tədbirdə çıxış edən Səbail rayonu 190 saylı tam orta məktəbin direktoru, respublikanın əməkdar müəllimi Afət Bakıxanova görkəmli oftalmoloq alim Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı zəngin xidmətlərindən, yaratdığı fundamental əsərlərdən, qazandığı nailiyyətlərdən söhbət açdı. Və yüz il əvvəl Azərbaycan qadınlarının həyat tərzi, məişəti, arzu və istəyi, mənəvi dünyasını işıqlandıran və mətbuatda unudulmaz iz buraxan, bu jurnalın şimşək kimi parlayıb işıq üzü görməsini yüksək dəyərləndirdi. Natiq “İşıq–Qadın” jurnalının əməkdaşlarına vətənimizin daha da işıqlı gələcəyi naminə yeniyeni yaradıcılıq uğurları arzuladı.

“İşıq–Qadın” jurnalının baş redaktoru Sədaqət Qəhrəmanova “yüz il əvvəl –1911–ci ildə maarifpərvər ziyalı Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə nəşr olunan ilk qadın mətbu orqanı “İşıq” qəzetini dərgi şəklində bərpa etməyin, əslində tariximizə, keçmişimizə bir ehtiramın ifadəsi” olduğunu diqqətə çatdırdı. Sonra çıxışına davam edən Sədaqət xanım “İşıq” qəzetinin bu gün dərgi kimi yenidən çap edilməsinin milli mətbuatımızda önəmli bir hadisə olduğunu vurğuladı. Bu münasibətlə yığıncaq iştirakçılarını təbrik etdi. “Dünyamız işıqlı olsun!” sözləri ilə fikrini tamamladı.

Tədbirdə Milli İrs, Mədəni, Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, Amalya Pənahova, Rəna Mirzəyeva, Gülarə Munis, Elmira Qasımova, Könül Niftəliyeva, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Şəfəq Nasir, İctimai Televiziyanın əməkdaşı Mahir Qəribov, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov, ilahiyyatçı alim Ağa Hacıbəyli, pedaqoqika üzrə fəlsəfə doktoru, professor Nübar Muxtarova və başqaları öz çıxışlarında akademik Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini danışdılar, onun xeyirxah insan, bənzəri olmayan nurlu şəxsiyyət, elmi, tibbipedaqoji fəaliyyətinin hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətlərindən söhbət açdılar və 2012–ci ilin yanvar ayından etibarən nəfis şəkildə çap edilən, dünənlə bu gün arasında körpü yaradan “İşıq–Qadın” jurnalının əməkdaşlarına yeni yaradıcılıq uğurları arzuladılar.

Məktəbin şagirdlərinin ifasında “Qarabağ” mahnısı dinlənildi. Tanınmış şair və bəstəkarların şeir və mahnıları ilə yanaşı, tədbirdə iştirak edən bəstəkar Tahir Əkbərin bəstələdiyi mahnılar, şair Şöhlət Abbasın şeirləri ifa edildi. İştirakçılar maraqlı konsert proqramı ilə yekunlaşan tədbirdən xoş təəssüratla ayrıldılar.

 

Məhəmməd Vəliyev,

 

Respublika.-2013.-25 may.-S.6.