Ürəklərdə yaşayan insan

 

Akademik Mehdi Mehdizadə Azərbaycanda maarif quruculuğunun görkəmli nümayəndələrindəndir. O, Azərbaycan maarifi yolunda çox çətin və şərəfli bir yol keçmiş, misilsiz elmipedaqoji fəaliyyət göstərmişdir.

Mehdi Mehdizadə 1903– il yanvar ayının 5–də Cəbrayıl qəzasının Daşkəsən kəndində dünyaya göz açmışdır. O, çətinlikləri, maneələri dəf edərək adi kənd müəllimliyindən nazir, dünya miqyaslı alim səviyyəsinə yüksəlmişdir.

Mehdi müəllim 30 ildən artıq bir müddətdə indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində assistent, dosent, kafedra müdiri, dekan, professor, prorektorrektor vəzifələrində çalışmış, diqqətəlayiq işlər görmüşdür. O, 25 ilə yaxın bir müddətdə Azərbaycan maarifinə, təhsilinə rəhbərlik etmiş, eyni zamanda dəyərli elmi yaradıcılıq axtarışlarını davam etdirmişdir. Onun “Azərbaycan Sovet məktəbinin tarixinə dair xülasələr”, “Məktəbdə təlim–tərbiyə” işinin yenidən qurulmasının bəzi məsələləri, “Azərbaycan xalq maarifi yeni yüksəlişdə”, “Azərbaycanda xalq maarifinin sürətli inkişafı”, “Ümumtəhsil məktəblərində təlim–tərbiyə prosesinin təkmilləşdirilməsi yolları” kimi bir sıra sanballı monoqrafiyaları pedaqoji sahədə çalışanların stolüstü kitabları olmuşdur.

Mehdi Mehdizadə SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan SSR–in Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, dünya əhəmiyyətli alim idi. O, YUNESKO–nun Şərq üzrə məsləhətçisi vəzifəsində çalışmışdı. Eyni zamanda beynəlxalq konfrans, müşavirə və iclaslardakı məruzələri və çıxışları, habelə alman, ingilis, fransız, ispan, ərəb və digər beynəlxalq dillərdə çap olunmuş məqalələri ilə beynəlxalq aləmdə də böyük nüfuz qazanmışdı.

Mehdi müəllimi mən lap uşaqlıqdan tanıyırdım. Onda 3– sinifdə oxuyurdum. Evimiz kəndin aşağı hissəsində yerləşirdi. Günortaya yaxın idi. Birgördüm ki, böyrümüzdə birPobeda” maşını dayandı. Atam, bir də tanımadığım bir nəfər maşından düşdü. Onlar həyətə girdilər. Qapımızdakı taxta çardaqda oturdular. Atam məni göndərdi ki, get Çərəkən kəndindəki məktəbin direktoru Cəlil müəllimi, bir də Mirzə Muxtar müəllimi çağır gəlsinlər. Cəlil müəllimlə Mirzə Muxtar müəllimi evimizə dəvət etdim. Onu da deyim ki, mənim müəllimim Mirzə Muxtar Qori müəllimlər seminariyasını bitirmişdi.

Anam samovarı qaynadıb çardağa qaldırmışdı. Bağımızdan yığdığım gilası süfrəyə qoyanda Bakıdan gələn qonaq başımı sığallayıb “nə qoçaq oğlandı”, – dedi.

Sonralar öyrəndim ki, Bakıdan gələn qonaq Mehdi Mehdizadə imiş. Sonralar anam danışırdı ki, atam Musayev Həsən Daşkəsən kəndində direktorpartkom işləyərkən Mehdi müəllimi atası varlı olduğu üçün tuturlar. Atam gecə ikən rayon partiya komitəsinə gedərək onu həbsdən qurtarır. Ona görə də Mehdi müəllim atamın xətrini çox istəyirdi. Bu dostluq uzun illər davam etdi. Hər il Mehdi müəllim Cəbrayıl rayonuna gələrkən mütləq bizə baş çəkərdi.

Mehdi müəllim sadə, təmkinli, təvazökar bir insan idi. O, qarşısındakı insanı diqqətlə dinləyərdi. Nazir olanda qəbuluna gələn hər kəsi gözlətmədən qəbul edərdi. Yerliçilik, regionçuluq fikrindən uzaq idı. Respublikamızı qarış–qarış gəzərdi. Bütün yaxşı müəllimləri şəxsən tanıyardı. Rayonlara gedərkən qabaqcadan xəbər verməzdi. Özü istədiyi məktəbi seçərdi. Onun məktəbə gəlişindən sonralar maarif söbələri xəbər tutardı.

Bir dəfə pambıqçılıq rayonlarındakı bir kənd məktəbinə gəlir. Heç kimə demədən siniflərdən birinə daxil olur. Görür ki, müəllim sinifdə uşaqlara pambıq təmizlədir. Mehdi müəllim soruşur ki: dərsidir? Müəllim Mehdi müəllimi tanımadığından deyir ki, əmək dərsidir. Mehdi müəllim heç demədən sinifdən çıxır. Bir azdan məktəbə xəbər yayılır ki, bəs nazir məktəbə gəlib, indi iclas olacaq. Həmin müəllim qorxusundan bilmir ki neyləsin. İclas başlayır. Mehdi müəllim qarşıda duran vəzifələrdən danışır. Məktəbdə görülən işləri təhlil edir, axırda əmək müəllimini tərifləyərək əmək dərsini yüksək səviyyədə qurduğunu vurğulayır.

Bax, Mehdi müəllim belə insan idi.

O illərdə məktəblərdə, ümumiyyətlə, təhsil sahəsində rüşvət sözü yox idi. Mehdi müəllim təmizlik vicdan təcəssümü idi. Onun ətrafında olanlar, əqidə dostları hamısı bu yolu tutmuşdular.

Mehdi Mehdizadənin qardaşı Zəkəriyyə Mehdizadə, bacısının həyat yoldaşı Oruc müəllim gözəl pedaqoqlar idi. Onların hər ikisi Azərbaycan təhsilinə böyük töhfələr vermişdilər.

Mehdi müəllimin övladları, qızları El

mira, Nailə, Zemfira, qardaşı qızları Dilşad, Gülşad pedaqoji sahədə görkəmli alimin işini davam etdirirlər: oğlu Rafiq Mehdizadə texnika elmləri doktoru, professor, qızı Elmira Mehdizadə riyaziyyat elmləri doktoru, Nailə Zemfira Mehdizadələr elmlər namizədidirlər. Onlar ataları ilə fəxr edirlər.

Azərbaycanın görkəmli elm xadimləri, tanınmış pedaqoqlar B.BudaqovAzərbaycan pedaqoji elminin zirvəsi”, Z.QaralovBənzəri olmayan insan”, Ə.HəmişovDədə pedaqoq, ulu şəxsiyyət”, V.Əhmədov” O, bizi sayırdı”, F.QasımzadəUnudulmaz nazir, alim müəllim”, Ə.Əfəndizadə “O, müdrik şəxsiyyət, xalq maarifinin əsl fədaisi idi”, Y.KərimovPedaqoq adına layiq”, V.XəlilovMehdi Mehdizadəkitablarında el üçün, xalq üçün ürəkdən, təmənnasız çalışan, bütün ömrünü Azərbaycanda xalq maarifinin çiçəklənməsinə həsr edən bu böyük insan haqqında ürəkdolusu söz açıblar.

Doğrudan da, Mehdi müəllim Azərbaycan maarifinin bilicisi, onun uca zirvəsi idi.

O, maarif işinə rəhbərliyə təyin etdiyi müəllimləri hər cür yoxlamadan keçirərdi, təsadüfi, xudpəsənd, öz şəxsi mənafeyini güdən adamları yaxın buraxmazdı. Ancaq öz işini bilən, xalqa fayda verə biləcək adamları irəli çəkir, təhsilin taleyini onlara etibar edərdi. Odur ki, onun maarifə rəhbərlik etdiyi dövrdə məktəblərdə güclü intizam, qayda–qanun, şagird–müəllim münasibətləri, müəllimə hörmət, məhəbbət çox yüksək səviyyədə idi. Səmimiyyətdə ona bənzər bir insan görə bilmirəm. Onun vaxtında cəmiyyətdə, şəhərlərdə, rayonlarda, xüsusən kəndlərdə müəllim ən hörmətli şəxs hesab edilirdi. Eyni zamanda o vaxtlar müəllimlər iqtisadi cəhətdən təmin olunan insanlar idilər. Bu gün kimin yanında Mehdi müəllimin adını çəkirsən, heç fikirləşmədən “Allah ona rəhmət eləsin, yaxşı insan idi” – deyəcək.

Unudulmaz alim–pedaqoq, Azərbaycan təhsilinin inkişafında əvəzsiz xidmətləri olan Mehdi Mehdizadə barəsindəki bu qeydlərimi vaxtilə ona həsr etdiyim şeirin son bəndi ilə bitirirəm:

Onu görüb, tanıyanlar yaxşı bilirdi

Danışardı, şirin–şirin, o, həlim–həlim.

Dünyasını dəyişsə , öldü demirik,

Ürəklərdə yaşayacaq Mehdi müəllim.

 

Əziz Musa,

pedaqogika üzrə fəlsəfə doktoru.

 

Respublika.-2013.-25 may.-S.7.