Bakı Dövlət Universiteti respublikamızın ali məktəblərinin flaqmanı mövqeyini şərəflə qoruyub saxlayır

 

28 may Respublika Günüdür

 

Keçmiş Çar Rusiyasında bolşeviklərin Oktyabr çevrilişindən (Böyük Oktyabr Sosialist inqilabı nəzərdə tutulur–İ.A.) əvvəl bütün Zaqafqaziyada, dini məktəblər istisna olmaqla, ali məktəblər yox idi. Çar Rusiyası milli ucqarlarda ali məktəblərin təşkili və fəaliyyətində maraqlı deyildi, milli ucqarlara imperiya üçün xammal bazası kimi baxırdı. Ona görə də qeyri rus xalqlarına maariflənməsinə imkan verməyən Çar hökuməti qeyri rus millətləri üçün ali məktəblərin açılmasının qarşısını alırdı. Məhz bu səbəbdən ali məktəblər, bir qayda olaraq, Rusiya şəhərlərində təşkil olunur və fəaliyyət göstərirdi.

Milli ucqarlarda ali məktəblərin təşkil olunmasının qarşısının alınmasında Çar Rusiyası belə bir mülahizəni əsas tuturdu ki, əhali savadlandıqca, milli ziyalılar yetişdikcə, onlarda inqilabi əhvali–ruhiyyə formalaşır, bu da insanların şüuruna daha çox hakim kəsilir. Ona görə də Çar Rusiyası milli ucqarlarda ali məktəblərin, o cümlədən universitetlərin açılmasının qarşısını alır, belə təşəbbüslərin gerçəkləşməsinə imkan vermirdi.

Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin Oktyabr çevrilişindən sonra onda iştirak edə bilməyən nümayəndələr 1918–ci il fevralın 14–də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.

1918–ci il may ayının 25–də Zaqafqaziya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26–da öz istiqlaliyyətlərini elan edir.

Mayın 28–də isə Zaqafqaziya Seyminin bütün müsəlman deputatları keçmiş Qafqaz canişininin iqamətgahına toplaşır və doktor Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycan Milli İslam Şurasının iclası keçirilir, burada Azərbaycanın müstəqilliyi barədə “İstiqlal bəyannaməsi” qəbul edilir və Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılır. Lakin Sovetlər dönəmində ictimaiyyət bilmirdi ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti niyə Tiflisdə yaradılmışdır. Məsələ burasındadır ki, 1918–ci ilin mart ayından başlayaraq Bakıda daşnaq S.Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı əsl soyqırımı həyata keçirilmiş, Bakıda, Şamaxıda və Qubada azərbaycanlılara qarşı qırğınlar törədilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti öz təsir dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 16 iyun 1918–ci ildə Tiflisdən Gəncəyə köçür. Yalnız Nuru Paşanın komandan olduğu Qafqaz İslam ordusu Bakını 15 sentyabr 1918–ci ildə ermənilərdən təmizləyəndən sonra Müvəqqəti hökumət sentyabrın 17–də Gəncədən Bakıya köçür və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edilir.

Baxmayaraq ki, Azərbaycan Xalq Cümhuriyyəti, nisbətən qısa müddət – cəmi 23 ay yaşamışdır, bu müddət ərzində ictimai–siyasi həyatda, elm, təhsil və mədəniyyət sahəsində mühüm tədbirlər həyata keçirilməyə müvəffəq olmuşdur.

1909–cu ildə Tiflisdə təşkil edilmiş Ali qadınlar kursunun bazasında 1918–ci ilin iyununda Zaqafqaziya universiteti yaradılır. Bu, Zaqafqaziyada ilk ali təhsil müəssisəsi idi. Onun ardınca 1918–ci ilin oktyabr ayında ilk gürcü ali məktəbi–Tiflis Universiteti yaradılır.

Universitetin Tifsildə saxlanması getdikcə daha çətin olurdu. Menşevik hökuməti onun Bakıya köçməsinə təkid edirdi. 1919–cu il martın axırlarında universitet şurasının iclasında rektor V.İ.Razumovski Bakıya köçmək haqqında təklif irəli sürdü. Bakıya köçməyin tərəfdarları ilə əleyhdarları arasında gərgin diskussiyalar nəticəsində məsələnin qəti həlli üçün tələbələrin iştirakı ilə komissiya təşkil edildi. Komissiya üzvlərindən üç nəfəri–professorlar N.A.Dubrovskini, L.A.İşkovu və İ.S.Sitoviçi hökumətlə danışıqlar aparmaq, binalara və s. baxmaq üçün Bakıya göndərmək qərara alındı. Komissiya ilə birlikdə rektor V.İ.Razumovski və tələbələrin nümayəndəsi də Bakıya yola düşdülər.

Bunların arasında gələcək Bakı Universitetinin yaradılmasında əsas rolu V.İ.Razumovski oynayırdı. O, böyük alim, gözəl cərrah və əməksevər professor idi. O, eyni zamanda beynəlxalq aləmdə tanınmış alim idi.

1919–cu il aprelin axırında V.İ.Razumovski Bakıya gəlir və universiteti təşkil edəcək komissiyanın işinə rəhbərlik edir. Komissiyanın gərgin əməyi nəticəsində 1919–cu ildə universitet üçün ticarət məktəbinin binası ayrılır, hansı ki, həmin vaxt orada Britaniya hərbi qospitalı yerləşirdi. Eyni zamanda universitet üçün birinci Gimnaziyanın da binası da ayrılır.

Həmin dövrdə Bakı Dövlət Universitetinin təşkili üçün bir sıra hazırlıq işləri görülür.

Azərbaycan Xalq Cümhuriyyəti Bakı Dövlət Universiteti 1 sentyabr 1919–cu ildə faktiki fəaliyyətə başlamazdan əvvəl universitetin maddi–texniki bazasının möhkəmləndirilməsi, tədris və elmi–tədqiqat işlərinin səmərəsinin yüksəldilməsi, professor–müəllim heyətinin maddi vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər görmüşdür. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 16 iyun 1919–cu il tarixli qərarı ilə universitetin dəyişməz heyəti üzvlərinin (müəllim və əməkdaşlarının–İ.A.) saxlanması üçün aylıq vəsaitin həcmi 6 000 000 manatadək artırılmışdır. Həmçinin başqa xidmət və idarələrdə işləyən şəxslərin aylıq əməkhaqqı arasındakı fərqin ödənilməsi də qərara alınmışdı.

Parlamentin 25 iyun 1919–cu il tarixli qərarı ilə Bakı Dövlət Universitetinin təşkilinin ilkin xərcləri üçün Xalq Maarifi Nazirliyinin sərəncamına 1 000 000 manat ayrılmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 7 iyul 1919–cu il tarixli qərarının 3–cü bəndində göstərilirdi ki, Bakı Dövlət Universitetinə qəbulda Azərbaycan vətəndaşlarına üstünlük verilir. Həmin qərarın 4–cü bəndində göstərilirdi ki, Türk dilinin (Azərbaycan dili nəzərdə tutulur–İ.A.) tədrisi bütün fakültələrdə məcburidir. Həmin qərarın 9–cu bəndində göstərilirdi ki, tədris hissəsi üzrə şəxsi heyətinin vəzifə maaşları artırılsın.

Tarix elmləri doktoru professor A.Atakişiyev “M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin tarixi” monoqrafiyasında göstərir: “1919–cu ilin sentyabrın 1–də Azərbaycan Respublikasının Parlamenti Bakı şəhərində universitetin təsis edilməsi haqqında qanun qəbul etdi”.

Məhz həmin tarix də Bakı Dövlət Universitetinin yaradılması kimi qəbul edilir. Bakı Dövlət Universitetinin təşkili üçün V.İ.Razumovski başda olmaqla, bir qrup alim və dövlət xadimləri tərəfindən bundan əvvəl böyük hazırlıq işləri aparılmışdır. O cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən 29 aprel 1919–cu il tarixdə 72 maddədən ibarət Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilmişdir.

Universitetin idarə olunması tam demokratik əsaslarla həyata keçirilirdi.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919–cu il tarixli qanunu ilə “Bakı şəhərində Dövlət Universitetinin təsis edilməsi haqqında” qanun qəbul edilir. Qanunun 1–ci maddəsində göstərilirdi: “Tərkibində 4 fakültə: şərq şöbəsi ilə birlikdə tarix–filologiya, fizika–riyaziyyat, hüquq və tibb fakültələri olmaqla, Bakı şəhərində Dövlət Universiteti təsis edilsin”.

Həmin qanunun 10–cu maddəsinə əsasən Bakı Dövlət Universitetinin açılışı 1 sentyabr 1919–cu il hesab edilir. Qeyd edilən qanunu sədr kimi S.M.Qəniyev, katib kimi A.Pepinov imzalamışlar.

Bakı Dövlət Universitetinin açılmasında M.Ə.Rəsulzadənin, N.Yusifbəylinin, F.X.Xoyskinin, xalq maarifi naziri R.Kaplanovun və onun müavini H.Şaxtaxtinskinin də böyük xidmətləri olmuşdur. İlk tədris ilində Bakı Dövlət Universitetinə 1004 gənc qəbul edilmişdir. Universitetin əməkdaşları arasında 9 azərbaycanlı – 20,5% (dosent əvəzi M.A.Şaxtaxtinski, ordenatorlar M.A.Topçubaşov, A.Hacıyev və başqaları) vardı.

Bəzi müəlliflər öz əsərlərində göstərir ki, universitetin Nizamnaməsi Parlamentin 29 sentyabr 1919–cu ildə iclasında təsdiq edilmişdir. Halbuki Bakı Dövlət Universitetinin Nizamnaməsi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 29 aprel 1919–cu il tarixli qanunu ilə təsdiq edilmişdir.

Bir çox müəlliflər göstərir ki, universitetin yaradılması uğrunda mübarizənin başında Azərbaycan bolşevik təşkilatı dururdu. Əslində, belə olmamışdır. Bakı Dövlət Universiteti təşkil edilərkən bolşeviklər hakimiyyətdə olmamışlar. Azərbaycan isə 28 aprel 1920–ci ildə zorla sovetləşdirilmişdir. Beləliklə, Bakı Dövlət Universitetinin təşkilini heç vaxt bolşeviklərin (kommunistlərin) fəaliyyəti ilə bağlamaq olmaz. Lakin bir cəhəti də qeyd etmək zəruridir ki, sovetlər dönəminin müəlliflərini bu əsasa görə qınamaq da ədalətsizlik olardı. Belə ki, həmin müəlliflər sovetlər dönəmində bizim hörmətli müəllimlərimiz olmuşlar, onlar başqa cür də yaza bilməzdilər. Həmin dövrün müəllimləri həqiqəti yazsaydılar, onları, ən yaxşı halda, Sov. İKP sıralarından xaric universitetdə işdən azad edəcəkdilər. Ona görə də həmin müəllifləri bugünkü meyarlar baxımından qınamaq ədalətsizlik olardı.

Professor V.İ.Razumovski BDU–nun faktiki fəaliyyətə başlamasından sonra yazırdı: “Azərbaycan öz ali maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovşağında yeni çıraq yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xoşbəxt hesab edirdik”.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919–cu il tarixli iclası 1919/20–ci il dərs ilində 100 nəfər abituriyent və tələbənin xarici ali məktəblərə göndərilməsi üçün vəsait ayırmasını qərara aldı. Qərarda göstərirdi ki, həmin 100 nəfər tələbə xarici ali məktəblərə göndərilməsi üçün dövlət vəsaitindən xalq maarif nazirinin sərəncamına 7 000 000 manat buraxılır bu şərtlə ki, Avropaya gedənlərin hər birinə hər ay 400 frank və yol xərci üçün 1000 frank, Rusiyaya gedənlərin hər biri üçün isə hər ay 3000 manat və yol xərci üçün 3000 manat təyin edilir.

Təəssüf ki, 1930–cu ildə keçmiş Azərbaycan SSR Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edilmiş və onun bazasında Ali Pedaqoji İnstitut yaradılmışdır. Ancaq 1934–cü ildə Dövlət Universiteti yenidən işə başlamış və o, yenə də respublikada elmi–pedoqoji fikrin mərkəzinə çevrilmişdir. II Dünya müharibəsi illərində professor–müəllimlər müharibəyə getsələr də, Bakı Dövlət Universiteti ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bildi. Universitet alimlərinin 1945–ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olmuşdur. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri universitetin bazasında yaradılmışdır. 1969–cu ildən sonrakı illər universitet həyatında bilik və elmin yüksək zirvələrinə doğru yüksəliş illəri sayıla bilər. Bu, universitetin dünyaşöhrətli məzunu ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə bağlıdır. Geniş bir tarixi dövrü əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30–a qədər elmi–tədqiqat laboratoriyaları fəaliyyətə başladı.

Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə gəlişindən az sonra 1 noyabr 1969–cu il tarixdə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU–nun–İ.A.) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edən respublika rəhbəri o dövrün qadağalarını, o cümlədən ana dilinin tətbiqi ilə əlaqədar kommunist rejiminin məhdudiyyətlərini pozaraq, Azərbaycan dilində çıxış etdi və bu çıxış universitet ziyalılarının uzun illərdən bəri gözlədiyi milli oyanış istiqamətində həlledici addım oldu.

Hazırda Bakı Dövlət Universitetinin 17 fakültəsində 19600 nəfər tələbə, magistrant və doktorant təhsil alır, universitetdə 126 kafedra, 2 elmi–tədqiqat institutu, 24 elmi–tədqiqat laboratoriyası fəaliyyət göstərir.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universiteti respublikamızın ali məktəblərinin flaqmanı olmuş və hazırda da bu mövqeyini şərəflə qoruyub saxlayır.

 

İlham ABBASOV,

 

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru—hüquq üzrə fəlsəfə doktoru,

Baş ədliyyə müşaviri,

Prokurorluğun fəxri işçisi.

 

Respublika.-2013.-26 may.-S.4.