RESPUBLİKAMIZDA
BAĞÇILIĞIN İNTENSİV İNKIŞAFI
Tumlu və çəyirdəkli meyvə bağlarının inkişaf etdirilməsi üçün olduqca əlverişli torpaq–iqlim şəraiti olan Quba–Xaçmaz bölgəsində son 30–40 ildə meyvəçilik intensiv əsaslarla inkişaf etdirilmişdir. Odur ki, respublika üzrə meyvə istehsalının 65–70 faizi bu bölgənin payına düşür.
Lakin etiraf etməliyik ki, ötən əsrin 70–ci illərinə qədər Quba–Xaçmaz bölgəsində kənd təsərrüfatının bir çox sahələri kimi, meyvəçilik də ekstensiv yolla inkişaf edir və durğunluq vəziyyətində idi. Həmin illərdə təkcə Quba rayonu üzrə meyvə istehsalı 20–25 min tondan çox olmurdu. Bu göstəricilər Quba, Qusar və Xaçmaz rayonlarının potensial imkanlarından çox aşağı səviyyədə idi.
Ulu öndərin 1969–cu ilin iyul ayında Azərbaycan KP MK–nın birinci katibi seçilməsindən sonra kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, meyvəçilikdə də əsaslı dönüş yaranmağa başladı. Respublikanın xalq təsərrüfatında, o cümlədən kənd təsərrüfatında yaranmış böhran vəziyyətini hərtərəfli analiz etmək və bunlardan çıxış yollarını araşdırmaq məqsədi ilə Heydər Əliyevin təşəbbüsü ilə 1970–ci ilin avqust ayında ayrıca plenum çağırılmış və bu iclasda aqrar–sənaye kompleksinin bütün sahələrinin geridə qalma səbəbləri, həmçinin potensial imkanları araşdırılmış və elmi əsaslı perspektiv inkişaf yolları müəyyənləşdirilmişdir.
Ulu öndərimiz respublikada məhsul bolluğunun yaradılmasını, keçmiş SSRİ məkanında ümumdaxili məhsulun artırılmasını bütün xalq təsərrüfatı sahələrinin, eləcə də kənd təsərrüfatının yeni, daha səmərəli texnologiyaların elmi əsaslarla tətbiq olunmasında görürdü. Olduqca uzaqgörən siyasəti olan, Azərbaycanın çiçəklənməsi üçün bütün qüvvə və bacarığını sərf edən Heydər Əliyev o zaman bu problemin aktuallığı və zəruriliyi barədə İttifaq rəhbərliyi qarşısında hərtərəfli, əsaslandırılmış məsələ qaldırdıqdan sonra Sov.İKP MK və SSRİ Nazirlər Soveti 1975–ci il iyul ayında “Azərbaycan SSR–də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” yeni qərar qəbul etdi.
Respublikamızda meyvəçiliyin intensiv əsaslarla inkişafı ümummilli liderimiz Heydər Əliyevin gərgin səyi nəticəsində 1975–ci ildən Azərbaycan KP MK–nın keçirdiyi noyabr plenumundan sonra başlanmışdır. Plenumda qarşıya qoyulan əsas vəzifə respublikada meyvəçiliyi intensiv yolla inkişaf etdirməkdən, mövcud bağların məhsuldarlığının xeyli yüksəltməkdən və yeni, intensiv tipli bağlar salınmasından ibarət olmuşdur. Azərbaycan KP MK–nın və respublika Nazirlər Sovetinin 1976–cı ildə qəbul olunmuş “Respublikada meyvəçiliyin intensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında onu daha da inkişaf etdirmək tədbirləri haqqında” qərarına uyğun meyvəçiliyin idarəolunma formaları təkmilləşdirilmiş və bağçılıq sənaye təməli üzərinə keçirilməyə başlanmışdır. Bu qərarların icra edilməsi ilə əlaqədar 1976–80–ci illərdə Azərbaycan KP MK–da xüsusi məsələ müzakirə olunmuş və 1976–cı ildən başlayaraq Quba–Xaçmaz və Şəki–Zaqatala bölgələrində intensiv tipli meyvə bağları salınmışdır. Bu ardıcıl qərarların icrası nəticəsində 1970–ci illərdə Quba–Xaçmaz bölgəsində 16 min hektar, Şəki rayonunda isə 1000 hektar intensiv tipli meyvə bağları salındı.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə (1969–1982) kənd təsərrüfatının bütün sahələri inkişaf etdirilməklə yanaşı, hər bir bölgə üçün xarakterik olan, torpaq–iqlim şəraitinə uyğun gələn meyvə, tərəvəz, yaxud texniki bitkilərin mütərəqqi texnologiyalar əsasında əkilib–becərilməsinə, başqa sözlə, ayrı–ayrı bitkilər üzrə ixtisaslaşmasına ciddi fikir vermişdir. Məhz bu ixtisaslaşmanın nəticəsi olaraq həmin illərdə respublikamız meyvəçilik, çayçılıq, üzümçülük, pambıqçılıq, tərəvəzçilik sahələri üzrə yüksək göstəricilərə nail olmuş və hər il SSRİ–nin Keçici Qırmızı bayraqlarını almağa müvəffəq olmuşdur.
Ulu öndər Moskvada yüksək dövlət vəzifəsində işlədiyi müddətdə də respublikamız daim onun diqqət mərkəzində olmuşdur. O, 1983–cü ildə Quba–Xaçmaz bölgəsinə səfər etmiş, palment bağlarının məhsuldarlığı ilə yerində tanış olmuşdur.
Sovetlər Birliyi dağıldıqdan sonra ulu öndərin böyük zəhmətlə saldırdıqı intensiv tipli meyvə bağları sahibsiz qalmışdı. Min bir əziyyət hesabına yetişdirilərək bol məhsul verən meyvə bağları baxımsızlıq ucbatından quruyaraq məhv olmaq təhlükəsi ilə üzləşmişdi. 1993–cü ildə xalqın tərkidli çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev mənfur erməni işğalçıları ilə müharibə şəraitində olan ölkəmizi çox ağır vəziyyətdən çıxarmağa nail oldu. O, kənd təsərrüfatında yaranmış ağır vəziyyətdən çıxış yolunu islahatların aparılmasında görürdü. Heydər Əliyevin təşəbbüsu və rəhbərliyi ilə, ümumxalq müzakirələri apardıqdan sonra 16 iyul 1996–cı ildə “Torpaq islahatı haqqında” qanun qəbul olundu. Bu mühüm islahatın aparılması ilə bölgədə meyvəçilik yenidən dirçəlməyə başladı.
Ümummilli liderin respublikaya rəhbərliyinin ikinci mərhələsində (1993–2003) kənd təsərrüfatının tənəzzüldən xilas olması və tədricən dirçəlməsi müşahidə edildi. Ulu öndərin təşəbbüsü ilə “Torpaq islahatı” ilə yanaşı, 22 dekabr 1998–ci il tarixli “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, 12 mart 1999–cu il tarixli “Torpaq icarəsi haqqında”, 11 iyul 1999–cu il tarixli “Torpaq bazarı haqqında”, 22 iyun 1999–cu il tarixli “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi” qanunları təsdiq və qəbul olundu.
Heydər Əliyevin 2 mart 2001–ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı”nın təsdiq olunması ilə ölkədə yerli kənd təsərrüfatı məhsulları istehsalının artırılması və digər mühüm məsələlər ortalığa qoyuldu ki, bu da Quba–Xaçmaz bölgəsində meyvəçiliyin daha da inkişaf etdirilməsi və ölkədə ərzaq bolluğunun yaradılması üçün şərait yaratdı. Məhz bu sərəncamların yerinə yetirilməsi nəticəsində bölgədə 2003–cü ildən başlayaraq, daha müasir texnologiyalar əsasında yeni, intensiv tipli meyvə bağları salınmağa başlandı. Hazırda 600 hektara qədər, məhsuldarlığı 700–800 sentner olan bu cür intensiv tipli meyvə bağları salınmışdır. Yetişdirilmiş məhsul bölgədə inşa olunan 23–ə qədər soyuducu–anbar kompleksində saxlanılaraq ilboyu bütün daxili bazarı təzə meyvə ilə təmin edir, həm də qonşu xarici ölkələrə ixrac olunur.
Cəlal
MƏMMƏDOV,
Azərbaycan ET Bağçılıq və Subtropik
Bitkilər İnstitutunun direktoru,
kənd təsərrüfatı
elmləri üzrə fəlsəfə
doktoru.
Respublika.-2013.-26 may.-S.6.