BƏSTƏKAR HAQQINDA DÜŞÜNCƏLƏRİM

 

FotoSöhbətim pianoçu bəstəkar, respublikanın xalq artisti, professor, “Şöhrət” ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə haqqındadır. Mətləbə keçməzdən əvvəl piano sənətinin Azərbaycandakı inkişafından bir qədər söz açmaq istərdim.

Müharibədən sonrakı illərdə musiqi mədəniyyətimizdə, xüsusilə pianoçuluq sənətində ciddi irəliləyiş, uğurlar əldə edilmişdir.1959–cu ildə Moskvada keçirilən dekadada və Azərbaycan bəstəkarlarının I qurultayında ifa edilən əsərlər respublikada fortepiano üzrə yaradıcılıq, ifaçılıq sənəti səviyyəsinin xeyli yüksəldiyini sübut etdi. Qurultayın proqramlarına əsasən Qara Qarayevin prelüdünün 2 dəftəri və Fikrət Əmirovun əsərləri salınmışdı. Bu əsərlər dinləyiciləri məftun etmiş, böyük tamaşaçı alqışı qazanmışdı. Fortepiano üçün kamera əsərləri, Cövdət Hacıyevin “Ballada” və sonatası, Qara Qarayevin prelüdləri Moskvanın musiqi həvəskarlarına unudulmaz təsir bağışlamışdı. Fortepiano musiqisinin zənginləşməsi prosesi ifaçılıq sənətinin nailiyyətləri ilə paralel getmişdir. Azərbaycan fortepiano mədəniyyəti tarixi cəhətdən çox qısa, lakin məzmun və ifaçılıq sənətkarlığı cəhətdən şərəfli bir yol keçmişdir ki, bu da respublika musiqi sənətinə əhəmiyyətli qələbələr qazandırmışdır.

Düzünü deyim ki, pianoçu bəstəkar Firəngiz Əlizadə ilə şəxsi tanışlığım yox idi. Sənət adamlarını, görkəmli şəxsiyyətləri hərtərəfli öyrənmək üçünsə onların sənət yolları ilə yanaşı, zəngin mənəvi dünyası ilə, dostluq, yoldaşlıq münasibətlərilə, daxili aləmləri ilə mütləq tanış olmaq lazımdır.

Firəngiz xanımın şəxsiyyətinə, sənətinə olan sevgim sövqi–təbii olmuşdu. Onun yerişiduruşu, alicənablığı, xanım–xatınlığı, istedadı məni heyran etmişdi.

Bəzən təsadüfi bir görüşün dalğası səni günlərlə, aylarla tərk etmir. Rast gəldiyin unikal şəxsiyyətin sənə bağışladığı xoş təəssüratları uzun müddət unuda bilmirsən. Çünki o səni sehrləyir, heyrətləndirir. Bir sözlə, elə bil, cazibə orbitinə düşürsən. Bəlkə də bir kəlmə belə kəsmədiyim bu zərif, alicənab, mələk timsallı Firəngiz xanım Əlizadə haqqındakı xəyali düşüncələrimin təzahürüydü məni belə həyəcanlandıran. Haqqında söhbət açdığım, məni valeh edən bu qadınla ilk görüşüm belə baş vermişdi.

1982–ci il may ayının 17–də səhər ən çox sevdiyim bəstəkarlardan olan Qara Qarayevin vəfatı xəbəri məni sarsıtdı. Bütün günü göz yaşlarımı saxlaya bilmirdim. Opera Teatrında xoreoqrafiya sahəsində çalışan dostlarımla bərabər Moskvaya yola düşdüm. Qara Qarayevin cənazəsi Çaykovski adına Moskva Dövlət Konservatoriyasının səhnəsinə yaxın yerdə qoyulmuşdu. Salona Qara Qarayevin həmkarları, tanınmış şəxsiyyətlər toplaşmışdılar. Onların içərisində Aleksandra Paxmutova, xalq artisti Rəfiqə Axundova, Maqsud Məmmədov, görkəmli bəstəkar, pianoçu Firəngiz Əlizadə və başqaları da var idi. O gün mənim üçün əsl matəmə çevrildi, çünki ölüm xalqımızın fəxri, dünya şöhrətli bəstəkar Qara Qarayevi əlimizdən almışdı. Elə oradaca bu şeiri qələmə aldım.

Ax ölüm! İnsanın zalım düşməni,

Oldumu həyatda dadmayan səni?

Hansı sənətkardan olmusan uzaq,

De, hansı könüldə qalmadın qonaq?

Harda bahar görüb, sən soldurmadın?

Ey xəzan yelləri, harda əsmədin?

Matəm mərasimdə əvvəldən axıra kimi gözlərimi Firəngiz xanımdan çəkə bilmirdim. Onun üzündəki o həyəcanlı təlatümü indi xatırlayıram. Axı o əziz müəllimi ilə son görüşə, son vidaya gəlmişdi. Bir onun səsini eşitməyəcək, vüqarlı qamətini görməyəcəkdi. Onun gözlərindən axan yaşlar elə bil neçə–neçə illərin acılı–şirinli xatirələrini özündə yaşadırdı. O hisslər mənə tanış idi. Vaxtı ilə sevimli müəllimlərimdən olan Adil İsgəndərovu, Mehdi Məmmədovu, Müxlis Cənizadəni, çox yaxından tanıdığım Hökumə Qurbanovanı son mənzilə yola salanda mən o ağrını–acını sinəmdə daşımalı olmuşdum. Çünki yaradıcılıqları ilə insanları ovsunlayan sənətkarlar xalqın yaddaşında, ürəyində əbədiləşir, könüllərdə taxt–tac qururlar. Şəxsiyyətlə yaradıcılıq bir–birini tamamlayanda böyük simalar yaranır. Belə simalar da həyatda nadir hallarda olur. Dünya şöhrətli bəstəkar Qara Qarayevdən bəhrələnən onun yetirməsi olan Firəngiz xanım da məni əbəs yerə özünə cəlb etməmişdi. O mərasimdən yadımda qalansa böyük bəstəkarımız Qara Qarayevin yoxluğu, bir zərif, əsmər bənizli Firəngiz xanımın saralan çöhrəsi, göz yaşları üzündəki qəm izləri oldu. Sonralar onu mavi ekranlarda, radio dalğalarında, qəzet səhifələrində izləməyə başladım. Firəngiz xanımın radio dalğalarındakı çıxışından:

Xəbərlərverilişini çox bəyənirəm, istər radio olsun, istərsə televiziya. Televiziyanın istehsalı olan sənədli filmləri izləyirəm. İstərdim ki, musiqiyə, əsasən klassik musiqilərimizə geniş yer ayrılsın bu verilişlər silsilə şəklində olsun. Arzu edirəm ki, mədəniyyətlə bağlı verilişlər AzTV–də çoxluq təşkil etsin. Çox istərdim ki, AzTV bədii filmləri münasib bir vaxtda versin. Hər həftə müxtəlif ölkələrin klassik filmləri göstərilsin”.

Firəngiz xanımın sözlərində böyük həqiqət vardı. Televiziya böyük auditoriyadır. Burda əsas amil insan tərbiyəsi olmalıdı. İnsan tərbiyəsini isə musiqisiz təsəvvür etmək olmaz. Televiziyadan söhbət düşdü, mən ekranında nümayiş etdirilənÇarpazlaşmaəsəri üzərində bir qədər dayanmaq istərdim. Onun özünün dirijorluq etdiyi bu əsərə nəinki tamaşa edib çox maraqla qulaq asmışam, əsər məni məftun etdiyindən onu bütövlükdə diktafonuma da köçürmüşəm. Onu da deyim ki, bəstəkar bu əsəri Üzeyir bəyin təbirincə desək, insanda coşqunluq ehtiras hissi oyadanÇahargahmuğamı üzərində qurmuşdur. Firəngiz xanımınÇarpazlaşmaəsərində dinləyicinin rəğbətini qazanan xüsusiyyətlər, çalarlar çoxdur. Burada ən mühüm cəhət bəstəkarın yaradıcılığındakı parlaqlıq, milli folklordan bacarıqla istifadə etmək, böyük nikbinlik, hisslərin ifadəsindəki təbiilik, bütün bu cəhətləri ilə bərabər duyğularını müasir həyatın tələblərinə uyğun ifadə edə bilmək bacarığıdır. Firəngiz xanım klassik incəsənətdən gələn ənənələri milli musiqi xüsusiyyətlərini ustalıqla bu əsərdə birləşdirmişdir.

Firəngiz xanımın yaradıcılığı Azərbaycanın mədəni həyatının bədii inkişaf axını ilə bilavasitə bağlıdır. Onun bu əsərində xalq melodiyalarının işlənməsi yaradıcılığında əsas janrların mövcud olmasının başlanğıcını qoymuşdur. Əsərdə Munis müəllimin ifasında solo səslənir, sonra ansambl çalır. Bunlar bütövlükdə fəlsəfi motivləri əks etdirir. Firəngiz xanımın bu əsəri Avropada böyük şöhrət qazanmışdır. Avropa səfərində əsas məqsəd Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı işinə yaradıcılıq köməyi göstərməkdir. Firəngiz xanımÇarpazlaşmaəsərinə yekun vuraraq demək istədiklərini belə izah etdi: “Əlbəttə, muğamın inkişaf etdirilməsi simfoniya ilə, yəni simfonik pilləylə birləşdirilməsi hər bir bəstəkarın yaradıcılığında aktual rol oynayır, müasir mətn ilə bağlılığı əsərə əsl yenilikçi keyfiyyətlər aşılayır”.

Firəngiz xanım bu əsərində nəinki klassik instrumental formanı bildiyini, həm bu formada Azərbaycanın spesifikliyini yaradıcı surətdə cəmləşdirmək qabiliyyətini nümayiş etdirdi. Əsərdə bəstəkarın musiqi folkloru, klassik musiqimizin ənənələri, musiqi mədəniyyətimizin nailiyyətləri əks olunurdu. Yazımı Firəngiz xanıma həsr etdiyim şeirlə bitirmək istəyirəm:

Şirmayi dillərdə gəzir əllərin,

Adın fərəhlərdə, Firəngiz xanım.

Açılıb sehrikar nəğmə güllərin,

Əfsunlu rənglərdə, Firəngiz xanım.

 

Verdin sənətinə məhəbbətini,

Sözün, musiqinin məlahətini,

Yazırsan səslərin təravətini,

Şirin ahənglərdə, Firəngiz xanım.

 

Qəlbin, gözəlliyin sevginə yardır,

İlhamın, istəyin, eşqin bahardır,

Coşqun arzuların qatar–qatardır,

Nurlu diləklərdə, Firəngiz xanım.

 

Sevdan, gözəlliyin, zövqünlə təksən,

Sənət gülşənində zərif, qəşəngsən,

Hər vaxt təravətli görünəcəksən

Sənət çələngində, Firəngiz xanım.

 

Ey sənət aşiqi sənətkar qadın,

Sən dan ulduzu tək yanıb parladın.

Çal, yaz, yarat, ucalsın adın

Sevən ürəklərdə, Firəngiz xanım.

 

 

Əminə Abasova (Tuncay),

yazıçı–publisist,

fəlsəfə elmləri namizədi.

 

Respublika.-2013.-26 may.-S.7.