Azərbaycan
teatrı–140
İrəvan
teatrı
İncəsənətin
formaları daim nə qədər zənginləşirsə–zənginləşsin,
televiziya və kino nə
qədər yayılır və kütləvi hal
alırsa–alsın, cəmiyyət inkişaf
etdikcə teatrın rolu da
artacaqdır. Səhnənin bilavasitə tamaşa
salonu ilə ünsiyyəti prosesinə əsaslanan,
tamaşaçılarla birlikdə həyəcan keçirən
teatr həyatın özü
qədər əbədidir.
Azərbaycan Dram Teatrının 100 illiyində H.Ə.Əliyevin nitqindən
31 may 1974–cü il
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu il Azərbaycan teatrının 140 illiyi təntənəli şəkildə qeyd olunacaq.
Bünövrəsi 1873–cü ildə görkəmli Azərbaycan maarifçiləri H.B.Zərdabi, N.B.Vəzirov və Ə.A. Gorani tərəfindən 1873–cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” pyesinin tamaşası ilə qoyulmuş səhnə sənətimiz bu illər ərzində şərəfli və çətin bir yol keçmişdir. Bakıdan sonra Azərbaycanın bir çox bölgələrində, o cümlədən həmvətənlərimizin sıx yaşadığı bir çox yerlərdə də səhnə sənətimiz inkişaf etdi, Naxçıvan, Şuşa, Quba, Şəki, Gəncə kimi şəhərlərlə yanaşı, Tiflisdə, Aşqabadda da Azərbaycan truppaları fəaliyyətə başladı. XIX əsrdə Azərbaycan səhnə sənətinin təşəkkül tapdığı bölgələrdən biri də Qərbi Azərbaycanın keçmiş İrəvan xanlığının mərkəzində yerləşən İrəvan Teatrı idi. Hər yerdə olduğu kimi, bu şəhərdə Azərbaycan səhnə sənətinin yaranmasına maarifçilər rəvac vermişlər. İlk tamaşaları çətinliklə olsa da, onlar təqdim etmişlər.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1882–ci il aprelin 2–də yerli müəlliflər olan Məşədi İsmayıl və Nəzminin (Vasaq Mədətov) ana dilimizdə qələmə aldıqları “Tamahkarlıq düşmən qazanar” adlı vodevil əsəri ilə ilk tamaşasına başlamışdır. XIX əsrin II yarısında Qafqazda baş qaldıran ədəbi–mədəni mühitin inkişafı, maarifçiliyin tərəqqisi sayəsində teatr özündə güc toplayaraq digər Qafqaz teatrları ilə yanaşı, intibah mərhələsinə qədəm qoymuşdur. Qori Müəllimlər Seminariyasının müəllimi olan F.B.Köçərlinin 1886–cı il fevral ayının 4–də M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəlişah” əsəri əsasında hazırladığı tamaşa bu inkişafda mühüm rol oynamışdır. Bundan sonra teatr bir–birinin ardınca M.F.Axundzadənin “Hacı Qara”, Rzayevin “Könülsüz nikah”, S.Qənizadənin “Dursunəli və ballıbadı” və sair əsərlərini səhnəyə qoyur. Bu tamaşaların səhnəyə qoyuluşu bir çox yazarların, o cümlədən Yunis Nuri, Kərim Əhmədov, Rza Şeyxzadə, Asəf bəy Şəfiyev, Məmmədağa Şaxtaxtlı (Şahtatinski), Məmmədi Hüseynqulu və başqa sənətkarların yetişməsinə səbəb oldu. Teatr getdikcə püxtələşərək Ü.B.Hacıbəyli, Ə.B.Haqverdiyev, N.Nərimanov, C.Cabbarlı, Şekspir, Şiller, Molyer, Çexov, Qoqol kimi sənətkarların əsərlərini də səhnəyə qoydu. Onu da qeyd etmək lazımdır ki, 1947–ci ildə teatrın tarixində dəyişiklik baş verdi. Belə ki, İrəvan Dövlət Teatrı Xalq Teatrı statusuna endirildi və əsl mənasında ucqar Basarkeçər rayonuna sürgün edildi. 1951–ci ildə isə Ermənistan hökuməti teatrı bağladı.
Buna baxmayaraq, kollektiv fəaliyyətini davam etdirmək üçün Zəngibasar (Masis) rayonundakı mədəniyyət evində fəaliyyətini davam etdirdi.
Teatr Azərbaycan hökuməti və İrəvanda yaşayan azərbaycanlı ziyalıların səyi ilə 1967–ci ildə dövlət teatrı statusunu bərpa etdi və yenidən formalaşmağa başladı. Aktyor truppasının gənc kadrlar hesabına formalaşmasında Bakı, Naxçıvan, Gəncə teatrlarının, o cümlədən M.A.Əliyev adına ADİİ–nin aktyorluq fakültəsi tələbələrinin hamılıqla təyinatla bura gəlməsi teatrın yenidən canlanmasına böyük təkan verdi.
Bu müddətdə teatra “Sovet Ermənistanı” qəzetində çalışan Hidayət Orucov direktor təyin edilmiş, işlədiyi müddətdə 23 yaşlı Hidayət müəllim bu teatrın yenidən formalaşmasında böyük səy göstərmiş və buna da nail olmuşdur. Teatr az bir müddət ərzində B.Vahabzadə, N.Xəzri, N.Həsənzadə, Anar, M.Məmmədov, A.Kazımov kimi nüfuzlu ziyalıların sayəsində inkişaf dövrünü yaşadı.
Böyük tarixi köklərə malik olan bu teatr 1988–ci ildən başlayaraq bütün Qərbi Azərbaycanı başına alan erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə siyasətinin nəticəsi olaraq 1989–cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərinə deportasiya olundu. 2000–ci ilədək qeyri–qənaətbəxş fəaliyyət göstərən teatr 2000–ci ildən sonra özündə güc toplayaraq və Azərbaycan Mədəniyyət Nazirliyinin uğurlu kadr siyasəti nəticəsində dönüş yaratdı. Belə ki, bu illərdə Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında bərpa direktoru işləyən İftixar Fərhad oğlu Piriyev bu teata yeni direktor seçildi.
Mədəniyyət və İncəsənət Universitetinin məzunu, Akademik Milli Dram Teatrının aktyoru, Teatr Xadimləri İttifaqının, Yazıçılar Birliyinin üzvü, Mədəniyyət və İncəsənət Universitetini dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi olan İftixar müəllim fəaliyyətə başladığı gündən bu teatr intibah dövrünə qədəm qoydu. İftixar müəllim eyni zamanda “Böyük Quranın himni” himn–poemanın, “Müstəqil vətənin memarı”, “İşıqlı, nurlu sabah” mənzum pyeslər kitabının, onlarca hekayə, miniatür, mənsur şeir, təmsil, elmi məqalə, resenziya, publisistik və portret yazıların da müəllifidir. O, A.Babayevin “Xilaskar” əsərində ulu öndər Heydər Əliyevin bədii obrazını ustalıqla yaratdığına görə bir çox fəxri fərmanlar və ödüllərə layiq görülmüşdür.
Təsadüfi deyildir ki, “Xilaskar” əsəri 52 dəfə respublikamızın müxtəlif bölgələrində, o cümlədən Türkiyə Cümhuriyyəti, Gürcüstan və Dağıstan respublikalarında uğurla nümayiş etdirilmişdir.
İftixar müəllim təkcə yaradıcılıq məsələləri ilə deyil, eyni zamanda teatrın maddi–texniki bazasının möhkəmləndirilməsi, yeni yaradıcı kadrlarla möhkəmləndirilməsi, piar təbliğat mexanizminin yaradılması, ən nüfuzlu rejissorların teatra cəlb olunması məsələləri ilə də bir rəhbər işçi kimi daim məşğul olur.
Onun rəhbərliyi ilə teatrı qabaqcıl səviyyəyə çatdırmaq üçün kollektiv bütün real imkanlardan bacarıqla istifadə edir.
Qeyd olunduğu kimi, qədim tarixə malik olan və vaxtilə İ.Dağıstanlı, K.Ziya, Ə.Əliyeva, H.Mirzəyev, K.Qubuşov, Ə.Zeynalov kimi istedadlı sənətkarlar çalışan bu teatr indi də öz ənənəsinə sadiqdir. Burada xalq artistləri Tamella Abdullayeva, Elmira Çamayılova, əməkdar artistlər Vidadi Əliyev, Vaqif Kərimov, Esmiralda Şahbazova kimi sənətkarlar çalışırlar.
Teatrın direktoru İftixar müəllimlə söhbət edərkən o, uğurlardan danışaraq qeyd etdi ki, “Xilaskar” tamaşasına Tbilisidə baxan eks–prezident, tanınmış siyasətçi E.Şevardnadze, gürcü və azərbaycanlı ziyalılar bu əsərdə ulu öndər Heydər Əliyev obrazını yaradan İftixar müəllimin sənətkarlığına böyük qiymət vermişlər, hətta Eduard Şevardnadze öz hisslərini teatrın kollektivi ilə də bölüşmüşdür.
Ulu öndərin 80 illiyinə həsr olunmuş “Xilaskar” əsəri Azərbaycan Kültür və Həmrəylik dərnəklərinin birgə səyi ilə Manisa Azərbaycan Kultur Həmrəylik Dərnəyinin rəhbəri Seyfəddin Ayakyayın təşkilatçılığı ilə Türkiyənin Qars, Ankara, İstanbul, Manisa, Muğla, Quşadası şəhərlərində də uğurla nümayiş olunmuşdur.
Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın başladığı “Xocalıya ədalət” beynəlxalq kampaniyasının tədbirlər planı çərçivəsində bu tamaşa Türkiyə Cümhuriyyətinin Uluslararası Azərbaycan Kültür, Dil, Tarix, Araşdırma Mərkəzinin rəhbəri Seyfəddin Ayakyayın dəvətinə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşmişdir. Ümumiyyətlə, İrəvan Dövlət Azərbaycan Dram Teatrı hazırda əsl mənada intibah dövrünü yaşayır.
Bu qocaman teatr öz fəaliyyətində Qarabağ hadislərini də daim ön plana çəkir və Ermənistan, Dağlıq Qarabağ gerçəkliyinin təbliğində müstəsna rol oynayır.
Zabit Cavadov,
Respublika.-2013.-26 may.-S.8.