Şərqin ilk parlament respublikası

 

Müstəqillik, azadlıq hər bir xalqın arzuladığı, eyni zamanda onun uğurunda mübarizə apardığı, şəhidlər, qurbanlar bahasına əldə etdiyi əziz nemətdir. Uzun mübarizələrindən sonra xalqımızın XX əsrin əvvəllərində əldə etdiyi müstəqillik tarixindən 95 il keçir. Belə ki, 1918–ci il may ayının 28–də Şərqdə ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. O, özünün qısamüddətli fəaliyyəti (cəmi 23 ay) dövründə Azərbaycanın istiqlaliyyətini elan etdi, xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə sübuta yetirdi.

Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başlamışdı. Həmin vaxt Bakıda qatı daşnak S.Şaumyan başda olmaqla Bakı Xalq Komissarları Soveti də fəaliyyət göstərirdi. 1918–ci ilin mart hadisələrindən sonra Bakı Kommunası azərbaycanlı əhali arasında öz nüfuzunu itirmişdi. Bu səbəbdən də o, Azərbaycan qəzalarına təsir edə bilmir, burada hərc–mərclik hökm sürürdü. Beləliklə də ölkə ərazisində öz təsir dairəsini genişləndirmək məqsədilə Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür. Artıq o zaman Gəncə Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru paşanın əlində idi.

1918–ci il iyunun 17–də M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən Milli Şuranın növbəti iclasında müvəqqəti hökumət yaradılır və o, çox çətin bir dövrdə işə başlayır. Yaranmış mürəkkəb şəraitdə hökumətin ilk işi Azərbaycanın istiqlaliyyətini qorumaq gücünə malik olan ordu yaratmaqdan ibarət oldu. Hərbi işi bilən milli kadrların çatışmaması üzündən Azərbaycan ordusunda beynəlmiləl bir zabit heyəti yaradılır və bu işini təşkilini görkəmli azərbaycanlı generallar Səmədbəy Mehmandarov və Əliağa Şıxlinski öz üzərlərinə götürürlər. Ən mühüm vəzifə müstəqil Azərbaycan cümhuriyyətinin ordusunu yarpatmaqdan ibarət idi. Artıq 1919–cu ilin axırlarında iki piyadabir süvari diviziyadan ibarət 25 minlik Azərbaycan ordusu formalaşmışdır.

O vaxt Azərbaycan bütün müsəlman şərqində yeganə parlamentli respublika idi. 1918–ci il dekabrın 7–də Azərbaycan parlamentinin ilk iclasında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə təbrik nitqində deyirdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur. Bir dəfə yüksələn bayraq bir daha enməz!”

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, özünün həyatililiyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi, xalqımızın parlament idarəçiliyi səviyyəsinə yüksəldiyini göstərdi.

Azərbaycan Xalq Cümhuriyyəti bütün varlığı dövründə öz suverenliyinin tanınmasını birinci dünya müharibəsinin qalib ölkələri olan İngiltərə, Fransa və ABŞ–dan təkidlə tələb edirdi, lakin yalnız 1920–ci il yanvarın 12–də Denikin orduları məğlub olduqdan sonra Atlanta dövlətləri Azərbaycan Xalq Cümhuriyyətini de–fakto olaraq tanıdı. Sovet Rusiyası isə müstəqil Azərbaycanı rəsmən tanımaq istəmirdi.

Azərbaycan hökuməti dövlət aparatının təşkili işinidavam etdirirdi. İlk növbədə Azərbaycan dili dövlət dili elan olundu: ölkənin inzibati ərazi quruluşunda dəyişikliklər edilir, maliyyə işi qaydaya salınır, Azərbaycan Dövlət Bankı yaradılır, dağıdılmış iqtisadiyyatın bərpası üçün xeyli görülür. Bakı–Batum neft kəməri bərpa olunur, Bakı–Culfa dəmir yolunun çəkilişi işi sürətləndirilir və s. Bir sözlə, Azərbaycan hökuməti bütün qüvvələri xalqın rifahını yaxşılaşdırmaq tədbirlərinə yönəltmişdi. Xalqın maddi rifah halı isə yalnız iqtisadi inkişaf sayəsində və insanların işlə təmin edilməsi nəticəsində yüksələ bilərdi.

1920–ci il fevralın 21–də kəndlilərə torpaq verilməsi məqsədilə 29 maddədən ibarət torpaq islahatı haqqında qanun layihəsi ümumxalq müzakirəsi üçün dərc edilir. Lakin təəssüf ki, onu qəbul etməyə vaxt çatmır.

Sənaye müəssisələrində çalışan fəhlələrin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər də istənilən nəticəni vermir. Belə ki, sənaye müəssisələri üzərində xüsusi mülkiyyət hüququnun saxlanması hökumətə bu sahədə köklü dəyişikliklər həyata keçirməyə əngəllər törədirdi.

Diqqəti ən çox cəlb edən Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət, ilk növbədə isə xalq təhsili sahəsində həyata keçirdiyi tədbirlər idi. Azərbaycanda olan məktəblərin çoxu milliləşdirilmiş, yeni məktəblər açılmışdı. Müxtəlif şəhər və kəndlərdə hökumət hesabına 637 ibtidai məktəb, 23 orta–ixtisas müəssisəsi, o cümlədən 6 kişi, 4 qadın gimnaziyası, 15 realnı məktəb, 3 müəllimlər seminariyası , 3 qadın tədris müəssisəsi fəaliyyət göstərirdi. Bu tədris müəssisələrinin hamısı dövlət hesabına saxlanılırdı.

1919–cu ildə Bakı Dövlət Universitetinin açılması xalqımızın mədəni həyatında əlamətdar hadisə idi. Hökumətin təşəbbüsü ilə müxtəlif ixtisaslar üzrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın ali məktəblərinə göndərilir və həmin tələbələrin bütün xərclərini də hökumət öz üzərinə götürür.

Bu məqsəd üçün 7 milyon manat vəsait ayrılır. Təhsil üçün Avropa ali məktəblərinə göndərilən hər tələbə üçün ayda — 400 frank təqaüd təyin olunur, hər tələbəyə min frank yol xərci verilir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun göstərişi ilə hökumət xaricdə təhsil alan tələbələrin qayğısına qalaraq onlara təhsillərini başa çatdırmaq üçün maddi köməklik göstərir.

Xalq maarifi sahəsində həyata keçirilən mühüm tədbirlərdən biriibtidai təhsil müəssisələri şəbəkəsini genişləndirmək idi. Müəyyən olunmuş qaydaya görə ibtidai məktəbi qurtaran şagirdlər ibtidai–aliorta təhsil məktəblərində öz təhsillərini davam etdirə bilərdilər. Təkcə 1919–cu ildə Azərbaycanda dövlət hesabına 15 ibtidai–ali məktəb fəaliyyət göstərirdi.

Digər bir mühüm tədbir isə yaşlılar arasında savadsızlığın ləğv edilməsi istiqamətində görülən işlər idi ki, bu məqsədlə də 1919–cu il sentyabrın 15–dən etibarən Bakı, Gəncə, Şuşa, Nuxa, ZaqatalaQazaxda xüsusi kurslar açılmışdı. Bu kurslarda Azərbaycan dili öyrədilirdi və tədris müddəti iki semestrə bölünürdü. 1919–cu ilin noyabrında azərbaycanlı fəhlələr üçün açılan xüsusi texniki kurslarda 200–ə qədər fəhlə öz peşə təhsilini artıra bilmişdi.

Azərbaycan Cümhuriyyəti Maarif Nazirliyi ölkədə xalq maarifinin inkişafı üçün geniş tədbirlər planı hazırlamış və hökumət tərəfindən bəyənilib həyata keçirilməsinə razılıq verilmişdi. Lakin 1920–ci ilin əvvəllərində regionda vəziyyətin mürəkkəbləşməsi və həmin il aprelin axırlarında Azərbaycanda Sovet Hakimiyyətinin qələbəsi bu tədbirləri yarımçıq qoydu. Ancaq 23 aylıq fəaliyyəti müddətində Azərbaycan Demokratik Respublikasının xalq təhsili sahəsində həyata keçirdiyi tədbirlər sonralar Azərbaycanda xalq maarifi məsələlərinin təşkilində mühüm rol oynadı.

Yetmiş illik fasilədən sonra 1991–ci ildə xalqımız təkrar öz müstəqilliyinə qovuşdu. İlk illərdə böyük qurbanlar bahasına əldə olunan azadlıq, müstəqillik yenidən təhlükə ilə üzləşsə də ümummilli liderimiz Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra xalqımız parçalanmaqdan xilas edildi, müstəqilliyimizin dönməzliyi, əbədiliyi təmin olundu.

Bu gün Azərbacyan dünya miqyasında tanınır. Özünün gənc lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə gənc, müstəqil Azərbaycan dövləti gündən–günə güclənir, dünyanın aparıcı dövlətləri arasında layiqli yerini tutur. Bu, həm də sabahımıza inamdır: “Bir dəfə yüksələn bayraq bir daha enməz!..”

 

Vüsalə MƏCİDOVA,

 

YAP Xətai rayon təşkilatı Qadınlar

Şurasının sədri,

245 saylı məktəbin direktoru.

 

Respublika.-2013.-28 may.-S.7.