257 saylı
orta məktəbdə
Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə
həsr olunmuş bayram tədbiri
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!..
Bu, əzəmətli, ruhu oxşayan melodiya ətrafa yayıldıqca, hər kəsin qəlbində qürur hissi oyadırdı. Böyüklü–kiçikli hər kəsin doğma, şanlı Vətəninə sevgi hissi birər–birər artırdı.
Biz şəhid Ədalət Abbasov adına 257 saylı orta məktəbdəyik. Öz ənənələri ilə seçilən bu təlim–tərbiyə müəssisəsinin növbəti tədbiri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 illiyinə həsr olunmuş bayram tədbiri açıq elan edilir. Kiçik aparıcıların titrək səsi bir anlığa böyük salona tam sakitlik gətirir. Onlar tariximizin ən şanlı salnaməsini vərəqlədikcə, xalqımızın dövlətçilik tarixində böyük rol oynayan Şərqin ilk demokratik dövlətinin qısa fəaliyyəti dövründə nail olduğu uğurlar bir–bir sadalanırdı:
1918–ci il may ayının 28–də keçirilən Milli Şuranın ilk iclasında Azərbaycanın istiqlaliyyəti haqqında bəyannamə qəbul edilir, ilk hökumət təşkil olunur.
Cəmi 17 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti qısa müddətdə bir çox işləri həyata keçirir, vətəndaşlıq, ümumi hərbi–mükəlləfiyyət, mətbuat, Milli Bankın təsisi, Bakı Dövlət Universitetinin yaradılması, gömrük, poçt–teleqraf xidmətinin təkmilləşdirilməsi, məhkəmə qanunvericiliyi haqqında və s. qanunlar qəbul edilir.
Elm və təhsilin inkişafı, milli kadrların yetişdirilməsi, azərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərində təhsili istiqamətində parlament mühüm işlər görür, lakin Azərbaycanda Sovet hakimiyyətinin qurulması Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə son qoyur…
Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyə qayıdışı ilə Azərbaycan xalqı bu müsibətlərdən xilas edildi, dövlət quruculuğunda qısa vaxtda dirçəliş baş verdi.
Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən cəmiyyətin demokratikləşdirilməsi müstəqil Azərbaycan Respublikasını bütün dünyada tanıtdı, ölkəmizin dünya birliyində öz layiqli yerini tutması üçün zəmin yaratdı.
Növbəti musiqiyə keçid maraqlı ifa ilə müşayiət olunur. Xorun ifasında “Azərbaycan” mahnısı, sonra ulu öndərimiz Heydər Əliyevin, Səməd Vurğunun “Azərbaycan” şeirindən söylədiyi bir bənd şeir hər kəsdə kövrək hisslər oyadır.
Tədbirin bədii hissəsi başa çatır. Məktəbin direktoru Karat Karatov Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş bayram tədbirinin iştirakçı və təşkilatçılarına minnətdarlığını bildirərək deyir: “Mən bu işdə əməyi olan hər kəsə, bir–birindən gözəl çıxışları ilə hər birimizi duyğulandıran səkkizinci sinfin şagirdlərinə, ədəbi–bədii kompozisiyanın təşkilində böyük əməyi olan Yeganə Abbasova və Şəhla Xəlilovaya minnətdaram. Tədbir tədris ilinin sonuna təsadüf edir. Mən fürsətdən istifadə edib dərs ilində ayrı–ayrı sahələrdə fərqlənən şagirdləri də bu münasibətlə təbrik edirəm”.
Onu da deyək ki, qonaqlar arasında Xətai Rayon İcra Hakimiyyəti ictimai–siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Hüseyn Bayramov və Məhəmməd İbrahimov da var idi. Rayon rəhbərliyinin salamını tədbir iştirakçılarına çatdıran Məhəmməd İbrahimov Azərbaycanın bugünkü uğurlarından söz açdı: “Biz ulu öndərimiz Heydər Əliyevin 90 illiyini təntənə ilə qeyd etdik. Bu gün müstəqil Azərbaycan dövlətinin sürətli inkişafı ümumilli liderin ideyalarının həyata keçirilməsinin təntənəsi kimi qəbul edilməklə, həm də onun siyasi varisi ölkə Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq dəyərləndirilir. Müstəqilliyimiz əbədi və dönməzdir!..”
Tədbirin sonunda təhsildə fərqlənən şagirdlərin bir qrupuna fəxri fərmanlar təqdim olundu.
Zümrüd Abdullayeva,
Respublika.-2013.-28 may.-S.7.