Dövlətçilik tariximizin qürur dövrü
Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycan xalqının tarixində deyil, bütün müsəlman aləmində ilk demokratik respublikadır. Xalqımızın azadlıq, istiqlaliyyət və dövlət quruculuğu tarixində onun rolu əvəzsiz olmuşdur.
1918–ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti xalqımızın həmişə qürur və iftixar hissi ilə xatırladığı şərəfli bir tarixdir. Şərqdə ilk demokratik respublika kimi tanınan və dünya tərəfindən qəbul edilən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin ən şanlı səhifələrindəndir. 1918–ci il mayın 28–də Milli Şura “İstiqlal Bəyannaməsi”ni qəbul etdi. Bu tarixi bəyannamədə Azərbaycanın tamhüquqlu müstəqil dövlət olduğu ali hakimiyyətin xalqa məxsusluğu bütün vətəndaşlara eyni hüquqların verilməsi və sair öz əksini tapmışdır.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərlərini özündə birləşdirən yeni bir dövlət nümunəsi olmuşdur. Azərbaycanın istiqlaliyyətinin elan edilməsində Şərqdə ilk demokratik respublikanın təşəkkül tapmasında və fəaliyyətində Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük tarixi xidmətləri olmuşdur. Bu görkəmli dövlət və siyasi xadimlərin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin xatirəsi daim minnətdarlıq və böyük qürur hissi ilə anılacaqdır. 1918–ci ilin 28 May günü hər il Azərbaycanda Respublika Günü kimi təntənəli şəkildə qeyd olunur.
Ümummilli liderimiz, dahi şəxsiyyət, ürəklərdə daim yaşayan Heydər Əliyev Xalq Cümhuriyyətinin yaranma tarixi barəsində demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış milli dirçəliş hissləri get–gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar. 1917–ci ildə baş vermiş Oktyabr İnqilabı rus imperatorluğunun dağılması və o zaman onun ərazisində müxtəlif proseslərin meydana çıxması Azərbaycanın istiqlaliyyətinin elan edilməsi və Xalq Cümhuriyyətinin yaradılması üçün şərait yaratdı… Az müddətdə 23 ay ərzində çox işlər görüldü. Bu işlərin ən əsas məzmunu, mənası ondan ibarətdir ki, Azərbaycanda müstəqillik, azad yaşamaq və müstəqil dövlət kimi həyat sürmək fikirləri artıq geniş yayıldı”.
XX əsrin sonlarında xalqımız yeni tarixi şəraitdə öz müstəqilliyini bərpa etməyə nail olmuşdur. İkinci dəfə əldə etdiyimiz müstəqilliyimizin başı üzərini də “Qara buludlar” almışdı. 1991–ci il oktyabrın 18–də çətinliklə əldə etdiyi ikinci tarixi şansını da o vaxtkı səriştəsiz iqtidarların günahı üzündən cəmi iki il sonra yenidən itirmək təhlükəsi ilə üzləşdi. Ölkə rəhbərliyinin səriştəsizliyi, kürsü davaları Azərbaycanı siyasi və iqtisadi böhran, anarxiya, xaos məngənəsinə sürükləmişdi. Xalq Cümhuriyyəti dövründə olduğu kimi bu dəfə də bədxah qüvvələr Azərbaycanın müstəqilliyini istəmir, ölkəmizi parçalanmağa, məhv etməyə çalışırdılar. Azərbaycan olduqca ağır bir vəziyyətə düşmüşdü. Siyasi, hərbi və iqtisadi böhran, vətəndaş qarşıdurması Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin acı nəticələri bütövlükdə ölkəmizdə cərəyan edən son dərəcə qorxulu proseslər xalqımızın gələcəyə olan ümidlərini heçə endirmişdi. Azərbaycanın müstəqil ölkə kimi gələcəyi çox böyük sual altında idi.
Məhz belə bir həlledici tarixi məqamda Azərbaycan xalqının dahi oğlu dünya şöhrətli müdrik siyasətçi Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdı və o öz həyatını təhlükə qarşısında qoyaraq milləti düşdüyü bəladan xilas etdi ölkədə tüğyan edən hərc–mərcliyin, özbaşınalığın qarşısını almaq üçün qətiyyətli addımlar atdı.
Azərbaycanı məhv olmaqdan, parçalanmaq təhlükəsindən qurtardı, xalqa nicat yolunu göstərdi. Tarix bir daha təsdiqlədi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat–qat çətindir.
Azərbaycanda dövlət müstəqilliyinin dönməz və əbədi olması, müstəqilliyimizin möhkəmlənməsi Azərbaycanın hərtərəfli və dinamik inkişafı Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin 10 illik prezidentliyi dövründə həyatımızın bütün sahələrində müsbət dəyişikliklər baş verib, ictimai–siyasi sabitlik bərqərar olub.
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin səmərəli fəaliyyətinə nəzər salarkən bir daha tam əminliklə demək olar ki, ulu öndərimiz Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ictimai zərurət olmaqla Azərbaycanın dövlət müstəqilliyinə əbədi təminatdır.
Şahin TALIBOV,
“Avesta” Konserninin
vitse prezidenti.
Respublika.-2013.-28 may.-S.8.