Xalq Cümhuriyyətinin fəaliyyəti
tariximizdə müstəsna yer tutur
Respublika Gününə həsr olunmuş ümumrayon toplantısı şəhərin baş meydanında ucalan ulu öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarətlə başladı. Toplantı iştirakçıları abidə önünə gül–çiçək dəstələri düzdükdən sonra RİH binasındakı akt zalına toplaşdılar.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov 28 May —Respublika Gününə həsr olunmuş geniş məruzə ilə çıxış etdi. R.Şabanov bildirdi ki, 1918–ci ilin 28 May günü Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmışdır. Bu gün xalqımızın ən əziz bayramlarından olmaqla, həm də milli iftixar, milli zəfər günümüzdür.
Hər il olduğu kimi bu il də xalqımızın dövlətçilik tarixinin parlaq və şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 95–ci ildönümü—Respublika Günü ölkəmizdə təntənə ilə qeyd olunur. Zəngin tarixi keçmişə malik olan Azərbaycan xalqı azad, müstəqil dövlət uğrunda uzun və mücadilələrlə dolu bir yol keçmişdir. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması rus imperiyasının süqutu ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Cümhuriyyətin həyata keçirdiyi siyasət müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müyyənləşdirilməsinə yönəlmişdir. 23 aylıq mövcudluğu dövründə cümhuriyyət xalqımızda istiqlal və suverenlik duyğularını daha da gücləndirdi.
Azərbaycanda müstəqil, demokratik dövlətin qurulması, müsəlman Şərqində respublika ideyalarının formalaşmasına böyük təsir göstərdi və milli dövlətçilik ənənələrini yaşatdı.
Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevdir. Bu tarixi gerçəkliyi bütün dünya qəbul edir, bu həqiqət xalqını sevən hər bir azərbaycanlının qəlbində tükənməz qürur hissi doğurur və gələcək nəsillərimiz də daim bu duyğu ilə yaşayacaqlar.
Ulu öndərimizin siyasi kursu bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin xalqımızın böyük dəstəyi ilə bu şərəfli vəzifəni uğurla yerinə yetirməsi sayəsində Azərbaycan sürətli iqtisadi inkişaf tempinə görə nəinki regionda, həm də dünya miqyasında liderlik mövqeyinə yüksəlmişdir. Bu gün Azərbaycan dövlətçiliyinin gücü, ölkəmizin siyasi, iqtisadi qüdrəti qarşıya çıxan hər bir məsələni həll etməyə imkan verir.
Respublikamız bu gün möhtəşəm tikinti meydanını xatırladır. Bu inkişaf, bu tərəqqini cəbhə bölgəsində yerləşən rayonumuzun timsalında da aydın görmək olur. Doğma Tərtərimizdə tikinti, quruculuq, abadlıq işləri sürətlə və keyfiyyətlə aparılır. İnsanlarımız arasında yüksək əhval–ruhiyyə hökm sürür. Əldə olunan uğurlarımıza, qazandığımız nailiyyətlərə görə ölkə rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarıq.
Tərtərlilər Prezidentimizin apardığı daxili və xarici siyasəti bəyənir, dəstəkləyir, onun ətrafında daha sıx birləşirlər. Bu gün təntənə və sonsuz məhəbbətlə qeyd etdiyimiz Respublika Günündə fəxr edirik ki, ulu öndərimizin bizə əmanət qoyub getdiyi Azərbaycan Respublikası müstəqillik yolunda uğurla, qətiyyətlə irəliləyir və inkişaf edir. Sevinirik ki, Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir.
Sonra MTN Tərtər rayon şöbəsinin rəisi Raqub Məmmədov, Hacıqərvənd kənd tam orta məktəbinin tarix müəllimi Bəxtiyar Səmədov, rayon uşaq xəstəxanasının həkimi Afət Əliyeva və Umudlu kənd tam orta məktəbinin şagirdi Nigar Zeynallı məruzə ətrafında çıxış etdilər.
Vəli
İLYASOV,
Respublika.-2013.-28 may.-S.8.