E–auditin hərtərəfli tətbiqinə nail olunur Vergilər Nazirliyində Tvinninq layihəsinin başa çatdırılmasına həsr olunmuş təqdimat mərasimi keçirilmişdir

 

FotoMay ayının 29–da “Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” Tvinninq layihəsinin başa çatdırılmasına həsr olunmuş təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycanın dövlət qurumlarının, Avropa İttifaqının, BMT–nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndələri iştirak etmişdir.

Təqdimat mərasimini açan Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov Azərbaycanın vergi sisteminin inkişafı üçün ən mühüm layihələrdən biri olan E–audit Tvinninq layihəsinin uğurla başa çatdırılmasında əməyi olanlara təşəkkür etmiş, bu layihənin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən modernizasiya siyasətinin tərkib hissəsi olmaqla Azərbaycan və Avropa İttifaqı arasında mövcud olan səmərəli əməkdaşlığın real nəticələrindən biri kimi dəyərləndirmişdir.

Vergilər Nazirliyi vergi qanunvericiliyinin və inzibatçılığının müasir tələblər səviyyəsində qurulması üçün son illər ərzində bir sıra iri layihələr, o cümlədən AVİS, elektron bəyannamələr, ƏDV depozit hesabları, elektron hesab fakturalar, elektron qeydiyyat və mobil imza kimi texnoloji tutumlu layihələr həyata keçirdiyini vurğulayan nazir qeyd etmişdir ki, Vergilər Nazirliyi artıq kifayət qədər əhatəli məlumat bazasına malikdir və nazirlikdə elmi əsaslara söykənən intellektual təhlil texnologiyaların tətbiqi üçün lazımi əsaslar yaradılmışdır. Elektron audit layihəsinin həyata keçirilməsi ilə bağlı hazırlıq işlərinə 3 il əvvəl başlanmış, 2010–ci ilin may ayında tender keçirilmiş, Avropa İttifaqı tərəfindən müvafiq maliyyə resursları ayırılmışdır. E–audit Tvinninq layihəsinin tərəfdaşı kimi Niderland Krallığının Vergi Administrasiyası seçilmiş və 2011–ci ilin mart ayında layihənin icrasına başlanılmışdır.

Onu da əlavə etmişdir ki, elektron auditin tətbiqi üçün müvafiq hüquqi bazanın yaradılması məqsədilə 2013–cü ilin 1 yanvar tarixindən Vergi Məcəlləsinə e–audit proseslərinin hüquqi əsaslarını tənzimləyən 13 yeni maddə daxil edilmişdir. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən müəssisələrin sahə spesifikliyi nəzərə alınmaqla sahələr üzrə audit testləri və e–auditin tətbiqi üçün metodik tövsiyələr hazırlanıb tətbiq edilmişdir.

Azərbaycanda e–auditin tətbiqi sahəsində hələ ilk addımlar atıldığını diqqətə çatdıran Fazil Məmmədov qeyd etmişdir ki, əldə olunmuş nəticələr bunun yüksək səmərəliliyini nümayiş etdirir. Neft, bank və ticarət sektorlarında e–auditin tətbiqinin ilkin nəticələri göstərir ki, vergidənyayınma risklərinin təhlilinin avtomatlaşdırılmış qaydada aparılması nəticəsində bir yoxlamaya sərf olunan vaxt və insan resurslarının həcmi təxminən 1,5 dəfə azalmışdır. Bu isə ona dəlalət edir ki, e–auditin tətbiqi sahəsində görülən işlər davam etdirilməli, tədricən e–auditin hərtərəfli tətbiqinə nail olunmalıdır.

Mərasimdə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arjen Uijterlinde çıxış etmişlər.

Sonra Tvinninq layihəsinin Vergilər Nazirliyi tərəfindən rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədov, layihənin Niderland Krallığının Vergi və Gömrük Administrasiyası tərəfindən rəhbəri Jaap Snaterse və layihə üzrə rezident məsləhətçi Leendert Kers elektron audit layihəsinin ilkin yekunları ilə bağlı təqdimatlarla çıxış etmişlər.

Tədbirin sonunda E–audit üzrə təlim proqramının iştirakçılarına Niderland Krallığının Vergi Administrasiyasının Sertifikatları təqdim olunmuşdur.

Məlumat üçün qeyd edək ki, Avropa İttifaqının texniki yardım alətlərindən biri olan Tvinninq proqramı Avropa İttifaqının üzv və ya qonşuluq siyasəti həyata keçirdiyi dövlətlərlə əməkdaşlığı prosesində milli qanunvericiliklərin Avropa İttifaqının qanunvericiliyinə adaptasiyası üçün müasir dövlət idarəetməsi elementlərinin tətbiqini nəzərdə tutan ümumi inzibati əməkdaşlıq alətidir.

2010–cu ilin may ayında Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyində Danimarka, Finlandiya, Estoniya, Fransa, Almaniya, Niderland və Litvanın vergi administrasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tenderdə Niderland Krallığının Vergi və Gömrük Administrasiyası qalib gəlmişdir. Niderland Krallığı e–auditin tətbiqi sahəsində Avropada ən qabaqcıl təcrübəyə malik olan ölkələrdən biridir.

2011–ci ilin mart ayının 1–dən həyata keçirilməsinə başlanmış Tvinninq layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilmişdir. Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Azərbaycanın Fəaliyyət Planından irəli gələn öhdəliklərə əsasən Vergilər Nazirliyinin benefisiarı olduğu “Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” adlı Tvinninq layihəsinin reallaşdırılması ölkəmizdə vergi audit sahəsində inzibatcılığın ən yüksək beynəlxalq standartlara uyğünlaşdırılmasını nəzərdə tutur. Avropa Komissiyası ekspertlərinin rəylərinə əsasən, E–auditin reallaşdırılması nəticəsində Azərbaycan MDB məkanında ən müasir audit sisteminin tətbiqinə nail olacaq.

 

Mustafa KAMAL,

 

Respublika.- 2013.- 30 may.-S. 6.