YEVLAXIN İSMAYILABAD KƏNDİNDƏ
MAVİ ALOV ŞÖLƏLƏNDİ
Ölkəmizin maliyyə imkanları genişləndikcə, sosial–iqtisadi həyatın bütün sahələrində son dərəcə vacib olan infrastruktur layihələrin reallaşdırılmasına şərait yaradılır. Hazırda infrastrukturun bütün sahələrində olduğu kimi, qaz sektorunda da mühüm layihələr həyata keçirilir, bütün regionlarda əhalinin “mavi yanacaq”la təmin olunması prosesi daha da genişlənmişdir.
Yevlaxda geniş abadlıq, tikinti–quruculuq işləri geniş vüsət almışdır. Yaşayış məntəqələrinin təbii qazla təminatı istiqamətində görülən işlər diqqətəlayiqdir. Bir–birinin ardınca yaşayış məntəqələrində qaz xətlərinin təmiri və yenidən qurulması ilə “mavi yanaca”ğın verilməsi ənənə halını almışdır. Növbəti dəfə İsmayılabad kəndində Respublika Günü ərəfəsində 70 ailəyə təbii qazın verilməsi sakinləri ikiqat sevindirmişdir. Mərasimi İsmayılabad Bələdiyyəsinin sədri Asif Qurbanov açaraq sakinləri təbrik etdi və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin insanlara qarşı son dərəcə diqqət və qayğısından söhbət açdı. Bəli, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməklə yanaşı, həm də onu yeni şəraitin tələblərinə uyğun inkişaf etdirir.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublika bölgələrində nəhəng abadlıq və quruculuq işlərinin, xüsusilə əhalinin içməli su və təbii qaza olan ehtiyaclarının ödənilməsi sahəsində həyata keçirilən tədbirlərin geniş vüsət aldığını diqqətə çatdırdı.
Kəndin ağsaqqalı, şəhid ailəsi Saleh Hüseynov çıxış edərək kəndlərinin sakinlərini təbii qazla təmin olunmaları münasibətilə təbrik edərək xeyir–dua verdi və onlara göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından minnətdarlığını bildirdi. Eyni zamanda rayon rəhbərliyinin əhalinin maddi rifah halının yaxşılaşdırılması sahəsində gördüyü işləri yüksək qiymətləndirərək bu işlərdə onlara uğurlar arzuladı.
Kəndin orta məktəbinin direktoru Təranə Abbasova respublikada gedən dinamik inkişafdan danışaraq ölkə Prezidenti İlham Əliyevin əhalinin rifahının yüksəldilməsi sahəsində apardığı geniş layihələri göstərilən diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirdi. Bütün bunlara görə sakinlər, müəllim və şagirdlər adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirərək onu həmişə dəstəkləyəcəklərini bir daha bəyan etdi.
Sonra Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov “mavi yanacaq” verilməsinin rəmzi olan məşəli alovlandırdı. Təbii qazın çəkilişində əməyi olan bir qrup Qaz İstismar İdarəsinin əməkdaşlarına qiymətli hədiyyələr təqdim olundu.
Təntənəli mərasimdən sonra vaxtaşırı keçirilən səyyar görüşlər İsmayılabad kəndində də baş tutdu. Ümumiyyətlə, bu görüşlər həmişə işgüzar xarakter daşıyır və dövlət proqramlarının icrası ilə əlaqədar rayonda sosial–iqtisadi və mədəni quruculuq sahəsində görülən işlərə bir daha nəzər salınır, tam sərbəst şəraitində müxtəlif sahələrdə nəzərə çarpan nöqsanların aradan qaldırilması üçün cavabdehlik daşıyan qurumların və ayrı–ayrı rəhbər işçilərin konkret işləri ilə bağlı müvafiq tapşırıqlar verilir. Bu dəfə də sakinlərin müraciətləri diqqətlə dinlənildi. Böyük işgüzarlıqla keçirilən qəbulda edilən müraciətlərlə bağlı kənd icra nümayəndələrinə, bələdiyyələrin, müvafiq strukturların rəhbərlərinə göstərişlər verildi.
Zabit Xəlilov.
Respublika.- 2013.- 30 may.-
S.11.