Respublika Günü münasibətilə tədbir

 

R.Behbudov adına Dövlət Mahnı Teatrında Respublika Gününə və İ.M.Əbilov adına Mədəniyyət Mərkəzinin 2012–2013– mövsüm ilinin yekunlarına həsr olunmuş hesabat konserti olmuşdur.

Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin bədii rəhbəri, əməkdar mədəniyyət işçisi Mirəhməd Əsgərov açaraq bildirdi ki, bu il mərkəzin 90 yaşı tamam olur. Vaxtilə xalq artistlərindən Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova, Ələsgər Ələkbərov, Mehdi Məmmədov və yüzlərlə görkəmli mədəniyyət və incəsənət xadimləri bu ocaqda püxtələşmiş, xalqın sevimlisinə çevrilmişlər. 2008–ci ildən Mədəniyyət Mərkəzinə direktor təyin edilən Aidə Muradova çıxış edərək kollektivi bu yubiley münasibətilə təbrik etdiqeyd etdi ki, istedadlı uşaqların bu mərkəzə axını yenə də davam edir.

İ.M.Əbilov adına Mədəniyyət Mərkəzinin 120 nəfər iştirakçısına fəxri fərmanlar təqdim olundu.

“Şəlalə” xalq çalğı alətləri ansamblına fəxri fərmanı tarzən, xalq artisti, ansamblın bədii rəhbəri Zamiq Əliyev, “Könül” rəqs qrupuna bu mərkəzin keçmiş direktoru Nəsimi Eminov, “Tibb bacıları” qrupuna professor, məşhur cərrah Məmməd Hüseyn Herisçi təqdim etdilər.

Tədbirdə şair Vahid Əziz İ.M.Əbilov adına Mədəniyyət Mərkəzinin uğurlu çıxışlarından söz açdı və kollektivi təbrik etdi.

Tədbirdə qocaman mədəniyyət işçilərindən Aliyə Zeynalova, Nəsimi Eminov, Dilarə Nağıyeva və başqaları çıxış edərək bu kollektivə uğurlar dilədilər. Mərkəzin yetirmələrindən olan qarmon ifaçısı, ustad sənətkar Nizami Əsgərov, xanəndə Mirməmməd Mircavadov, gənc müğənni Arzu Əliyeva, müğənni Nigar Rəhimlinin ifaları alqışlarla qarşılandı.

“Şəlalə” xalq çalğı alətləri ansamblının müşayiəti ilə Məmməd Məhərrəmov, Ülkər Orucova, Aydan Rüstəmova, Aydın Rüstəmov, Teymur Əzizli, muğam müsabiqəsinin laureatı Elsevər Muradov, Günay Mehdiyeva çıxış etdilər. Onların ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

Könülxalq rəqs ansamblının oğlan və qızlardan ibarət rəqs qrupunun, eləcə də kiçikyaşlı uşaqların rəqsləri gurultulu alqışlara səbəb oldu.

Xalq şairi Z.Yaqubun “Sən qalib gələcəksən” şeiriVurğun poeziya teatrı” kollektivinin ifasında səsləndi. Müğənni Teymur Əzizlinin ifasında “Heydər xalqım, xalq Heydər deyir” mahnısını tamaşaçılar alqışlarla qarşıladılar. Sonda “Heyratı” ritmik muğamını Günay Mehdiyeva, Elsevər Muradov və Ülkər Orucova məharətlə ifa etdilər.

Tədbir musiqi sədaları ilə başa çatdı.

 

Elşad DAĞLI.

 

Respublika.- 2013.- 30 may.- S.11.