Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95–ci ildönümü qeyd olundu

 

Xalqımızın taleyində 28 may gününün müstəsna yeri vardır. 1918–ci ilin həmin günündə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Həmin tarixi gündən 95 il keçir. Bu münasibətlə Bərdə rayon ictimaiyyəti nümayəndələrinin bayram toplantısı keçirilmişdir.

Yeni Azərbaycan Partiyası Bərdə Rayon Təşkilatının iqamətgahında keçirilən yığıncaqda rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Fəqət Şadlinskaya Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95–ci ildönümü münasibətilə məruzə etmişdir.

Məruzədə qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəllərində ölkəmizdə və dünyada gedən ictimaisiyasi proseslərin, eləcə də xalqımızın milli özünüdərkinin məntiqi nəticəsi idi. 1918–ci ildə Tiflisdə elan olunanİstiqlal Bəyannaməsi” ilə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda Demokratik Respublikanın, parlamentli dövlətin yaradıldığı elan edildi. Azərbaycanın dövlətçilik tarixində ilk konstitusiya aktı olan bu tarixi sənəd müstəqil Azərbaycan dövlətinin yaradılması ilə yanaşı onun prioritet məqsəd və məramını da bəyan etdi.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində özünün bəyannaməsinə, xalqımızın milli mənafeyinə sadiq qalmış, çox böyük əhəmiyyətli işlər görmüşdür. Belə ki, cümhuriyyət özünün müstəqil iqtisadiyyatını qurdu, çoxsaylı qanunlar qəbul etdi, onların həyata keçirilməsinin mexanizmini də yaratdı. Ölkə intibah yoluna çıxarıldı. Cümhuriyyətin yaradıcısı, onun rəhbəri M.Ə.Rəsulzadənin təbirincə desək, xalq azadlığın şirinliyini az da olsa daddı. Sonra tarix yenidən xalqımızı çətin sınaq qarşısında qoydu. Azərbaycan dövlət müstəqilliyini itirdi.

Uzun illərdən sonra 1991–ci ilin oktyabrında xalqımız dövlət müstəqilliyini yenidən öz qanı, canı bahasına bərpa etdi. Hadisələrin gedişi yenə də Azərbaycanın xeyirinə deyildi. Əbədi düşmənimiz olan ermənilər imperiya dayaqları laxlayan Rusiyadan böyük dəstək alaraq torpaqlarımızın 20 faizini işğal etdilər. Bir milyon soydaşımız atababa yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkün ömrü yaşamağa məhkum olundu.

Azərbaycan yenicə əldə etdiyi dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz–üzə qalmışdı. Belə bir mürəkkəb tarixi şəraitdə xalqın xahiş və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan böyük xilaskar Heydər Əliyevin möhkəm iradəsi, yenilməz qətiyyəti, zəngin dövlətçilik təcrübəsi və ən başlıcası xalqına, dövlətinə olan sonsuz məhəbbəti sayəsində qısa müddətdə dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi. Bu böyük insanın apardığı müdrik daxilixarici siyasət sayəsində Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi.

Toplantıda belə bir fikir də önə çəkildi ki, bu gün dünyada gedən mürəkkəb, ziddiyyətli proseslərə baxmayaraq, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin yeritdiyi düzgün siyasət respublikamızın müstəqilliyini və milli təhlükəsizliyini daha da möhkəmləndirir, onu dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarır.

Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb–liseyin müəllimi Elgün Qocamanov, Zümürxan kənd tam orta məktəbinin müəllimi Əfsanə Nəcəfova və başqaları çıxış edərək yürüdülən bu siyasi kurs sayəsində Azərbaycanın sürətli inkişaf etdiyini vurğuladılar.

Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmiş gənclərdən bir qrupuna təntənəli şəkildə üzvlük biletləri təqdim edilmişdir.

Şəhər 8 saylı tam orta məktəbin şagirdləri dövlət müstəqilliyimizi, onun atributlarını tərənnüm edən ədəbi–bədii kompozisiya nümayiş etdirmişlər.

 

Salman ALIOĞLU.

 

Respublika.- 2013.- 30 may.- S. 11.